“Sülh populizmi”ndən əl çəkməyən Paşinyanın öz xalqına mesajı
“Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq”. Ermənistan KİV-in yazdığına görə, bunu Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində dilə gətirib. Bununla onun özünü növbəti dəfə dünyaya “sülh göyərçini” qismində təqdim etməyə çalışdığı məlumdur. Konkret olaraq indiki halda Paşinyanın belə etiraflar və mesajlarla hansı məqsədi güddyünü ehtimal edə bilərik.
“Bu gün regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir. Biz məhz bu yolla gedəcəyik. Sülh və firavanlıq şəraitində yaşamaq regionumuzun haqqıdır və belə də olmalıdır”.
Bunları çox eşitmişik. Onun gəlişigözəl ifadələrlə sülhün gözünə kül üfürdüyünü də az görməmişik. Baş nazir bu dəfə də köhnə “mahnılar”ından birini səsləndirib. O, haylara bayram təbrikində diqqəti tarixi Ermənistana yox, real Ermənistana yönəltməyin və gələcək nəsillər üçün xoşbəxt və azad dövlət qurmağın vacibliyini qeyd edib.
Müxtəlif məqamlarda, situasiyalarda təzadlı, bir-birini təkzib edən fikirləri ilə tanıdığımız Paşinyana görə, dünyanı dəyişmək üçün özünüzdən başlamaq lazımdır: “Deyirlər ki, baxın, Sarkisyanı çıxardılar, Nikolu gətirdilər, bəs niyə ölkə dəyişmədi? Əgər ölkəni dəyişmək istəyirsənsə, təkcə baş naziri deyil, özünü də dəyişməlisən”.
Son vaxtlar məsələlərə “fəlsəfi yanaşması” ilə seçilən Ermənistan baş nazirinin xalqına ünvanladığı bu mesajın altında hansı niyyətin gizləndiyini deyə bilmərik, amma ictimai şüurda dəyişmənin sülhə tərəf olacağını söyləmək çətindir. Daşnak–revanşistlər, “eks”lər, Qarabağ klanı, xaricdəki erməni lobbi təşkilatlarının sülh sazişinin indiki variantda imzalanmasına qarşı çıxdığını bilirik. İndi Paşinyanın ona qarşı müxalif cəbhədə birləşən bu “çete”ni mesaj və etiraflarla ram edə biləcəyinə inanmaq sadəlövhlük olardı.
* * *
Təxminən bir ay bundan əvvəl də Ermənistan baş naziri ölkəsi ilə Azərbaycan arasında müharibənin qarşısını almaq və sülh qurmaq barədə oxşar mesaj vermişdi. Parlamentdəki həmin çıxışında Paşinyan Azərbaycan ilə sülh sazişi üzərində son razılaşmanın artıq əldə edildiyini, onu imzalamağı səbirsizliklə gözlədiyini bildirmişdi: “Bu gün bizim regionumuz üçün sülh və inkişafın təmin olunması istiqamətində öz töhfəmizi vermək imkanımız var. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi və dövlətlərarası münasibətlər haqqında layihə razılaşdırılıb və imzalanmağı gözləyir. Biz bu yolu davam edəcəyik”.
O, həmçinin daxili və xarici təhriklərə baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında müharibənin olmayacağına və sülhün təmin ediləcəyinə əminliyini vurğulamışdı. Paşinyan regionun sülh və inkişaf içində yaşamağa haqqı çatdığını, bu prinsipə sadiq qalacaqlarını bildirmişdi. O, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və ya güc tətbiqi ilə hədənin yolverilməzliyini tanıdıqlarını da qeyd etmişdi.
Azərbaycan hökumətini “bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan və ya şübhə altına alan bəyanatlar verməməyə, hərəkətlər etməməyə” çağıran Paşinyan “Ermənistanla Azərbaycan arasındakı gərginliyi və müharibəni unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalı və Minsk qrupu strukturlarının ləğvi ilə eyni vaxtda sülh sazişini və Ermənistan–Azərbaycan birgə bəyanatını imzalamağa hazırıq” kimi pozitiv bəyanat vermişdi.
* * *
Yeri gəlmişkən, son vaxtlar zəifləmiş sülh danışıqları prosesinə Şimal qonşumuzun diqqətinin artdığı müşahidə olunmaqdadır. Bakı–İrəvan dialoquna marağını gizlətməyən Kremlin Ermənistandakı elçisi Sergey Kopırkin ölkəsinin ikitərəfli dialoqda vasitəçi rolunda çıxış etməyə hazır olduğunu bəyan edib. Dünən isə 9 May – Qələbə Günü münasibətilə erməni jurnalistin sualına cavabında bunları deyib: “Biz Ermənistanı öz müttəfiqimiz, sıx əməkdaşlıq etdiyimiz qardaş ölkə kimi görməkdə davam edirik. Əlaqələrimizi, o cümlədən Avrasiyaya inteqrasiya prosesləri çərçivəsində qurmağa və dərinləşdirməyə davam etməyə hazırıq”.
Səfir iki ölkə arasında münasibətlərin pisləşib-pisləşməməsi barədə suala belə cavab verib: “Biz reallığa baxmalıyıq. Münasibətlərimiz, təbii ki, yeni reallığa uyğunlaşmalıdır. Amma əsas odur ki, hər iki tərəfdə siyasi iradə və mövcud olanı qorumaq istəyi var. Hesab edirəm ki, bu əlaqələr dərin və çox güclüdür”. Cənab səfirin bununla nəyə işarə vurduğunu güman etmək çətin deyil. Bakı və İrəvan sülh danışıqlarıni vasitəçisiz, üçüncü tərəfin iştirakı olmadan davam etdirməyə, dialoqda “referiyə” ehtiyac duymadıqlarına iki il bundan əvvəl qərar veriblər və bunun praktiki nəticələrini görüblər. Yəni, sülhün alternativinin olmadığının tərəflərə kiminsə deməsinə lüzum yoxdur.
Prezident İlham Əliyev cari ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində sülh müqaviləsi ilə bağlı jurnalistin sualını cavablandırarkən demişdir: “Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik”. Ermənistan tərəfinə hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməyi məsləhət görən Azərbaycan Prezidenti İrəvanın nəzərinə həm də bunu çatdırmışdı: “Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir. Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs görür”.
İndi Bakı hayların baş nazirinə sözdən işə keçməyin vacibliyini neçənci dəfə və hansı üslübda və formada başa salmalıdır ki, sülhlə manipulyasiyadan, siyasi populizmdən əl çəksin?
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
– Nikol Paşinyanın budəfəki pafoslu, gurultulu etirafına inanmaq çox çətindir. Çünki, indiyə qədər sülh sazişi ilə bağlı o qədər belə ifadələr işlədib ki, artıq onun səmimiyyəti şübhə doğurmaya bilməz. Ermənistan baş naziri vaxtilə buna tamamilə əks bəyanatlar verməklə məşğul idi. Xankəndidəki separatçı rejimə hər cəhətdən kömək edirdi. İndi bunların hamısı Bakıda məhkəmədə üzə çıxır. Digər tərəfdən onun Azərbaycanla sülh şəraitində yaşamaq istəyi heç də “sülh göyərçini” olduğunu nümayiş etdirmir. Sadəcə olaraq, indiki vəziyyətdə bu xarakterli etirafları səsləndirməyə məcburdur. Ona görə ki, Azərbaycanın siyasi iradəsi və hərbi gücü, ən əsası isə tələblərində haqlı dövlət kimi atdığı konkret addımları baxımından heç nəyə nail ola bilməyəcəyini yaxşı başa düşür. Bu həqiqəti zaman dəfələrlə göstərib və sübuta yetirib. Arxada qalan sülh danışıqları prosesinin gedişində də hamı görüb.
Qətiyyən şübhə yoxdur ki, Paşinyan özünün sonuncu etirafını məcburiyyət qarşısında qaldığından edib. Əgər, o, doğrudan da, Azərbaycanla sülhə gəlmək istəyirsə, bunu konkret addımları ilə təsdiqləməlidir. Həmin konkret addımların nədən ibarət olduğunu isə Paşinyan özü çox yaxşı bilir. Buyursun, sözünü əməldə göstərsin. Yoxsa, daxili auditoriyaya və dünya ictimaiyətinə üfürdüyü sülh mesajları ilə problem öz həllini tapmır. Onun üçün vaxt daralmaqdadır.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı
– Ermənistan hökumətinin sülh sazişini imzalamaq fikri yoxdur. Paşinyanın son davranışları da bunu göstərir. İndi də yeni çağırışlar səsləndirir. Azərbaycan hər zaman bu çağırışlara hazır olmalıdır. Ermənistan baş naziri diqqəti sülh prosesindən yayındırmaq üçün gah bütün kommunikasiya xətlərinin açılmasından danışır, gah da Zəngəzur dəhlizinin İran dəhlizi kimi işləməsi variantını irəli sürür. Yəni, bununla da Zəngəzur dəhlizinə Ermənistanın nəzarət etməsini istəyir. Bu da onu göstərir ki, Paşinyan hələ də Zəngəzur dəhlizindən maneəsiz keçidin əleyhinədir. Bu gedişatla sülh danışıqları elə yerində sayacaq.
Baxmayaraq ki, bu günlərdə Paşinyanın başqa bir açıqlaması da oldu. Guya, regionda dinc və yanaşı yaşamağa, birgə xoşbəxt gələcəyin qurulmasına töhfə vermək imkanı var. Lap yaxşı, bunun üçün Bakının məntiqi və beynəlxalq hüquqa söykənən tələblərini yerinə yetirsin. Sülh sazişi bu il imzalanmasa, bölgədə gərginlik arta bilər. Çünki Ermənistan ordusunun içərisində “5-ci kolon” mövcuddur, bunu Paşinyan özü etiraf edib. Həmin “5-ci kolon” Ermənistanda hakimiyyət çevrilişi edə, təmas xəttində gərginlik yarada bilər. Atəş açılacağı təqdirdə təbii ki, biz artıqlaması ilə bunun cavabını verəcəyik.
Ermənistan əvvəllər Rusiyanın əmrlərini yerinə yetirirdisə, indi Qərbdən gələn tapşırıqlara əməl edir. Paşinyan anlamalıdır ki, əgər ölkəsinin maraqlarından çıxış edirsə, ona sülh lazımdır. Nə qədər silah alsa da, hərbi büdcəsini artırsa da, İlham Əliyevin dediyi kimi Azərbaycanla ayaqlaşa bilməyəcək. Mümkün toqquşmada yenə də özü və ölkəsi məğlub olacaq.
İmran BƏDİRXANLI
XQ