Qalib Azərbaycanın “Dəmir yumruğu”

post-img

Bu gün bütün dünyada Zəfər ordusu kimi tanınan və öz hünəri ilə müstəqillik tariximizdə qızıl səhifə açan Azərbaycan Ordusunun əsasının qoyulmasından 107 il ötür. Həmin tarixi hadisənin baş verdiyi 1918-ci ildə  Azərbaycan xalqı nəinki milli arzuları, istəkləri özündə əks etdirən müstəqil, demokratik dövlətin əsasını qoydu, eyni zamanda tarixi əsrlərlə ölçülən qəhrəmanlıq tarixinə yeni səhifələr yazmağa qadir olduğunu nümayiş etdirdi və qısa zaman ərzində Cümhuriyyət ordusunu zamanın reallığına çevirdi.  

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təşkili Azərbaycanın hərb tarixində və bütünlükdə, Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə idi. Çünki hər şeydən əvvəl bu ordunun yaradılması ilə Azərbaycanda müstəqil nizami ordu quruculuğunun əsası qoyuldu və Azərbaycanda ordu qurudculuğu tarixində xarakter etibarilə tamamilə yeni bir səhifə açıldı. 

Bir əsrlik fasilədən sonra Azərbaycanda hərb işi yenidən canlandırıldı, bu sahə dövlət quruculuğunun tərkib hissəsinə çevrildi. Azərbaycan xalqının çoxəsrlik döyüş ənənələri üzərinə dünyanın son təcrübəsini özündə əks etdirən yeni bir ordu yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə dövlət quruculuğunun əldə etdiyi ən mühüm nailiyyətlərdən biri oldu. Bunun üçün Azərbaycanın müstəqilliyinə və milli maraqlarına cavab verən siyasət ortaya qoyuldu, dövlətin və xalqın bütün potensialı yeni ordu yaradılmasına istiqamətləndirildi.  

Qeyd edək ki, iyun ayının 26-nın Azərbaycan Respublikasl Silahlı Qüvvələr Gününü Azərbaycan Ordusunun yenidən qurulmasında və tamamilə yeni keyfiyyətlər əldə etməsində tarixi rolu olmuş ümummilli lider Heydər Əliyev 22 may 1998-ci il tarixli fərmanla elan etmişdir. Bu qərar Ulu öndərin Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun təşkil edilməsi istiqamətində görülən  işlərə verdiyi önəmin və qiymətin ifadəsi idi. 

Ümumiyyətlə, Ümummilli lider dəfələrlə öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyəti illərində milli ordu quruculuğu sahəsində görülən işlərə və əldə edilən nəticələrə yüksək qiymət vermişdir. Həmin ordu dövlətçilik və müstəqillik tariximizdə yadda qalan xidmətlərə malikdir və ona görə də Heydər Əliyev öz fərmanı ilə Cümhuriyyət ordusu ilə bugünkü ordumuz arasında tarixi bir bağlılığı olduğunu və bu bağlılıqdan doğan ənənələrin qorunub saxlanması zəruriliyini bu fərmanı ilə təsdiq etdi.

Cümhuriyyət ordusunu çox məsuliyyətli vəzifələri təsəvvürəgəlməz bir təşkilatçılıq qabiliyyəti ilə həll edən insanlar qurdular. Burada Azərbaycan Xalq Cümhuriyətinin hökuməti, parlamenti, nazirlikləri və Hərbi Nazirliyin yekdil fəaliyyəti indi bizim hamımızın fəxrlə xatırladığı bir ordunun qurulmasına yol açdı. Həm ali qanunvericilik orqanı olan ölkə parlamenti, həm də icraedici oran olan Nazirlər Şurası bu istiqamətdə üzərlərinə düşən vəzifələrin icrasına dövlət maraqları mövqeyindən yanaşdılar. 

Ölkə parlamenti mövcud olduğu dövr ərzində hərb quruculuğunun müxtəlif sahələri ilə bağlı 10-dan artıq qanun layihəsini nəzərdən keçirdi və müvafiq qərarlar qəbul etdi. Həmin qərarların hər biri odru quruculuğu və ölkənin müdafiə gücünün artırılması üçün həm cari, həm də perspektiv əhəmiyyətə malik idi və bu qərarlar icraedici orqanların ordu quruculuğu ilə bağlı fəaliyyətinin istiqamətləndirilməsi üçün hüquqi baza kimi qəbul edildi. Hər işinin milli dəyərlər üzərində qurulması üçün Azərbaycan dili orduda dövlət dili elan edildi. 

Güclü ordunun formalaşdırılması üçün vacib olan müxtəlif hərbi strukturların yaradılması, qoşunların ərzaq və digər vasitələrlə təmin olunmasının yaxşılaşdırılması, həmçinin hərbi qulluqçuların maaşlarının vaxtaşırı artırılması həm hökumətin, həm də Hərbi Nazirliyin daimi nəzarətində idi. 

1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradıldı və bununla da ölkənin müdafiəsinin təşkili konkret bir orqanda mərkəzləşdirildi. Nazirlər Şurası sədrinin rəhbərlik etdiyi bu orqan müdafiə və ordu quruculuğu sahəsində dövlət səviyyəsində zəruri olan qərarları qəbul edir və həm də lazım olan qüvvələri səfərbər etməklə onun icrasını təşkil edirdi.

 1919-cu ilin avqustunda Cümhuriyyət ordusunun artıq kifayət qədər formalaşmış olan hərbi hissələri Lənkəran bölgəsinin Azərbaycan hökumətinə tabe olamayan qiyamçı qüvvələrdən təmizlənməsi məqsədilə planlaşdırılan Lənkəran əməliyyatını uğurla yerinə yetirdilər. Cümhuriyyət Ordusu 1920-ci ilin mart-aprel ayında Qarabağın və Azərbaycanın digər ərazilərinin işğal eilməsi üçün Ermənistan hərbi qüvvələrinin başladığı hərbi təcavüzün qarşısının alınması məqsədi ilə genişmiqyaslı hərbi əməliyyatda iştirak etdi. 

1920-ci il mart ayının 22-dən 23-nə keçən gecə, Novruz bayramı günlərində erməni hərbi qüvvələri eyni vaxtda Şuşada, Xankəndidə, Əsgəranda, Xocalıda və Tərtərdə yerləşən Cümhuriyyət ordusu bölmələri üzərinə hücuma keçdilər. Ermənistan hərbi qüvvələri Qarabağ ərazisindəki yaradılmış separatçı qüvvələrlə birlikdə dörd istiqamətdən Azərbaycan ərazilərinin işğalına cəhd göstərdilər: 1)Qazax–Ağstafa, 2)Cəbrayıl, 3)Ağdərə-Tərtər, 4)Şuşa–Əsgəran–Ağdam istiqamətlərindən başlanan hücumlar kütləvi dağıntılarla da müşayiət olunurdu. Ermənistan siyasi rəhbərliyinin və hərbi komandanlığının hazırladığı plana görə əvvəlcə bütün Qarabağ işğal altına alınmalı, sonra isə erməni qüvvələrinin Tərtərdən və Qazax istiqamətindən irəliləməsi nəticəsində Gəncə şəhəri işğal eidlməli idi.

Ermənistanın bu işğalçılıq planının qarşısının alınması üçün əsasən Qarabağda və onun ətrafında aparılan müharibə müstəqillik dövründə Azərbaycan Ordusunun və onun rəhbərliyinin rastlaşdığı ən ciddi və taleyüklü bir sınaq oldu. Buna baxmayaraq, erməni hərbi qüvvələrinin bütün təcavüz cəhdlərinin qarşısı alındı. Hərbi nazir Səməd bəy Mehmandarovun strateji rəhbərliyi, onun müavini Əliağa Şıxlinskinin yüksək təşkilatçılığı, Qarabağdakı hərbi qüvvələrə rəhbərlik edən Həbib bəy Səlimovun, Teymur bəy Novruzovun, Cavad bəy Şıxlinskinin, digər zabitlərin və döyüşçülərin şücaəti və fədakarlığı nəticəsində Cümhuriyət ordusu ona tapşırılmış vəzifəni qələbə ilə başa çatdırdı. Erməni silahlı qüvvələrinin bütün cəhdlərinə baxmayaraq, Qarabağın Azərbaycandan qoparılması mümkün olmadı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu, müstəqil dövlətçiliyə xidmət, milli maraqların müdafiəsinə sədaqət sahəsində yeni bir təfəkkür formalaşdırıldı, milli hərbi ənənələrə yeni bir məzmun verildi. Məhz bunun üçün idi ki, Cümhuriyyətin süqutundan sonra bolşevik quruluşunun daşıyıcıları Azərbaycan üzərində qırmızı işğalı möhkəmləndirmək üçün ilk növbədə milli hərbi kadrların kütləvi terroruna başladılar. Doğrudur, istər Cümhuriyyət dövründə xidmət sıralarında olmuş, istər sovet hakimiyyəti illərində yeni rejimə xidmət yoluna cəlb olunmuş çoxlu sayda milli hərbi kadrlar qırmızı bolşevik terrorunun qurbanı oldu. 

1938-ci ilə qədər milli diviziya adı altında mövcud olan Azərbaycan diviziyası da bu terrordan yaxa qurtara bilmədi və həmin ildə onun ləğvinə qərar verildi. Bununla belə, azərbaycanlılar arasında milli hərbi ruhu bütünlüklə məhv etmək sovet rejiminə qismət olmadı. İkinci Dünya müharibəsi illərində faşızmə qarşı mübarizədə Azərbaycan xalqının göstərdiyi xidmətlər, Azərbaycan övladlarının misilsiz hünərləri buna bir sübutdur. Lakin sovet rejimi izlədiyi ideologiyaya və siyasi hədəflərə uyğun olaraq xalqın Cümhuriyyət dövründən yeni məzmun kəsb edən hərbi ənənələrinin canlandırılmasına, azərbaycanlıların hərb işinə daha geniş şəkildə genişlənməsinə imkan vermədi.

Bu sahədə xalqın maraqlarına cavab verən dönüşə bir də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə nail olmaq mümkün oldu. Azərbaycan müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin bu qəhrəmanlıq ənənələri üzərində tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi fikirləri Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdu. Bunun nəticəsi idi ki, sovet illərində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı, bu istiqamətdə əməli-təşkilati işlərə vüsət verildi. 

Sovet rejiminin böyük müqavimətinə baxmayaraq, Cəmşid Naxçıvanski adına xüsusi-internat məktəbin açılması, Bakı şəhərində yerləşən hərbi məktəblərdə azərbaycanlı kursantların sayının artırılması, ölkənin ali hərbi məktəblərinə göndərilən azərbaycanlıların sıralarının genişləndirilməsi Heydər Əliyevin milli hərbi ənənələrin canlandırılması sahəsindəki tarixi fəaliyyətinin əyani nümayişidir. 

Cümhuriyyət ordusunun ən yaxşı ənənələrini yeni səviyyədə, yeni keyfiyyətdə davam etdirən müasir ordumuzun əsası da məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu istiqamətdə köklü dəyişikliklər isə onun radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciətindən başlayır. 2 noyabr 1993-cü il tarixli müraciətindən sonra ordu quruculuğu sahəsində başlanan uğurlu işlər atəşkəs dövründə daha yaradıcı şəkildə davam etdirildi və qısa müddətdən sonra Azərbaycan Ordusu çox qüdrətli bir qüvvəyə çevrildi.  

Bu siyasət İlham Əliyevin respublikaya rəhbərliyi dövründə də uğurla davam etdirildi. Onun rəhbərliyi altında qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi əhval-ruhiyyənin sağlamlaşdırılması, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, ordunun struktur islahatlarının onun qarşısında dayanan vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaratmışdır. Bütün bunların nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə və Azərbaycan xalqının ümidlərini doğrultmağa qadir olan bir qüvvəyə çevrilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında  günü-gündən inkişaf edən  və möhkəmlənən Azərbaycan Ordusu nəyə qadir olduğunu hələ 2016-cı ilin aprelində Ermənistanın hərbi qüvvələrinin təxribatının qarşısının alındığı zaman və 2018-ci ilin mayında Naxçıvanın Günnüt kəndi ətrafındakı torpaqları erməni işğalından azad edərkən artıq əyani şəkildə nümayiş etdirmişdi. Ali Baş Komandanın yuxarıdakl fikirlərində də buna bir işarə vardır. Həmin uğurları İlham Əliyev Azərbaycanın hərb tarixinin şərəfli səhifəsi kimi qələmə verirdi. 

2020-ci il iyul ayının 12-15-də Ermənistan–Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində baş verən hadisələr zamanı isə Azərbaycan Ordusu bölmələri tamamilə yeni bir keyfiyyət ortaya qoydular. Ordunun komandir və zabit heyətinin yüksək peşəkarlığı, təşəbbüskarlığı və çevikliyi Ali Baş Komandan tərəfindən verilən tapşırıqların tam şəkildə yerinə yetirilməsinə yol açdı. 

Qısa müddət ərzində bölgədəki hərbi qüvvələr bu təcavüzün qarşısının alınmasına səfərbər olundular, Azərbaycan Ordusunun malik olduğu müasir hərbi texnika çox dəqiqliklə işə salındı. Xüsusilə pilotsuz uçan təyyarələr Ermənistanın istər sərhəd boyu, istərsə də Ermənistanın dərinliklərində olan hərbi obyektlərini darmadağın etdi, təcavüzkara ağır itki verildi. Erməni hərbi qüvvələrinin ələ keçirməyə çalışdığı ərazilər geri qaytarıldı və düşmənə bu bölgədə bir qarış da olsa torpaq verilmədi.

Daha böyük Zəfərini isə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsinin gedişində əldə etdi. Cəmi ay yarım davam edən döyüşlər zamanı Ermənistana, faşist mahiyətli dünya erməniliyinə və onların havadarlarına elə bir dərs verildi ki, bölgədə tamamilə yeni bir reallıq yarandı. 30 il ərzində davam edən işğala susqunluqla yanaşan çox böyük qüvvələr Azərbaycan xalqının iradəsi qarşısında diz çökməyə məcbur oldu və bu qüvvələrin heç yuxularında belə təsəvvür edə bilməyəcəkləri bir tarixi mənzərə ortaya çıxdı: Azərbaycan xalqı və onun iradəsini ifadə edən Azərbaycan dövləti gücünü və qətiyyətini toplayaraq öz ərazilərini erməni işğalından azad etdi, fərqli bir dünya düzəni yaratmaqla yeni bir tarix yazdı. 

Azərbaycan xalqı sübut etdi ki, haqsızlığa dayaqlanan şər və təcavüzlə onun iradəsini qırmaq, Azərbaycan xalqı ilə zor və təzyiqlə danışmaq, Azərbaycan xalqının səbri və dözümü ilə siyasi alver etmək olmaz. Kimsənin torpağına göz dikməyən Azərbaycan dövləti torpaqlarının da yad tapdağı altında qalması ilə barışmadı və bu torpaqlarda əbədi kök salacaqlarına şübhə etməyən erməniliyə layiq olduğu yerini göstərdi, müstəqil Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində və Azərbaycan torpaqlarının işğalına son qoyulmasında heç şübhəsiz ki, ilk növbədə, Azərbaycan Ordusu misilsiz fədakarlıq nümayiş etdirdi. Mübarizlik, qətiyyət, şücaət, xalq və dövlət maraqlarına sonsuz sədaqət, düşmənə hədsiz nifrət hər bir əsgərin, zabitin və generalın şəxsində düşmənə doğru istiqamətlənmiş ağır bir yumruğa çevrildi. Azərbaycan Ordusu mürəkkəb döyüş şəraitində bu gün bütün dünyanı heyrətə salacaq bir məharət göstərməklə Azərbaycan xalqının qəhrəmanlıq tarixinə şərəfli bir səhifə yazdı.

44 gün davam edən Vətən müharibəsi cəbhələrində Prezident İlham Əliyevin təşkilatlandırdığı və Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu XXI əsrin yeni müharibəsinin aparılmasının nümunəsini nümayiş etdirdi. Ən yeni nəsil hərbi texnika ilə piyada qüvvələrin fəaliyyət uzlaşmasının dəqiqliklə, yeni təfəkkür və yanaşma ilə təmin edilməsi müasir döyüşün taktikasına da yeniliklər gətirdi. 

Xüsusilə, pilotsuz zərbə uçuş aparatlarının dünya təcrübəsində ilk dəfə çox geniş miqyasda və davamlı şəkildə tətbiqi döyüş meydanında səmanın tamamilə Azərbaycanın nəzarəti altına keçməsinə yol açdı.  Müzəffər ali Baş Komandan da bəyan edirdi ki, “bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib”.

Xalqın qürur mənbəyinə çevrilmiş olan Azərbaycan Ordusunun şəxsi heyəti Vətən müharibəsi cəbhəsinin bütün sahələrində düşmənin belini qırmağa istiqamətlənmiş   sonsuz şücaət və fədakarlıq nümayiş etdirdi. Məğlubedilməzliyi haqqında saxta miflər və uydurmalar yaradılmış erməni ordusu qərar tutduğu son dərəcə əlverilşi mövqelərin təbii üstünlüklərinə baxmayaraq, Azərbaycan Ordusu qarşısında məğlub duruma düşdü. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, 2023-cü ilin 27 sentyabrında keçirilən antiterror tədbiri ilə isə Azərbaycanın suverenliyi təmin edildi. Azərbaycan xalqı, onun rəhbərliyi və ordusu tarixin yeni və şərəfli bir səhifəsini yazdı.

Tarixinin şərəfli anlarını yaşayan Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı nəticəsində əldə edilmiş tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün tamamlanması, 30 ilə yaxın davam edən erməni işğalına son qoyulması ilə nəticələndi. İndi Azərbaycan Ordusu öz xidmətini işğaldan azad edilmiş ərazilərdə, Ermənistanla dövlət sərhədində davam etdirir və heç şüb-
həsiz ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu ordu gələcəkdə də öz tarixinin yeni-yeni şərəfli səhifələrini yazacaqdır.

Mehman SÜLEYMANOV, 
Milli Müdafiə Universiteti  Hərbi Elmi Tədqiqat İnstitutunun  professoru

 



Ordu