Bu gün Budapeştdə TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçirilir
Macarıstan bizim Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə Macarıstan qalxır. Bilirəm ki, buna görə Macarıstan da bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşir. Ancaq Macarıstanın prinsipial mövqeyi, haqqın, ədalətin yanında olması, beynəlxalq hüquqa hörmətlə yanaşması onun beynəlxalq nüfuzunu böyük dərəcədə artırır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Türk Dövlətləri Təşkilatının katibliyindən verilən məlumatda bildirilir ki, mayın 20-21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə toplantısı keçiriləcək. “Şərq və Qərbin görüş nöqtəsi” adlanan bu tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan dövlət başçıları iştirak edəcək. Eləcə də, təşkilatın müşahidəçi üzvləri olan Şimali Kipr Türk Respublikası və Türkmənistan da zirvəyə qatılacaq. Bildirilir ki, qeyri-rəsmi zirvə görüşü dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələləri həll etmək üçün mühüm imkan yaradacaq. Bundan başqa, tədbirdə təşkilatın ümumi strategiyasını və dünyaya baxışını ifadə edən Budapeşt bəyannaməsinin qəbul ediləcəyi də gözlənilir. Uğurlar olsun!
Xatırladaq ki, bu barədə qərar TDT-nin ötən il noyabrın 5-də Bişkekdə keçirilən sammitindən əvvəl qəbul edilmişdi. Qırğızıstan Prezidenti Sadır Japarov Macarıstanın Baş naziri Viktor Orbanla görüşü zamanı demişdi ki, biz artıq sizin təşəbbüsünüzü dəstəkləmişik və çox şadıq ki, qeyri-rəsmi Budapeşt sammiti TDT-yə sədrliymiz çərçivəsində keçiriləcək. Öz növbəmizdə, sədrlik edən tərəf kimi bu sammitin uğurla keçirilməsi üçün əlimizdən gələni etməyə hazırıq”.
Təbii ki, beynəlxalq aləmdə davam edən ictimai-siyasi proseslər fonunda, xüsusən, sonu görünməyən münaqişələrin müəmmalı sabahı haqqında bədbin proqnozların baş alıb getdiyi günlərdə bu qəbildən olan tədbirlərin keçirilməsinin Türk dünyası üçün olduqca böyük əhəmiyyəti var. Elə tədbirdən əvvəl yayılan məlumatlarda da qeyd edilir ki, zirvə görüşü çərçivəsində üzv ölkələr arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı, o cümlədən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Təşkilatın gələcək fəaliyyət istiqamətləri və birgə layihələrlə bağlı qərarların qəbul ediləcəyi gözlənilir. Bəzi ekspertlərin fikrincə, bu zirvə görüşü hamıdan çox Macarıstan üçün maraqlıdır. Çünki Macarıstan 2018-ci ildən bəri Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir və son illərdə təşkilatla əlaqələrini daha da gücləndirir.
Elə Budapeştdə də etiraf edirlər ki, yeddi il TDT-də müşahidəçi dövlət kimi çıxış edən Macarıstan Türk dünyası ilə Avropa arasında körpü, ənənəvi sərhədləri aşan dialoq və əməkdaşlıq üçün qapı rolunu oynayır. Türk Dövlətləri Təşkilatının Macarıstan nümayəndəliyinin icraçı direktoru Balazs Hendrich Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə keçirilən “Dildə, fikirdə, əməldə birlik: Türk Dünyasının gələcəyi’’ adlı panel iclasında deyib ki, Macarıstanın Türk Dövlətləri Təşkilatındakı iştirakı dərin tarixi, dil və mədəni əlaqələrə əsaslanır: “Budapeştdəki nümayəndəliyimiz, sadəcə olaraq, inzibati bir qurum deyil. O, həm də mədəni mübadilə, iqtisadi tərəfdaşlıq və akademik əməkdaşlıq üçün mərkəzdir. Bu nümayəndəlik Macarıstanın Türk dünyasının dəyərlərinə və gələcəyinə sadiqliyini və TDT-nin coğrafi hüdudlardan kənara çıxan inklüziv baxışını nümayiş etdirir. Budapeşt ofisi Türk dünyasından kənarda yaradılmış ilk belə mərkəzdir və TDT üzv dövlətləri ilə Avropa İttifaqı arasında iqtisadi və ticarət tərəfdaşlıqlarının asanlaşdırılması, mədəni və təhsil mübadiləsinin təşviqi, o cümlədən təqaüdlər, birgə tədqiqatlar və gənclər proqramlarını, türk diasporunu dəstəklək, Avropadakı türklər arasında icma ruhunu gücləndirmək məqsədini daşıyır”.
Azərbaycanda isə hamıya məlumdur ki, rəsmi Budapeştin Türk Dövlətləri Təşkilatında oynadığı rol, bu ölkənin Türk dünyasına inteqrasiyası cənab Baş nazir Viktor Orbanın qətiyyəti və müstəqil siyasət yürütmək əzmi nəticəsində mümkün olmuşdur.
Heç kəsin yadından çıxmayıb. TDT-nin ötən ilin iyul ayında Şuşada keçirilən qeyri-rəsmi sammitində Viktor Orbanın da iştirak etməsi Qərbdə olduqca böyük qıcıqla qarşılanmışdı. Hətta Avropa İttifaqının xarici işlər üzrə komissarı Cozep Borrell bəyanat vermişdi ki, Viktor Orbanın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində təmsil etmək səlahiyyəti yoxdur. Ancaq politoloqlar deyirlər ki, cənab Orban TDT tədbirində Avropa İttifaqının təmsilçisi kimi deyil, TDT-da müşahidəçi statusuna malik olduğuna görə həmin görüşdə iştirak etmişdir. Üstəlik, Avropa İttifaqının üzv ölkələrə başqa təşkilatda təmsil olunmağı qadağan edən hüququ yoxdur.Yəni, ona qarşı irəli sürülən ittihamlar tamamilə əsassız və yersizdir.
Avropa İttifaqı rəsmisinin həmin hikkə dolu iddiasına səbr və təmkinlə cavab verən Viktor Orban demişdi: “Bəlkə sizdən soruşmalıyıq, cənab Borrell, harada nahar edəcəyik? Türk Dövlətləri Təşkilatında görüşmək Macarıstanın strateji maraqlarına uyğundur”.
Yeri gəlmişkən, mütəxəssislər yazırlar ki, Macarıstan XVI əsrə qədər Avropada əsas aparıcı siyasi güc idi. Görünən odur ki, aradan keçən 500 ildən sonra rəsmi Budapeşt Viktor Orbanın timsalında Avropa siyasətində istiqamət verməyə və aparıcı güc olmağa qərarlıdır. O, bütün hallarda Avropada real işlər görməyi bacaran nadir liderlərdəndir.
Xatırladaq ki, əvvəlki adları Türk Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olan TDT 2009-cu il oktyabrın 3-də Naxçıvanda təsis edilmişdi. O zaman “Biz birlikdə daha güclüyük!” şüarı ilə yaradılan qurumun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlətləri idi. Sonra (2018-ci ildə) Özbəkistan da bu quruma üzv oldu. Daha sonra isə Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası da bu quruma müçahidəçi üzv statusu ilə qoşulmuşdur.
Bu gün Türk Dövlətləri Təşkilatının üç mərkəzi var. Bunlar İstanbul, Bakı və Astanadır. İstanbul ümumi katibliyin, Bakı parlamentar assambleyanın, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir. Daha maraqlı olan məqamlardan biri də odur ki, bu qurumun bayrağı 22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan Türk Şurasının II Zirvə görüşündə qəbul edilmişdir. Həmin bayraq 12 oktyabr 2012-ci ildə isə İstanbulda üzv ölkələrin bayraqları ilə birlikdə dalğalandırılmışdır. Bayrağın dizaynı üzv ölkələrin bayraqlarında olan elementlərin bir araya gətirilməsi ilə yaradılmışdır. Belə ki, həmin bayrağın dizaynı zamanı Azərbaycan bayrağının ulduzundan, Qazaxıstan bayrağının rəngindən, Qırğızıstan bayrağının Günəşindən və Türkiyə bayrağının ayparasından istifadə edilmişdir.
Bu sətirləri Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyası barədə söylədiyi fikirlərlə yekunlaşdırırıq. Dövlət başçımız 2022-ci il noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündəki nitqində demişdir: “Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə və müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.
İttifaq MİRZƏBƏYLİ