ABŞ nəşri Qubad İbadoğlu məsələsini Cənubi Qafqazdakı sülh prosesinə nə üçün daxil edir?
ABŞ-ın “Vaşinqton post” qəzeti özünün bir neçə gün öncəki sayında Azərbaycanda iqtisadçı ekspert Qubad İbadoğlunun həbsinə münasibət bildirən məqalə yayımlayıb. “Rəy” rubrikası ilə təqdim edilmiş məqalənin ilk növbədə sərlövhəsinə diqqət yetirmək kifayətdir ki, onun qərəzli mahiyyət daşıdığı barədə firkir yürütmək mümkün olsun.
“Kleptokratiya geri çəkilir. Azərbaycanlı istisadçı azad edilməlidir”. “Vaşinqton post”un avqustun 6-da yayımlanmış məqaləsinin başlığı budur. Öncə “kleptokratiya” sözünün üzərində dayanaq. Beləliklə, şəxsi fəaliyyəti və siyasi gücünü artırmaq üçün ərazisinin insanlarını və təbii sərvətlərini istismar edən quruluş kleptokratiya adlanır.
Nəzərə alaq ki, ABŞ-ın özünün yaranması məhz kleptokratik düşüncə tərzinin məhsulu olmuşdur. Yəni, avropalılar var-dövlət toplamaq üçün Amerika qitəsinə axın etmiş, oranın yerli əhalisi olan hunduların kökünü kəsmiş, sonra bir-biri ilə müstəmləkə varidatlarını bölüşdürə bilməmiş, “Boston çay dəsgahını ildırım vurmuş”, müharibə başlamış, nəticədə qitənin kolonialistləri İngiltərədən asılılığı aradan qaldırmış və beləliklə də, ABŞ adlı dövlətin formalaşması baş vermişdi.
Birləşmiş Ştatlar mövcudiyyətinin müxtəlif illərində də xarici ölkələrə yanaşmada kleptokratik düşüncə tərzini müdafiə etmişdi. Özünü demokrat kimi təqdim edən Ağ ev dünyanın bir sıra anti-demokratik quruluşlarını bilavasitə bəsləmiş, həmin quruluşların öz xalqlarının istismarına şərait yaratmışdı. Əlbəttə, sonradan onların içərisində, necə deyərlər, ABŞ-ın üzünə ağ olanları da tapılmışdı. Məsələn, Liviyanın mərhum lideri Müəmmar Qəzzafi elə ki, Vaşinqtonun dediyini yerinə yetirmədi, diktatora çevrildi. Belə misallar həddən çoxdur.
Sözümüz ondadır ki, bir ABŞ nəşrinin kleptokratiyadan söz açmağa əsla haqqı yoxdur. Həm də ona görə ki, Azərbaycanda belə quruluş olsaydı, “Vaşinqton post” onu tənqid etməz, əksinə öyərdi. Axı “ənənə” də var, müasir ərəb klerikal teok-ratiyalarını dəstəkləyən təcrübə də. Elə isə düşünək görək, qəzetin dərdi nədir?
Bu barədə söz açmazdan əvvəl bildirək ki, “Vaşinqton post”un Azərbaycan hakimiyyətini iqtisadçı Qubad İbadoğlunu həbsdən azad etməyə çağırış səsləndirməsi absurddur. Daha doğrusu, məsələnin qəti şəkildə qoyulması yolverilməzdir. Heyrətə gəlməmək mümkün deyil. Dünyanın nüfuzlu nəşri sayılan bir media orqanının qanunlardan uzaq düşüncə tərzinə necə yer verdiyi maraqlıdır. Həqiqətən, “Vaşinqton post”un hökm çıxarmaq əzmi qanunçuluğa tüpürməkdən başqa bir şey deyil. Azərbaycan məhkəmə və hüquq sistemi olan dövlətdir. Belə görünür ki, Birləşmiş Ştatlar üçün bu anlayışlar yaddır.
Q.İbadoğlunun kultlaşdırıldığı məqa-ləyə diqqət yetirəndə ilk baxışdan yaranan təəssürat budur ki, guya, iqtisadçı ekspert Azərbaycandan kənarda mövcud hakimiyyətə qarşı inqilabçı nəslin hazırlanmasında iştirak etdiyinə görə həbsə düşüb. Halbuki əsas məsələ heç də bu deyil. Sən demə, “Vaşinqton post”un marağı başqa imiş. Qəzet konkret sifariş yerinə yetirməkdədir ki, bu isə jurnalistika prinsiplərinə də tüpürməkdir.
Bəli, nəşrin dərdi başqadır. Bu barədə söz açarkən, bildirək ki, ABŞ-da güclü erməni lobbisi və diaspor təşkilatları var. Onlar Azərbaycana qarşı total əks-təbliğatla məşğuldurlar. Belə yaramaz fəaliyyətin müxtəlif təzahür formaları mövcuddur. Birləşmiş Ştatların senator və konqresmenlərinin ələ alınmasından tutmuş, ayrı-ayrı media orqanları müstəvisindəki manipulyasiyalaradək, bir çox məqamları vurğulamaq mümkümdür. İndi belə mənfi halların üzərində dayanmağa ehtiyac duymuruq. Çünki “Vaşqinqton post” məqaləsində hazırkı “məqsədini” bəlkə özü də fərqinə varmadan açığa çıxarır.
Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının getdiyi, Birləşmiş Ştatların da prosesdə aktiv vasitəçilik həyata keçirdiyi bir vaxtda erməni lobbi və diaspor təşkilatları çalışırlar ki, ABŞ-ın öz missiyasına yanaşmasında koordinal dəyişikliklər yaransın. Başqa sözlə desək, mətndəki “kleptokratiya” təqdimatı fonunda iqtisadçı ekspertin həbsinə toxunulması, Vaşinqtonun anti-demokratik ölkə kimi səciyyələndirilən Azərbaycana təzyiq göstərməsinə şərait yaratmağı hədəf seçib: “Azərbaycan etnik erməni qüvvələrinin otuz ildir nəzarətində olduğu Dağlıq Qarabağa tam nəzarəti bərpa etməyə çalışır. Ermənistan və Azərbaycan sülh danışıqları aparırlar. Böhranla bağlı Azərbaycanla istənilən təmasda cənab İbadoğlunun dərhal azadlığa buraxılması xahişi də yer almalıdır”.
Demokratiyadan və kleptokratiyadan söz düşmüşkən, Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif miqyaslı xarici toplantılarda, eləcə də qəbullarda ölkəsinin demokratik olduğunu göstərmək yönümlü fikirlər səsləndirir. O, belə etməklə, dolayısı ilə dünyanın anti-Azərbaycançı ritorikasındakı motivləri yada salır. Çalışır ki, həmin motivlər Cənubi Qafqazdakı sülh prosesinə nəzərən işlək halda olsun. Əslində, “Vaşinqton post”un da yanaşması məhz buna “xidmətdir”.
Göründüyü kimi, Qubad İbadoğlunun məsələsi yalnız “vasitədir”. Hər bir halda, belə “gedişlər” gerçək nəticə verə bilməz. Azərbaycan Ermənistanla sülh prosesindəki qətiyyətinə və prinsipiallığına tam sadiqdir. Heç bir qüvvə ölkəmizi haqlı mövqeyindən daşındırmaq qabiliyyətində deyil. Hansısa hadisədən də Bakının geri çəkilməsi naminə istifadə konkret fayda verməyəcək.
Yəni, “Vaşinqton post” kimi nəşrlər əziyyət çəkib nə jurnalistikanın, nə də beynəlxalq hüququn prinsiplərinə etinasızlıq etsinlər. Demirik ki, Azərbaycana münasibətdə obyektiv olsunlar. Bacarmayacaqları işlə məşğul olub əzab çəkmələrini istəmirik. Nə edək, biz də belə humanistik. Yalnız susmalarını arzulayırıq.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

