Milli Məclisin sədri İspaniya Krallığı Senatının sədri ilə görüşüb

post-img

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində həmin ölkə Senatının sədri Pedro Rollanla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Senat sədri Pedro Rollan ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını söyləyib. O, Senatın parlamentlər arasında əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini, eyni zamand,a hökumətlər arasında əməkdaşlığı da dəstəkləməyə hazır olduğunu bildirib.

Senatın sədri Azərbaycanın iqtisadi inkişaf göstəricilərini təqdir edərək, ispan şirkətlərinin ölkəmizdə, xüsusilə nəqliyyat sahəsində fəaliyyətini dəstəklədiklərini vurğulayıb. O, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığı da yüksək qiymətləndirdiklərini söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində Azərbaycanla İspaniya arasında bir sıra sahələrdə əməkdaşlığın uğurlu inkişafını qeyd edib, o cümlədən iqtisadi sahədə müsbət əməkdaşlıq təcrübəsinin mövcud olduğunu söyləyib. Spiker Sahibə Qafarova bir sıra digər sahələrdə də əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri son dövrlərdə siyasi əlaqələrin inkişafında müsbət dinamikanın müşahidə olunduğunu bildirərək, İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezin COP29 çərçivəsində ölkəmizə səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və həmin görüş zamanı əlaqələrin inkişafı üzrə əldə olunmuş razılıqları qeyd edib.

Senatın sədri də COP29-da iştirak etmək məqsədilə İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezlə yanaşı, senat üzvlərinin də Azərbaycana səfər etdiklərini xatırladaraq, senatorların bu mühüm beynəlxalq tədbirin möhtəşəm təşkilini, eyni zamanda, Azərbaycan cəmiyyətinin dinamikliyini müşahidə etdiklərini söyləyib.

Söhbət zamanı spiker Sahibə Qafarova parlamentlər arasında əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb. Bu çərçivədə parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb. Görüşdə, eyni zamanda, parlament komitələri arasında əməkdaşlığın qurulması barədə də fikir mübadiləsi aparılıb.

Söhbət zamanı ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Təhsil, mədəniyyət sahəsində əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığı qeyd edilib. Pedro Rollan ölkəmizdə ispan dilinə göstərilən maraq və diqqətə görə təşəkkürünü ifadə edib.

Görüşdə multikultural dəyərlərə hörmətin Azərbaycanla İspaniyanı birləşdirən xüsusiyyətlərdən biri olduğu da vurğulanıb.

Qeyd edək ki, görüşdən əvvəl spiker Sahibə Qafarova xatirə kitabını imzalayıb. Həmçinin, Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığı Senatının plenar iclas zalı ilə tanış olub.











Siyasət