Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan liderinin siyasi uzaqgörənliyi və diplomatik məharəti
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi artıq döyüşlərin ikinci həftəsindən etibarən ən həlledici mərhələyə daxil oldu. Bununla da ordumuzun möhtəşəm uğurları beynəlxalq medianın əsas müzakirə mövzularından birinə çevrildi. Prezident İlham Əliyev bu dövrdə dünyanın aparıcı televiziya kanallarına bir-birinin ardınca müsahibələr verərək, həm döyüş meydanında, həm də informasiya cəbhəsində qətiyyətli çıxışları ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı.
Dövlətimizin başçısının oktyabrın 15-də Türkiyənin NTV kanalına verdiyi müsahibə isə bu prosesdə xüsusi yer tutur. Çünki həmin çıxış təkcə hərbi əməliyyatların gedişini deyil, həm də Azərbaycan – Türkiyə qardaşlığının mahiyyətini, beynəlxalq münasibətlər sistemində ölkəmizin ədalətli mövqeyini və bölgədə yaranmaqda olan yeni reallıqları dərin təhlil səviyyəsində əks etdirirdi.
Prezident İlham Əliyevin NTV-yə müsahibəsində əsas diqqət Qarabağ münaqişəsinin mahiyyətinə, onun tarixi köklərinə və beynəlxalq hüquqa əsaslanan ədalətli həll modelinə yönəlmişdi. Ölkə rəhbəri açıq şəkildə Ermənistanın qəsbkarlıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin uzun illər ərzində işğal altında qaldığını, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğuladı.
Bu həqiqətlərin Türkiyə auditoriyası vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılması strateji baxımdan mühüm önəm daşıyırdı. Çünki həmin dövrdə Qərb mediasında və bəzi beynəlxalq siyasi dairələrdə münaqişənin mahiyyəti təhrif edilməklə təqdim olunurdu. Prezident İlham Əliyevin isə diplomatik məharət və hüquqi əsaslandırma ilə ifadə olunan çıxışı daha çox diqqət çəkirdi.
Müsahibənin ən mühüm istiqamətlərindən biri Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinə dair verilən mesajlar idi. Dövlətimizin başçısı Türkiyənin Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında dayandığını, siyasi və mənəvi dəstək göstərdiyini açıq şəkildə bildirdi. Azərbaycan lideri müsahibədə Türkiyə Prezidentinə və xalqına minnətdarlığını vurğulayaraq, bu qardaşlığın həm tarixə, həm mənəviyyata, həm də regionda sülh və ədalətə sadiqliyin təzahürü olduğunu dedi.
Azərbaycan lideri müsahibədə xüsusilə Türkiyənin qətiyyətli mövqeyinin bölgədə geosiyasi sabitliyin və güc balansının əsas təminatçısına çevrildiyini diqqətə çatdırdı. O, bu amilin bir tərəfdən Ermənistanı və onu himayə edən dairələri məsuliyyətli davranmağa vadar etdiyini, digər tərəfdən isə Azərbaycan xalqına mənəvi ruh verdiyini xatırlatdı. Ölkə rəhbəri, eyni zamanda Türkiyə–Azərbaycan münasibətlərinin “bir millət, iki dövlət” prinsipindən çıxaraq artıq “strateji müttəfiqlik” səviyyəsinə yüksəldiyini də xatırlatdı.
Prezident İlham Əliyev müsahibə zamanı Qarabağ məsələsində Azərbaycanın mövqeyinin tam şəkildə beynəlxalq hüquqa əsaslandığını bir daha vurğuladı. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində (822, 853, 874, 884) Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu da diqqətə çatdırdı.
Yeri gəlmişkən, bu qətnamələrin illərlə icra olunmaması beynəlxalq hüququn ədalətli tətbiqinə ciddi zərbə vururdu. Prezident İlham Əliyevin arqumentləri isə Azərbaycanın öz ərazi bütövlüyünü gerçəkləşdirmək hüququnu beynəlxalq hüquq normalarına uyğun olaraq Vətən müharibəsindəki qələbələrimizlə həyata keçirdiyini göstərirdi. Bu arqumentlərin Türkiyə auditoriyasına təqdim olunması həm diplomatik, həm də psixoloji baxımdan əhəmiyyətli idi. Çünki Türkiyə Cənubi Qafqazda sabitlik və ədalətin təmin olunması baxımından Azərbaycanın ən güclü dəstəkçisi idi.
Prezident İlham Əliyev müsahibə zamanı Ermənistanın uzun illər boyu bölgədəki sülh prosesini pozduğunu, danışıqlardan yayınmaqla status-kvonu saxlamağa çalışdığını faktlarla sübut etdi. Ölkə rəhbəri, eyni zamanda Ermənistanın 2020-ci ilin iyulunda Tovuz istiqamətində törətdiyi təxribat, daha sonra sentyabr ayında atəşkəsi pozması ilə Azərbaycanın səbir kasasını daşırdığını bildirdi.
Bununla yanaşı, ölkə rəhbəri müsahibədə Ermənistan rəhbərliyinin öz daxili siyasi məqsədləri naminə avantürist addımlar ataraq bölgəni müharibəyə sürüklədiyini beynəlxalq aləmə bəyan etdi, eyni zamanda o, dövlət başçısı kimi həm diplomatik məsuliyyət hissini, həm də siyasi uzaqgörənliyini diqqətə çatdıraraq Azərbaycanın müharibə istəmədiyini, lakin ədaləti gerçəkləşdirmək üçün buna məcbur olduğunu bildirdi.
NTV-yə müsahibə həm də informasiya müharibəsində Azərbaycanın üstün mövqeyini nümayiş etdirdi. Prezident İlham Əliyevin arqumentləri, təmkinli və əsaslandırılmış cavabları beynəlxalq mediada formalaşmış stereotiplərin dağılmasına mühüm təsir göstərdi. O, bu müsahibədə hadisələrin təhlilini emosionallıqla deyil, riyazi dəqiqliklə apardı, bu zaman konkret faktlara əsaslandı. Bu yanaşma həm jurnalistlər, həm də tamaşaçılar arasında Azərbaycan liderinin şəxsiyyətinə və ölkəmizin mövqeyinə hörməti daha da artırdı.
Azərbaycan lideri müsahibədə müharibədən sonrakı mümkün geosiyasi nizam barədə də fikirlərini bölüşdü. Bildirdi ki, regionda sülhün bərpası yalnız işğala son qoyulması və ədalətin təmin olunması ilə mümkündür. O, respublikamızın gələcəkdə həm Ermənistanla, həm də digər qonşularla normal münasibətlər qurmaqda maraqlı olduğunu, lakin bunun yalnız qarşı tərəfin ədalət və beynəlxalq hüquqa hörmət göstərdiyi təqdirdə reallaşa biləcəyini vurğuladı. Bu mesaj əslində 2020-ci ilin payızında regionun gələcək diplomatik xəritəsini müəyyənləşdirən bir konseptual baxış idi.
Prezident İlham Əliyevin NTV-yə müsahibəsi bir daha göstərdi ki, Azərbaycan rəhbərliyi həm siyasi, həm diplomatik, həm də mənəvi müstəvidə öz xalqına arxalanır. O, xalqa ünvanladığı mesajlarda daim birliyə, inama və ədalətə çağırış edirdi. Dövlətimizin başçısının dərin məzmunlu çıxışları xalqda əminlik yaradırdı ki, Azərbaycan bu mübarizəni sonadək aparacaq və qələbə mütləq olacaq.
Beləliklə, ölkə rəhbərinin 2020-ci il oktyabrın 15-də Türkiyənin NTV kanalına verdiyi müsahibə Azərbaycan diplomatiyasının, siyasi liderliyinin və milli qətiyyətinin parlaq nümunəsi idi. Bu müsahibə təkcə bir informasiya çıxışı deyildi, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq hüququn müdafiəsi və qardaş Türkiyə ilə strateji birliyin təbliği baxımından mühüm tarixi hadisə idi. Bu çıxış, əslində, döyüş meydanında, diplomatik tribunada, informasiya sahəsində qazanılan qələbələrin bir hissəsi idi. İlham Əliyev bu müsahibə ilə bir daha göstərdi ki, Azərbaycanın səsi artıq dünyada daha aydın, daha inamlı və daha ədalətli şəkildə eşidilir.
Bu məqamda onu da deyək ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələrdə Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açdı, ölkəmizin haqlı mövqeyini konkret faktlarla dünya ictimaiyyətinə çatdırdı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.
Qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını daim uca tutan Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirdi və tarixi Qələbəmizin əsasını qoydu. Dövlətimizin başçısının vurğuladığı kimi, biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.
Ölkə rəhbəri bildirdi ki, Azərbaycanın apardığı hərbi əməliyyatlar beynəlxalq hüququn prinsiplərinə tam uyğundur, çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edir. Prezident həmçinin vurğuladı ki, Azərbaycan mülki əhaliyə deyil, yalnız legitim hərbi hədəflərə zərbə endirir. Bu, Ermənistanın məqsədyönlü şəkildə mülki obyektləri atəşə tutduğu bir vaxtda çox mühüm mesaj idi və dünya ictimaiyyətinə açıq həqiqət kimi çatdırılırdı.
Belə bir məqamı da xatırladaq ki, Vətən müharibəsi günlərində Azərbaycan Ordusunun işğalçının hərbi təxribatlarına cavab olaraq Qarabağda əks-hücuma keçməsi və döyüşlərin başlaması ilə bağlı qlobal informasiya məkanında virtual müharibə daha da genişləndi. Terrorçu dövlət bütün sosial şəbəkələrdə, forumlarda, media orqanlarında dezinformasiya və əks-təbliğat kampaniyasını daha da gücləndirdi. Yaydıqları məlumatların demək olar ki, hamısı saxta, yalan və qərəzli idi. Erməni tərəfi müxtəlif yalan məlumatlar vasitəsilə çaşqınlıq yaratmağa çalışırdı.
Ermənilər döyüşlərin ilk günlərindən iddia edirdilər ki, guya Azərbaycan Qarabağ cəbhəsinə İraqdan və Suriyadan cihadçı dəstələr gətirib. Ermənistan xaricdəki havadarları ilə birgə bu cür həmlələrlə münbit informasiya mühiti yaradıb dünya ictimaiyyətini çaşdırmağa cəhd edirdi. Prezident İlham Əliyev xarici TV-lərə müsahibəsində isə bu ittihama qısa, lakonik cavab verirdi: Azərbaycan əhalisinin 10 milyon nəfər, Ermənistan əhalisinin isə 2 milyon nəfərdən bir az artıq olduğunu nəzərə alsaq, o zaman bizim yox, düşmənin kənardan silahlı dəstələr cəlb etməyə ehtiyac duyduğu aydın olar.
V.BİNYATOĞLU
XQ