Aİ ali nümayəndəsinin Bakı səfəri erməniləri qəzəbləndirib
Görünür, xaricdəki erməni lobbi və diaspor təşkilatları Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallası cəzalandırmaq, ona təzyiq göstərmək qərarına gəliblər. Onların bunun üçün seçdikləri “gilyotin” isə “Politico” nəşri olub. Bəribaşdan deyək ki, media orqanının erməni “sifarişini” yerinə yetirmək üçün seçdiyi dəstxət son dərəcə primitivdir.
Vəlvələdən, ya zəlzələdən dünya çapında özünə yer tapmış “Politico”nun “Avropa Qafqaza baxanda Azərbaycanın neft və qaz quyularını görür, amma Ermənistanın təhlükəsizliyini görməzlikdən gəlir” sərlövhəli məqaləsində müsahib kimi seçdiyi şəxslər o qədər sərsəm məsələləri və köhnə klişeləri gündəmə gətiriblər ki, heyrətlənməyə bilmirsən. Belə təəssürat yaranır ki, nəşr peşə prinsiplərini hay avantürasına qurban verməkdən həzz alır. Başqa sözlə desək, “Politico” üçün bəlli hədəf varsa, jurnalistika ilə bağlı bütün müqəddəslikləri ikinci plana ata bilər. Elə atır da. Media orqanının dəyərləri heçə saymaq baxımından ən böyük yarıtmazlığını isə sonda diqqətə çatdıracağıq.
Hələlik, ondan başlayaq ki, Ermənistan mediası, eləcə də teleqram kanalları “Politico”nun məqaləsini çox böyük həvəslə yayımlayıblar. Yayımlayanlar sırasında rəsmi İrəvana bağlı blogerlər üstünlük təşkil etməkdədir. Məqalənin məzmununa gəldikdə, yazı Böyük Britaniyanın Lordlar Palatasının üzvü, ölkənin Ermənistanla parlamentlərarası işçi qrupunun sədr müavini lord Mark Makİnnesin fikirləri ilə başlayıb.
Əslində, britaniyalı parlamentarinin bildirdikləri “Politico”ya verilmiş “sifarişin” nədən qaynaqlandığını aşkara çıxarır. “24 aprel tarixində bütün dünyadakı ermənilər 1915-ci il soyqırımı zamanı qətlə yetirilən 1,5 milyon (?) insanın xatirəsini yad etdilər. Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas isə soyqırımının ildönümümün ertəsi günü Azərbaycana səfərə yollanmağı seçdi, Ermənistanı kənarda qoydu. Ermənistan vətəndaşları İrəvanda soyqırımı qurbanların xatirəsini yad etdikləri bir vaxtda, yüksək səviyyəli Avropa diplomatının Bakıda kameralara gülümsəməsinin nə mənası var? Kallasın belə vacib gündə Azərbaycana üstünlük verməsi lazım idi?”, – deyə ritorik suallar ünvanlayan lord Makİnnes əlavə edib ki, Avropa Parlamentinin deputatları da Aİ rəsmisinin səfərindən narazılıqlarını bildiriblər.
Əlbəttə, AP deputatlarının ermənipərəst sifarişləri yerinə yetirdikləri məlumdur və qurumun Azərbaycan əleyhinə çıxardığı çoxsaylı qərəzli qətnamələr bunun sübutudur. Yəni, yaxşı olar ki, britaniyalı parlamentari “arqumentini əsaslandırmaq” üçün başqa mətləbə toxuna, AP-nin narkotik alüdəçiləri, alkoqolik və məişət pozğunu deputatlarının mövqeyindən daha tutarlı nə isə tapaydı. Hərçənd, onun “tapdığı” başqa mətləblər yox deyil.
Azərbaycanı təcavüzkar dövlət kimi qələmə verən lord Makİnnesin sözlərindən belə çıxıb ki, ölkəmizin 2020-ci ildə öz torpaqlarının azadlığı uğrunda apardığı mübaribə işğalçılıq mahiyyəti daşıyırmış. Sən demə, Aİ Azərbaycanla əməkdaşlıq qurmaqla, “Qarabağın ermənisizləşdirilməsi kimi himanitar fəlakətə göz yummaqla”, habelə Avropanın Rusiya qazından imtinaya çalışdığı bir vaxtda Azərbaycanı arzuolunan tərəfdaşa çevirməklə, 2022-ci ildə Bakı ilə enerji sahəsində mühüm saziş imzalayıb qaz idxalını ikiqat artırmaqla, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen isə Azərbaycanı “etibarlı təchizatçı” adlandırmaqla böyük səhvə yol veribmiş. “Görünür, Avropa Cənubi Qafqaza baxanda Azərbaycanın neft və qaz quyularını görür, amma Ermənistanın demokratiyasını və təhlükəsizliyini görməzdən gəlir”, – deyən britaniyalı deputatın sözündən çıxan nəticə belədir: ermənilərə görə avropalılar soyuqdan donmalı imişlər. Deməli, K.Kallasın “günahının” nədən ibarət olduğu müəyyənləşdi.
Hər bir halda, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırdı. Xanım diplomatın Bakıya səfəri isə adi məsələ deyil. Avropa, daha doğrusu, Aİ Bakının Pekinlə yaxınlıq trayektoriyasını görür. O da görünür ki, Prezident İlham Əliyevin Çinə səfəri və səfər çərçivəsində əldə olunmuş razılaşmalar “köhnə qitə”ni hərəkətə gətirib. Şübhəsiz, Azərbaycan-Çin münasibətlərindəki yeni dinamik təzahürlərin nəzərə çarpması Aİ-nin ölkəmizə münasibətində də fərqli mənzərənin formalaşması reallığını doğuracaq. Bunu Ermənistan rəhbərliyi və onun havadarları yaxşı bilirlər.
Digər tərəfdən, bir qayda olaraq, Avropanın təmsilçiləri Cənubi Qafqaz turnesinə Azərbaycandan yox, ya Gürcüstandan, ya da Ermənistandan başlayırlar. Görünür, Kallasın Bakını seçməsi də erməni lobbi və diaspor təşkilatlarını “hərəkətə gətirib”. Yəni, mövcud müstəvidə ənənəvi stereotiplərin sıradan çıxmasından duyulan əndişə var. Elə “Politico”nun məqaləsi də böyük ölçüdə Azərbaycanın beynəlxalq uğurlarının yaratdığı narahatlıq və təşvişin məhsuludur. Əlbəttə ki, zay məhsulu.
Nə isə, “Politico”nun erməni sifarişini yerinə yetirmək üçün üz tutduğu ikinci şəxs Almaniya Bundestaqının keçmiş üzvü Maykl Rotdur. M.Rot da həmişə Ermənistanın təhlükəsizliyini dəstəkləyən mövqe nümayiş etdirir. Onun “Azərbaycanda saxlanılan erməni məhbuslar” cəfəngiyyatına dair, həmçinin “Ermənistan demokratiyasının” müdafiəsinə və ölkənin Aİ ilə əlaqələrinin möhkəmləndirilməsinə yönələn baxışları məlumdur. Yəni, cənab Rot lord Makİnnesdən fərqli olaraq, rəsmi İrəvanın qurumla əməkdaşlığının dərinləşməsi zərurətini yalnız erməni təəssüblü “arqument” kimi önə çəkmir. Çünki sabiq parlamentarinin mənsub olduğu ölkənin Aİ-yə birbaşa bağlılığı var. Bu səbəbdən o, Avropa siyasi kluarlarının sərsəmləmələrini təkrarlamaq baxımından daha “səriştəlidir”. Rotun dedikləri isə həm də budur: Guya, Ermənistan demokratik, Azərbaycan avtoritar imiş və birincini dəstəkləmək lazımdır, haylar Avropa dəyərlərini qoruyurlar, Aİ-yə yaxınlaşmaq xətti tuturlar və sair ilaxır.
“Politico”nun təqdimatında ağlaşma quran fransız parlamentari İzabel Santyaqodur. Qeyd edək ki, xanım Santyaqo köhnə ermənipərəstlərdəndir. O, 2023-cü ilin yanvarında Qarabağın erməni sakinlərinin “Azərbaycan tərəfindən blokadada saxlanıldığını” iddia etmiş, bu vəziyyəti “utancverici” adlandırmış və beynəlxalq ictimaiyyəti tezliklə hərəkətə keçməyə çağırmışdı. İ.Santyaqo Fransa – Ermənistan dostluq qrupunun üzvü kimi, Ermənistanla parlamentlərarası əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərmiş, həmçinin ötən ilin oktyabrında Parisdə keçirilmiş görüşlərdə “Azərbaycanda saxlanılan erməni əsirlər” cəfəngiyyatını gündəmə gətirərək, onların həbsdən azad olunmalarını insan hüquqlarının təminatı baxımından “əsaslandırmışdı”.
Beləliklə, fransız deputat K.Kallasın məhz qondarma “erməni soyqırımı”ndan bir gün sonra Bakıya yollanmasını biabırçı durum kimi qələmə verib, ikincinin səfərinin Ermənistanla Aİ arasındakı münasibətlərə zərər verə biləcəyini vurğulayıb: “Əzab çəkən erməni məhbusları Bakı həbsxanalarında olduğu halda, Avropa İttifaqının yüksək nümayəndəsinin 25 aprel tarixində Azərbaycana getməsi şokedicidir”.
Ümumən, “Politico”nun məqaləsində Ermənistanın şəninə tərif yağdırılıb. Guya, son səkkiz ildə ölkədə demokratik rennesans yaşanırmış, korrupsiyaya qarşı amansız mübarizə aparılırmış, haylar öz gələcəklərini Avropa ilə bağlamaqda israrlı imişlər, Baş nazir Nikol Paşinyan hakimiyyətə Avropa dəyərlərinə sadiq qaldığı üçün gəlibmiş, Ermənistan Avropanın gözlədiyi hər şeyi edirmiş, usanmadan Qərbə yönəlirmiş. Məqalə müəllifinin sözlərindən gəlinən ən böyük nəticə budur ki, hazırda Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyət göstərir və belə bir missiyanın mövcudluğu rəsmi İrəvanın Rusiya ilə məsafə qoyması, Qərblə daha dərin tərəfdaşlıq əlaqələri qurmaq məqsədindən qaynaqlanır. Ortada təxminən belə bir subliminal mesaj var: Ermənistan Avropa naminə çalışır, “köhnə qitə” ona xəyanət yolu tutur.
Yəqin, necə bir bəsit mahiyyətli minnətin qoyulduğunun fərqinə vardınız və bu məqamın üzərində dayanmağa ehtiyac var. Qeyd edək ki, Rusiya rəsmiləri, adətən, Aİ-nin Azərbaycan – Ermənistan şərti sərhədində keşik çəkən mülki müşahidə missiyasını Cənubi Qafqazda təxribat yaratmaq, Kremlin regiondakı təsirini heçə endirmək vasitəsi kimi gördüklərini vurğulayırlar. Paşinyan administrasiyası isə bunun əksini iddia edir və bildirir ki, sözügedən təsisat anti-Rusiya mahiyyəti daşımır. Ancaq “Politico” qoyduğu minnətlə Ermənistan rəhbərliyinin yalanını üzə çıxarır, özü də fərqinə varmadan həqiqəti açıqlayır.
Deməli, hər şey aydındır. Ancaq məsələnin digər tərəfi də var. Göründüyü kimi, xaricdəki ermənipərəst dairələr öz maraqları naminə Ermənistanı, necə deyərlər, əjdahanın ağzına atmağa hazırdırlar. Onlar “Politico”ya daşıdıqları minnət ritorikası ilə Ermənistanın özünü balanslı siyasət aparan ölkə kimi göstərmək cəhdlərini heçə endirirlər. Belə qənaət formalaşır ki, üç gün əvvəl baş nazir N.Paşinyanın Estoniyada ölkəsinin, guya, Rusiya ilə əlaqələri kəsmək istəmədiyinə dair bildirdikləri yalnız gözdən pərdə asmaqdır.
Nəhayət, onu da diqqətə çatdıraq ki, “Politico”nun sözügedən məqaləsində fikirlərinə yer verdiyi ən qızğın ermənipərəst Avropa Parlamentinin Fransadan olan üzvü Natali Luazodur. Güman edirik, xanım Luazonun hay təəssüblü həyasızlığının ayrı-ayrı detallarını vurğulamağa, onun çirkin anti-Azərbaycan niyyətinin müxtəlif təzahür formalarına nəzər salmağa ehtiyac yoxdur. Təkcə onu deyək ki, fransız parlamentari “qonşusuna təhdidi davam etdirdiyi bir zamanda avtoritarizmlə əlaqə qurmaq və Ermənistana getməmək səhvdir. Bakı Aİ-yə üzv olmaq məqsədini prioritet sayan İrəvana müdaxiləyə yol verir və Rusiyanın tərəfində dayanır. Halbuki, demokratik Ermənistan Avropaya yönəlir” kimi fikirlər səsləndirib. Əlbəttə, Luazonun Azərbaycanın, guya, Rusiyanın tərəfində dayanması iddiası ermənipərəstlərin klassik anti-Azərbaycan tezislərinin ən mühümüdür. Bu tezisin cəfəng mahiyyət daşıdığının da sübuta ehtiyacı yoxdur. Çünki zaman-zaman nəzərə çarpan, hətta kəskin xarakter alan Bakı-Moskva gərginlikləri yaxın tariximizin yaşantılarıdır.
Sonda əvvəldə anons etdiyimiz kimi, “Politico”nun ən yarıtmaz hesab etdiyimiz əməlindən söz açaq. Ümumən, nəşrin məqaləsindən anlaşılan budur ki, Aİ rəsmisi K.Kallasın ancaq Azərbaycana səfəri nəzərdə tutulurmuş. Yəni, diplomatın Ermənistana getməsi planlaşdırılmırmış. Ona görə “Politico”da qondarma “erməni soyqırımı” məsələsində saxta sentimentallığa, ucuz populizmə üstünlük verilib. Ancaq məlumdur ki, xanım Kallas Ermənistana da gedib. Yəqin, məhz buna görədir ki, nəşr yayımladığı məqaləni silib. Hazırda yazı onun internet səhifəsində yoxdur. Kallas İrəvana yollanıbsa, belə qənaətə gəlmək mümkündür ki, ermənipərəstlərin Aİ-yə təsiri nəticəsini verib. Özü də bu təsir o qədər ciddi olub ki, qurumun ali nümayəndəsi İrəvanda Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü Emmanuel Fraqkosun təxribatçı suallarını cavablandırarkən qondarma “siyasi məhbuslar”, “erməni əsirləri” kimi ifadələr işlədib, qanunun aliliyi, insan haqları mövzusunda ermənipərəstlərin ənənəvi anti-Azərbaycan mahiyyətli tezisləri üzərində dayanıb.
Əlbəttə, K.Kallası ermənipərəst ünsürün sualı qarşısında yenik düşməsinə görə qınamaq fikrindən uzağıq. Ən azından ona görə ki, onu özündən əvvəl Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsini tutmuş Jozef Borrell kimi erməni təəssübünü bütün sivil dəyərlərdən üstün tutan biri olaraq təsəvvürə gətirmək istəmirik. Üstəlik, ermənipərəstlərin Avropa diplomatiyasına təsirlərindən xəbərdarıq. Xanım Kallası tutduğu vəzifədə qarşıda daha böyük işlərin gözlədiyini də bilirik. Ümid edirik ki, o, qətiyyətli və prinsipial davranmağı öyrənəcək. Prinsipiallıqdan söz düşmüşkən isə “Politico”nun hansısa kənar təsirlərə məruz qalaraq məqalə yayımlaması və sonra həmin məqaləni silməsi jurnalist etikasından uzaq son dərəcə miskin mənzərədir. Yaxşı olar ki, dünyaca məşhur olan media orqanı öz nüfuzunu ermənipərəstlik naminə satışa çıxarmaqdan və xərcləməkdən çəkinsin. Nəzərə alaq ki, hər miskinlikdə, eyni zamanda, rəzillik payı da var.
Ə.CAHANGİROĞLU
XQ