Dünən Bakıda 30-cu Xəzər İnşaat Həftəsi öz işinə başlayıb. Regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan bu toplantı 30-cu Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”), 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı (“Rebuild Karabakh”), 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”), 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi (“Plastex Caspian”), eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (“Road&Traffic”) sərgilərini birləşdirir.
Ötən müddətdə 58 ölkədən 6 min 500-dən çox şirkəti, eləcə də 200 mindən artıq peşəkar ziyarətçini bir araya gətirən Xəzər İnşaat Həftəsi tikinti sahəsinin aparıcı platforması kimi mühüm sərgiləri birləşdirir, sahə mütəxəssislərini bir araya toplayır və biznes üçün yeni əməkdaşlıq imkanları yaradır. Tədbir innovativ texnologiyaların tətbiqinə, azad edilmiş ərazilərdə layihələrin reallaşdırılmasına və beynəlxalq investisiyaların artmasına mühüm töhfə verir. 30 illik tarixə malik Xəzər İnşaat Həftəsi bu gün artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünə layiqli yer tutub.
Müxtəlif dövlət qurumlarının dəstəyi ilə keçirilən yubiley həftəsinin baş sponsoru Azərbaycanda daşınmaz əmlakın inkişafı, investisiya və idarə olunması üzrə aparıcı şirkətlərdən biri olan “PMD Group”dur. Tədbirin rəsmi bank tərəfdaşı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PASHA Bank” çıxış edir. “Rebuild Karabakh” sərgisinin rəqəmsal həllər üzrə rəsmi tərəfdaşı isə “AzinTelecom” şirkətidir.
Bu il ekspozisiya Bakı Ekspo Mərkəzinin üç pavilyonunu əhatə edir. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 17 ölkədən 299 şirkət yer alır. İştirakçı ölkələrə Azərbaycanla yanaşı, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, İsrail, İran, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Çexiya, Cənubi Koreya daxildir. Almaniya, İtaliya, Özbəkistan və Türkiyə sərgidə milli pavilyonlarla təmsil olunur.
“BakuBuild” sərgisində şirkətlər tikinti və istehsal avadanlıqları, döşəmə örtükləri, interyer həlləri, işıqlandırma və izolyasiya sistemləri nümayiş etdirirlər. Burada, həmçinin keramika və üzlük daşları, landşaft materialları, metal məhsulları, pəncərə və qapılar, fitnes avadanlıqları və digər məhsullar təqdim olunur.
“Rebuild Karabakh” sərgisində isə şirkətlər “yaşıl” enerji, tikinti və inşaat materialları, kənd təsərrüfatı və təhlükəsizlik sahəsində öz həllərini və layihələrini təqdim edirlər.
“Aquatherm Baku” sərgisi çərçivəsində borular və boru kəmərləri, hovuzlar, enerji idarəetmə sistemləri, filtrlər, fitinqlər, hava nəmləndiriciləri, havalandırma qurğuları, hava qızdırıcıları, isitmə sistemləri, kompressorlar, kondisionerlər, konvektorlar, soyuducular, ventilyatorlar, klapanlar və digər mühəndis avadanlıqları nümayiş olunur.
“Plastex Caspian” sərgisində müasir avadanlıqlar və texnologiyalar, xammal və kimyəvi maddələr, eləcə də hazır plastik məhsullar təqdim olunur. Ehtimal olunur ki, bu il sərgidə xüsusilə Çindən olan aparıcı şirkətlərin iştirakı sənayenin inkişafına və beynəlxalq əməkdaşlıqların genişlənməsinə təkan verəcək.
“Road&Traffic” ixtisaslaşmış sərgisi isə yol təhlükəsizliyi və nəqliyyat infrastrukturuna dair həllərin təqdim olunacağı platformadır. Burada şirkətlər intellektual nəqliyyat sistemləri, hərəkət idarəetmə texnologiyaları, ictimai nəqliyyat, texnika üçün sürtkü materialları, yanacaqpaylayıcı avadanlıqlar və digər məhsulları nümayiş etdirirlər.
Əvvəlki illərdə olduğu kimi, bu dəfə də sosial missiya sərginin ayrılmaz hissəsi olaraq qalır. Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün ənənəvi olaraq təşkilatçıların təşəbbüsü ilə hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürülür. Ümumilikdə isə, 2021-ci ildən etibarən indiyədək fonda 137 min 772,16 dəyərində ianə bağışlanıb.
Hər il olduğu kimi, bu il də Xəzər İnşaat Həftəsi çərçivəsində aparıcı tikinti mütəxəssislərinin iştirakı ilə panel müzakirələri və sessiyalar keçiriləcək. Burada innovativ texnologiyaların tətbiqi, yeni keyfiyyət standartlarının müəyyənləşdirilməsi və azad olunmuş ərazilərin bərpası məsələləri müzakirə olunacaq. Proqramda “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli”, “Təchizat zəncirinin maliyyələşdirilməsi”, “AZCON Holding və idarəetməsinə verilmiş dövlət müəssisələrinin Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində gördüyü işlər”, “Kompromissiz keyfiyyət: Tikinti materiallarında keyfiyyət modeli”, “Gələcəyin memarlığı: Yeni trendlərin və innovativ yanaşmaların formalaşması”, “Yaşıl gələcək üçün nəqliyyat: ictimai sistemlərin inkişafı və ekoloji təmiz avtomobillər”, “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində”, “Azərbaycanda yol xətt və yol nişanlama sisteminin inkişaf” və s. mövzularda sessiyalar, eləcə də “Dayanıqlı inkişaf naminə ağıllı və yaşıl həllər” konfransı yer alır.
Mirbağır YAQUBZADƏ
XQ