Ermənistanı qanlı fəlakətə sürükləmiş siyasi meyit Koçaryanı “diriltmək” cəhdləri mənasızdır
Kreml Ermənistanın siyasi orqanizmində çoxdan “rudimentə” (bədənin funksionallığını itirmiş orqanı – red.) dönmüş Koçaryan fiqurunu “heçdən zühur etdirmək” xəyalına düşüb. İrəvan ermənisinin yaddaşında on il özü, on il də qulbeçəsi Sarkisyanla birlikdə 20 il (1998–2018) Ermənistana rəhbərlik edən bu klanla bağlı yalnız mənfi təəssürat və nifrət qalıb.
Neytral sosioloji mərkəsin keçirdiyi sorğunun nəticələrinə görə, hayların cəmi 4 faizinin inandığı, “siyasi meyitə” çevrilmiş Koçaryanı yenidən hakimiyyətə qaytarmağı planlaşdıran Moskva üçün yerli ictimaiyyətin rəyi bir qəpiklik dəyərə malik deyil. Baxmayaraq ki, nə ictimai, nə siyasi şərtlər Robert Koçaryanın hakimiyyətə qayıtması üçün uyğun deyil.
“Gəlin anlamağa çalışaq ki, bu regionun hansı dövlətləri Ermənistan üçün təhlükə yaradır? Hansı dövlətlər ərazilərimizə iddia edir? Birbaşa təhlükə Türkiyə və Azərbaycandır. Azərbaycan ən yüksək səviyyədə bəyan edir ki, Sevan onlarındır, Yerevan “İrəvandır” və Azərbaycan şəhəridir, Zəngəzur Azərbaycanındır. Növbəti addım Azərbaycan və Türkiyəni cilovlamağa hansı ölkənin qadir olduğunu, potensialını və regionda maraqlarını anlamaqdır. Hansı tərəfdən baxsaq, həmin ölkənin Rusiya olduğunu görərik”.
Koçaryan reallıqdan uzaq, populist iddiasını əsaslandırmağa çalışarkən bölgədə maraqları Rusiya ilə toqquşan qatı ermənipərəst Fransanı da “siyahıdan silir”: “Fransanın burada həyati maraqları yoxdur. Fransa ordusu 200 min nəfərdən ibarətdir, onlardan yalnız 50 mini real döyüşə hazırdır. Hətta onların dediyinə görə, artıq o qədəri də yoxdur. Azərbaycan və Türkiyənin qarşını almağın yeganə yolu Rusiyadır, çünki burada onun maraqları var”. Ermənistanın ikinci prezidenti bunu “Kanal 5”-ə müsahibəsində deyib.
İndi bölgədə yaranmış status-kvonu birbaşa Qarabağda baş verən hadisələrin nəticəsi kimi görən Koçaryan Azərbaycanın bundan daha da cəsarətləndiyini, Avropanı neft və qazla təmin etməkdə müəyyən dərəcədə Rusiyanı əvəz etdiyini vurğulayıb: “Onlar bundan faydalanmağa çalışırlar və daha cəsarətli davranış nümayiş etdirirlər. Bu, gözlənilən idi”.
Vaxtilə sülh danışıqlarında Bakıya yuxarıdan aşağı baxan, ironiya ilə danışan Koçaryan uçuruma apardığı Hayastanın mövcud durumuna heç təəccüblənməməlidir. Çünki hazırki reallıq onun, eləcə də özündən əvvəlki və sonrakı iqtidarların kənardakı “böyük qardaşı”na güvənərək yeritdikləri kökündən yalnış siyasətin nəticəsidir. Onlar gec-tez bu acı sonluqla üzləşməli idilər.
Müsahibəsində Paşinyan iqtidarını yarıtmaz idarəçilikdə, Rusiyadan üz çevirməkdə, “siyasi səbatsızlıqda” suçlayan Koçaryan prezidentliyi dövründə bir sıra cinayətlərə “imza atıb”. O və Armen Gevorqyana qarşı külli miqdarda (təxminən 3 milyon dollar) rüşvət alınması üzrə ittiham irəli sürülüb. Sıravi ermənilərə gəlincə, Koçaryan onların nəzərində hakimiyyətə qayıdışı istənilməyən acı keçmişin simvoludur. Ermənistanın 44 günlük müharibədə məğlubiyyətindən sonra, 2021-ci ilin iyununda keçirilən parlament seçkilərində ölkə vətəndaşlarının etimadını qazana bilməməsinin əsas səbəbi “Qarabağ klanı”nın hayların gözündən düşməsi idi. Yəni hərbi-siyasi fiasko fonunda vətəndaşların isterik və çaşqın hissləri ilə oynayacağına ümid edən, bütün günahları indiki hakimiyyətin üzərinə yıxan Koçaryan və onun komandasına erməni seçicilər “yox” dedilər.
“Kanal 5”-ə müsahibəsində Robert Koçaryan hakimiyyətdə olduğu dövrü “tərəqqi və yüksəliş dövrü” kimi təqdim etməyə çalışır. Fəqət, onun “tərəqqi seriyası”na yaxşı bələd olanlar üçün bu iddia “əyri güzgülər krallığı”na səyahətə bənzəyir. Bütün bunların fonunda Koçaryan bəyan edir ki, “Nikol Paşinyanın və “Mülki müqavilə” partiyasının reytinqi davamlı olaraq zəifləmə tendensiyasındadır”. Bu zaman öz reytinqinin və rəhbərlik etdiyi ittifaqın sabit “enmə trendində” olduğunu qeyd etməyi “unudan” “eks”in istifadə etdiyi rəqəmlər əsl reallığı gizlədir. Həmin illərin statistik məlumatlarına görə, Ermənistanda yoxsulluğun səviyyəsi həqiqətən azalırdı. Amma bu, davamlı iqtisadi artım və ya iqtisadiyyatın şaxələndirilməsi ilə deyil, kütləvi əmək miqrasiyası, xaricdən pul köçürmələri, respublikanın özünün strateji aktivlərini Rusiyaya satması fonunda baş verirdi. Onun dövründə “daşlar ölkəsi” faktiki olaraq, əsas enerji və infrastruktur obyektlərinə nəzarəti itirdi və əhalinin böyük bir hissəsi yoxsulluq içində yaşamağa məcbur oldu.
Ermənistan 25 il bundan əvvəl olduğu kimi, bu gün də sosial-iqtisadi problemlərin girdabındadır. Amma böhrandan çıxış yolu başqa müstəvidə – Azərbaycanla uzunmüddətli sülhün təmin edilməsi və bütün kommunikasiyaların açılması, o cümlədən ticarət, investisiya və iş yerləri üçün yeni imkanlar yaradacaq Zəngəzur dəhlizinin işə salınmasıdır. Sülh müqaviləsinin imzalanması və regional layihələrə inteqrasiya Ermənistanda idtisadi dirçəliş və yoxsulluğun azaldılması üçün real şansdır. Əslində, bu, İrəvanın özünü saldığı geosiyasi dalandan çıxış yoludur. Koçaryan isə məhz bunun əleyhinədir. O, hakimiyyətə gəlmək naminə ölkəsini qarşıdurma və təcrid vəziyyətində saxlamağa da razıdır.
Ermənistan vətəndaşları hər şeyi yaxşı başa düşürlər. Beynəlxalq Respublika İnstitutunun keçirdiyi sosial sorğunun nəticələrinə görə, respondentlərin 47 faizi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdarıdır. Bu, sazişin imzalanmasına qarşı olanların sayından çoxdur. Nəticə bir həqiqəti ortaya çıxarıb: Koçaryan, eləcə də “bəlkə də qaytardılar” xəyalı ilə yaşayan digər revanşist-separatçılar sağlam düşüncəni istədikləri qədər ələ sala bilərlər, amma yeni zaman və reallıq öz qaydalarını diktə edir. Bugünkü reallıqda bu siyasi fırıldaqçıların şahmat taxtasında hətta piyada kimi də yerləri yoxdur.
“Qarabağ klanı”nın Ermənistanda hakimiyyətə qayıdışı bu ölkənin geriyə doğru addım atması demək olar. Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətini davam etdirən Koçaryan və onun rusiyayönlü dəstəkçilərinin böyük siyasətə qayıdışı ona görə real deyil ki, erməni cəmiyyəti artıq onları görüb və çətin ki, bir də böyük siyasətə qayıdışına imkan verər.
Son sosioloji sorğular göstərib ki, Robert Koçaryanı erməni xalqının cəmi 3-4 faizi dəstəklədiyi halda Paşinyanda bu göstərici13-14 faizə bərabərdir. Doğrudur, çox yüksək deyil, amma onu bəyənənlər Koçaryandan 4 dəfə çoxdur. Həm də bu parametrlərə əsaslanaraq deyə bilərik ki, 2026-cı ilin parlament seçkilərində erməni xalqı yeni müharibəyə, talançılığa, “Qarabağ uğrunda döyüşə” çağıran klana səs verməyəcək. Çünki cəmiyyət hakimiyyətin qapısını bu klanın üzünə birdəfəlik bağlayıb.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
– Koçaryanı Ermənistanda və Rusiyada “Kremlin nökəri” kimi tanıyır və qəbul edirlər. Ermənistana rəhbərliyi dövründə nə kimi eybəcərliklər baş veribsə, hamısını Moskva ilə əlbir olub həyata keçiriblər. Xocalı soyqırımından tutmuş Azərbaycan torpaqlarının işğalına kimi məhz onun bəd əməllərinin nəticəsidir. Bu adam birmənalı şəkildə cinayətkardır. Özü də cinayətləri təkcə Azərbaycana və azərbaycanlılara qarşı deyil, həm də Ermənistan dövlətinə və erməni xalqına qarşı həyata keçirib. Parlamentdə güllələnmə hadisəsi, borc müqabilində ölkəsinin, az qala, bütün əmlakının Rusiyaya peşkəş edilməsi, digər cinayətlər onun ayağına yazılıb. O, vaxtilə Moskvanın meri Lujkovla əlbir olub Ermənistandan oğurladığı “çirkli pulları” Rusiyada “yuyub” xüsusi hesablara yerləşdirirdi. Lujkov isə oğurluq pullarını İrəvanda yeni obyektlərin inşasına yönəltməklə leqallaşdırırdı. Hətta Moskvanın merinə hansısa holdinqin idarə hüyətinin üzvü kimi yüksək vəzifə də verilmişdi.
Bütün bunları Ermənistanda çoxları bilir. Şübhə etmirəm ki, Nikol Paşinyanın reytinqi nə qədər aşağı düşsə də, cəmiyyət onun alternativi kimi Koçaryanı görəndə yenə Paşinyana səs verəcək. Amma bu dəfə cinayətkar Koçaryan canını Paşinyanın əlindən qurtara bilməyəcək. Bəli, o da, Sarkisyan da ömürlərini həbsxanada keçirməlidirlər. Barələrində cinayət işlərinin qaldırıldığı Azərbaycanda da onları dustaq aqibəti gözləyir. İnanmaq istərdim ki, Nikol Paşinyan bu seçkilərdən də qalib çıxacaq və bu ikisinə, nəhayət, layiq olduqları yeri göstərəcək. Onların yeri isə dustaqxanadır. Bu həqiqəti Koçaryanın Moskvadakı kuratorları da çox gözəl bilirlər. Onu da anlayırlar ki, Koçaryan Ermənistanda seçkiləri udmağa qadir persona deyil. İndi alternativ axtarırlar ki, Robert Koçaryan da onun kölgəsində əvvəlki çirkli əməllərini davam etdirsin.
Züriyə QARAYEVA,
siyasi şərhçi
– Rusiya Ermənistana təsir rıçaqlarını bərpa etmək üçün Robert Koçaryan və onun simasında “Qarabağ klanı” üzərindən hərəkətə keçib. Bu, Moskvanın Paşinyan hökumətinə etimad etmədiyini və onu dəyişdirmək niyyətində olduğunu göstərir. Koçaryanın son müsahibəsində səsləndirdiyi “Ermənistanın yeganə güvənəcəyi güc Rusiyadır” və “sülh müqaviləsinə təminatı yalnız Rusiya verə bilər” fikirləri, əslində, Kremlin mövqeyinin açıq ifadəsidir. Rusiya bu yanaşma ilə bir neçə məqsədi hədəfləyir. Birincisi, Ermənistanın Qərbə doğru istiqamətlənməsinin qarşısını almaq və onu yenidən öz orbitinə qaytarmaq. İkincisi, Cənubi Qafqazda regional sabitlik və təhlükəsizlik mexanizmlərində yeganə təsirli güc kimi qalmaq üçün sülh prosesinin əsas təminatçısı rolunu ələ keçirmək. Üçüncüsü isə hakimiyyətə alternativ yaradır: Bunun Koçaryan olması həm Rusiyanın keçmişdə formalaşdırdığı hay elitası ilə işləmək təcrübəsindən, həm də Moskvaya sadiq fiqur olmasından qaynaqlanır.
İntəhası, bu planın zəif tərəfləri də var. Ermənistan cəmiyyətində Koçaryan və “Qarabağ klanı” ilə bağlı ciddi narazılıq mövcuddur. Xüsusilə gənc nəsil, müstəqil və Qərb yönümlü siyasi dairələr bu fiqurları keçmişin korrupsioner və avtoritar simaları kimi görür. Paşinyanın zəif nöqtələri olsa da, Koçaryanla müqayisədə legitimliyi yüksək lider olaraq qalır. Moskvanın bu “kartı” masaya daşıması Ermənistanda sabitliyi pozmaqla yanaşı, Rusiyanın təsir dairəsini riskə atacaq.
Eyni zamanda, bu proses Ermənistan–Azərbaycan sülh danışıqlarına birbaşa təsir göstərə bilər. Paşinyanın sülh müqaviləsinə imza atacağı daha real görünürsə, Koçaryan üçün bu, həm siyasi xətt, həm də ritorika baxımından daha çətindir. Sülhə əlavə şərtlər, Rusiya vasitəçiliyinə təkid və digər gərginlik xətləri yarana bilər. Nəticədə, bu, təkcə Ermənistanın daxili siyasətinə deyil, bütün regionun sabitliyinə təsir edəcək potensial təhlükə mənbəyinə çevrilər. Rusiya Koçaryan “kartından” istifadə etməklə Ermənistana mesaj verir: Ya mövcud hökumət Moskva xəttinə qayıdır, ya da alternativ siyasi qüvvələr vasitəsilə daxili dəyişiklik planlaşdırılır. Bu isə Cənubi Qafqazda yeni geosiyasi qarşıdurma mərhələsinin başlayacağından xəbər verir.
İmran BƏDİRXANLI
XQ