Rusiyada 129 kiçik şəhər yox olmaq təhlükəsi ilə üz-üzədir

post-img

RANXİGS: 3,4 milyon insanın yaşadığı yaşayış məntəqələri risk altındadır

Rusiya Federasiyasında aparılan araşdırmalar nəticəsində bəlli olub ki, ölkədə 129 kiçik şəhər real şəkildə yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Bu barədə məlumat Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının (RANXİGS) son tədqiqatında yer alıb.

Tədqiqatın nəticələrinə əsasən, sözügedən şəhərlərdə ümumilikdə 3,4 milyon nəfər yaşayır. Son on ildə bu yaşayış məntəqələrində əhalinin sayı 314 min nəfər azalıb. Ən ciddi geriləmələr isə Şimal bölgələrində yerləşən kömür, metallurgiya və meşə sənayesi ilə əlaqəli sənaye şəhərlərində müşahidə olunur.

Ən çox əhali itkisi aşağıdakı şəhərlərdə qeydə alınıb:

  • Verxniy Taqil (Sverdlovsk vilayəti)
  • Trubçevsk (Bryansk vilayəti)
  • İnta (Komi Respublikası)
  • Kem və Medvejyegorsk (Kareliya Respublikası)
  • Torjok (Tver vilayəti)
  • Roşal (Moskva vilayəti)
  • Oxa (Saxalin vilayəti)

Risk altında olan digər bölgələr isə Bryansk, Novqorod, Kirov vilayətləri və Krasnoyarsk diyarıdır. Mütəxəssislərin qənaətinə görə, bu şəhərlərin bir çoxunda sənaye istehsalının durğunluğu və əhalinin iri şəhərlərə axını prosesin əsas səbəbləridir.

RANXİGS analitikləri bildirirlər ki, kənd təsərrüfatı və sənaye qarışığına malik regionlardakı şəhərlərin vəziyyəti nisbətən daha sabitdir. Bu, həm ərzaq təhlükəsizliyi, həm də yaşam üçün əlverişli şəraitlə izah olunur. Lakin bu bölgələr də uzunmüddətli perspektivdə əhali itkisi və infrastruktura ehtiyac problemləri ilə üzləşə bilər.

Hazırda 106 yaşayış məntəqəsi üzrə infrastrukturun inkişafı və investisiya layihələrinin icrası üçün “master-plan”lar hazırlanır. 2025-ci il ərzində bu məqsədlə Rusiya büdcəsindən 4 milyard rubl vəsait ayrılıb.

Araşdırmada qeyd olunur ki, resurslara əsaslanan (xammal çıxarma və emalı ilə məşğul olan) şəhərlərin ən real inkişaf strategiyası “idarəolunan sıxılma”, yəni daha iri mərkəzlər ətrafında məskunlaşma və xidmətlərin cəmlənməsi yolu ilə aparılmalıdır.

Xatırladaq ki, bu cür demoqrafik gərginlik yalnız Rusiyada deyil, dünya üzrə bir çox sənaye ölkələrində müşahidə olunan meyldir. Rəqəmsallaşma, iri şəhər mərkəzlərinə iqtisadi asılılıq və gənc əhalinin urbanizasiyası kiçik şəhərlərin gələcəyini sual altına alır.

S.ELAY

XQ

Dünya