Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 188-ci maddə üzrə:
1.1.1. 188.1.1.4-cü maddədən “birdəfəlik istifadə üçün elektron siqaret,” sözləri çıxarılsın;
1.1.2. 188.1.1.7-ci maddə ləğv edilsin;
1.2. 190-cı maddə üzrə:
1.2.1. 190.1.2-ci maddədən “birdəfəlik istifadə üçün elektron siqaret,” sözləri çıxarılsın;
1.2.2. 190.1.3-cü maddə ləğv edilsin;
1.2.3. 190.3-cü maddənin birinci abzasından “birdəfəlik istifadə üçün elektron siqaret,” və “və elektron siqaretlər üçün mayeyə” sözləri çıxarılsın;
1.2.4. 190.3.12-ci maddə ləğv edilsin;
1.2.5. 190.3.16-cı maddədən “birdəfəlik istifadə üçün elektron siqaret,” sözləri çıxarılsın.
Maddə 2. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 568 (Cild I); 2024, № 7, maddə 745) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.0.4-cü maddəyə “tütünü” sözündən sonra “, nikotin tərkibli elektron siqaretlər” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 1.0.4-1-ci, 1.0.4-2-ci və 14-1-ci maddələr əlavə edilsin:
“1.0.4-1. qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir;
1.0.4-2. elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.”;
“Maddə 14-1. Elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi
Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağandır.”.
Maddə 3. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 489, № 6 (I kitab), maddələr 630, 631, 642, № 7, maddə 775; 2025, № 5, maddə 436, № 7, maddə 626) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.6-cı maddəyə “məmulatlarının” sözündən sonra “, nikotin tərkibi olmayan elektron siqaretlərin” sözləri əlavə edilsin;
3.2. 28-ci maddənin mətnindən “elektron siqaretlərin,” sözləri çıxarılsın.
Maddə 4. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2244 (Cild I); 2024, № 5 (I kitab), maddə 489) 1.0.1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. birinci cümləyə “tütünü” sözündən sonra “, nikotin tərkibli elektron siqaretlər” sözləri əlavə edilsin;
4.2. ikinci cümlədən “və elektron siqaretlər də” sözləri çıxarılsın.
Maddə 5. Bu Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2025-ci il

