ABŞ–Azərbaycan: yalnız yüksəlişə doğru

post-img

Səmimi münasibət, hərtərəfli dəstək uğurlu gələcəyin müjdəçisidir

2025-ci il Azərbaycanın dövlət olaraq qüdrətinin beynəlxalq platformada təsdiqinin əyani sübutları ilə zəngindir. İlin ikinci yarısı indi başlasa da, ölkəmiz yüksək səviyyədə təşkil olunan beynəlxalq tədbirlərə, ciddi qlobal forumlara evsahibliyi etməkdə davam edir. XII Qlobal Bakı Forumu, XXX “Baku Energy Week”, İƏT-in Sammiti, eləcə də III Şuşa Qlobal Media Forumu məhz bu siyahıda yer alır.

Sadaladığımız tədbirlərin ən vacib cəhəti ondan ibarətdir ki, bu forumlar qüsursuz təşkilatçılıqla yanaşı, dünyada gedən mənfi təmayüllərin, böhran həddinə çatmış qlobal vəziyyətin aradan qaldırılmasına yönəlik vacib ideyaların irəli sürüldüyü, problemlərin həlli yollarının axtarıldığı diskussiya meydanına, çağdaş fikirlərin səsləndiyi tribunaya çevrilir. Bu baxımdan iyulun 19-dan 21-dək keçirilən III Şuşa Qlobal Media Forumu da istisnalıq təşkil etmədi.

Bu yazımızda oxucuların diqqətini Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda yerli və xarici jurnalistlərlə söhbətində Azərbaycan–ABŞ münasibətlərinin yaxın keçmişi və indiki vəziyyəti barədə verdiyi səmimi və qətiyyətli açıqlamalarına yönəldəcəyik. Əvvəlcə onu qeyd edək ki, ABŞ–Azərbaycan münasibətlərinin pozitiv relslər üzəri ilə irəliləyəcəyinin ilkin siqnalları respublikaçı Donald Tramp birinci dəfə Prezident seçiləndə – 2016-cı ilin noyabrında verildi. Doqquz il bundan əvvəl İlham Əliyev Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulamış, onların daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcudluğunu qeyd etmişdi.

Üstündən bir il keçməmiş ABŞ Prezidentinin 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunu və orada Vaşinqton–Bakı münasibətlərindəki strateji məqamların qırmızı xətlə keçdiyini vurğulaması artıq ikitərəfli əlaqələrin yalnız müsbət tendensiyaya kökləndiyindən xəbər verirdi. Amma təəssüf ki, tərəflərə qarşılıqlı fayda gətirəcək bu müsbət tendensiya Co Bayden Administrasiyası tərəfindən nəinki davam etdirilmədi, əksinə, münasibətlərin soyumasına kimi gətirib çıxaran yanlış addımlar atıldı.

Bu məqamda Bayden administrasiyasının anti–Azərbaycan siyasətinin təzahürü kimi ABŞ Konqresinin “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin ölkəmizə münasibətdə gah qüvvədən salınmasını, gah da tətbiqinin bərpa edilməsini xatırlatmağımız yerinə düşər. Bunun üzərinə Vaşinqtonun Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına yönəlik iki ölkənin XİN rəhbərləri səviyyəsində əvvəlcə bitərəf, sonradan isə ikili standartlı vasitəçiliyini də gəlsək, Bakının Bayden ABŞ-ı ilə münasibətləri sıfıra endirməkdə nə qədər haqlı olduğunu xüsusi olaraq vurğulamalıyıq. Axı 2020-ci ilə qədər Azərbaycanın ABŞ-la enerji, təhlükəsizlik, birgə sülhməramlı fəaliyyət, nəqliyyat sahəsində uğurlu əməkdaşlıq təcrübəsi olmuşdu.

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa III Qlobal Media Forumunda çıxışı zamanı ABŞ–Azərbaycan münasibətlərinin keçmişinə maraqlı tarixi ekskurs edərək, bəzi incə məqamları media nümayəndələrinin diqqətinə çatdırdı: “O vaxt beynəlxalq vəziyyət bizim əleyhimizə idi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri şəxsi səbəblərə görə Ermənistanın tərəfində idi və hər biri bu vəziyyətin əbədi davam etməsinə çalışırdı. Ona görə də bu status-kvo dəyişmirdi. Hətta bəzən inanılmaz diplomatik səylərlə həmsədr ölkələr adından hansısa bəyanatla çıxış etməyə müvəffəq olanda, bir müddət sonra bu, təkzib edilirdi. Xatırlayıram ki, ABŞ, Fransa və Rusiya prezidentləri səviyyəsində status-kvonun qəbuledilməz olduğu bəyan ediləndə biz bunu böyük həvəslə qarşılamışdıq. Bu, ciddi bəyanat idi, buna nail olmaq üçün çox çalışmışdıq. Amma bir müddət sonra həmin bəyanatda cəmi bir söz dəyişdirildi – “qəbuledilməz” əvəzinə “dayanıqsız” dedilər. Yəni, bizə mesaj verdilər ki, əslində, bu vəziyyət qəbulediləndir. Yəni, maskalar açıldı, bəli, qəbulediləndir. Bu, Ermənistan üçün qəbuledilən idi, Minsk qrupunun həmsədrləri və bir sıra ölkələr üçün də qəbuledilən idi. Təkcə bizim üçün qəbuledilməz idi”.

***

Belə bir atalar sözümüz var: “Haqq nazilər, amma üzülməz”. Ermənipərəst “kollektiv Qərb”in sülh danışıqlarının gedişində Azərbaycana siyasi-ideoloji təzyiqləri, qərəzli bəyanat və qətnamələri, hətta hədə-qorxuları bir müddət rəsmi İrəvana yalnış ümidlər versə də, sonda haqq-ədalət mütləq öz yerini tutmalı idi. İndi bütün bunların arxada qaldığı tarixi mərhələdə Azərbaycan–ABŞ münasibətlərinin gələcəyə yönəlik nikbin notlarla müşayiət olunması qətiyyən təsadüfi sayıla bilməz.

Bunu İlham Əliyevin Şuşa Forumundakı çıxışında bütün çalarları ilə görmək mümkündür: “Hazırda Birləşmiş Ştatlarla güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensialı görürük. Biz Vaşinqtondan çox müsbət mesajlar almışıq və Azərbaycandan gedən mesajlar da çox müsbətdir. Bizim enerji təhlükəsizliyi və bütövlükdə, təhlükəsizlik və daşımalara aid sahələrdə güclü tərəfdaşlıq tariximiz var. Artıq dediyim kimi, biz ABŞ-la İraqda və Əfqanıstanda onlara lazım olduğumuz zaman olmuşuq və hərbi qulluqçularımız onlarla çiyin-çiyinə xidmət edib. Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməklə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq”.

***

Mesajlardan söz düşmüşkən, Ağ Evdəki dairəvi kabinetə ikinci dəfə yiyələnməsindən keçən 6 ayda Tramp Administrasiyasından Bakının ünvanına yalnız hərtərəfli dəstək və ümidlərlə dolu mesajlar gəlməkdədir. Bu zaman Prezident Donald Trampın iki ay bundan əvvəl – 28 May Respublika Günü münasibətilə Azərbaycan lideri İlham Əliyevə ünvanladığı təbrik məktubunda iki amili xüsusilə vurğuladığı diqqətdən yayınmadı. Birincisi amil odur ki, D.Tramp ABŞ və Azərbaycanın beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını, mənbələrini şaxələndirmək və iki böyük xalqa parlaq gələcək qurmaq naminə təxminən 30 il ərzində əməkdaşlıq etdiyinə diqqət çəkir. İkinci amil isə ABŞ Ppezidentinin məktubunda Azərbaycanla ikitərəfli əlaqələrin bərpası və inkişafı ilə bağlı verdiyi pozitiv mesaj oldu.

Bəli, ABŞ Prezidenti Donald Trampın Azərbaycanın xarici siyasətində rəhbər tutduğu bəşəri dəyərləri bölüşdüyünü vurğulaması ikitərəfli münasibətlərin yalnız müsbət dinamika ilə davam edəcəyinə işarə sayılmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 3 gün bundan əvvəl Şuşa III Qlobal Media Forumundakı çıxışında ABŞ liderinin dünyada və bölgəmizdə yeritdiyi xarici siyasəti barədə təqdiredici və məmnunluq ifadə edən açıqlaması təkcə beynəlxalq tədbirə dəvət olunan 52 ölkənin media nümayəndələrinə deyil, ümumiyyətlə, dünyaya verilən açıq və səmimi ismarıc idi. Bu ismarıc mənbəyini 9 il əvvəl Tramp birinci dəfə ABŞ Prezidenti seçiləndə dövlətimizin başçısının ona ünvanladığı təbrik teleqramından alırdı. Bu isə İlham Əliyevin siyasi uzaqgörənliyinin bir daha isbatı və növbəti nümunəsidir. Onun Trampın Ermənistan–Azərbaycan sülh prosesinə töhfəsini yüksək dəyərləndirməsi ABŞ-la münasibətlərin yalnız müsbət məcrada inkişaf edəcəyinə vurulan diplomatik işarə idi.

P.S. ABŞ lideri Donald Tramp altı aylıq prezidentliyi münasibətilə amerikalıları təbrik edib. Onun sözlərinə görə, Ağ Evdə işlədiyi altı ay ərzində “ümidsiz” ABŞ “dünyada isti və hörmətli bir ölkəyə” çevrilib. D.Trampın sözlərinə görə, bu, onun administrasiyasının qətiyyətli hərəkətləri sayəsində mümkün olub. Biz bu qətiyyətin izlərinin tezliklə Cənubi Qafqaz bölgəsində də hiss olunacağına əminik.

İmran BƏDİRXANLI
XQ

Siyasət