I MƏQALƏ
Yaddaş və gələcək
Henri Kissincer liderliyi dünya strategiyası ilə əlaqələndirirdi. Tanınmış strateq yazırdı ki, “liderlər iki kəsişən xəttin qovuşuğunda düşünür və fəaliyyət göstərirlər”. O xətlərdən birini keçmişlə gələcək arasındakı “zaman yolu” təşkil edir. Digəri isə dəyişməz dəyərlərlə onların arxasınca apardıqlarının canatmaları arasındakı “yaşam yolu”dur. Əslində, insanın “zamandakı yolu” ilə “yaşam yolu” ayrılmazdır, çünki zamanda yaşantı şəxsiyyəti və onun fəaliyyətini “ömrün üfüqündə” birləşdirir. Dahilər üçün, bu, zamanı “keçmişin əlindən alıb” ömür ritmində “gələcəyə aparmaq”dır. Böyük şəxsiyyətlər bununla həm zamanın ritmində yaşaya bilir, həm də milyonları arxalarınca “dəyişməz dəyərlər qanadında” gələcəyə apara bilirlər.
H.Kissincer, təbii ki, bu cür fəlsəfi məcazlardan istifadə etmir. Lakin onun məharətlə böyük liderliyi dünya strategiyası ilə sıx bağlaya bilməsi heyrətamiz olduğu qədər də ibrətamizdir. Çünki hər bir xalqın böyük dahi lideri varsa, onu bu məntiqin işığında daha aydın görmək imkanı meydana gəlir. Konrad Adenaueri almanlar, Şarl de Qollu fransızlar, Li Kuan Yunu sinqapurlular bu işıqda görə bilirlər. Azərbaycanlıların isə ulu öndər Heydər Əliyevi dünya strategiyalarını müəyyənləşdirən dahi liderlər sırasının önündə görməyə haqları vardır.
Heydər Əliyev səviyyəsində ən çətin geosiyasi, siyasi, hərbi, iqtisadi və psixoloji situasiyada ölkəsini XX əsrin son onilliyində məharətlə böhrandan qurtarıb, yeni inkişaf xəttinə çıxaran ikinci siyasi lider yoxdur. Dünya strategiyasını müəyyən etdiklərini yazan H.Kisincerin “6 qəhrəman lideri”nin heç birinin ölkəsi Azərbaycan kimi daxili və xarici risklərin caynağında dağılma təhlükəsi ilə üz-üzə qalmamışdı. Demək olar ki, dünyanın bütün böyük gücləri müstəqil olmağa çalışan Azərbaycana qarşı açıq və ya gizli cəbhə açmışdılar. Hər tərəfdən güclü təzyiqlər, hədələr və konkret təcavüzkar hərəkətlər olurdu.
Daxildə isə müxtəlif qruplar hakimiyyət uğrunda qaydasız mübarizə aparır və cəmiyyətin dağılmasının qarşısını ala bilmirdilər. Bu nöqtədə yaddaşla gələcək arasında amansız bir savaşın getdiyini duymaq lazımdır! Heydər Əliyev həmin müqəddəs savaşın bənzərsiz qəhrəmanı və qalibidir! Gələcəyi həmin dönəmə nisbətən bu günü hesab etsək və onun işığında indidən keçən əsrin 90-cı illərinə baxsaq, Ulu öndərin siyasi dahiliyi və liderliyinin vəhdətini aydın görə bilərik! Ümummilli lider yaddaşla gələcəyi millət və dövlət üçün ən böhranlı zamanda birləşdirə bildi. Burada Uinston Çörçillin bir fikrini xatırlamaq yerinə düşərdi.
“Balanslar titrəyəndə”
Uinston Çörçill 1948-ci ildə yazırdı ki, balanslar “titrəyəndə” dövlət xadimləri dünyanı xilas etmək üçün qərarlar qəbul etməli olurlar. Lakin vəziyyəti “titrəyən” balanslarda qüvvələr nisbətinin “dumanlara bürünməsi” daha da qəlizləşdirir. Və bu zaman liderin dahiliyi özünü göstərməlidir!
Heç kəs keçən əsrin 90-cı illərində Azərbaycanda “balansların silkələndiyi”ni və qüvvələr nisbətinin “dumanlara büründüyü”nü inkar edə bilməz. Məhz həmin məqamda Heydər Əliyev dühası özünün xilaskarlıq rolunu yerinə yetirdi! Və burada yenə də U.Çörçillin bir gənc insanın məsələləri həll etməyə necə hazırlaşmaqla bağlı verdiyi suala cavabı yada düşür. U.Çörçill demişdi: “tarixi öyrənin”! Buna görədir ki, Osvald Şpenqler insanları, situasiyaları və prosesləri “qiymətləndirə bilmək qabiliyyətinə malik” olan şəxsiyyətləri “fitri lider” adlandırmışdır.
Tarix yaradan və yazan lider
Ulu öndər həmişə “tarixi olduğu kimi öyrənin” tövsiyəsini edərdi. Özü isə Azərbaycan tarixini, dünyanın siyasi tarixini dərindən bilirdi. Heydər Əliyev bu mənada şəxsiyyət kimi mükəmməl idi – biliklərini böyük məharətlə praktiki fəaliyyətə tətbiq edə bilirdi. Heydər Əliyev Azərbaycan tarixini dərindən mənimsəməklə müasir mərhələdə onu necə yaratmağın düzgün yolunu müəyyən edə bilmişdi. Bu anlamda Ulu öndər tariximizi sadəcə bilmirdi, onu mənəviyyatında, zəkasında və fəaliyyətində yaşadırdı. Tarixi “özündə daşıyaraq” onu həm yaddaşa çevirirdi, həm də müasir dövrün tələblərinə uyğun uğurlu dövlətçilik tarixini yaradırdı. “Ulu öndər cəmiyyətə üz tutaraq “tarix çətin imtahançıdır” deyir və bununla milyonları tarix yaratmağa, yazmağa səsləyirdi. Hansı tarixi? Əbədi müstəqillik tarixini, əbədi müstəqil dövlət ola bilmək tarixini!
“Kükrəyən qasırğa”
Müasir tarixi mərhələdə müstəqillik tarixini yaratmaq və həm də yazmaq olduqca çətin bir vəzifədir. Keçən sərin 90-cı illərinin geosiyasətində “kükrəyən qasırğalar” qarşısına çıxanları məhv edə bilərdi. Təcrübə göstərdi ki, postsovet məkanında bu sürətlə dəyişən geosiyasi ritmin təzyiqlərinə tab gətirə bilməyən liderlər az olmamışdır. Heydər Əliyev isə səbr və ardıcıllıqla müasir Azərbaycanın müstəqil dövlətçilik tarixini yaradır və eyni zamanda, onu yazırdı. Burada liderin şəxsiyyəti ilə fəaliyyətinin vəhdəti ön sıraya çıxır. Yəni həmin dönəmdə uğurlu olmaq üçün mütləq surətdə şəxsi keyfiyyətlərlə liderlik məharətinin praktiki aspektini uyğunlaşdırmaq zəruri idi!
Zəmanə elə gətirmişdi ki, lider bu iki ağır siyasi-psixoloji yükü paralel daşımalı idi. Şəxsi keyfiyyətlərlə uğurlu siyasi fəaliyyəti sintez etmək mürəkkəb bir iş olmuşdu. Və burada şəxsiyyətin miqyası ilə liderliyin miqyası arasında nisbət məsələsinin aydınlaşdırılması aktuallaşır.
Şəxsiyyətin miqyası
Şübhəsiz, bu bir məcazdır. Özlüyündə “şəxsiyyətin miqyası” ifadəsi çətin dərk ediləndir. Bu, hər şeydən öncə, insanın psixoloji və rasional imkanlarının sərhədlərini ifadə edir. Yəni söhbət siyasi liderin şəxsiyyətindən gedirsə, onun hansı səviyyədə və dərinlikdə şəxsi keyfiyyətlərinin özünü təsdiq etmək “üfüqləri”ni müəyyən edə bildiyindən bəhs olunmalıdır. Liderin daxili şəxsi keyfiyyətləri mənəvi, əxlaqi, mədəni, psixoloji, iradi, intellektual və zəkavi qabiliyyətlərinin vəhdəti işığında özünü təsdiq edə bilir. Onun şəxsiyyət kimi miqyası da bu kriteriya ilə ölçülə bilər.
Deməli, liderin şəxsiyyət kimi miqyası keyfiyyətləri mənəvi, əxlaqi, mədəni, psixoloji, iradi, intellektual və zəkavi qabiliyyətlərinin vəhdətdə təsir gücü və əhatəsi ilə müəyyən olunur. Onun real təzahürü isə liderin şəxsiyyət kimi ən kritik dönəmlərdə atdığı addımlarda və qəbul etdiyi qərarlarda ifadəsini tapır. Lakin burada məsələnin başqa bir vacib tərəfini nəzərə almaq gərəkdir. Reallıq elədir ki, liderin şəxsi keyfiyyətləri liderliyin praktiki fəaliyyəti ilə ayrılıqda özünü təsdiq etmir – onlar həmişə vəhdətdə əyaniləşirlər. Bu da özlüyündə şəxsiyyətin miqyası ilə yanaşı, liderliyin miqyası anlayışını da ön sıraya çıxarır.
Liderliyin miqyası
Akademik İsa Həbibbəyli yazır ki, Heydər Əliyev Azərbaycan liderlik ənənəsində Ümummilli liderlik nümunəsi yaratmış yeganə şəxsiyyətdir. Doğrudan da, müasir mərhələdə liderliyin ümummilli səviyyəsinə yüksəlmək geniş fəaliyyət miqyası tələb edir. XX əsrin 70-80-ci illərində Qərb politoloqları (məsələn, J.Blondel) ümummilli liderliyin miqyası və missiyası məsələsinin politoloji tədqiqinə maraq göstərmişlər. Onun tam siyasi-nəzəri obrazı isə yaradılmamışdır. Ancaq J.Blondel bu məsələyə çox sayda siyasi, psixoloji, sosial, mədəni və mənəvi faktorların qarşılıqlı münasibətlərində baxmağın zəruriliyini anlamışdır. Yəni müasir fəlsəfə və politologiya üçün ümummilli liderliyin dərk edilməsi olduqca aktual olaraq qalır. Bu baxımdan ümummilli liderliyin miqyası anlayışı da kifayət qədər aktualdır.
Burada təhlili daavm etdirmək üçün yenidən Henri Kissincerin böyük liderlərin fəaliyyətinin bir vacib nəzəri cəhəti ilə bağlı ifadə etdiyi fikirlərə qayıtmalı oluruq.
Liderin situasiya təhlili
H.Kissincer yazır ki, siyasi liderin ilk vəzifəsi yaşadığı cəmiyyətin realist qiymətləndirilməsinə nail olmaqdan ibarətdir. Bunu o, tarix, mənəviyyat, əxlaq və imkanların təhlil edilməsi əsasında edə bilər. Onun üçün isə əlbəttə, lider ilk növbədə millətinin tarixini, onun adət-ənənələrini, mədəniyyətini və mənəvi-psixoloji imkanlarını dərindən bilməlidir.
Heydər Əliyev vurğulanan bütün bu keyfiyyətlərə yüksək səviyyədə malik olan lider idi. Ulu öndər azərbaycançılıq məfkurəsini məhz həmin dəyərlərin sintezində yaratmış, ona ciddi siyasi-ideoloji məzmun vermişdir. Heydər Əliyev dəfələrlə azərbaycançılığı Vətənçiliyə, adət-ənənələrə, dilə və dinə sadiqlik kontekstində izah etmişdir. Ümummilli liderin “fəxr edirəm ki, mən azərbaycanlıyam” məşhur deyimi də məhz həmin baza ideya mövqeyinə əsaslanırdı.
Ulu öndərin verdiyi hər bir qərarda Azərbaycan tarixinin, adət-ənənəsinin, mədəniyyətinin və mənəvi-psixoloji imkanlarının əlamətləri yer tuturdu. Lider kimi Heydər Əliyev daim milli maraqlara əsaslanaraq siyasi qərarlar qəbul edirdi. Ulu öndər vurğulayırdı ki, “Azərbaycan xalqının yüksək mənəviyyatını xalqımızın böyük sərvəti hesab edirəm”. Bu fikri Heydər Əliyev daim praktiki fəaliyyətində təsdiq edirdi. Ümummilli lider bu bağlılıqda deyirdi: “Bütün həyatımla, gördüyüm işlərlə, respublikanın, dövlətin başçısı kimi atdığım bütün addımlarla, tədbirlərimlə ölkəmizdə mənəviyyatın daha da möhkəmlənməsi, milli-mənəvi dəyərlərimizin yaşaması, milli adət-ənənələrimizə sadiq olmağımızı təmin etməyə çalışmışam”.
Buradan aydın olur ki, Ulu öndərin yüksək mənəviyyat uğrunda həmişə mübarizə aparması, həyatını və bütün əməllərini saf mənəviyyat əsasında qurması yüksək liderlik mədəniyyəti və incəliyi ilə əlaqəli imiş. Həmin keyfiyyət H.Kissincerin ifadə etdiyi mənada Heydər Əliyevin yaşadığı cəmiyyəti onun tarixini, mənəviyyatını, mədəniyyətini, əxlaqını və imkanlarını dəqiq və dərindən bildiyinə görə realist qiymətləndirməsinin göstəricisi idi. Bu məqamda Heydər Əliyev şəxsiyyəti ilə liderlik qüdrətinin vəhdəti özünü aydın göstərir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru