Zəngəzurda konsulluq, yoxsa casus yuvası?

post-img

Parisin Gorusda başladığı yeni “oyun” dəvənin başını kola soxmasına bənzəyir

İkinci Qarabağ müharibəsinin başa çatmasını şərtləndirən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Zəngəzur bölgəsi xarici qüvvələrin ciddi maraq dairəsinə düşüb. Həmin dövrədək yada düşməyən Zəngəzura yaxın-uzaq ölkələrdən nümayəndə heyətləri axışır. Onlar dəstə-dəstə regiona gələrək burada görüşlər keçirir, hətta bəziləri konsulluq açmaq barədə növbəyə dayanırlar.

Yada salmaq yerinə düşər ki, 2022-ci il oktyabrın 20-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistana rəsmi səfər etmişdi. O, səfər çərçivəsində Zəngəzur vilayətinin inzibati mərkəzi olan Qafanda İran baş konsulluğunun açılışına qatılmışdı. Eyni zamanda, Rusiya Federasiyası da vilayətdə baş konsulluğunu açmağa çalışır. Bu istiqamətdə üç ilə yaxındır ki, iş aparılır. 2023-cü ilin sentyabr ayından etibarən Qafanda baş konsulluğun açılışına hazırlıq üçün məsul olan qrup işləyir. Ermənistan xarici işlər nazirliyi martın sonlarında “Sputnik Ermənistan” agentliyinin yazılı sorğusuna cavab olaraq bildirmişdi ki, hazırda iki ölkə arasında Qafanda baş konsulluğunun açılması məsələsi müzakirə olunur. Redaksiya, xüsusilə prosesin hansı mərhələdə olduğunu, diplomatik nümayəndəliyin açılmasının nə vaxta planlaşdırıldığını, hansı işlərin görüldüyünü, həmçinin konsulluğun niyə hələ də fəaliyyətə başlamadığı ilə maraqlanmışdı. Ermənistan XİN-dən isə bu suallara qısa cavab verilmişdi: “Qaldırdığınız məsələ iki ölkə arasında müzakirə mərhələsindədir”.

İndi isə deyəsən, konsulluq açma yarışında növbə Fransaya çatıb. İyunun 2-də Gorusda Ermənistan–Fransa konfransı keçiriləcək və həmin gün Zəngəzur bölgəsində Fransa konsulluğunun açılış mərasimi baş tutacaq. Mövzunu inkişaf etdirən “Hraparak” qəzeti yazır: “Rusiya 2023-cü ildən Zəngəzurda konsulluq açmağa çalışsa da, Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə bu cəhdlərin qarşısını alır. Fransanın bir neçə ay əvvəl dilə gətirdiyi istəyi isə yaxın günlərdə reallaşacaq. “Gorus Frankofonlar İttifaqı” ictimai təşkilatının rəhbəri Karmen Apunts konsul təyin olunacaq. Ekspertlər artıq bildiriblər ki, Fransa konsulluğu Zəngəzurda sırf hərbi və kəşfiyyat məqsədi daşıyacaq, kollektiv Qərbə xidmət edəcək”.

Beləliklə, aydın olur ki, kommunikasiya xətlərinin açılması ilə region ölkələrinin inkişafına töhfə verməli olan Zəngəzur diplomatik savaş meydanına çevrilir. Rəsmi İrəvan son illərdə bölgəni Qərbin geosiyasi platformasına çevirməyə çalışır. Zəngəzur daha sadəcə, coğrafi yox, artıq siyasi-taktiki məkana dönür. Ermənistan hakimiyyəti bu ərazidə xarici aktorlarla münasibətlərini yeni fazaya daşımaqla, ölkənin geosiyasi konturlarını yenidən formalaşdırmaq niyyətindədir. Bu istiqamətdən baxdıqda Fransanın Gorus şəhərində konsulluq açması təşəbbüsü yeni gərginlik potensialı yaradır.

Konsulluğun Gorusda deyil, məhz Zəngəzurda açılacağı formasında təqdim olunması da təsadüfi deyil. Beynəlxalq münasibətlər sistemində konsulluqlar açılarkən, adətən, şəhərlərə vurğu edilir. İndiki halda isə konsulluq Zəngəzur regionuna şamil olunur. Bu, Fransa tərəfinin baş nazir Nikol Paşinyanla razılıaşma əsasında regionu müstəqil siyasi-beynəlxalq subyekt kimi qavradığını göstərir. Beləliklə, rəsmi Paris Azərbaycan və Türkiyənin bu istiqamətdə irəli apardığı Zəngəzur dəhlizi ideyasının reallaşmasını neytrallaşdırmaq üçün Ermənistan üzərindəki təsir imkanlarından istifadə edir.

Fransanın Zəngəzur bölgəsində konsulluq açması xəbəri Ermənistanın Qərbə inteqrasiya prosesinin növbəti ciddi mərhələsi kimi təqdim olunur. Lakin bu hadisənin fonunda daha geniş və hiyləgər planların olduğu şübhə doğurmur. Təsadüfi deyil ki, bir sıra ekspertlər, o cümlədən bölgə üzrə tanınmış geosiyasi şərhçilər artıq açıq şəkildə bildirirlər ki, Fransa konsulluğu Zəngəzurda sırf hərbi və kəşfiyyat məqsədi daşıyacaq, kollektiv Qərbə xidmət edəcək. Bu cür qiymətləndirmələr təkcə ehtimallara deyil, həm də Fransa–Ermənistan münasibətlərinin son illərdəki dinamikasına və bu ölkələrin regiondakı maraqlarına əsaslanır. Əvvəla, Ermənistan kimi kiçik və hərbi-strateji baxımdan həssas bir ölkənin birbaşa Qərb siyasi blokuna meyillənməsi, xüsusən də Rusiyaya qarşı mövqe sərgiləməsi təkcə diplomatik deyil, həm də hərbi müstəvidə nəticələr doğurur. Fransa bu prosesin lokomotivlərindən biri kimi çıxış edir. Digər tərəfdən Fransa konsulluğunun Zəngəzurda yaradılması sadəcə bir diplomatik jest kimi təqdim edilsə də, əslində, bu qərarın geosiyasi və hərbi çalarları daha qabarıq görünür. Konsulluğun rəhbərliyinə diplomat yox, ictimai-siyasi fəal olan və Frankofoniya xəttini açıq şəkildə müdafiə edən Karmen Apuntsun gətirilməsi bu istiqamətdə ilk şübhələri doğruldur. Bu, konsulluğun sırf texniki və vətəndaş xidmətləri funksiyası ilə məhdudlaşmayacağını göstərir.

Fransa Zəngəzuru sadəcə, Ermənistanın bir bölgəsi kimi deyil, həm də Azərbaycan və Türkiyəyə qonşu olan strateji ərazi kimi dəyərləndirir. Belə bir ərazidə konsulluq açmaq, əslində, bölgədə situasiyanı daha dərindən öyrənmək və ehtiyac olarsa, müdaxilə etməyə hazır olmaq deməkdir. Bu mənada konsulluğun faktiki olaraq kəşfiyyat məlumatlarının toplanması üçün istifadə olunacağı gözləniləndir.

Zəngəzur tarixi Azərbaycan torpağı, bu gün də respublikamızla həmsərhəd olduğu üçün burada fəaliyyət göstərəcək istənilən diplomatik nümayəndəlik, istər-istəməz ölkəmizlə bağlı məsələlərdə də aktivlik göstərəcək. Bu isə Fransanın nəinki Ermənistana, həm də Azərbaycana qarşı dolayı təsir imkanlarını genişləndirəcək. Fransanın burada hansı informasiyanı toplayacağı və onu kimlərlə bölüşəcəyi sualının da cavabı sadədir. Paris bu məlumatları NATO və Avropa İttifaqı strukturları ilə bölüşəcək. Konsulluğun açılması fonunda Zəngəzur bölgəsində Fransa hərbi nümayəndələrinin peyda olması, müxtəlif mütəxəssis adı altında bölgədə yerləşdirilən kəşfiyyat agentlərinin fəaliyyəti ehtimalı yüksəkdir. Bu isə bölgənin faktiki olaraq geosiyasi casusluq mühitinə çevrilməsi deməkdir. Zəngəzurda baş verənlər bir daha sübut edir ki, Cənubi Qafqaz yalnız keçmiş münaqişə zonası deyil, həm də gələcəkdə böyük güclərin qarşıdurma meydanına çevrilə biləcək ərazidir. Fransa konsulluğunun açılması isə bu “oyun”da ilk fiqurlardan biridir.

Onu da bildirək ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bu ilin martında Gorusa səfər etmişdi. Görüş zamanı şəhər rəhbəri səfirlə ikitərəfli əməkdaşlığa dair bir sıra məsələləri, xüsusən Gorusda konsulluğun açılması imkanlarını müzakirə etmişdi. Səfir Gorusun fransızdilli şəhər olduğunu (?) və bunun ikitərəfli əlaqələrin inkişafı üçün mühüm baza olduğunu xüsusi vurğulamışdı. Qeyd etmişdi ki, yaxın vaxtlarda keçiriləcək konfrans iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə və əməkdaşlığın yeni sahələrinin araşdırılmasına yönəlib. Fransa səfirinin Gorusa səfəri və konsulluq ideyasının hələ martda gündəmə gətirilməsi bu planın əvvəlcədən hazırlanmış və məqsədyönlü olduğunu göstərir. Gorusun “fransızdilli şəhər” kimi təqdim olunması isə daha çox ideoloji zəmin yaratmaq cəhdidir. Bu, Fransanın bölgədə yumşaq güc vasitəsilə möhkəmlənmək istəyindən xəbər verir. Qarşıdakı konfrans və konsulluğun açılışı isə bu siyasətin rəsmi mərhələyə keçid nöqtəsi olacaq.

Zaur MƏMMƏDOV,
Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri

– Biz artıq 5 ildir ki, Zəngəzur dəhlizinin, Qərbi Zəngəzur torpaqlarının beynəlxalq diskursda kifayət qədər ciddi şəkildə müzakirə olunmasına şahidlik etməkdəyik. Əlbəttə, bunun da obyektiv və subyektiv səbəbləri var. Məsələ ondadır ki, 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra Qərbi Zəngəzur bölgəsinin strateji əhəmiyyəti ilə bağlı region ölkələrinin və beynəlxalq şəbəkələrin aktivliyi artıb. Bu, onunla bağlıdır ki, bölgədən kommunikasiya xətləri keçə bilər. Əlbəttə, həm də ona görə ki, bu ərazi Türkiyə, Rusiya və İran kimi regional aktorlarla həmsərhəd, yaxud yaxın bölgədir.

Ermənistan bu istiqamətdə müxtəlif siyasi demarşlar etdi. Rəsmi İrəvan bu gün də həmin demarşları davam etdirməkdədir. Ümumilikdə, onu qeyd etmək lazımdır ki, 2020-ci il 10 noyabr tarixli Bəyanatın imzalanmasından müəyyən vaxt keçdikdən sonra Avropa İttifaqı, Fransa və ABŞ ciddi şəkildə Qərbi Zəngəzurda aktivləşdilər. Daha sonra Fransa və İran baş konsulluqlarının məhz Qafanda açılması ilə bağlı məsələ qaldırıldı. Rusiya tərəfi də bölgədə baş konsulluğun açılmasında maraqlı olduğunu bildirdi və Ermənistan hökumətindən müvafiq prosedurları tez bir zamanda başa çatdırmağı xahiş etdi. Cəmi 29,7 min kvadratkilometr əraziyə malik Ermənistan Respublikasının böyüklüyünə görə dördüncü, yaxud beşinci şəhərində bir ölkə konsulluq açırsa, bu o deməkdir ki, burada məsələ siyasidir. Deməli, həmin şəhərin yerləşdiyi bölgə konsulluq açan dövlətlər üçün böyük siyasi və geosiyasi əhəmiyyət daşıyır. Bu da həmin dövlətlərin hansısa məqsədlərinin və niyyətlərinin xəbərçisidir.

Rusiya və Ukrayna arasındakı müharibə və Co Bayden administrasiyasının vaxtilə Nikol Paşinyana dəstəyi Qərbi Zəngəzur bölgəsinin, demək olar ki, Qərb kəşfiyyatının arenasına, platformasına çevrilməsi ilə müşayiət olunurdu. Hətta, bəzi bölgələrdən rus hərbçilərinin çıxarılmasını, Kanadanın daxil olması ilə faktiki olaraq, NATO missiyasına çevrilmiş Avropa İttifaqının yarımhərbiləşdirilmiş dəstəsinin Qərbi Zəngəzurda yerləşdirilməsini də müşahidə etdik. Əslində, kəşfiyyatçılar və hərbçilər orada indi də fəaliyyətdədirlər. Fransanın isə Hindistanla birgə bölgəyə ağır və digər texnikalar yerləşdirməsini görməkdəyik. Bu, faktiki olaraq, həm də Ermənistanın xarici siyasətlə bağlı seçimi idi. Eyni zamanda, bizim üçün maraqlı məqam bundan ibarət idi ki, bölgədə gərginlik artırdı və bu da yeni müharibəyə gətirib çıxara bilərdi.

Bu gün isə Rusiya–Ukrayna müharibəsində vəziyyət dəyişdiyindən, ABŞ-da Donald Tramp hakimiyyətə gəldiyindən Paşinyan Qərbi Zəngəzurla bağlı çox da ciddi demarşlar edə bilməyəcək. Mən düşünmürəm ki, Fransanın bölgədə konsulluq açması nəticəsində Paris hansısa nailiyyətlər əldə edəcək. Xeyr, bu konsulluq, demək olar ki, kəşfiyyatla məşğul olaraq, hətta, bu məsələdə də öz niyyətinə çatmayacaq. Çünki vaxtı çatanda Qərbi Zəngəzurda vəziyyət dəyişəcək. Vəziyyətin dəyişiləcəyini artıq Ermənistan daxilində baş verən hadisələr də göstərir. Hər bir halda Ermənistan hakimiyyəti Qərb və Rusiya arasında siyasi manevrlər etməkdədir. Bu hadisələr bir daha göstərir ki, Qərbi Zəngəzur əsas diqqət mərkəzinə çevrilməkdədir. Bölgədə bir çox dövlətlər indidən orada baş verəcək proseslərə hazırlaşırlar ki, kommunikasiya xətləri açılanda onlar daha böyük imkanlara malik olsunlar.

Səxavət HƏMİD
XQ



Siyasət