Əməkdaşlıq isə regional ofislər və baş qərargah vasitəsilə davam etdiriləcək
1993-cü ildən Azərbaycanla sıx əməkdaşlıq edən BMT-nin Uşaq Fondu (UNICEF) 2025-ci ilin sentyabrın 3-də ölkədəki fəaliyyətini sona çatdıracaq. Bu qərarın arxasında Azərbaycanın sosial və infrastruktur sahələrində əldə etdiyi müsbət irəliləyişlər dayanır. Gələcəkdə isə bu əməkdaşlıq, regional ofislər və baş qərargah vasitəsilə davam etdiriləcək.
UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiyalar üzrə regional rəhbəri İrina Mazur ötən müddət ərzində təşkilatın Azərbaycan hökuməti ilə birgə çalışaraq uşaqlar üçün vacib xidmətlər və dəstək təmin etdiyini və bu əməkdaşlığın uşaq ölümlərinin azalmasına, keyfiyyətli təhsilə çıxışın genişlənməsinə, uşaq müdafiəsi sistemlərinin gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Qeyd edək ki, UNICEF-in Azərbaycandakı fəaliyyətinin əsas sahələrindən biri uşaq hüquqlarının qorunması olub. Təşkilat hökumət, vətəndaş cəmiyyəti və digər tərəfdaşlarla birgə uşaqların rifahını yaxşılaşdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirib. Uşaq hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ictimaiyyətin maarifləndirilməsi və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra layihələrə imza atılıb. Təhsil sahəsində UNICEF məktəbəqədər təhsilin təşviqi, inklüziv təhsilin inkişafı və əlilliyi olan uşaqların təhsil imkanlarına çıxışının genişləndirilməsi istiqamətində bir çox proqramlar icra edib. Pandemiya dövründə isə rəqəmsal təhsilin təşviqi məqsədilə xüsusi resurslar təqdim olunub.
Ana və uşaq sağlamlığının yaxşılaşdırılması istiqamətində UNICEF-in fəaliyyəti xüsusilə peyvəndləmə proqramlarının gücləndirilməsi və erkən inkişaf dəstəyi ilə diqqət çəkib. Sosial müdafiə sahəsində isə xüsusilə ailədən ayrı düşmək riski olan və həssas qruplardan olan uşaqlar üçün dəstək xidmətləri yaradılıb. Eyni zamanda, alternativ qayğı modelləri tətbiq edilərək, ailədaxili zorakılıqla mübarizəyə dəstək göstərilib. Postmünaqişə dövründə isə UNICEF uşaqların psixo-sosial vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra tədbirləri reallaşdırıb. Bu fəaliyyətin nəticəsi olaraq, münaqişə nəticəsində yaranan narahatlıq, depressiya və post-travmatik stress pozuntularında statistik olaraq azalma müşahidə edilib. Gənclərin sosial həyatda iştirakını artırmaq, onlara müxtəlif sahələrdə bacarıqlar qazandırmaq məqsədilə həyata keçirilən layihələr də UNICEF-in prioritetləri sırasında olub.
İndi isə yeni bir dövr başlayır, çünki Azərbaycan artıq bu sahədə layihələri maliyyələşdirməkdə daha müstəqil və daha güclü imkanlara sahibdir. Bununla bağlı Politoloq Tural İsmayılov XQ-yə bildirdi ki, sosial və iqtisadi inkişaf baxımından atılan addımlar Azərbaycanın daxili resurslardan daha effektiv istifadə etməsinə və xarici təsirlərdən daha az asılı olmasına imkan yaradır: “UNICEF-in sentyabrın 3-də Azərbaycandakı fəaliyyətini başa çatdırması ölkənin sosial və iqtisadi inkişaf sahəsində əldə etdiyi əhəmiyyətli irəliləyişin nəticəsidir. Son illər Azərbaycan daxili resurslardan daha effektiv istifadə etməklə xaricdən asılılığını xeyli azaldıb. Enerji, kənd təsərrüfatı və texnologiya sahələrindəki inkişaf ölkə iqtisadiyyatının dayanıqlığını artırıb. Bu inkişaf sosial siyasətin də daha müstəqil şəkildə icrasına imkan yaradıb. Təhsil, səhiyyə, sosial təminat və məşğulluq sahələrində atılan ardıcıl addımlar xalqın rifahını yüksəltməyə yönəlib. Regionlarda həyata keçirilən gənclər proqramları sosial bərabərliyi gücləndirib. Dövlətin sosial müdafiə sisteminin institusional güclənməsi beynəlxalq təşkilatların rolunun azalmasına səbəb olub. Azərbaycan artıq bir çox sahədə texniki dəstəyə deyil, strateji tərəfdaşlığa ehtiyac duyur. UNICEF-in fəaliyyəti də bu keçid prosesində funksional baxımdan aktuallığını itirib. Bu qərar təşkilatın məhdud resurslarını daha çox ehtiyac olan regionlara yönəltməsi baxımından da məntiqlidir. Azərbaycan beynəlxalq qurumlarla münasibətlərdə donor-dəstəkçi deyil, bərabərhüquqlu tərəfdaş yanaşmasını tətbiq edir. Yerli təşkilatların və dövlət institutlarının gücləndirilməsi prioritetə çevrilib. Bu da bəzi layihələrin birbaşa hökumət və milli təşkilatlarla həyata keçirilməsini zəruri edib. Nəticədə UNICEF-in missiyasının başa çatması Azərbaycanın sosial inkişafda suverenliyini möhkəmləndirən haqlı və məntiqli nəticədir”.
İNICEF-in regional əməkdaşlığa keçməsinə ikinci səbəb isə BMT-nin əsas departamentlərin birləşdirilməsini və resursların yenidən bölüşdürülməsini nəzərdə tutan köklü restrukturizasiyadır. Sənəd onlarla agentliyin dörd əsas sahə üzrə birləşdirilməsini təklif edir: sülh və təhlükəsizlik, humanitar məsələlər, davamlı inkişaf və insan hüquqları.
Xüsusi tədbirlərə Ümumdünya Ərzaq Proqramı (ÜƏP), UNICEF, ÜST və BMT QAK-ın əməliyyat strukturlarının vahid humanitar qurumda birləşdirilməsi daxildir. İslahat, həmçinin bir sıra işçilərin Cenevrə və Nyu-Yorkdan daha ucuz şəhərlərə köçürülməsi də daxil olmaqla, onların ixtisarını əhatə edir. Təşəbbüs BMT-nin maliyyə böhranı ilə əlaqələndirilir. Təşkilatın əsas donoru olan ABŞ-ın müntəzəm büdcəyə 1,5 milyard dollar, sülhməramlı əməliyyatlara isə 1,2 milyard dollar borcu var. Bu yardımın azaldılması artıq Humanitar Məsələlər İdarəsinin əməkdaşlarının 20 faizinin işdən çıxarılmasına gətirib çıxarıb. Bu da qurumun regional əməkdaşlığa üstünlük verməsinə səbəb olub.
UNICEF-in regional əməkdaşlığı isə resursların daha səmərəli şəkildə paylanmasına, müxtəlif ölkələrdəki bənzər ehtiyaclara çevik cavab verilməsinə imkan yaradacaq. Artıq təşkilat regional səviyyədəki tərəfdaşlarla koordinasiya ediləcək və beləliklə, qlobal məqsədlərə çatmaq üçün daha çevik və geniş bir yanaşma ortaya qoyulacaq. Azərbaycan kimi inkişaf etmiş ölkələrdə isə birbaşa müdaxilələr daha az tələb olunur, çünki yerli sistemlər özünü yaxşı təşkil edib və beynəlxalq dəstək olmadan, müstəqil fəaliyyət göstərə bilirlər.
Bu yeni regional əməkdaşlıq modeli, həm də yerli və regional səviyyədə insan resurslarının inkişafı üçün böyük fürsət yaradacaq. UNICEF Azərbaycan hökuməti və yerli təşkilatlarla strateji tərəfdaşlıq quraraq, ölkənin gələcək inkişafı üçün daha davamlı və səmərəli layihələr həyata keçirəcək. Yəni, əməkdaşlıq strukturu və yanaşma yeni mərhələyə keçir.
Beləliklə, UNICEF-in Azərbaycandakı fəaliyyətinin sonlandırılması ölkənin əldə etdiyi inkişaf səviyyəsinin və müstəqil idarəetmə qabiliyyətinin göstəricisidir. Lakin bu, təşkilatın Azərbaycana olan dəstəyinin tamamilə sona çatdığı anlamına gəlmir. Yeni regional əməkdaşlıq modeli ilə UNICEF daha geniş coğrafiyada fəaliyyətini davam etdirərək, hər bir ölkənin ehtiyaclarına uyğun həllər təqdim edəcək və müstəqil inkişaf edən ölkələrdə öz fəaliyyətini daha çox yerli və regional tərəfdaşlarla birgə həyata keçirəcək. Bu yeni yanaşma beynəlxalq əməkdaşlığı daha səmərəli və daha təsirli edəcək.
Xatırladaq ki, martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Son ilə görüşdə bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyini bildirib.
Həmçinin diqqətə çatdırılıb ki, çağdaş dövrün tələblərinə uyğun olaraq, BMT ilə əməkdaşlıqda təşkilatın Məskunlaşma Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər aidiyyəti qurumlar ilə əməkdaşlıq prioritet təşkil edir və bəzi BMT qurumları ilə də gələcək əməkdaşlığın bu model əsasında, yəni birbaşa mənzil qərargahları ilə işləməklə davam etdirilməsi nəzərdə tutulur. Bu çərçivədə may ayında BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun Azərbaycandakı mümayəndəliklərinin fəaliyyəti başa çatıb.
Pünhan ƏFƏNDİYEV
XQ