Bərabərdir Şanlı Zəfər və beynəlxalq nüfuz
Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir .
Heydər ƏLİYEV,
Ümummilli lider
2 fevral 1996-cı il
Zaman sübut etdi ki, hansısa dövlətin silahlı qüvvələrinin qarşıya qoyulan vəzifələri uğurla başa çatdırmasının bir bir neçə sütunu, dayağı vardır: Mükəmməl liderlik, ordunun bir mərkəzdən idarə edilməsi, peşəkar şəxsi heyət, mükəmməl maddi-texniki baza, xalqın orduya inamı və ən mühümü, əsgər və zabitlərdə yüksək vətənpərvərlik hisslərinin formalaşdırılması. Biz buna Azərbaycan Ordusunun son üç onillikdəki tarixi boyu dəfələrlə şahidlik etdik. Ona da şahidlik etdik ki, ordumuzun keçdiyi formalaşma, inkişaf və döyüş prosesləri beynəlxalq aləmdə nəinki yüksək qiymətləndirilir, hətta, hərbi məktəblərdə dərsliklərə salınır.
… Yadımdadır, ulu öndərin yubiley günlərinin hansındasa televiziya jurnalisti akademik Budaq Budaqovdan müsahibə götürürdü. Həmkarımız akademikə sual verməzdən əvvəl xatırlatdı ki, ümummilli liderimizin üç böyük əsəri vardır: “Müstəqil Azərbaycan dövləti, Yeni Azərbaycan Partiyası və Prezident İlham Əliyev”. Akademik jurnalistin sualını gözləmədən dedi: “Üç yox, dörd. Çünki Azərbaycan Ordusu da Heydər Əliyevin şah əsərlərindəndir”.
Görkəmli ağsaqqal sonra Heydər Əliyevin ordu quruculuğundakı fəaliyyətinin həm ötən əsrin 70-80-ci illərindəki, həm də 1993 – 2003-cü illərdəki dövrləri haqqında olduqca dəyərli faktlar səsləndirdi. Bu, o vaxt idi ki, hələ Aprel döyüşləri də olmamışdı, Günnüt əməliyyatı da, 44 günlük İkinci Qarabağ müharibəsi də. Amma ordumuzun möhkəmləndirilməsi istiqamətində olduqca uğurlu addımlar atılmışdı.
Yeri gəlmişkən, bu gün bayram etdiyimiz 26 iyun tarixi də məhz ulu öndərin 22 may 1998-ci il tarixli Sərəncamı əsasında əlamətdar günlər siyahımıza salınmışdır. Onu da xatırladaq ki, həmin tarix Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşdırılmış Əlahiddə Azərbaycan Korpusunun yarandığı gündür.
Mütəxəssislər yazırlar ki, bugünkü Azərbaycan Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. Hərbçi ekspertlərin fikrincə, ölkəmiz MDB çərçivəsində hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ordulardan birinə malikdir. Büdcə vəsaiti ildən-ilə artırıldığına görə Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları nəinki ildən-ilə, hətta, aydan-aya da genişlənir, müasirləşir.
Onu da xüsusilə vurğulamaq lazımdır ki, ölkəmizdə təkcə ordu quruculuğuna deyil, həm də hərbi sənayenin yaradılması və inkişafına da böyük önəm verir. Bu istiqamətdə aparılan işlər də Heydər Əliyevin yaratdığı möhkəm bünövrə üzərində davam etdirilir. Rəsmi mənbələrdə oxuyuruq ki, bu gün uğurları ilə fəxr etdiyimiz Azərbaycanın Ordusunun və müdafiə sənayesinin ilk intibah dövrü, onun etibarlı təməllərinin yaradılması Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə olmuşdur.
Hamının yaxşı tanıdığı Naxçıvanski adına Hərbi Məktəbin yaradılması xüsusilə qeyd edilməlidir. Ulu öndərin bu sahəyə qayğısı sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olundu.
Yaxud, 1970-1982-ci illərdə respublika ərazisində müdafiə təyinatlı elmi və istehsal müəssisələri də daxil olmaqla çoxlu sayda zavod, fabrik, istehsalat sexləri istifadəyə verilmişdi. O dövrdə Azərbaycanda istehsal edilən sənaye məhsulları dünyanın 65 ölkəsinə ixrac olunurdu. Ulu öndərin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi dövrdə isə məhz onun sərəncamıyla “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdi. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən isə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilmiş və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır.
Həmin nazirliyin “İqlim” Elmi İstehsalat, “Telemexanika”, “Peyk”, “Azon”, “Alov”, Elektron Hesablayıcı Maşınlar və “Radioquraşdırma” , “Dalğa”, “Araz”, “Avia-Aqreqat”, “Sənayecihaz” kimi müəssisə və zavodlarında Silahlı Qüvvələrimizin müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla, eləcə də xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün onlarca yeni istehsalat sahələri yaradılıb.
Rəsmi məlumatlarda qeyd edilir ki, ölkəmizdə tapança, pulemyot, minaatan, qumbaraatan, snayper tüfəngi, PUA, zirehli hərbi texnika kimi müdafiə xarakterli vasitələr istehsal olunur. Bildirilir ki, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin atıcı silahlara olan tələbatı nəzərə alınaraq, piyada və tank əleyhinə minaların, qumbaraatanların, minaatanların, müxtəlif çaplı tapança, avtomat, pulemyot, snayper tüfəngləri və patronların istehsalı mənimsənilmiş və seriyalı tədarükünə başlanılmışdır. Məsələn, “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, pulemyotları, “Mübariz”, “İstiqlal”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, “Boran” artilleriya qurğusu, “Qaya” tank əleyhinə əl qumbaraatanları, “Komando” tipli “Aşırım” minaatanları, “Matador” və “Marauder” zirehli hərbi texnikaları keyfiyyət göstəricilərinə görə, dünya müdafiə sənayesi sektorunda ən qabaqcıl silah və texnikalardan hesab olunur.
Həmin siyahıdakı “Qaya”, “Aşırım” və “Komando” sözlərini oxuyanda bu ayın 6-da Şuşada bir nəfər təcrübəli hərbçidən eşitdiyim fikirlər yadıma düşdü: “Azərbaycan Ordusunun dünya hərbçilərini heyrətləndirən addımları komandolarımızın o gördüyünüz qayalara, yüksək dağ aşırımlarına böyük ustalıqla qalib gəlməsi idi”.
Xatırladım ki, 2023-cü il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində “Bakı-Ekspo” Mərkəzində təşkil olunan “SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə ilk dəfə olaraq ölkəmizdə yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot da təqdim olunub. Bu sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla, 88 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilib.
Sevindirici haldır ki, müdafiə sənayesi nazirliyimizin istehsal etdiyi yerli məhsullar döyüş sınağından da uğurla çıxmışdır. Həmin hərbi təyinatlı məhsullar 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrında cəmi bir gün davam edən antiterror tədbirlərinin gedişində Azərbaycan əsgərinin güvənc yerlərindən biri olmuşdur. Adı çəkilən nazirlik həmin hərbi əməliyyatlar zamanı Silahlı Qüvvələrimizi müasir silah-sursat, döyüş texnikası və PUA-larla fasiləsiz təchizatını təmin edirdi.
Bu gün qətiyyətlə deyə bilərik ki, ordumuz dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Əlli milyonluq dünya azərbaycanlılarının ürəyində yaranan bu hisslərin mənbəyi Ali Baş Komanda İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində nail olduğumuz müasir ordu və milli ordumuzun regionda aparıcı hərbi qüvvəyə çevrilməsi, dünya reytinqində öncül yerlərdə olmasıdır.
Doğrudur, biz Azərbaycan Ordusunun gücünü bədxahlarımıza 1994-cü ildə Horadizin düşmən əsarətindən azad edilməsi zamanı da göstərmişdik. Ancaq 2016-cı ildəki Aprel döyüşləri, 2018-ci ildəki Günnüt əməliyyatı, 2020-ci ildəki Vətən müharibəsi və 2023-cü ildəki antiterror əməliyyatı düşmənə və onun havadarlarına verilmiş hərbi dərs kimi tarixə düşmüşdür.
Bu gün Azərbaycan Ordusu iki yüz dövlətin orduları arasında ilk onluqlardan birində yer alırsa, bu, gənc müstəqil dövlətimizin inkişafının göstəricisidir.
Bu sətirləri cənab Prezidentin ötən il fevralın 14-də keçirilmiş andiçmə mərasimindəki çıxışında bədxahlarımıza ünvanlanmış mesajı ilə tamamlayırıq: “Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüv-
vələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz… Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır”.
İttifaq MİRZƏBƏYLİ