Dini libas geymiş revanşist

post-img

Paşinyanla qarşıdurmaya girən erməni kilsəsi mənəvi və ictimai legitimliyini itirməklə üz-üzədir

Nikol Paşinyan iqtidarı ilə erməni apostol kilsəsi arasında may ayının son günlərindən açıq fazaya keçən münaqişə getdikcə böyüyür. Demək olar ki, hər gün bu istiqamətdə hökumətdə təmsil olunan şəxslər, habelə hakim “Mülki müqavilə” partiyasının deputatları və kilsə tərəfdarları açıqlamalar verirlər. Tərəflər arasında, necə deyərlər, söz dueli yaşanır.

Dünən səhər N.Paşinyan “Facebook” sosial şəbəkəsindəki hesabında bu mövzuda etdiyi növbəti paylaşımında bütün ermənilərin katolikosu II Qaregini və onun müdafiəçilərini kəskin tənqid edib. Paşinyanın sözlərinə görə, onun II Qareginə ünvanlanmış tənqidlərini “Azərbaycan” və ya “Türkiyə izi” kimi təqdim etmək cəhdləri ikiüzlülüyün təzahürüdür: “Bəziləri erməni apostol müqəddəs kilsəsinin ikiüzlülərin və riyakarların əsarətindən azad edilməsi prosesində türk və ya azərbaycanlı izi görməyə çalışır.

Bu, ikiüzlülərin və riyakarların öz çirkinliklərini erməni ictimaiyyətindən gizlətmək üçün “türk” və ya “azərbaycanlı” arqumentindən istifadə etmələrinin ən bariz ifadəsidir. Bu üsuldan istifadə edənlər, o cümlədən xarici qüvvələr istənilən sağlam diskursu əngəlləyir, islahatı dayandırır və erməni apostol kilsəsini indiki kimi çıxılmaz vəziyyətdə saxlayır. Ermənistanın və erməni apostol kilsəsinin çiçəklənməsini istəməyən istənilən qüvvə üçün kilsəmizin müqəddəs yerlərini ləkələyən Ktriç Nersisyan və bu kimi şəxslər hədiyyədir. Bəziləri Nersisyanı müdafiə edir. Nəyi, kimi müdafiə edirsiniz? Yalan, saxtakarlıq, ləkələnmə. Siz bu yolla özünüzü müdafiə edirsiniz və heç bir şansınız yoxdur. Erməni apostol kilsəsi İsa Məsihə və erməni xalqına qaytarılacaq. Cəsur (?) Nersisyan dərhal taxt-tacı boşaltmalıdır”.

Paşinyanın sözlərinə görə, çoxları onun yeni katolikosluğa namizədinin olmasına haqq qazandırmaq istəsə də, təəssüf ki, bu posta namizədi yoxdur: “Mənim katolikos üçün təsəvvürüm var. Katolikos Allaha inanan, fırıldaqçı olmayan, İsa Məsihin davamçısı olan, kilsəyə səmimi xidmət edən, ruhani pərdəsi altında gizlənməyən, gerçəkdən ruhani bir insan olmalıdır. Və bizim mömin və Allahdan qorxan bir katolikosumuz olacaq”.

Nikolun paylaşımı bir tərəfdən Ermənistanda daxili siyasi mübarizənin dərinləşdiyini, digər tərəfdən isə kilsəyə qarşı açıq ideoloji hücum başladığını göstərir. Bu paylaşım bir daha göstərdi ki, erməni apostol kilsəsi təkcə dini yox, siyasi çəkişmələrin də mərkəzinə çevrilib. II Qaregin və ətrafındakı ruhani çevrənin son davranışları, əslində, kilsənin öz dini missiyasından uzaqlaşaraq siyasi oyunlara alət olduğunu ortaya qoyur. Paşinyanın səsləndirdiyi tənqidlərə cavab əvəzinə, kilsə nümayəndələri yenə də emosional və ittihamçı ritorikaya üstünlük verirlər. Ən diqqətçəkici məqam isə odur ki, kilsə öz daxilindəki korrupsiya, şəffaflıq problemi və nüfuz itkisindən diqqəti yayındırmaq üçün siyasi qalmaqallardan istifadə edir. Ktriç Nersisyan ətrafında yaranmış qalmaqal, kilsənin daxili problemlərinin və ruhanilərin əxlaqi zərbəyə uğradığının bariz nümunəsidir. Özünü xalqın “mənəvi dayağı” kimi təqdim edən bir qurumun siyasi partiyalarla və siyasətçilərlə eyni sırada dayanması onun iddiasını puça çıxarır.

***

Öz növbəsində II Qaregin də geri çəkilənə oxşamır və inadla müqavimət göstərir. İyunun 11-də gecə səfərdən qayıdan katolikosu “Zvartnots” beynəlxalq hava limanında yüzlərlə Ermənistan vətəndaşı qarşılayıb. Toplaşanlar II Qareginin Ermənistana qayıtmasını alqışlarla qarşılayıb və bununla da patriarxa öz dəstəklərini bildiriblər. Onu qarşılayanlar arasında Seyran Ohanyanın rəhbəri olduğu “Hayastan” fraksiyasının deputatları, “Hayakve” təşəbbüsünün üzvləri və digər müxalif siyasətçilər olub.

Katolikos tərəfdarları qarşısında çıxışında deyib: “Bilirəm ki, baş nazirin son günlər kilsəyə və onun nümayəndələrinə qarşı səsləndirdiyi bəyanatlara hiddətinizi bildirməyə gəlmisiniz. Həmin ifadələrin ümumi hiddətə səbəb olduğunu bilirik. İnanıram ki, Allahın lütfü və köməyi ilə sizinlə birlikdə bu sınaqdan təvazökarlıqla və emosionallıq olmadan çıxa biləcəyik. Öz inancınızda və kilsəyə sədaqətinizdə möhkəm olun”.

Katolikos tərəfdarlarını yerlərində, necə deyərlər, möhkəm dayanmağa çağırıb: “Bizim çağırışımız bundan ibarətdir ki, çətin anlarda milli birliyi həyatımızda möhkəm və mətanətlə qoruyub saxlayın. İnanırıq ki, biz vahid səylə, gücümüzü birləşdirməklə bütün sınaqlara tab gətirəcək, çətinliklərin öhdəsindən gələcəyik”. O, həmçinin qeyd edib ki, kilsənin nizamnaməsinə əsasən, kilsə və onunla bağlı məsələlər müvafiq qurumlar tərəfindən müzakirə olunur.

II Qaregin bununla taxtından ayrılmayacağının və müqavimət göstərəcəyinin anonsunu vermiş oldu. O, Paşinyan hökumətinin siyasətini əvvəldən də “erməni kimliyinə qarşı yönəlmiş təhlükə” kimi qiymətləndirərək, kilsənin tarixi missiyasını hər addımda xatırladırdı. Katolikos açıq şəkildə bəyan edirdi ki, kilsə xalqın mənəvi dayağı olaraq susqun qala bilməz. II Qareginin əvvəlki açıqlamaları, əslində, kilsənin siyasi meydanda daha fəal olacağının xəbərdarlığı idi. İndi isə onun “Zvartnots” hava limanında xalq tərəfindən qarşılanması kilsənin siyasi məkanda bir aktora çevrilmək iddiasının nümayişidir. Onun ritorikasında dini liderdən çox, siyasi tribunaya qalxmış müxalif fiqurun ritorikası sezilirdi. Katolikosun “baş nazirin ifadələrinə hiddətinizi bildirməyə gəlmisiniz” sözləri dini liderin insanları açıq şəkildə siyasi qarşıdurmaya səslədiyini göstərir. Din xadimi adlanan bu şəxs insanları təmkinli olmağa çağırsa da, əslində, bu çağırışlar arxasında siyasi səfərbər olunma niyyəti gizlənir. II Qaregin öz çıxışı ilə kilsənin təkcə mənəvi yox, həm də siyasi dirəniş mərkəzinə çevrilmək istədiyini təsdiqlədi. Xüsusilə “Hayastan” fraksiyası və müxalif siyasətçilərin onu qarşılaması kilsənin neytral mövqe nümayiş etdirmədiyini göstərir. Bu, açıq şəkildə dövlətin dünyəvilik prinsipinə meydan oxumaq və siyasi hakimiyyətlə paralel güc mərkəzi formalaşdırmaq cəhdidir. Katolikosun ritorikasında xalqı milli birliyə çağırmaq adı altında cəmiyyətin bir hissəsini hökumətə qarşı səfərbər etmək cəhdi görünür. Onun “çətin anlarda milli birliyi qoruyun” çağırışı, əslində, mövcud hökumətin milli maraqlara zidd fəaliyyət göstərdiyi iddiasına əsaslanır. Bu isə dini institutun öz səlahiyyətlərini aşaraq siyasi müdaxilə cəhdidir. Kilsənin nizamnaməsinə istinad edən II Qaregin, görünür, bu sənədi yalnız öz maraqlarına uyğun şəkildə interpretasiya edir. Nəticə etibarilə, kilsənin bu şəkildə siyasətə qarışması nə cəmiyyətin birliyinə, nə də dövlətin sabitliyinə xidmət edir – əksinə, daxili parçalanmanı daha da dərinləşdirir.

Yaranmış durumu XQ-yə şərh edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti, siyasi şərhçi Oğuz Mirzəyev bildirdi ki, Ermənistanda dövlətlə kilsə arasında gedən qarşıdurma, əslində, çoxdan yetişmiş bir davanın açıq fazasıdır. Onun sözlərinə görə, ancaq bu toqquşmanın mahiyyətini düzgün anlamaq üçün, kilsənin, sadəcə, “mənəvi mərkəz” yox, siyasi-ideoloji manipulyasiya maşını olduğunu qəbul etmək lazımdır: “Bu maşının tək hədəfi Ermənistan cəmiyyəti olmayıb. Onilliklərdir regiondakı bütün erməni nəsillərini revanşizmə, nifrətə və saxta müqəddəslik duyğusuna kodlayan struktur məhz erməni apostol kilsəsidir. Bu qurum təkcə dini ayinlər keçirməyib – təhsil sisteminə, diaspor strategiyasına və siyasi qərarların ideoloji əsaslandırılmasına birbaşa müdaxilə edib. Kilsə, Ermənistanda formalaşmış dövlətçilik modelinin kölgəsində, amma faktiki olaraq onun ən mühüm ruhani dayağı kimi çıxış edib. Xüsusilə 1988-ci ildən etibarən, Qarabağ məsələsinin “müqəddəs savaş” kimi təqdim olunmasında kilsənin rolu danılmazdır. Birinci Qarabağ müharibəsi zamanı, kilsə açıq şəkildə erməni silahlı qüvvələrini xeyir-dua ilə yola salır, Azərbaycan torpaqlarının işğalını “Tanrının iradəsi” kimi təqdim edirdi”.

O.Mirzəyev bildirdi ki, Paşinyanın II Qaregini “taxtdan salmaq” cəhdi, sadəcə, bir dini rəhbərin dəyişdirilməsi deyil – bütöv bir düşüncə sisteminə qarşı siyasi hücumdur: “Amma bu hücum yalnız inzibati iradə ilə deyil, ideoloji alternativ təqdimetmə bacarığı ilə nəticə verə bilər. Əgər Paşinyan xalqın şüurunda kilsənin tutduğu yeri doldura bilməsə, kilsəyə qarşı bütün inzibati cəhdlər onun öz siyasi dayaqlarını zəiflədəcək və hətta katolikosun fiziki olaraq iqamətgahdan çıxarılması belə, real qələbə olmayacaq.

Çünki II Qaregini qoruyan təkcə onun dini statusu deyil. Onun arxasında kilsənin qurduğu tarixi miflər, diaspor dəstəyi və Qarabağ klanının siyasi kölgəsi dayanır. Bu klan illər boyu Ermənistanı idarə etmiş, xüsusilə Koçaryan dövründə kilsə ilə qarşılıqlı legitimlik mexanizmi quraraq biri xalqın inancını, digəri isə silahlı və iqtisadi dayaqları idarə etmişdi. Bu sinerji Ermənistanı uzun illər həm daxildə, həm də regionda populist, qisasçı və militarist bir kursa sürükləmişdi. İndi bu iki güc yenidən sinxronlaşır – məqsəd Paşinyanı zəiflətmək və onu “milli müqəddəslərə qarşı çıxan” fiqura çevirməkdir”.

Ekspert dedi ki, əgər Paşinyan bu koordinasiyalı müqavimətə qarşı effektiv informasiya savaşı apara bilməzsə, bu qarşıdurma onun ictimai dəstəyini sarsıdacaq. Xalqın bir hissəsi bu prosesi dini dəyərlərə zorakı müdaxilə kimi qəbul edəcək və onun legitimliyi təhdid altına düşəcək: “Üstəlik, Qarabağ klanının təhlükəsizlik strukturlarında, maliyyə dairələrində və regionlarda qalan təsiri bu xaotik vəziyyəti Paşinyana qarşı fürsətə çevirə bilər. Təsadüfi deyil ki, son günlərdə kilsənin arxasında yenidən anti-hökumət ritorikası formalaşmağa başlayıb. Bu isə artıq yalnız dini çevrədə deyil, siyasi meydanda da yeni bir cəbhənin açıldığını göstərir. Lakin əgər Paşinyan bu qarşıdurmanı, sadəcə, daxili böhran kimi deyil, kilsənin cəmiyyət üzərindəki zərərli təsirinə qarşı real addım kimi dəyərləndirə bilsə, bu, Ermənistan daxilində müəyyən ideoloji dəyişikliklərə yol aça bilər. Bu dəyişikliklər Ermənistanın daxilində sekulyar dövlətçiliyin bərpası baxımından müəyyən əhəmiyyət daşısa da, region üçün yalnız o halda pozitiv nəticə verəcək ki, bu dəyişikliklər Ermənistanın xarici siyasətində revanşizmə son qoymaqla, sabitliyə və sülhə yönəlik real dönüş yaratsın”.

Səxavət HƏMİD
XQ



Siyasət