İyunun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın ölkəmizdə yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
Səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Sonra iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, bölgədə cari təhlükəsizlik məsələləri, o cümlədən İsrail–İran qarşıdurması müzakirə olunub. Ölkəmizin nümayiş etdirdiyi mövqe və narahatlığımız bir daha diqqətə çatdırılıb.
Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, o cümlədən mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi vurğulanıb. Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın vətəndaşlarına keçid üçün şərait yaradıldığına görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sudanın ölkəmizdə yeni təyin olunmuş səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.
Səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Sonra iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən bölgədəki cari vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
XQ