Vizəzəmin kəndi uca dağların ətəyində yerləşir. Təbiət bu yerlərdən səxavətini əsirgəməyib. Zümrüd donlu meşələr, zümzüməli dağ çayı, sərin bulaqlar kəndin gözəlliyini, füsunkarlığını daha da artırır.
Yerli əhali ata-babadan əkinçilik, heyvandarlıqla məşğul olur. Kəndin səfalı təbiəti, zəngin bitki örtüyü arıçılığın inkişafı üçün geniş imkanlar açır. Arıçılıqdan söz düşəndə kənddə Elşad Əmirovun adı birinci çəkilir. Elşadla bu günlərdə Lerikdə keçirilən “Ekofestival”da yaxından tanış olduq. “Nur balı” adı ilə istehsal etdiyi keyfiyyətli dağ balını sərgidə nümayiş etdirirdi.
Elşad ixtisasca aqronomdur. Uzun illər kənd təsərrüfatı sahəsində aqronom, briqadir, anbar müdiri və digər vəzifələrdə işləyib. Hazırda arıçılıqla bağlı ailə ənənələrini yaşadır. Söhbət zamanı deyir ki, ulu babası Ağayar və övladları, atası Ağaşirin məşhur arıçı kimi tanınıblar. Bu gün estafeti Elşad davam etdirir. 2016-cı ildə 12 arı ailəsi ilə ata-baba peşəsini inkişaf etdirməyə başlayıb. Beş il ərzində subsidiya alıb. Dövlət qayğısı sayəsində arı ailələrinin sayını 60-a çatdırıb. Arıların təbii bitkilərdən, çiçəklərdən şirə toplaması üçün 1 hektar sahədə albalı, gilas, alma və digər meyvə ağacları əkib. Hazırladığı ikitəbəqəli arı yeşikləri məhsulun keyfiyyətinə, arıların pöhrə verməsinə yaxşı təsir edir.
Elşadın şəxsi arıçılıq təsərrüfatında istehsal ilbəil artır. İlk vaxtlar məhsul götürməyib, arıların qidalanmasına, pöhrə verməsinə üstünlük verib. 2018-ci ildə təsərrüfatda 50 kiloqram məhsul istehsal olunub. Bu il 300 kiloqrama yaxın ekoloji cəhətdən təmiz, keyfiyyətli bal, arı südü, çiçək tozu, vərəmum istehsal edib.
On ilə yaxındır ki, Lerikdə Arıçılar Assosiasiyası fəaliyyət göstərir. Assosiasiyanın sədri Ələkbər Salayev bildirir ki, rayonun iqtisadiyyatında arıçılıq mühüm yer tutur.
– Sovet dönəmində rayonda ayrıca arıçılıq sovxozu olub, şəxsi təsərrüfatlarla yanaşı, kolxoz və sovxozların hər birində 150-200 arı ailəsi saxlanılırdı. Ənənə indi də yaşayır. Möhtərəm Prezidentimiz İlham Əliyev arıçılığın inkişafının vacibliyi və perspektivləri haqqında demişdir: “Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər”.
Arıçılığa maraq böyükdür. Rayonda 900-ə yaxın fermer 14478 arı ailəsi saxlayır. Hər il orta hesabla 150 tona yaxın təmiz, keyfiyyətli bal istehsal olunur. Məhsul respublika bazarlarına, Bakı şəhərində bal məhsullarının sərgi-satış yarmarkalarına çıxarılır. Lerik brendli, ekoloji cəhətdən təmiz balı alıcılar həvəslə alırlar. Çox təəssüflə qeyd edim ki, bəzi rayonlar Lerik balı adı ilə öz keyfiyyətsiz məhsullarını satışa çıxarır, arıçılarımızın nüfuzuna xələl gətirirlər.
Dövlətimiz tərəfindən arıçılığın inkişafına davamlı şəkildə qayğı göstərilir. “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Hər il arıçılara subsidiya ödənilir. Ölkə başçısının arıçılığın inkişafına qayğısı, kənd təsərrüfatının bu gəlirli sahəsinə xüsusi önəm verməsi arıçıları hədsiz sevindirir. Özüm də arıçılıqla məşğul oluram. Şəxsi təsərrüfatımda 150 arı ailəsi saxlayıram. İstehsal etdiyim təbii, ekoloji cəhətdən təmiz bal və digər arıçılıq məhsulları ilə sərgi-satış yarmarkalarında iştirak edirəm.
Lerik həm də turizm diyarı kimi tanınır. Respublikamızın ayrı-ayrı bölgələrindən, Türkiyə, Rusiya, Belarus, Almaniya və digər xarici dövlətlərdən hər il rayona çoxlu sayda turistlər gəlir. İstirahət mərkəzlərində təmiz, keyfiyyətli bal və digər arıçılıq məhsullarının satışının təşkili Lerik brendli məhsulların xarici bazarlara çıxarılmasına təsir edəcək.
Arıçıların müəyyən çətinlikləri də mövcuddur. Yonca, xaşa bitkilərinin, cökə və akasiya ağaclarının əkilməsinə, yeni meşə zolaqlarının salınmasına ehtiyac var. Bələdiyyə, meşə fond torpaqlarında arıları yemləndirmək üçün çətinliklər öz həllini gözləyir.
Son vaxtlar akarapidoz və varratoz kimi xəstəliklər geniş yayılıb. Bu xəstəliklərin müalicəsində işlədilən dərmanlar çox vaxt keyfiyyətsiz olur, lazımi nəticə vermir. Xəstəlik üzündən arı ailələri məhv olur, – deyə həmsöhbətim Ələkbər Salayev söhbətini yekunlaşdırır.
Arıçılıq rentabelli sahə olmaqla yanaşı, həm də insanların sağlamlığına xidmət edir. Arı ailələrinin cins tərkibinin yaxşılaşdırılmasına və rayonlaşdırılmasında, xəstəliklərin vaxtında aşkar edilərək müalicə tədbirlərinin görülməsinə, arıçılığın yem bazasının gücləndirilməsinə, bal emalı və qablaşdırma sexlərinin açılmasına tələbat vardır. Fermerlərə lazımi köməklik göstərilsə, arı ailələrinin sayını çoxaltmaq, arıçılıq məhsullarının istehsalını və keyfiyyətini yüksəltmək mümkündür.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri


