Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında növbəti qaliblər bəlli olub.
İdmançılar ikinci yarış günündə qarışıq estafet növündə qüvvələrini sınayıblar. Yeniyetmə oğlan və qızlar arasında Almaniya 1-ci, İspaniya 2-ci, Rusiya təmsilçiləri 3-cü pillədə qərarlaşıblar. Böyüklərin mübarizəsində isə İsveçrə idmançıları Avropa çempionu olublar. İtaliya 2-ci, Almaniya 3-cü yeri tutub.
Qeyd edək ki, Azərbaycanı qarışıq estafet növündə Nəzrin Qəribova və Nəbiyulla Qələbəqiyev təmsil edib.
Martın 8-nə kimi davam edəcək yarışlarda U-18 və U-20 kategoriyasından olan qadınlar və kişilər fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.
Xatırladaq ki, turnir Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Yarışda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edir.
Qabil YUSİFOĞLU
XQ

