Noyabrın 6-da azad Xankəndimizdə hərb tariximizin qəhrəmanlıq salnamələrinin yazıldığı 44 günlük müharibədə qazandığımız şanlı qələbənin 5-ci ildönümü münasibətilə hərbi yürüş keçirildi.
Şəhərin mərkəzində yerləşən Azərbaycan prospekti boyu növbəti dəfə Zəfər musiqiləri səsləndi, hərbi orkestrin müşayiəti ilə addımlayan hərbçilərimizin ayaq səsləri Qarabağın dağlarında əks-səda verərək ürəkləri riqqətə gətirdi. Azərbaycan Silahlı Qüvvələrinin hərbi orkestri tərəfindən səsləndirilən vətənpərvərlik marşları Zəfər yürüşünə bayram ab-havası bəxş etdi, Xankəndidə yaşayan, işləyən sakinlər, Qarabağ Universitetinin müəllim və tələbələri qürurla yürüşü izlədilər.
Qarabağ Universitetinin üzərində işğaldan azad edilən rayonların adları yazılmış köynəklər geyinmiş bir qrup tələbəsinin nümayiş etdirdikləri qısa kompozisiya da tədbirə xüsusi rəng qatdı. Tələbələr növbə ilə köynəklərində yazılmış şəhər və rayonlarımızın adlarını səsləndirərək özlərini azad Qarabağın gələcəyi kimi təqdim etdilər, təhsil ocağının önündən keçən hərbçiləri alqışlarla və coşqu dolu şüarlarla salamladılar.
Bu mənzərə Qarabağda həyatın bərpasının, gənclərimizin milli ruhda yetişməsinin, azadlığına qovuşmuş ərazilərdə təhsilin, mədəniyyətin yenidən dirçəlişinin və Xankəndinin gənclər şəhəri kimi formalaşmaqda olduğunun bariz nümunəsi kimi, həm yürüş iştirakçılarının, həm də şəhər sakinlərinin böyük rəğbətilə qarşılandı. Gənclərin birgə səsləndirdirdikləri “Biz azad Qarabağın tələbələriyik!” sözləri isə Zəfər Gününün sevincinə sevinc qatdı.
Şənlikdə müqəddəs üçrəngli bayraqlarımız dalğalandı, “Qarabağ Azərbaycandır!” nidası Vətən göylərinə ucaldı.
Zəfər yürüşü xalqımızın birliyini, ordumuzun gücünü və torpaqlarımızın azadlığı uğrunda qazanılan tarixi qələbənin əzəmətini bir daha nümayiş etdirdi.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

