Yardımlı dağları – tarixlər şahidi

post-img

Qədim türk yaşayış məskənlərindən olan Yardımlı bir çox mənada öz ilkinliyini qoruyub saxlayan bölgələrimizdəndir. Adı ilkin olaraq bu torpaqlarda geniş yayılmış atəşpərəstliklə əlaqələndirilir və günəş, atəş mənasını verən “Yardam” kimi göstərilir. Zaman-zaman bu ad dəyişikliyə uğrayaraq “Yardımlı”ya çevrilib.

Mərhum akademik Ziya Bünyadov “Azərbaycan VII–IX əsrlər” monoqrafiyasında Ərdəbilin şimalında da “Yardam” şəhərinin olduğunu qeyd edib. Bəzi tarixçilərin fikrincə isə “Yardımlı” coğrafi adının VIII əsrdə Ural və Volqa çayları arasındakı ərazidə yaşamış “Erdim” və ya “Ertem” qəbiləsinin adından yarandığı ehtimal olunur. Hər yönündən türklük boy göstərir.

Güneyli-quzeyli Azərbaycan düz mərkəzində qərar tutan Yardımlıda 100-ə yaxın tarix və mədəniyyət abidəsi qeydə alınıb ki, bunların 60-ı arxeoloji, 8-i memarlıq, 1-i bağ-park, monumental-xatirə, 23-ü isə dekorativ-tətbiqi sənət nümunələridir. Arxeoloji abidələrin (mağara, kurqan, nekropol, qədim yaşayış yeri) 51-i ölkə, 9-u isə yerli əhəmiyyətlidir. Alar, Bozayran, Yolocaq kəndləri bir növ qədim abidə məkanları sayılır. Karvan və ticarət yolları burada keçib.

Rəvayətə görə, Şah İsmayıl Xətai buradakı Şahnişin (2490 metr) yaylağına ova gələndə bir çobanın qızına aşiq olub. Xətai bu qızla şəriət qaydasınca evləndikdən sonra onun şərəfinə Demanda qala tikdirib. Xətai bu yerlərə tez-tez gələrmiş. Hətta orucluqda iftarını Demandakı Gözə bulağının suyu ilə açarmış. Həmin qalanın qalıqları indiyədək qalmaqdadır. Daha qədim tarixi olan Cüzünqala isə Babəkin yadigarıdır.

Əslində, Yardımlı bütövlükdə əlçatmaz bir qala olub. Tarixən igidlərin məskəni olub. Qaçaq hərəkatı üzündən sovet hakimiyyəti belə Yardımlıya 1 il gec gəlib. Bolşevik hökuməti Bakıda 1920-ci, Yardımlıda 1921-ci ildə qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin əskinasları burada bir-iki il artıq işlədilib. Kommunistlərin qaçaqlarla mübarizəsi isə 1928–1930-cu illərədək davam edib. Yerli camaat ruslara qarşı var gücü ilə müqavimət göstərib. Yalnız uzun mübarizədən sonra rus ordusunun 245-ci alayı xeyli itki verməklə ərazini ələ keçirə bilib.

Yardımlının Aları sərt təbiətli yüksək dağ kəndidir. Türkün qan yaddaşında qorunan bir dağ kultu var. Ətrafı başdan-başa kəklikotu ətri saçır. Bu otun bitdiyi yerlərdə kəkliklər çox olur. Alar toponimi eyniadlı türk tayfasının adıdır. Bu kəndin yaxınlığında, dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə olan və Qız qalası kimi tanınan qaya zirvəsi qədimlərdə insanların sığınacaq yeri olub. Burada yerli atəşpərəstlər əvvəlcə ibadətgah, sonra isə qala bürcləri inşa etməklə möhkəm istehkam qurublar. Uzaqdan baxanda dağın başında papaq kimi görünən qalanın bir tərəfi dərin uçurumdur. Üç yandan sərt döngəli qaya cığırı ilə yuxarıya gedib çıxmaq olur. Buranı ziyarət etmək bir gün vaxt aparır.

Maraqlıdır ki, Qız qalasından 500–600 metr aralıda Oğlanqala da var. Hər iki qalaya gediş-gəlişi təmin edən yeraltı yol, tunel olub. Təhlükə olanda birindən digərinə xəbər vermək üçün ən üstdəki bürclərdə tonqal qalanıb. Ərus kəndi abır-ismət timsalı olan gəlinin adı ilə bağlıdır. Əfsanəyə görə, nişanlısına sədaqət göstərmiş xanımın şərəfinə o məskən belə adlandırılıb. Odurağaran toponimi də türk mənşəli olub, “Urdu xana məxsus yerlər”, yaxud “Urdu xanın mühafizə edildiyi yer” mənasındadır.

Tarixin XII–XIV əsrlərinə aid edilən Abidərdə isə Arus–Lərzan–Ərsilə kəndləri arasında qərar tutmuş orta əsr abidəsidir. Ocaq, inanc yeridir və “Dərdlərə su verən” mənasını ifadə edir. Söylənənlərə görə, bir vaxtlar ziyarətçilər türbənin qırağında olan xırda daşları divara sürtərək dua-niyyət edirmişlər. Əgər bu zaman daş divara yapışsaydı, inanarmışlar ki, dua həyata keçir.

Rayonun qərb hissəsindəki Abasalı, Avaş, Köhnəqışlaq kimi bəzi yuxarı dağ kəndlərinin adamları xalq arasında “xəlsəlilər” kimi tanınır. Bu ad “xalis”, “saf”, təmiz mənasındadır. Yeri gəlmişkən, “xəlsəlilər” adını Güneydə - Ərdəbil və Ərşə mahallarında olan bir sıra kəndlərin sakinləri də daşıyırlar.

Yardımlının Təkdam şəlaləsi, Komanı yaylağı, Peştəsər dağındakı (2244 metr) şəlalə və turşsu çeşməsi, Abdallı bulağı da bir növ “aydınlıq” abidələridir. Yolları və digər infrastrukturu lazımınca qaydaya salınsa, buralar əsl turizm məkanına çevrilər...

Bir sözlə, Yardımlı qədim türk yurd yeri kimi misilsiz məkanlardan sayılır. Sahib Əliyev, Sabir Rüstəmxanlı, Musa Qasımlı, Bilal Alarlı, Mehdi Həsənov, Əli Mirzəlioğlu kimi söz-sənət adamları bu diyarın özəlliklərindən sevə-sevə söhbət açıb, maraqlı araşdırmalar təqdim ediblər. Uzun illər “Maarif” nəşriyyatında müxtəlif vəzifələrdə çalışmış, hazırda “Kövsər” nəşriyyatının baş redaktoru olan Hafiz Rüstəm özünün “Bakıdan Yardımlıya səyahət” poemasında bu barədə yaxşı deyib:

Dağlara qoşulub dağ olur insan,
Elə bil, yenidən doğulur insan...

Ə.DOSTƏLİ
XQ

Sosial həyat