Qlobal geosiyasətdə Cənubi Qafqazın strateji önəmi

post-img

Qlobal miqyasda təhlükəsizlik arxitekturası kəskin şəkildə dəyişməkdədir. Xüsusilə Avropa İttifaqı və NATO çərçivəsində son illərdə baş verən hadisələr mövcud geosiyasi və hərbi-strateji reallıqları yenidən tərtib edir. Ukraynada davam edən müharibə təkcə Şərqi Avropa üçün deyil, bütövlükdə beynəlxalq sistemin güc balansı üçün dərin silkələnmə effekti yaradır.

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar artıq yalnız iqtisadi deyil, həmçinin siyasi, texnoloji və maliyyə sferalarını da əhatə edir. Enerji asılılığının azaldılması, müdafiə sənayesinə rekord həcmdə investisiyaların yatırılması və ortaq hərbi-sənaye komplekslərinin qurulması Avropanın daha sərt, daha avtonom və təhlükəsizlik mərkəzli strateji kursa keçidini təsdiqləyir. Xüsusilə Almaniya, Fransa və Skandinaviya ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıraraq yeni geosiyasi reallıqlara uyğunlaşmağa çalışırlar. Bu proses faktiki olaraq “strateji Avropa” ideyasını siyasi ritorikadan əməli fəaliyyət mərhələsinə çıxarır.

Digər tərəfdən, NATO-nun Ukraynaya verdiyi hərbi və siyasi dəstək Alyansın daha geniş regional təhlükəsizlik konfiqurasiyasında fəallığını artırdığını göstərir. Ənənəvi “qoruyucu çətir” konsepsiyası artıq “fəal və qarşılıqlı cavab modeli” ilə əvəzlənir. Baltikyanı ölkələr, Polşa və Şərqi Avropanın digər bölgələrində NATO-nun hərbi mövcudluğu ciddi şəkildə gücləndirilir.

Bu tendensiyalar fonunda yeni güc mərkəzlərinin formalaşması da diqqət mərkəzindədir. Məsələn, Hindistan texnoloji müstəqilliyini təmin etmək və Qərb texnologiyalarından asılılığı azaltmaq məqsədilə “Made in India” proqramı çərçivəsində yerli müdafiə sənayesini gücləndirir. Eyni zamanda, xarici texnologiyaların transferinə dair sərt şərtlər tətbiq edilir. Bu yanaşma Hindistanın yalnız regional deyil, həm də qlobal aktora çevrilmək istədiyini göstərir. Lakin bu hədəflərə nə dərəcədə nail olunacağı hələ də açıq sual olaraq qalır.

Asiyada isə Çin diplomatik fəallığını artıraraq yeni geosiyasi manevrlərə əl atır. Pekində keçirilən yüksək səviyyəli görüşlər, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS çərçivəsində planlaşdırılan sammitlər, gələcək geosiyasi istiqamətlərin müəyyənləşdirilməsində mühüm rol oynaya bilər. Çin “sakit güc” siyasətini texnoloji və iqtisadi alətlərlə birləşdirərək Avrasiya və “Qlobal Cənub”da təsir dairəsini genişləndirməyə çalışır.

Belə bir şəraitdə yeni alyansların və strateji tərəfdaşlıqların yaranması qaçılmaz görünür. Avropa və Asiya ölkələri arasında təhlükəsizlik və texnologiya sahəsində əməkdaşlığın dərinləşməsi, ABŞ–Çin rəqabətinin qlobal təsir arealının genişlənməsi və “Qlobal Cənub” ölkələrinin neytrallıqdan selektiv əməkdaşlıq modelinə keçməsi yeni dünya nizamının konturlarını formalaşdırır.

Bu yeni qlobal düzəndə təhlükəsizlik, texnologiya və enerji diplomatiyası ön plana çıxır. Ölkələr öz strateji maraqlarına uyğun şəkildə yeni mövqelər və təsir zonaları formalaşdırmağa çalışır. Bu prosesdə Azərbaycanın yerləşdiyi region – Cənubi Qafqaz – strateji keçid zolağı kimi mühüm əhəmiyyət kəsb edir. Burada formalaşan reallıqlar qlobal geosiyasi proseslərin regional müstəvidə əksini tapdığı nümunəvi bir sahəyə çevrilmişdir.

Qafqaz regionu, xüsusilə Azərbaycan, coğrafi mövqeyi, inkişaf etmiş enerji və nəqliyyat infrastrukturu, həmçinin çevik diplomatik siyasəti ilə artan strateji əhəmiyyətə malikdir. Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan, həm də Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşməklə Avrasiya məkanında logistik təhlükəsizlik və enerji təchizatı baxımından mühüm aktor kimi çıxış edir.

44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni siyasi-hərbi balans, Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən sülh platformaları və çoxtərəfli əməkdaşlıq formatları vasitəsilə Cənubi Qafqazda dayanıqlı sabitliyə nail olunması istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Qərbin Rusiya üzərində təzyiqlərinin artdığı, İranın sanksiyalar şəraitində fəaliyyət göstərdiyi və Çinin regionla iqtisadi əlaqələrini gücləndirdiyi bir dövrdə Azərbaycanın çoxvektorlu diplomatiyası və neytrallığa əsaslanan balanslı siyasəti həm ölkənin, həm də regionun sabitliyi üçün həlledici rol oynayır.

Cənubi Qafqaz bu gün artıq təkcə münaqişələr və sərhəd problemləri ilə deyil, enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri, texnoloji əməkdaşlıq və iqlim dəyişikliklərinə qarşı mübarizə sahələrində də beynəlxalq gündəmin bir parçasıdır. Bakı–Tbilisi–Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilərək Avropa ilə Asiya arasında alternativ marşrutların inkişafına mühüm töhfə verir və regionu yeni güc mərkəzlərinin qovşağına çevirir.

Beləliklə, Cənubi Qafqazda formalaşan yeni reallıqlar artıq lokal yox, Avrasiya miqyasında geosiyasi və iqtisadi tendensiyaların barometri kimi çıxış edir. Azərbaycanın milli maraqları ilə beynəlxalq çağırışlar arasında qoruduğu tarazlı və ardıcıl mövqe isə bu proseslərin uzunmüddətli və dayanıqlı inkişafına zəmin yaradır.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət