Milli Məclisin deputatı Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iyunun 28-dən iyulun 3-dək Portuqaliyanın Porto şəhərində keçirilmiş illik sessiyasında iştirak edib.
Nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev daxil olublar. Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və Portuqaliyadakı fövqəladə və səlahiyyətli səfir İlqar Muxtarov nümayəndə heyətini müşayiət edib. Sessiyada Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb, ATƏT PA prezidenti, vitse-prezidenti və digər vəzifələrə seçkilər keçirilib.
Nümayəndə heyətinin üzvləri Assambleyanın plenar iclasında və komitələrin iclaslarındakı müzakirələrdə fəal iştirak edib, çıxışlarında ölkəmizin regionda sülh və əməkdaşlığın bərqərar olması səyləri, ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq, o cümlədən COP29-da Azərbaycan rəhbərliyinin səyləri sayəsində razılaşdırılmış tarixi qərarlar və hazırda COP29-un sədri kimi Azərbaycan tərəfinin həyata keçirdiyi səylər barədə ətraflı məlumat verib, ümumavropa təhlükəsizliyi məsələləri ətrafında fikirlərini bölüşüblər. Milli Məclisin deputatları münaqişənin Azərbaycana vurduğu ziyan və mina problemi haqqında Assambleyanı məlumatlandırıb, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnun təmin edilməsinin zəruriliyini vurğulayıblar. Nümayəndə heyətinin rəhbəri Qaya Məmmədovun təklifi ilə Parlament Assambleyası beynəlxalq ictimaiyyəti Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə, yenidənqurma və bərpa məsələlərində yardım göstərməyə çağıran qərar qəbul edib. Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev yenidən ATƏT PA İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri seçilib.
Sessiyada Ermənistan nümayəndə heyəti Assambleyanın yekun sənədinin layihəsinə Azərbaycan əleyhinə düzəlişlər (hazırda məhkəmələri gedən erməniəsilli şəxslərin qeyd-şərtsiz azadlığa buraxılması, Azərbaycanda erməni irsinin guya dağıdılması və s.) vermişdi. Lakin Azərbaycan nümayəndə heyətinin apardığı iş nəticəsində bu düzəlişlər Assambleya tərəfindən keçirilən səsvermədə rədd edilib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri və üzvləri ATƏT PA-nın yeni seçilmiş prezidenti Pere Joan Pons, vitse-prezidentləri və digər ölkələrin nümayəndə heyətləri ilə çoxsaylı görüşlər keçiriblər.
Avropa təhlükəsizliyi sahəsində ən mühüm beynəlxalq dialoq platformalarından olan ATƏT PA-nın Porto sessiyasında aparılmış müzakirələr Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil, qətiyyətli və prinsipial siyasətinin, bunun sayəsində regionda yaranmış davamlı sülh və inkişaf perspektivlərinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul və təqdir edildiyini bir daha göstərib.
XQ