Mövcud münaqişənin doğurduğu geosiyasi təlatümlər, qlobal enerji bazarındakı qeyri-sabitlik və böyük güclər arasında artan rəqabət fonunda "Avropa Siyasi Birliyi" ümumavropa təhlükəsizliyi və strateji əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin bu foruma dəvət olunması və 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirakı ölkəmizin yalnız regional aktor kimi deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi və strateji sabitliyinin təminində artan rolunu nümayiş etdirir. Bu, ölkəmizin Avropanın enerji, nəqliyyat və geosiyasi tənzimləmə sahələrində etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın Avropa ilə siyasi dialoq və əməkdaşlıqda fəal mövqeyini ortaya qoyur.
Bu tipli beynəlxalq platformalarda iştirak, Azərbaycanın regional və qlobal çağırışlara münasibətini birbaşa ifadə etməsinə, habelə strateji tərəfdaşlarla mövcud münasibətləri daha da gücləndirməsinə imkan verir. Xüsusilə də Aİ-yə üzv olmayan, lakin mühüm strateji sahələrdə Avropa ilə əməkdaşlıq edən Azərbaycan üçün bu format xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın "Avropa Siyasi Birliyi"ndə iştirakı ölkəmizə enerji təhlükəsizliyi və enerji təchizatının şaxələndirilməsi baxımından əsas tərəfdaşlardan biri kimi çıxış etmək imkanı verir. Ölkəmiz ilə Aİ arasında əməkdaşlığın əsas sütunu enerji sektorudur. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı alternativ enerji mənbələri axtarışını sürətləndirib və Azərbaycan bu baxımdan mərkəzi oyunçulardan birinə çevrilib.
Eyni zamanda, ölkəmiz gələcəkdə yaşıl hidrogen bazarında mərkəzi platforma olmaq potensialı ilə Aİ-nin iqlim keçidi gündəmində də strateji rol oynamaqdadır. Nəqliyyat və logistika sahəsində də Azərbaycanın rolu artmaqdadır. Rusiya ərazisindən keçən marşrutların qeyri-sabitliyi fonunda Çin və Avropanı Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan vasitəsilə birləşdirən Orta Dəhliz daha da aktuallaşır. Azərbaycan bu marşrutun əsas dayağına çevrilərək Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları və rəqəmsal infrastruktur sahələrinə ciddi investisiya yatırır. Aİ üçün bu, mövcud siyasi risklərdən yan keçmək imkanıdırsa, Azərbaycan üçün Avrasiyanın geoiqtisadi mərkəzinə çevrilmək fürsətidir.
Regional sabitlik məsələsi də "Avropa Siyasi Birliyi"nin gündəliyinin mühüm elementidir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh prosesi müəyyən irəliləyişlərə baxmayaraq, hələ də həssas mərhələdədir. Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayaraq, hərtərəfli sülh müqaviləsinə hazır olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi çərçivəsində iştirakı Bakıya öz mövqeyini birbaşa Avropa liderlərinə çatdırmaq və vasitəçilik formatlarında təhriflərə yol verilmədən səsləndirmək imkanı verir.
Bununla yanaşı, xarici siyasəti balanslı və praqmatik xarakter daşıyan Azərbaycan Aİ, Türkiyə, Rusiya, İran və Çinlə paralel əlaqələr qurmaqla strateji muxtariyyətini qoruyur və “Heç kimə qarşı deyil, milli maraqlar naminə” prinsipini rəhbər tutur. Ölkəmizin "Avropa Siyasi Birliyi"ndə də iştirak bu çoxvektorlu strategiyanı tamamlayır, Avropa istiqamətini gücləndirir və çoxtərəfli siyasi dialoq üçün platforma yaradır.
Nəticə etibarilə, Azərbaycanın bu mötəbər sammitdə iştirakı Avropanın Cənubi Qafqaza daha geniş geosiyasi məkanın ayrılmaz tərkib hissəsi kimi yanaşdığını göstərir. Enerji dayanıqlığı, nəqliyyat əlaqələri və regional sabitlik Azərbaycanın konkret töhfə verə biləcəyi əsas sahələrdir. Qlobal turbulentlik dövründə Azərbaycan təkcə mövcud çağırışlara cavab vermir, həm də regional konteksti özü formalaşdıran suveren aktor, vasitəçi və qitələrarası körpü kimi çıxış edir.
Prezident İlham Əliyevin Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı ölkəmizin beynəlxalq miqyasda inam səviyyəsinin və dövlət başçımızın qlobal siyasi sistemdə nüfuzunun göstəricisi idi.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı