Ukraynanın Xarkov şəhərində Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, müharibə şəraitinə görə təhlükəsizlik qaydalarına riayət olunmaqla keçirilən tədbirdə fəxri konsul Əfqan Salmanov, Xarkov Diplomatik Klubunun fəxri prezidenti, Xarkov şəhərinin fəxri vətəndaşı, Xarkov Regional Şurasının deputatı Sergey Çernov, Ukrayna Milli Rəssamlar İttifaqının Xarkov bölməsinin İdarə Heyətinin sədri, Ukrayna Xalq Rəssamı Şurasının sədri, Ukraynanın Xalq Rəssamı Viktor Kovtun, Ukraynanın Xalq Rəssamı Viktor Komanov, universitet rəhbərləri, diaspor fəalları, ictimai-siyasi xadimlər iştirak ediblər.
Tədbir Azərbaycan və Ukraynanın Dövlət himnlərinin ifası ilə başlayıb.
Çıxış edənlər Ukrayna və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin qurulmasında Heydər Əliyevin müstəsna rolunu vurğulayıb, həmçinin indiki şəraitdə Ukraynaya genişmiqyaslı humanitar dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.
Viktor Kovtun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin portretini fəxri konsulluğa təqdim edib. Fəxri konsul Əfqan Salmanov Viktor Kovtuna gözəl hədiyyəyə görə təşəkkür məktubu təqdim edib.
Tədbir iştirakçıları Azərbaycanda dövlətçiliyin təşəkkülünə həsr olunmuş fotosərgi ilə tanış olublar.
Tədbir Heydər Əliyevin bənzərsiz şəxsiyyətini, onun müasir Azərbaycanın dövlətçilik və quruculuğu prosesində xidmətlərinə həsr olunan sənədli filmin nümayişi ilə başa çatıb.