Aİ-də daxili çatlar böyüyür

post-img

Etimad böhranı üzvlər arasında gərginlik yaradır

“Qoca qitə”nin xəritəsinə diqqətlə baxdıqda, heç nə dəyişməyib kimi görünür. Lakin daxildəki vəziyyət üçün eynisini deyə bilmərik. Çünki etimad məsələsi son illər Avropada sürətlə aşınan anlayışa çevrilib. Məhz bu kontekstdə Avropa İttifaqının (Aİ) qarşısında duran əsas problem xarici təhdidlərdən daha çox daxildə dərinləşən struktur uyğunsuzluqlar və siyasi koordinasiya böhranıdır.

Mövcud dinamikanın mərkəzində isə Almaniya dayanır. “Soyuq müharibə”dən sonrakı mərhələdə iqtisadi gücünü siyasi ehtiyatla balanslaşdıran Berlin uzun müddət inteqrasiyanın mühərriki kimi qəbul olunurdu. Lakin son illər Almaniyanın təhlükəsizlik və müdafiə siyasətində müşahidə olunan dönüş İttifaq daxilində yeni müzakirə xətti formalaşdırıb. Müdafiə xərclərinin əhəmiyyətli şəkildə artırılması, borclanma məhdudiyyətlərinin yumşaldılması və ordunun modernləşdirilməsi ilə bağlı qərarlar Almaniyanın geosiyasi çəkisini artırmaq məqsədi daşıyır. Berlin bu kursu Avropanın təhlükəsizlik mühitinin kəskin dəyişməsi ilə əsaslandırır. Lakin digər paytaxtlarda məsələ, sadəcə, təhlükəsizlik arqumenti çərçivəsində qiymətləndirilmir. XX əsrin siyasi travmaları kollektiv yaddaşlarda qalmaqda davam edir və Almaniyanın sürətli remilitarizasiyası xüsusilə Mərkəzi və Qərbi Avropada ehtiyatlı reaksiyalar doğurur.

Nəzərə alsaq ki, Avropaya inteqrasiya məhz milli güclərin qarşılıqlı nəzarət və asılılıq mexanizmləri vasitəsilə balanslaşdırılması üzərində qurulmuşdu, Almaniyanın nisbi üstünlüyünün artması həmin mexanizmlərin gələcək effektivliyi barədə suallar yaradır. Maraqlıdır, Almaniyanın güclənməsi Avropanın kollektiv gücünün artımı deməkdirmi, yoxsa asimmetrik liderliyin dərinləşməsi İttifaq daxilində siyasi narazılıqları artıracaq?

İttifaq daxilində fikir ayrılıqlarının daha açıq forması Şərqi Avropa istiqamətində müşahidə olunur. Macarıstanın Baş naziri Viktor Orbanın Aİ-nin Rusiya ilə bağlı yeni sanksiya paketlərini bloklaması Brüsseldə və Berlində sərt reaksiyalara səbəb oldu. Avropa Komissiyası və üzv ölkələrin bəzi nümayəndələri Budapeştə qarşı institusional təzyiq alətlərinin işə salınmasını müzakirə etməyə başladılar. Amma məsələnin mahiyyəti konkret sanksiya paketində deyil, qərar qəbuletmə mexanizmlərindədir. Çünki Aİ konsensus və ya geniş razılaşma prinsipi üzərində qurulub. Lakin üzv dövlətlərdən biri fərqli mövqe sərgilədikdə, dialoq yerini sanksiya ritorikasına verirsə, institusional modelin gələcəyi ilə bağlı suallar yaranır. Plüralizm və milli maraqların nəzərə alınması prinsipinin hansı həddə qədər legitim sayıldığı da naməlum qalır. Macarıstanın enerji təhlükəsizliyi ilə bağlı arqumentləri də müzakirənin ayrılmaz hissəsidir. Dənizə çıxışı olmayan ölkə üçün alternativ enerji marşrutlarının məhdudluğu real iqtisadi çətinlik yaradır. Bu baxımdan, Budapeştin mövqeyi struktur xarakter daşıyır. Lakin Brüsselin reaksiyası kompromis axtarışından daha çox intizam mexanizmlərinin tətbiqinə yönəldikdə, qarşılıqlı etimad daha da zəifləyir.

Avropa inteqrasiyasının simvollarından biri sərhədsiz hərəkət prinsipidir. Şengen razılaşması uzun illər “Avropa evi” ideyasının həyatda konkret təzahürü kimi təqdim olunurdu. Lakin miqrasiya axınları və təhlükəsizlik narahatlıqları fonunda Almaniyanın daxili sərhədlərdə nəzarəti bərpa etməsi presedent xarakteri daşıyır. Rəsmi arqumentlər təhlükəsizlik və ictimai sabitliklə bağlıdır. Ancaq siyasi mesaj daha geniş yozulur. Daha dəqiq desək, üzv dövlətlər zəruri hesab etdikdə ümumi qaydaları prioritetlərə tabe edə bilərlər. Bu tendensiya domino effekti yaradır və digər ölkələr də oxşar addımlar atmağa başlayırlar. Nəticədə, kağız üzərində qüvvədə qalan azad hərəkət prinsipi praktikada selektiv tətbiq olunan mexanizmə çevrilir. Proses inteqrasiyanın geri dönüşü olmayan nailiyyətləri barədə təsəvvürü də zəiflədir. Çünki hüquqi mexanizmlərin müvəqqəti dayandırılması tez-tez təkrarlanarsa, onlar normaya çevrilə bilər.

Avropa inteqrasiyasının tarixi boyu Fransa–Almaniya tandemi əsas istiqamətləndirici rol oynayıb. Bu xətt üzərindəki koordinasiya zəiflədikdə İttifaqın strateji gələcəyi sual altına düşür. Son illər müdafiə sənayesi sahəsində fikir ayrılıqları mövcud uyğunsuzluğu daha görünən edib. Xüsusilə yeni nəsil döyüş təyyarəsi layihəsi çərçivəsində Berlinlə Paris arasında yaranan ziddiyyətlər diqqət çəkir. Bundan öncə Almaniyanın ABŞ istehsalı olan “F-35 Lightning II” platformasına üstünlük verməsi Fransada narazılıqla qarşılandı. Çünki Paris uzun müddətdir Avropanın strateji muxtariyyətini müdafiə edir və müdafiə sənayesində daxili kooperasiyanın dərinləşdirilməsini prioritet hesab edir. Bu xəttin əsas siyasi simalarından biri Emmanuel Makrondur. O, dəfələrlə Avropanın təhlükəsizlik məsələlərində daha müstəqil davranmasının vacibliyini vurğulayıb. Lakin real siyasətdə trans-Atlantik asılılıq hələ də mühüm yer tutur. Almaniyanın seçimləri göstərir ki, təhlükəsizlik arxitekturasında NATO çərçivəsi prioritet olaraq qalır. Bu isə Avropa müdafiə inteqrasiyasının dərinləşdirilməsi ideyasını zəiflədir və Paris–Berlin xəttində strateji baxış fərqini artırır.

Mövcud proseslər vizual dəyişikliklərlə müşayiət olunmur. Avropa paytaxtlarında fövqəladə vəziyyət elan edilməyib, institutlar fəaliyyətini davam etdirirlər. Lakin struktur səviyyədə səssiz transformasiya baş verir. Aİ-nin əsas dayağı olan qarşılıqlı etimad zəiflədikcə, institusional konstruksiya daha həssas hala gəlir.

Yusif BAĞIRZADƏ,
politoloq

Məlumdur ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Almaniyanın təhlükəsizlik siyasətində dönüş nöqtəsi yaşandı. Kansler Olaf Şoltsun elan etdiyi “Zamanın dönüşü” konsepsiyası ilə Berlin müdafiə xərclərini artırdı, ordunun modernləşdirilməsinə milyardlarla avro ayırdı və Avropada təhlükəsizlik arxitekturasında daha aktiv rol almağa başladı. Tarixi səbəblərə görə uzun illər hərbi baxımdan ehtiyatlı davranan Almaniyanın bu sürətli transformasiyası bəzi üzv ölkələrdə Aİ daxilində liderlik balansının dəyişməsi ilə bağlı suallar doğurmağa başladı. Lakin nəzərə almaq lazımdır ki, Almaniyanın artan rolu fərdi ambisiyadan çox struktur təhlükəsizlik boşluğunun nəticəsi idi. ABŞ-ın Avropadakı nisbi çəkisinin azalması və regional təhlükələrin artması Berlinin daha məsuliyyətli mövqe tutmasını zəruri edirdi.

Digər tərəfdə isə Macarıstanın Baş naziri Viktor Orbanın Aİ-nin bəzi qərarlarına veto qoyması və ya gecikdirməsi institusional gərginliyi artırır. Sanksiyalar, miqrasiya siyasəti və hüququn aliliyi məsələlərində Budapeşt Brüssellə tez-tez kəllə-kəlləyə gəlir. Burada iki əsas səbəbi qeyd etməliyik. Birincisi, konsensus mexanizmindan sui-istifadə riski, ikincisi isə siyasi dəyərlər ilə milli suverenlik arasında tarazlığın pozulması. Bu cür gərginliklər və etinadsızlıq mühitində parçalanma riski ortaya çıxsa da qısa müddətdə tam institusional dağılma ehtimalı zəif görünür. Aİ dərin iqtisadi inteqrasiyaya malikdir, vahid bazar, avro zonası və hüquqi çərçivə üzv dövlətləri bir-birinə ciddi şəkildə bağlayır. Brexit təcrübəsi göstərdi ki, İttifaqdan ayrılma yüksək iqtisadi və siyasi xərc yaradır.

Fikrimizcə, institusional etimadı qorumaq üçün bir neçə mexanizm effektiv ola bilər. Birincisi, səsvermə prosedurları ilə bağlı islahatların həyata keçirilməsidir. Xarici siyasət və təhlükəsizlik məsələlərində yekdillik, yəni konsensus prinsipindən mərhələli şəkildə ixtisaslaşdırılmış səs çoxluğuna keçid bloklanma riskini azalda bilər. İkincisi, maliyyə alətlərinin şərtləndirilməsi mexanizmidir. Yəni Aİ fondlarının hüququn aliliyi standartlarına bağlanmasıdır. Bu addım normativ çərçivəni gücləndirə bilər. Daha bir vacib addım siyasi dialoqun institusional platformalarda daha sistemli və erkən mərhələdə aparılmasıdır.

Nəzrin ELDARQIZI
XQ



Siyasət