Diaspor kimlərin ruporu olacaq?
Cənubi Qafqazda cərəyan edən yeni siyasi proseslər İrəvanın Moskva ilə münasibətlərində ehtiyatlı, lakin son dərəcə ziddiyyətli mənzərə yaradıb. Rəsmi İrəvanın bir tərəfdən Moskva ilə hərbi-siyasi müstəvidə nəzərəçarpacaq məsafə saxlaması, digər tərəfdən isə iqtisadi-institusional bağları qırılma nöqtəsinə çatdırmaması düşünülmüş “ikili xətt” strategiyasından xəbər verir. Bu proses, xüsusilə iyun ayında keçirilməsi gözlənilən parlament seçkilərinin həssas konyunkturasında həm daxili auditoriyanı sakitləşdirmək, həm də xarici güc mərkəzləri ilə yeni balans yaratmaq cəhdi kimi müstəsna əhəmiyyət daşıyır. Hazırkı Ermənistan hakimiyyəti üçün bu parlament seçkiləri, sadəcə, səsvermə deyil, həm də apardığı xarici siyasət kursunun daxili legitimlik sınağıdır.
Bu baxımdan baş nazir Nikol Paşinyanın “Rusiyaya zərər vermək istəmirik” bəyanatı və xarici işlər naziri Ararat Mirzoyanın, “ABŞ və ya Aİ ilə münasibətləri dərinləşdirəndə Rusiyanı sıxışdırmaq üçün gizli bir məqsəd, bir gündəm axtarmağa ehtiyac yoxdur” açıqlaması təsadüfi xarakter daşımır. Bu ritorika, əslində, ölkənin iqtisadi və demoqrafik reallıqlarından doğan strateji ehtiyatlılıq nümunəsidir. Mövcud iqtidar dərk edir ki, Rusiyadakı erməni faktoru həm daxili ictimai rəy, həm də səsvermənin yekun nəticələri üçün həlledici təsir vasitəsidir. Çünki müxtəlif hesablamalara görə, hazırda Rusiya Federasiyası ərazisində 2,5 milyondan 3 milyona qədər erməni yaşayır ki, bu rəqəm Ermənistanın özünün daxili əhalisi ilə müqayisə oluna bilər. Belə bir diaspor potensialı hakimiyyət üçün həm siyasi legitimlik, həm də iqtisadi dayanıqlılıq baxımından önəmlidir.
Lakin məsələnin mahiyyəti təkcə statistik rəqəmlərin böyüklüyündə deyil, həm də bu təsirin hüquqi və praktiki icra mexanizmlərindədir. Rusiyada yaşayan ermənilərin hamısının Ermənistan vətəndaşı olmaması və onların seçki prosesinə mütəşəkkil şəkildə cəlb edilməsinin texniki çətinlikləri təsirin miqyasını müəyyən qədər məhdudlaşdırır, lakin onu tamamilə sıradan çıxarmır. Ermənistanın seçki coğrafiyasına və xaricdəki səsvermə ənənələrinə nəzər saldıqda maraqlı fakt ortaya çıxır. Məsələn, Moldovadan fərqli olaraq, Ermənistanın Avropa ölkələrində geniş seçki məntəqələri şəbəkəsi mövcud deyil. Bu reallıq rəsmi İrəvanın Qərbdəki elektoratdan əlavə dəstək toplamaq imkanlarını daraldır və siyasi diqqəti yenidən Rusiya istiqamətinə yönəltməyə məcbur edir. Rusiyada fəaliyyət göstərən seçki məntəqələrinin sayı, oradakı erməni icmasının ənənəvi təşkilatlanma səviyyəsi və maliyyə imkanları seçkilərin nəticəsinə təsir edə biləcək hüquqi-siyasi prosedur gücünə malikdir.
Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsindəki fəallığı, regional iqtisadi layihələrdə iştirakı və “Strategiya-2025” kimi sənədlərin icrasına sadiqliyi göstərir ki, siyasi ritorika nə qədər kəskin olsa da, iqtisadiyyatın dili real asılılıqlar üzərində qurulub. Ermənistan bu gün Rusiya bazarından, ucuz enerji resurslarından və oradakı işçi qüvvəsinin gətirdiyi dividendlərdən imtina etmək imkanına sahib deyil. Deməli, bu balansın pozulması həm iqtisadi, həm də sosial baxımdan Ermənistan üçün ciddi risklər daşıyır. Bu reallıq onu sübut edir ki, Ermənistan hələ də Avrasiya iqtisadi məkanının ayrılmaz bir parçasıdır. Bu nöqtədə diaspor faktoru həm hədəf, həm də vasitə kimi aktuallaşır.
İrəvanın ehtiyatlı, bəzən isə ziddiyyətli siyasəti beynəlxalq təşkilatlar səviyyəsində də özünü göstərir. BMT Baş Assambleyasında müxtəlif qətnamələrin qəbulu zamanı Ermənistan nümayəndə heyətinin nümayiş etdirdiyi “bitərəf” mövqe, əslində, tam qarşıdurma xəttinə keçməyin fəsadlarını öncədən hesablamaq cəhdidir. Paşinyan hökuməti anlayır ki, körpüləri tamamilə yandırmaq daxili auditoriyanı parçalaya və iqtisadi böhrana səbəb olar. Bu da indiki şəraitdə iqtidarın maraqlarına xidmət etmir. Çünki bu ölkənin parlamentinin vitse-spikeri Ruben Rubinyanın son açıqlamaları hakim komandanın iyun seçkilərinə yanaşmasını tam çılpaqlığı ilə ortaya qoyub. Rubinyan açıq şəkildə bildirib ki, “Mülki müqavilə” partiyası parlamentdə yenidən konstitusion çoxluq əldə etməyi hədəfləyib. Onun sözlərinə görə, hakimiyyətin qarşısında duran əsas vəzifə sabiq prezident Robert Koçaryanın, eləcə də Rusiyada və Ermənistanda böyük biznes şəbəkəsinə malik Samvel Karapetyan və Qaqik Tsarukyan kimi fiqurların siyasi səhnədə dominantlıq qazanmasının qarşısını almaqdır.
Bu kontekstdə Rusiyadakı erməni diasporu həm hədəf, həm də vasitə kimi aktuallaşır, çünki həmin “oliqarxik” qüvvələrin ən böyük bazası məhz Moskva ilə sıx bağlı olan dairələrdir. Rubinyan həm də müxalif qüvvələrin birləşə biləcəyi ehtimalından narahatlığını ifadə edib və seçicilərin şüurlu seçim etməsinin vacibliyini vurğulayıb. Göründüyü kimi, müxalifətin əsas dayağı Rusiya ilə sıx bağlıdır. Rusiyada yaşayan erməni icması daxilində ənənəvi dəyərlərə sadiqlik və Moskva ilə hərbi-strateji ittifaqın bərpası ideyaları hələ də kifayət qədər güclüdür. Əgər bu kütləvi elektorat vahid və mütəşəkkil bir mövqedən çıxış edərək seçkilərə qatılarsa, bu, hazırkı iqtidar üçün ciddi legitimlik problemi yaradar.
Lakin diasporun daxili strukturu Ermənistanın özü kimi parçalanmış haldadır. Burada həm Paşinyan ideyalarına inananlar, həm də radikal müxalifət mövcuddur. Dünya təcrübəsində olduğu kimi, Ermənistanda da seçki fəallığı ənənəvi olaraq ölkə xaricində aşağı olur. Üçüncüsü, Ermənistanın mövcud seçki sistemi və xaricdə səsvermə mexanizmləri xaricdə yaşayan seçicilərin iradəsinin real nəticəyə çevrilməsini müəyyən dərəcədə çətinləşdirir, onun təsir imkanlarını məhdudlaşdırır. Bu, diasporun seçkinin nəticəsinə birbaşa təsirini azaltsa da, daxili auditoriya üzərindəki psixoloji basqını saxlayır. Ona görə də əsas mübarizə Ermənistanın öz ərazisində gedəcək. İqtidar qələbəni, ilk növbədə, ölkə daxilində əldə etməlidir ki, Rusiyadakı səslərə o qədər də ehtiyac yaranmasın. Əgər seçki mübarizəsi proqnozlaşdırıldığı kimi kəskin keçərsə və hakimiyyətlə müxalifət arasındakı səs fərqi minimal olarsa, Rusiyadan gələn hər bir səs tərəzinin həlledici daşına çevriləcək.
Mövzu ilə bağlı XQ-yə danışan siyasi icmalçı Cəsarət Hüseynzadə bildirdi ki, Ermənistan–Rusiya münasibətlərində “tam olmayan məsafələşmə” seçkiqabağı siyasi taktikanın tərkib hissəsidir: “Rəsmi İrəvan bir tərəfdən Qərblə təhlükəsizlik və siyasi əməkdaşlığı genişləndirir, digər tərəfdən isə Moskva ilə iqtisadi və institusional əlaqələri qoruyur. Bu balansın əsas səbəblərindən biri Rusiyada yaşayan çoxsaylı erməni diasporunun mövcudluğudur. Hazırkı mərhələdə əsas həlledici amil Ermənistan daxilində sosial-iqtisadi vəziyyət, hakimiyyətin reytinqi və müxalifətin təşkilatlanma səviyyəsidir. Diaspor faktoru daha çox siyasi və psixoloji təsir elementi kimi çıxış edir və İrəvanın Moskva ilə münasibətlərdə kəskin addımlardan çəkinməsinə səbəb olan mühüm, lakin dolayı amildir. Azərbaycan üçün bu kontekstdə əsas maraq odur ki, Ermənistanın həm Qərbə yaxınlaşma cəhdləri, həm də Rusiyaya bağlılığı regional sabitliyi pozmasın, eyni zamanda, Bakı ilə strateji mövqelər arasında balans qorunsun”.
Beləliklə, Ermənistan–Rusiya münasibətlərindəki indiki mərhələ “məcburi tərəfdaşlıq” və “strateji qeyri-müəyyənlik” dövrüdür. İrəvan nə Moskva ilə əlaqələri birdəfəlik kəsmək iradəsinə sahibdir, nə də əvvəlki tam asılılıq modelində qalmaq istəyir. Bu tərəddüdlər iyun seçkilərinə qədər davam edəcək, əsas xətt olaraq qalacaqdır. Rusiyadakı erməni seçicilərin təsiri isə hələlik “gizli potensial” statusundadır ki, onun real gücü yalnız səsvermə prosesinin gedişatında bəlli olacaqdır. İyun seçkilərinin nəticələri Ermənistanın gələcək illər üçün geosiyasi istiqamətini və regional təhlükəsizlik arxitekturasındakı yerini birdəfəlik müəyyən edəcək.
P.ƏFƏNDİYEV
XQ


