Hər bir xalqın milli kimliyi onun əsrlər boyu formalaşan, zənginləşən dövlətçilik irsində öz əksini tapır. Tarix boyu qazanılmış siyasi varislik ənənələri bu kimliyin əsas dayaqlarından biri kimi çıxış edir. Milli dövlətçiliyin qorunması və davamlı inkişafı yalnız tarixi şəraitin əlverişliliyi və xalqın milli iradəsi ilə deyil, eyni zamanda, lider amili ilə də sıx bağlıdır.
Bəşəriyyətin keçdiyi tarixi inkişaf yoluna nəzər saldıqda aydın olur ki, xalqın taleyində həlledici rol oynayan əsas faktorlardan biri də məhz yüksək idarəçilik bacarığına malik liderlərin mövcudluğudur. Tarixin sərt sınaqlarından keçmiş təcrübələr sübut edir ki, strateji düşüncə qabiliyyəti, dövlətçilik təfəkkürü və təşkilatçılıq bacarığı olmayan rəhbərlərlə millətlərin gələcəyi təhlükə altına düşmüş, hətta bir çox hallarda onlar dünya siyasi xəritəsindən silinmə təhlükəsi ilə üzləşmişlər.
Bu baxımdan liderin siyasi iradəsi təkcə gündəlik idarəçilik məsələlərini deyil, bütövlükdə təmsilçisi olduğu xalqın, dövlətin taleyini müəyyənləşdirən həlledici amil kimi çıxış edir. Tarixi inkişaf prosesində liderlik yalnız şəxsi keyfiyyətlərin təzahürü deyil, həm də milli dövlətçilik ideyasının reallaşması üçün vacib şərtdir.
Bütün bunların fonunda hazırda azərbaycanlı ictimai fikrində mütləqləşmiş qənaətlərdən biri də məhz budur ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən qorumuşdur. Məhz Ümummilli liderin qətiyyətli addımları sayəsində respublikada ictimai-siyasi sabitlik, qanunçuluq təmin edilmiş, xaos və anarxiya burulğanından qurtulan cəmiyyət yeni ictimai-iqtisadi formasiyanın tələblərinə cavab verən mütərəqqi inkişaf yoluna qədəm qoymuşdur. Bu mərhələdən iqtisadi, siyasi, hüquqi və digər sahələrdə kompleks islahatlar həyata keçirən Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsini və Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasını həmin dövrün başlıca milli ideyasına çevirmişdir. Bu ideya respublikanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyü və suverenliyinin bərpası, beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri özündə ehtiva etmişdir.
Ümumiyyətlə, Ümummilli liderin dövlətçilik konsepsiyasında milli kimliyin qorunub saxlanılması, onun əsasını təşkil edən dil, adət-ənənə və dinin ictimai şüurda möhkəmlənməsi məsələləri xüsusi yer tutur. Bu kontekstdə milli kimliyi xarakterizə edən dini etiqad azadlıqlarının konstitusion-hüquqi əsaslarının formalaşdırılması, ölkəmizin tolerant və multikultural məkan kimi tanınması üçün zəruri tədbirlərin həyata keçirilməsi Ulu öndərin müstəqil Azərbaycan dövləti qarşısında ən böyük xidmətlərindən biridir. Bütün bunların nəticəsidir ki, insan hüquqları üzrə ixtisaslaşmış müxtəlif beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə son 30 ildə dini etiqad azadlığının yüksək səviyyədə təmin edildiyi, müxtəlif dini qurum və konfessiyalar arasındakı münasibətlərin qənaətbəxş olduğu, dini azlıqların maraq və mənafelərinin qorunduğu razılıqla vurğulanır. Azərbaycanda din dövlətdən ayrı olsa da, mövcud dünyəvi dövlət quruluşu dini-mənəvi dəyərlərin inkişafı naminə atılan addımlarla, habelə sağlam İslami dəyərlərlə ziddiyyət təşkil etmir.
Ümummilli lider Heydər Əliyev multikulturalizm ideyasına yüksək dəyər verərək Azərbaycan dövləti hüdudlarında yaşayan bütün xalqların hüquqlarının etibarlı təmin olunmasına, onların vicdan azadlığının təminatına çalışmışdır. Səmavi dinlərin inkişafının dəstəklənməsi məqsədilə müxtəlif dini icmaların, o cümlədən katolik kilsəsinin dövlət qeydiyyatına alınması, yeni kilsələrin, sinaqoqların istifadəyə verilməsi bunu bir daha sübut edir. Vatikan dövləti ilə əldə olunmuş razılıq əsasında Bakının İzzət Orucova küçəsində Roma katolik kilsəsi inşa edilmiş, Roma papası II İohann Pavel 2002-ci ildə Bakıya səfəri zamanı bu addımı alqışlayaraq dini və milli tolerantlıq nümunəsi kimi dəyərləndirmişdir.
Ümumiyyətlə, milli kimlik anlayışı həm fəlsəfi, həm də hüquqi anlayışdır. Fəlsəfi baxımdan milli kimlik milli düşüncəni, mədəniyyəti, dili, dini, milli ideyanı özündə ehtiva edir. Hüquqi baxımdan isə milli kimlik qanunvericiliklə tənzimlənən 3 özül əsasında formalaşmışdır: dil, din və adət-ənənə.
Ümummilli liderin birinci hakimiyyəti dövründə milli kimlik yeni ideya kimi irəli sürülmüş, daha sonra inkişaf etdirilərək milli ideologiya səviyyəsinə qaldırılmışdır. Bu gün biz bu ideologiyanı Azərbaycanda yaşayan müxtəlif etnik qruplar və millətlər arasında tolerantlıq prinsiplərinin əsasında münasibətlərin qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb edən bir fenomen kimi qiymətləndiririk. Ümummilli lider öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, dövlətimizin taleyüklü məsələlərinin həll edilməsi zamanı çoxmillətli Azərbaycan xalqı vahid bir millət kimi birləşir. Bu özünü 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu ilə əlaqədar keçirilən referendum zamanı da göstərmiş, millətindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs dövlətinin Əsas Qanununun qəbuluna səs vermişdir.
Ümummilli lider çıxışlarında haqlı olaraq qeyd edirdi ki, Konstitusiyanın qəbulu milli ideologiyanın təntənəsidir. Bu mühüm, dövlət əhəmiyyətli sənədin qəbulu ilə əlaqədar keçirilən referendumda çoxmillətli Azərbaycan xalqı vahid millət kimi birləşdi. Ölkə Konstitusiyasında qeyd edilir ki, Azərbaycan xalqı vahiddir, Azərbaycan Respublikası bütün Azərbaycan Respublikasının vətəndaşlarının ümumi və bölünməz vətənidir: Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının varisliyini təcəssüm etdirir.
Dinə münasibət istənilən millətin ən həssas hisslərindən biridir və uzun müddət bu münasibət hüquqi əsaslardan məhrum olmuşdur.
Azərbaycan SSR-in 1921-ci il Konstitusiyasında zəhmətkeşlərin həqiqi vicdan azadlığının təmin edilməsi üçün kilsə dövlətdən, məktəb isə kilsədən ayrılır, dini və antidini təbliğat azadlığı bütün vətəndaşlar üçün tanınır. Elə təsəvvür yaranır ki, SSRİ dövləti ərazisində yalnız xristian dininin mövculuğu qəbul edilir və vətəndaşların yalnız bu dinin təbliği və antitəbliği istiqamətində azadlığı tanınır. Halbuki, o zaman SSRİ məkanında xristianlıqla yanaşı İslam, iudaizm və s. dinlər də mövcud idi. Söhbətin yalnız kilsənin dövlətdən və məktəbin kilsədən ayrılmasından getməsi, fikrimizcə, digər dinlərə etiqad edən vətəndaşların vicdan azadlığı baxımından hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
1927-ci il Konstitusiyasında da bu müddəalar olduğu kimi təkrar edilmişdir.
1937-ci il Konstitusiyasında vətəndaşlara vicdan azadlığını təmin etmək məqsədilə Azərbaycan SSR-də “din dövlətdən və məktəb dindən ayrılmışdır” kimi təsbit edilmişdir. Habelə, qeyd olunmuşdur ki, bütün vətəndaşlar dini ayinləri icra etməkdə və din əleyhinə propaqanda aparmaqda azaddırlar (maddə 131).
Göründüyü kimi, artıq vicdan azadlığının əsas göstəricilərindən biri kimi kilsənin dövlətdən və məktəbin kilsədən ayrılması deyil, bütövlükdə dinin dövlətdən və məktəbin dindən ayrılması hesab olunurdu. Digər tərəfdən bu maddədə dinin təbliğindən və anti-təbliğindən söhbət getmir, yalnız ölkə vətəndaşlarının dini ayinləri icra etmək azadlığından bəhs edilirdi.
1978-ci il Konstitusiyasında isə dinə münasibət milli birliyə mane olan kontekstdə verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan SSR vətəndaşlarının vicdan azadlığı, yəni һər hansı dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək, dini ayinləri icra etmək və ya ateizm təbliğatı aparmaq hüququ təmin olunur. Bununla bərabər Konstitusiyada yalnız məscid və kilsənin dövlətdən, məktəbin məsciddən və kilsədən ayrılması təsbit edilmişdir. Halbuki o dövrdə də Azərbaycan müxtəlif dinlərə etiqad edən çoxmillətli bir dövlət kimi tanınırdı və yalnız məscidin və kilsənin xatırladılması digər dinə etiqad edən vətəndaşlara məsələn, iudaizm dininə münasibətdə ayrı-seçkilik kimi qiymətləndirilməlidir.
Dini etiqad azadlığına tolerant münasibət, hər bir kəsin dini etiqad azadlığının təmin edilməsinin hüquqi əsasları yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə öz məntiqi həllini tapdı. Layihəsi Ulu öndərin rəhbərlik etdiyi Konstitusiya Komissiyası tərəfindən hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində qeyd edilir ki:
I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
Konstitusiyanın bu müddəasında çoxmillətli Azərbaycanda dini müxtəlifliyin qorunmasına, geniş imkanlar yaratmaqla bərabər, həm də hər bir şəxsə sərbəst şəkildə hər hansı bir dinə etiqad etmək, dinə münasibətdə öz neytral mövqeyini saxlamaq və ya heç bir dinə etiqad etməmək imkanı verilməsinin hüquqi əsası kimi nəzərdə tutulur. Halbuki bəzi ölkələrin konstitusiyasında əhalinin böyük əksəriyyətinin etiqad etdiyi dinin dəyişdirilməsi qadağan edilir. Məsələn, Yunanıstan konstitusiyasının (11 iyun 1975-ci ildə qəbul edilmişdir) 13-cü maddəsinə görə bir ölkədə prozenitizm, yəni yeni dini əlaqəyə və ya məzhəbə xidmət etmək qadağandır.
İlk baxışdan elə görünür ki, vicdan azadlığı hüdudsuzdur. Hüdudsuzluq isə hüquqi baxımdan özbaşınalığı da özündə ehtiva edir. Odur ki, Konstitusiyada Ümummilli liderin təşəbbüsü ilə vicdan azadlığının hüdudlarını müəyyən edən normalar da nəzərdə tutulmuşdur. İlk hədd Konstitusiyanın 18-ci maddəsində öz əksini tapmış və göstərilmişdir ki: İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Digər qadağalar Konstitusiyanın 48-ci maddəsində aşağıdakı kimi təsbit edilmişdir:
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.
IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
Konstitusiyanın bu normasının təminatı ümummilli lider Heydər Əliyevin hüquqi islahatlarının nəticəsi olaraq qəbul edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra müddəalarında öz əksini tapmışdır. Məcəllənin 167-ci maddəsində dini ayinləri icra etməyə mane olmaya, 167-1-ci maddəsində dini etiqad etməyə məcbur etməyə, 167-2-ci maddəsində qanunsuz olaraq dini ədəbiyyatları yaymağa, 168-ci maddəsində dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur .
Əsası Ümummilli lider tərəfindən qoyulmuş dini etiqad azadlığının konstitusion hüquqi təminatı tədbirləri Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilməkdədir. Dini etiqad azadlığının Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin tələblərinə uyğun həyata keçirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuş, insan hüquq və azadlıqlarının bu müstəvidə təmini məqsədilə mükəmməl hüquqi baza yaradılmışdır. Məhz onun təşəbbüsü ilə cəmiyyətin şəffaflığının təmin edilməsi məqsədilə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa 2021-ci ildə edilmiş əlavəyə görə, Azərbaycan Respublikasında fəaliyyət göstərən dini mərkəz (idarə) tərəfindən dəvət edilmiş və ya Azərbaycan Respublikasında rəsmi səfərdə olan əcnəbi və ya vətəndaşlığı olmayan din xadimi tərəfindən dini ibadət, ayin və mərasimlərin aparılması istisna olmaqla əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində dini təbliğat aparılması qadağandır və onlar İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilməzlər. (1-ci maddə və 21-ci maddə).
Başqa bir əlavədə qeyd edilir ki, dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız dini ibadət yerlərinin və ziyarətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər. (4 dekabr 2015-ci ildə əlavə edilib).
Azərbaycan xalqı tarixən terrorçuluğa, zorakılığa, milli, dini ayrı-seçkiliyə mənfi münasibət bəsləyən, bu kimi halları daimi pisləyən bir xalq kimi formalaşmışdır. Lakin son dövrlərdə ayrı-ayrı şəxslər Yaxın Şərq ölkələrində baş verən proseslərdə İslam fundamentalizminin təsiri altına düşərək terrorçu qruplara qoşulur, milli kimliyimiz üçün xarakterik olmayan bu kimi halların ölkəmizə daşıyıcısına çevrilirdilər. Qeyd edilən və milli ideologiyamıza zidd olan oxşar neqativ halların aradan qaldırılması terrorizimlə mübarizədə kəsərli tədbirlərdən istifadə edilməsi məqsədilə 4 dekabr 2015-ci ildə ölkə Prezidenti tərəfindən “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun imzalandı. Qanunda ilk dəfə olaraq dini radikalizmin, dini fanatizm kimi anlayışların izahı verilmiş, onlarla mübarizənin yeni üsulları müəyyənləşdirilmişdir. Həmin qanunun qəbulundan sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə ilk dəfə terrorçuluğu maliyyələşdirən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı norma müəyyən edilmiş, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəmnində törədilən terrorçuluqla bağlı daha sərt cəza təsbit edilmişdir.
Bu qanuna əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxsin dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına vurulmuş ziyana görə məsuliyyət daşımadığı müəyyənləşdirilmişdir.
Milli kimliyin dini özülünün mahiyyətinin açılmasında, müxtəlif millətlərin azərbaycançılıq ideologiyası ətrafında birləşdirməsində ölkə başçısı tərəfindən 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin də mühüm əhəmiyyəti olmuşdur. Məhz bu illərdə aparılan elmi tədqiqatlar hər kəsin öz inancı, dini, adət-ənənəsi, dili və s. fərqliliyinə baxmayaraq, milli dövlətinin – Azərbaycan dövlətinin tam hüquqlu vətəndaşı olması inamını yaratmışdır. O zaman opponentlərimiz israrla deyirdilər ki, bir tərəfdən hər kəsin milli kimliyini – dinini, dilini, adət-ənənəsini qoruyub saxlamaq hüququ olduğunu təbliğ edən multikulturalizmdən danışırıq, digər tərəfdən isə ölkə ərazisində yaşayan xalqların heç də hamısının sitayiş etmədiyi İslam dini ilə bağlı həmrəyliyini gündəmə gətiririk.
O zaman təzadlı yanaşma kimi görünən bu vəziyyətə ölkə Prezidenti bir tarixi sənədlə aydınlıq gətirdi: İslam həmrəyliyi ilində Qafqaz Müsəlmanları İdarəsində keçirilən beynəlxalq konfransa ünvanladığı təbrik məktubunda cənab İlham Əliyev xüsusilə vurğulayırdı ki, İslam həmrəyliyi dedikdə, İslamdakı təriqətlər arasındakı həmrəylik, İslam dövlətləri arasındakı həmrəylik, ən başlıcası isə İslam dini ilə dünyəvi dinlər arasında həmrəylik başa düşülür.
Bu gün dini konfessiyaların fəaliyyəti üçün bərabər şəraitin yaradılması ölkə Prezidenti tərəfindən yürüdülən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkə Prezidentinin sərəncamı ilə son 15 ildə dini konfessiyalara 20 milyon manata yaxın maddi yardım göstərilmişdir ki, bu da dünyada nadir nümunələrdən sayılır. Hər il təkrarlanan bu yardımlar Azərbaycan dövləti və xalqı haqqında yüksək fikir formalaşdırır, ölkədə sivil birgəyaşayış normalarına həssas münasibətin mövcudluğuna dəlalət edir.
Dini özülün inkişafında Heydər Əliyev Fondunun xidmətləri də xüsusi vurğulanmalıdır. “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində fond ölkədə katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə, eyni zamanda, Romada, Parisdə bir sıra dünya əhəmiyyətli dini abidələrin bərpasına töhfələrini vermişdir . Dövlət başçısının tapşırığına əsasən, 2024-cü ilin dekabr ayında Heydər Əliyev Fondunun dəstəyi ilə tikiləcək yeni katolik kilsənin yerləşəcəyi ərazinin təsdiqetmə mərasimi keçirilmişdir.
Milli kimliyin dini özülünün möhkəmlənməsinə yönələn dövlət siyasəti onunla nəticələndi ki, hər bir Azərbaycan vətəndaşı dinindən, hər hansı təriqətə sitayiş etməsindən, etnik mənsubiyyətindən asılı olmayaraq, vahid milli Azərbaycan dövlətinin torpaqlarının işğaldan azad edilməsi prosesində əvəzedilməz nümunə göstərdilər. Təsadüfi deyil ki, milliyətcə yəhudi olan Albert Aqarunov Birinci Qarabağ müharibəsindəki vətənpərvərliyi ilə əfsanəyə çevrilmişdir. Bu gün Azərbaycan Respublikası və İsrail dövləti arasında uğurlu siyasi və iqtisadi əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etməsinin səbəblərindən biri də min illər boyu yəhudi icmasının kompakt şəkildə yaşaması, onların özlərini Azərbaycan mədəniyyətinin bir hissəsi kimi hesab etmələri, habelə ölkəmizdə digər dinlər kimi iudaizm dininə olan müsbət münasibətlə əlaqədardır.
Eyni mövqeni Rusiya Federasiyası ilə əməkdaşlıq münasibətlərinə də şamil etmək olar. Hələ 44 günlük Vətən müharibəsi dövründə Ermənistanla aparılan müharibə zamanı Ermənistan prezidentinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəyərkən Rusiya Prezidentinin “müharibə Azərbaycan Respublikasının ərazisində baş verməsi səbəbindən müdaxilə etmək üçün əsas yoxdur” deməsi ilk dəfə olaraq Rusiya siyasiləri tərəfindən “Dağlıq Qarabağ”ın Azərbaycan ərazisi olmasını publik şəkildə qəbul edilməsi anlamına gəlir. Bu yaxınlarda Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təqdim etməsi də xüsusi əhəmiyyət kəsb edir və ölkəmizdə xristian dininə olan münasibət burada aparıcı rol oynayır.
Dünyanın 57 ölkəsində yaşayan 2 milyarda yaxın insanı birləşdirən İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu bir təşkilatın ən vacib tədbirlərinin Azərbaycanda keçirilməsi, beynəlxalq platformada bu qurumun üzvü olan İslam dövlətlərinin Azərbaycanın ədalətli mövqeyini daim müdafiə etməsi ölkəmizdə İslami dəyərlərə xüsusi qiymət verilməsi və Prezident İlham Əliyevin artan nüfuzu ilə bağlıdır.
Bir faktı da qeyd etmək yerinə düşər ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi dövr ərzində ölkəmizdə milli, dini və etnik zəmində heç bir cinayət qeydə alınmamışdır. Bu, azərbaycançılıq ideologiyasının təntənəsi, milli kimliyə tolerant münasibətin göstəricisidir, vicdan azadlığı ilə bağlı münasibətlərin tənzimlənməsinin mükəmməl hüquqi bazasının formalaşması ilə şərtləndirilir.
İsaxan VƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası hüquq kafedrasının müdiri, professor