Hər bir sivil xalq varlığını qorumaq və dünyada milli kimliyini təsdiq etmək üçün daim mübarizə aparmağa və Vətən adlandırdığı ərazidə mövcudluğunu davam etdirməyə məcburdur. Bu, ondan irəli gəlir ki, hər bir xalqın ürək qızdırdığı dostları olduğu kimi, qəsdinə durduğu düşmənləri də var.
XX əsr boyu belə təcavüzün qurbanları olaraq, böyük itkilərlə və bəlalarla üzləşmiş Qərbi Azərbaycan əhalisi erməni millətçilərinin davamlı soyqırımı və deportasiya cinayətlərinə məruz qalaraq tarixi vətənini itirmişdir. Artıq 2 ildir ki, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş müstəqil Azərbaycan dövləti regional və qlobal proseslərdə fəal iştirak etməklə yanaşı, həm də tarixi haqsızlıqları aradan qaldırmaq istiqamətində məqsədyönlü və qətiyyətli işlər görür.
Növbəti ümummilli hədəf ötən əsrdə ata-baba yurdlarından qovulmuş Qərbi azərbaycanlıların tarixi yurdlarına kütləvi qayıdışını təmin etməkdir. Bu məqsədlə başladılmış ümumxalq hərəkatı Qərbi Azərbaycan icmasını tarixi Vətənə dönüşə hazırlamaq üçün ölkədə geniş təşkilatlanma və beynəlxalq aləmdə hüquqi-məlumatlandırma işi aparır. Ata-baba yurdlarına zorla qovulmuş soydaşlarımızın öz yurduna qayıtması və söndürülmüş ocaqlarını yenidən yandırması tarixi zərurətdir.
Bir əsr boyunca azərbaycanlıların böyük Vətənimizin qərb bölgələrindən qovulmasını sübuta yetirən faktlar, sənədlər, şahidlərin ifadələri necə bir qəddar düşmənlə üz-üzə olduğumzu bütün detalları ilə açıb göstərir. “Yersiz gəldi, yerli qaç” siyasətini həyata keçirən erməni millətçi başbilənləri imperialist havadarlarının dəstəyi ilə hər tarixi fürsətdə Azərbaycana xəyanət edərək yeni-yeni ərazilərimizi ələ keçirmiş, onun sakinlərinə divan tutmuşlar.
Ermənistan Xalq Komissarları Soveti 1921-ci ilin 20 iyulunda Qərbi Azərbaycanda qurduqları oyuncaq dövlətin 8 qəza və 33 nahiyədən ibarət inzibati-ərazi bölgüsünü təsdiq etmişdir. Həmin bölgüdə Zəngəzur qəzası yox idi. Avqustun 31-də isə Azərbaycandan qoparılmış yeni 9-cu qəza – mərkəzi Gorus şəhəri olmaqla Zəngəzur qəzası yaradılmışdır. Sovet Rusiyasının zorakı təzyiqi ilə Azərbaycan Zəngəzurun qərb hissəsini (Gorus, Sisyan, Qafan və Meğrinin bir hissəsi) inzibati-ərazi bölgüsündən çıxararaq Ermənistana güzəştə getmişdir. Bununla tarixi Zəngəzur mahalı (rus işğalı dövründə qəza) iki hissəyə bölünmüş və onun qərb hissəsi Ermənistana birləşdirilmişdir.
Ermənilərin Qərbi azərbaycanlılara qarşı təcavüzünün növbəti aktı II Dünya müharibəsindən sonra başlanmışdır. Bu dəfə ermənilər bolşevizmin Türk dünyasına qarşı səlib yürüşünün davamı olaraq, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə cəhd göstərmişlər. Bu mümkün olmadıqda isə Qərbi azərbaycanlıların kütləvi deportasiyasını dövlət siyasəti səviyyəsində gerçəkləşdirmişlər. Sovet ali rəhbərliyində yarım əsr yuva salmış daşnakxislət Anastas Mikoyanın hiylə və təxribatı ilə SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə “Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul etmişdir.
Bundan bir həftə sonra Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası MK-nin ikinci katibi G.Malenkov Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barədə Ermənistan rəhbəri Q.Arutinovun sovet diktatoru İ.Stalin qarşısında qaldırdığı vəsatəti Azərbaycanın rəhbəri M.Bağırova göndərmişdir. 1945-ci il dekabrın 10-da M.Bağırov həmin məktuba cavab olaraq bildirir ki, o, Arutinovun təklifi ilə o şərtlə razıdır ki, Şuşa istisna olmaqla, Ermənistanda əhalisinin əksəriyyəti azərbaycanlılar olan Əzizbəyov, Vedi və Qarabağlar rayonları da Azərbaycana birləşdirilsin. Bundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası ideyası ortaya atılmışdır.
Bununla da azərbaycanlı əhalinin deportasiyasına və onların yurdlarında xaricdən, xüsusilə də Livandan, Suriyadan, İraqdan və Yaxın Şərqin digər ölkələrindən köçürülmüş ermənilərin məskunlaşdırılması prosesinə start verilmişdir. Təkcə Avropa ölkələri də daxil olmaqla, 1946–1949-cu illərdə Ermənistana 96 min erməni köçürülmüş, onların xeyli hissəsi İrəvanda məskunlaşmışdı.
Ermənilərin əsas məqsədi 150 il ərzində min bir fitnə-fəsadla ələ keçirdikləri Azərbaycan–türk yurdları olmuş Göyçə, Zəngəzur, Şoragöl, Dağ Borçalısı, Körpübazar, Dərəçiçək–Qırxbulaq, Zəngibasar, Dərələyəz, Dilican, Sərdarabad və İrəvan mahallarında etnik təmizləmə aparmaq idi. Beləliklə, Qərbi Azərbaycanda əsrlərlə yaşamış azərbaycanlılar böyük faciə ilə üz-üzə qalmışlar. Ermənistan rəhbərliyi azərbaycanlıları “5-ci kolon” kimi qələmə verərək sovet rəhbərliyini inandırmışdılar ki, SSRİ ilə Türkiyə arasında hərbi qarşıdurma yaranacağı halda sərhəddə yaşayan azərbaycanlılar kommunistlərə qarşı vuruşacaqlar.
Beləliklə, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabrında qəbul etdiyi 4083 nömrəli qərarla Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası rəsmiləşmişdirilmişdir. İ.Stalinin imzaladığı bədnam qərarda deyilirdi:
1. 1948–1950-ci illərdə könüllü əsaslarda 100 min kolxozçu və digər azərbaycanlı əhali Ermənistan SSR-in ərazisindən Azərbaycan SSR-in Kür–Araz düzənliyinə köçürülsün. 1948-ci ildə 10 min nəfər, 1949-cu ildə 40 min nəfər və 1950-ci ildə 50 min nəfər.
2. Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlıların köçürülməsi ilə əlaqədar azad etdikləri tikililərdə və yaşayış evlərində xaricdən gətirilmiş ermənilərin yerləşdirilməsinə icazə verilsin.
SSRİ Nazirlər Soveti 10 mart və 13 may 1948-ci ildə daha rüsvayçı 2 qərar qəbul etmişdir. I qərarda ittifaqın, Azərbaycan və Ermənistanın müvafiq orqanlarının qarşısında təxirəsalınmaz vəzifələr qoyulmuşdu. II qərarda isə Ermənistanın kənd rayonları ilə yanaşı, İrəvan şəhərinin Stalin və Spandaryan rayonlarında yaşayan azərbaycanlı əhalinin də köçürülməsinə göstəriş verilmişdi.
Nəticədə, 1948-ci ildən başlayaraq, bir neçə il ərzində 100 min azərbaycanlının köçürülməsi və xaricdən 100 min erməninin onların yurdlarında məskunlaşdırılması mütəşəkkil həyata keçirilmişdir. Bu misilsiz cinayət aktı 1948-ci ilin mart ayının sonlarından 1953-cü il martın 5-də İ.Stalinin ölümünə qədər ən zorakı üsullarla davam etmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ümummilli lideri Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli fərmanı ilə 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmış və 100 il ərzində xalqımıza qarşı törədilmiş cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir.
Bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin prioritetlərindən biri də Qərbi azərbaycanlıların ata-baba yurdlarına qaytarılması məsələsidir. Biz Qərbi Azərbaycan icmasının çoxsaylı nümayəndələri inanırıq ki, on illərdən bəri yolumuzu gözləyən doğma yurdlarımıza mütləq qayıdacağıq.
Almaz ƏLİYEVA,
Mingəçevir Dövlət Universiteti mühəndislik fakültəsinin dekanı, dosent