Yeni dünya nizamında Afrika qlobal siyasətin yeni geostrateji mərkəzlərindən birinə çevrilir
Bu gün dünya dövlətləri Afrikaya gələcəyin iqtisadiyyatı, enerji təhlükəsizliyi, siyasi təsir zonası və beynəlxalq legitimlik məkanı kimi yanaşırlar. Məhz bu mərhələdə Azərbaycanın Afrikaya açılan diplomatik xətti xüsusi diqqət çəkir. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin Bakıda keçirilən “Afrika Günü” beynəlxalq konfransında səsləndirdiyi fikirlər də göstərir ki, Bakı artıq Afrikanı uzaq coğrafiya deyil, yeni strateji tərəfdaşlıq məkanı kimi qiymətləndirir.
Afrika dünyanın diqqət mərkəzində
Əslində, Afrika uzun illər beynəlxalq siyasətdə daha çox humanitar böhranlar, yoxsulluq, vətəndaş müharibələri və qeyri-sabitlik kontekstində təqdim olunurdu. Qlobal media və böyük güclərin siyasi ritorikası qitəni əsasən “problemlər məkanı” kimi təsvir edirdi. Lakin XXI əsrin ikinci onilliyindən etibarən bu yanaşma tədricən dəyişməyə başladı. Çünki dünya siyasətinin iqtisadi və geostrateji ağırlıq mərkəzi dəyişdikcə, Afrikanın da beynəlxalq sistemdə rolu tamamilə yeni məna qazanmağa başladı.
Bu gün Afrikanın yüksəlişi qlobal geosiyasi transformasiyanın mühüm tərkib hissəsidir. Əgər XX əsrdə böyük güclər Yaxın Şərq enerji resursları uğrunda rəqabət aparırdısa, XXI əsrdə rəqabətin əsas istiqamətlərindən biri məhz Afrika üzərində formalaşır. Çünki gələcəyin iqtisadiyyatında artıq texnologiya, rəqəmsal sənaye, “yaşıl enerji” və kritik mineral resurslar yeni geosiyasi mübarizənin əsas elementlərinə çevrilir. Afrika isə məhz bu yeni iqtisadi modelin mərkəzində dayanır. Dünyanın ən gənc əhalisinə malik olan qitə yaxın onilliklərdə həm böyük əmək bazarı, həm də nəhəng istehlak məkanı kimi çıxış edəcək. BMT proqnozlarına görə əsrin ortalarına qədər dünya əhalisinin əhəmiyyətli hissəsi Afrikada yaşayacaq. Bu isə o deməkdir ki, qlobal şirkətlər, texnologiya nəhəngləri və siyasi güclər gələcəyin bazarlarını indidən formalaşdırmağa çalışırlar. “Yaşıl enerji” keçidi Afrikanın strateji əhəmiyyətini daha da artırıb. Elektromobillərdən tutmuş süni intellekt texnologiyalarına qədər yeni sənaye inqilabının əsasını təşkil edən litium, kobalt və nadir torpaq elementlərinin böyük hissəsi Afrika ölkələrində cəmləşir. Xüsusilə Konqo Demokratik Respublikası, Zambiya və digərləri artıq qlobal enerji transformasiyasının ayrılmaz hissəsinə çevriliblər. Başqa sözlə, gələcəyin texnoloji üstünlüyü, müəyyən mənada Afrikanın resurs xəritəsindən keçir.
Məhz buna görə bu gün Afrikada ciddi geosiyasi rəqabət müşahidə olunur. Çin uzun illərdir “Bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə qitədə infrastruktur və maliyyə təsirini artırır. ABŞ isə son dövrlər Afrikaya dönüş strategiyasını gücləndirərək Pekinin təsir balansını məhdudlaşdırmağa çalışır. Rusiya təhlükəsizlik və hərbi əməkdaşlıq üzərindən öz mövqelərini genişləndirir, Türkiyə humanitar diplomatiya və müdafiə sənayesi vasitəsilə təsir dairəsini böyüdür. Körfəz ölkələri isə logistika, limanlar və kənd təsərrüfatı sahələrinə böyük investisiyalar yatırırlar. Deməli, Afrika artıq yeni dünya nizamının əsas geosiyasi düyün nöqtələrindən birinə çevrilir. Ən diqqətçəkən məqamlardan biri isə budur ki, bu prosesə artıq Azərbaycan da qoşulur. Bakı Afrikada həm Qlobal Cənub diplomatiyasını genişləndirmək, həm beynəlxalq təşkilatlarda siyasi tərəfdaşlıq şəbəkəsi qurmaq, həm də yeni çoxtərəfli geosiyasi identiklik formalaşdırmaq istiqamətində hərəkət edir.
Azərbaycanın Afrika diplomatiyası
Azərbaycan Afrika istiqamətində daha dərin və uzunmüddətli geosiyasi strategiya formalaşdırır. Son illər beynəlxalq münasibətlər sistemində “Qlobal Cənub” anlayışı Qərbmərkəzli beynəlxalq düzənə alternativ siyasi platforma və yeni diplomatik identiklik modeli kimi çıxış edir. Azərbaycan xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə bu xətt üzərində ciddi siyasi kapital formalaşdırmağa çalışdı. Məhz həmin dövrdə Bakı Afrika ölkələri ilə münasibətləri daha intensiv mərhələyə keçirdi. Pandemiya dövründə inkişaf etməkdə olan dövlətlərə yardım təşəbbüsləri, vaksin diplomatiyası, çoxtərəfli platformalarda əməkdaşlıq və siyasi dialoq Azərbaycanın Afrikada görünürlüyünü artırdı.
Əslində, Azərbaycanın Afrika siyasətində ən mühüm məqamlardan biri legitimlik diplomatiyasıdır. Beynəlxalq təşkilatlarda formalaşan siyasi dəstək şəbəkələri dövlətlərin qlobal mövqeyini müəyyən edən əsas amillərdən birinə çevrilib. Afrika isə bu baxımdan son dərəcə vacib siyasi məkan hesab olunur. BMT-də 54 Afrika dövlətinin mövcudluğu qitəni beynəlxalq səs balansında ciddi geosiyasi aktora çevirir. Azərbaycan üçün bu dəstək xüsusilə ərazi bütövlüyü, suverenlik və postmünaqişə dövründə beynəlxalq legitimlik məsələləri baxımından böyük əhəmiyyət daşıyır. Qarabağ müharibəsindən sonra Bakı yeni regional reallıqları beynəlxalq platformalarda qəbul etdirmək və öz siyasi narrativlərini daha geniş auditoriyaya çatdırmaq istiqamətində fəal siyasət aparır. Afrika ölkələri ilə yaxınlaşma da bu strategiyanın mühüm hissəsinə çevrilir.
Yeni siyasi balansa doğru
Uzun illər beynəlxalq idarəetmə sistemi əsasən II Dünya müharibəsindən sonra formalaşmış siyasi arxitektura üzərində qurulmuşdu. BMT Təhlükəsizlik Şurası, Bretton Vuds institutları və böyük iqtisadi platformalar əsasən Qərb və böyük güclərin maraq balansını əks etdirirdi. Lakin XXI əsrdə qlobal iqtisadiyyatın və siyasi dinamikanın dəyişməsi bu modelin legitimliyini sual altına almağa başlayıb. İnkişaf etməkdə olan ölkələr artıq beynəlxalq sistemdə qərarvermə prosesinin iştirakçısı kimi çıxış etmək istəyirlər.
Afrika İttifaqının G20-yə daxil edilməsi göstərir ki, Qlobal Cənub artıq beynəlxalq siyasi və iqtisadi arxitekturada daha çox söz sahibi olmaq iddiasındadır. Afrika isə burada yeni siyasi balansın əsas sütunlarından biri kimi çıxış edir. Əslində qlobal sistemdə baş verən dəyişikliklərin ən mühüm istiqamətlərindən biri də məhz beynəlxalq legitimliyin Qərbdən kənar mərkəzlərə doğru genişlənməsidir.
Azərbaycanın Afrika İttifaqının BMT Təhlükəsizlik Şurasında iki daimi yer əldə etməsi təşəbbüsünü açıq şəkildə dəstəkləməsi Bakının dəyişən beynəlxalq sistemdə özünü hansı siyasi xəttə yaxın gördüyünü nümayiş etdirir. Azərbaycan burada beynəlxalq sistemin daha inklüziv və çoxtərəfli modelə keçidini dəstəkləyən dövlət obrazı formalaşdırmağa çalışır.
İnkişaf etməkdə olan ölkələrlə tərəfdaşlıq xətti
Azərbaycanın Afrika istiqamətində formalaşdırdığı yeni xarici siyasət xəttində iqlim diplomatiyası xüsusi yer tutur. Xüsusilə Qlobal Cənub ölkələri ilə münasibətlər baxımından COP29 Bakıya beynəlxalq siyasi kommunikasiya üçün unikal imkan yaratdı. Bu gün iqlim böhranı təhlükəsizlik, miqrasiya, ərzaq təminatı, enerji siyasəti və qlobal iqtisadi bərabərsizlik məsələləri ilə birbaşa əlaqələndirilir. Bu böhranın ən ağır nəticələrini yaşayan regionlardan biri məhz Afrikadır. Su qıtlığı, səhralaşmanın genişlənməsi, kənd təsərrüfatının zəifləməsi, enerji çatışmazlığı və iqlim miqrasiyası qitənin bir çox ölkəsində artıq daxili sabitlik məsələsinə çevrilib.
Məhz buna görə Afrika dövlətləri beynəlxalq iqlim gündəliyində daha çox maliyyə, texnologiya transferi və siyasi dəstək tələb edirlər. Xüsusilə diqqətçəkən məqam odur ki, Azərbaycan paralel şəkildə “yaşıl enerji” keçidi tərəfdarı, enerji təhlükəsizliyi ilə iqlim siyasəti arasında balans yaratmağa çalışan ölkə və inkişaf etməkdə olan dövlətlərin tərəfdaşı obrazını formalaşdırmağa çalışır. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası” konsepsiyasının ön plana çıxarılması da bu beynəlxalq kommunikasiya strategiyasının tərkib hissəsidir.
Bəs Bakı Afrikada nə qazanmaq istəyir? Əslində Azərbaycanın Afrikaya yönəlməsi çoxqatlı və uzunmüddətli xarici siyasət strategiyasının tərkib hissəsidir. Bir tərəfdən Bakı beynəlxalq təşkilatlarda siyasi dəstək bazasını genişləndirməyə çalışır. Çünki müasir diplomatiyada say üstünlüyü və siyasi koalisiyalar xüsusilə BMT kimi platformalarda ciddi əhəmiyyət daşıyır. Afrika həm də iqtisadi baxımdan yeni imkanlar məkanıdır. Sürətlə böyüyən bazarlar, infrastruktur layihələri, enerji əməkdaşlığı və logistika imkanları Azərbaycanın iqtisadi diplomatiyası üçün yeni istiqamətlər açır.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


