Azərbaycanın diplomatik uğurlarının davamı

post-img

Azərbaycanın diplomatik uğurlarının davamı Avropa ölkələri ilə əlaqələrin davamlı inkişafı dövlətimizin prioritet istiqamətlərindən biridir. Azərbaycan Avropa ölkələri ilə münasibətlərin dərinləşməsinə xüsusi əhəmiyyət verir və Avropa dövlətləri ilə siyasi, iqtisadi, humanitar və digər sahələrdə sıx əməkdaşlığı uğurla davam etdirir. 

Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun olaraq sağlam təməllər üzərində qurulan düzgün siyasət Avropa İttifaqı ölkələri ilə əməkdaşlığın getdikcə güclənməsinə önəmli töhfələr verir. Bu baxımdan dövlətimizin başçısının dost Albaniyaya növbəti uğurlu səfəri və Avropa Siyasi Birliyinin (ASB) Tiranada keçirilən VI Zirvə görüşündə iştirakı mühüm hadisə kimi yadda qaldı. Əminliklə qeyd etmək olar ki, Avropa ilə Azərbaycan arasında əlaqələr son illər fəallığı ilə seçilir. Ölkəmizin milli maraqlara söykənən prinsipial mövqeyi qlobal siyasətdə Azərbaycanın nüfuzunu durmadan artırır. 

Bu məqamda əvvəlcə onu bildirək ki, siyasi dialoq və əməkdaşlığı inkişaf etdirmək, qitənin təhlükəsizliyini gerçəkləşdirmək məqsədi ilə yaradılmış ASB uğurlu platforma kimi ümumi maraq doğuran məsələlərin həlli üçün mühum tribunadır. 

Liderlərin iştirakı ilə keçirilən ASB-nin Zirvə Toplantısında sülh, təhlükəsizlik, eyni zamanda, iqtisadi, enerji və iqlim, miqrasiya və digər əhəmiyyətli sahələr müzakirə mövzusu olur ki, bu da Avropa qitəsinin təhlükəsizliyini və rifahını gücləndirmək üçün son dərəcə səmərəlidir. Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli pay sahibi olan ölkəmizin beynəlxalq aləmdə mövqeyi durmadan möhkəmlənir, əməkdaşlıq sahəsində böyük uğurlar əldə olunub. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji kursa uyğun olaraq Azərbaycanla Aİ arasında da səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanla bu təşkilatda təmsil olunan ayrı-ayrı dövlətlər arasında strateji tərəfdaşlıq haqqında müvafiq sənədlər imzalanıb. 

Beləliklə, Prezident İlham Əliyevin Albaniyaya rəsmi səfəri və ASB-nin Tiranada keçirilən VI Zirvə görüşündə iştirakı Azərbaycan diplomatiyasının növbəti mühüm uğuru kimi yadda qaldı. Bu səfər həm ikitərəfli münasibətlərin dərinləşdirilməsi, həm də regional və qlobal siyasi platformalarda respublikamızın fəal rolunun nümayiş etdirilməsi baxımından tarixə yazıldı. 

Albaniya ilə Azərbaycan arasında son illərdə sürətlə inkişaf edən münasibətlər enerji, infrastruktur, humanitar sahələrdə konkret layihələr və təşəbbüslərlə möhkəmlənir. Dövlətimizin başçısı İlham Əliyevin Tiranaya səfəri zamanı keçirilən yüksək səviyyəli görüşlər və əldə olunan razılaşmalar, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə dair verdiyi mesajlar bu tərəfdaşlığın strateji xarakter aldığını göstərir. Azərbaycanın “yaşıl” enerji strategiyası çərçivəsində Balkan ölkələri ilə, o cümlədən Albaniya ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Bu kontekstdə Cənub Qaz Dəhlizi və “yaşıl” enerji dəhlizi layihələri regionun enerji təhlükəsizliyi üçün əhəmiyyətli töhfələr verir. 

ASB Zirvə görüşü isə Prezident İlham Əliyevin qlobal və Avropa siyasətində artan rolunun bariz göstəricisi oldu. Görüş zamanı dövlət başçısı Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi, regionda baş verən proseslərə dair balanslı və prinsipial yanaşma sərgilədi. Xüsusilə Ermənistanla sülh prosesi və ədalətli yanaşmanın vacibliyi ilə bağlı çıxışlar beynəlxalq ictimaiyyətin diqqətini çəkdi. 

Azərbaycanın ASB-də iştirakı ölkəmizin Qərb platformalarında möhkəmlənən mövqeyindən xəbər verir. Prezident İlham Əliyevin bu istiqamətdə apardığı ardıcıl siyasət Azərbaycanı mühüm dialoq tərəfdaşına çevirib. Nəticə etibarilə, Prezident İlham Əliyevin Albaniyaya səfəri və Tiranada keçirilən ASB Zirvə görüşündə iştirakı ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər sistemində artan çəkisinin və nüfuzunun daha bir təsdiqidir. Bu, Azərbaycanın milli maraqlara əsaslanan və strateji düşünülmüş xarici siyasət kursunun davamlı uğurlarının növbəti ifadəsi kimi dəyərləndirilə bilər. 

Xumar Məmmədova,  
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti 



Siyasət