2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
15 oktyabr
• Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində rəşadətli Azərbaycan Ordusunun Füzulinin Arış, Cəbrayılın Doşulu, Xocavəndin Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
• Dövlətimizin başçısı Türkiyənin NTV televiziya kanalına müsahibə verib.
• Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.
• Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistanın silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini törətməkdə davam edir.
Qeyd edilib ki, işğalçı tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi zamanı qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində 3 nəfər həlak olub, 5 nəfər xəsarət alıb. Beləliklə, düşmənin mülki əhalini atəşə tutması nəticəsində həlak olanların sayı 46-ya, xəsarət alanların sayı 223-ə çatıb.
• Birinci vitse-prezident Mehriban xanım Əliyeva rəsmi “Instagram” hesabında Ermənistan ordusunun Tərtər qəbiristanlığını dəfn mərasimi zamanı qəsdən atəşə tutması ilə bağlı paylaşım edib. Mehriban Əliyeva dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağ a ç ağ ırıb, həlak olanların ailələrinə və doğ malarına baş sağ lığ ı verib.
• Müdafiə Nazirliyindən bildirilib ki, oktyabrın 14-dən 15-nə keçən gecə cəbhənin Ağdərə–Ağdam və Füzuli–Hadrut–Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi, vəziyyət gərgin olaraq qalıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd “D-1” haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Canlı qüvvə, döyüş texnikası, silah-sursat, yanacaq tükənmək üzrədir. Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayır.
Mustafa KAMAL
XQ