Azərbaycan Kubokunun 1/2 finalçıları

post-img

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə dünən yekun vurulub.

Sonuncu oyun günündə iki cavab matçı keçirilib. Günün ilk qarşılaşmasında “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Yevlax şəhər stadionunda baş tutan qarşılaşmada qonaqlar gəncəlilərin qapısından 2 top keçirib. Görüşün 13-cü dəqiqəsində Xorxe Silva, 51-ci dəqiqəsində Hayderson Hurtado fərqlənib.

İki görüşün nəticəsinə əsasən 3:0 hesabı ilə qalib gələn tovuzlular yarımfinalda “Zirə” ilə üz-üzə gələcək.

Günün ikinci matçında “Sabah” səfərdə “Qəbələ”nin qonağı olub. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanın əsas (2:2) və əlavə vaxtında (3:3) qalib müəyyənləşməyib. 11 metrlik cərimə zərbələrini daha yaxşı yerinə yetirən Bakı klubu (4:2) yarımfinala vəsiqə qazanıb.

Bakıda gerçəkləşən ilk qarşılaşma qolsuz bərabərliklə bitdiyindən 2 oyunun nəticəsinə görə, “Sabah” növbəti raundda “Qarabağ”a rəqib olacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman