Xankəndidə keçirilmiş III Şuşa Qlobal Media Forumu Azərbaycanın müasir tarixi və beynəlxalq mövqeyi baxımından strateji əhəmiyyət daşıyan hadisə kimi yadda qaldı. Forumda Prezident İlham Əliyevin dünya mediası qarşısında səsləndirdiyi fikirlər təkcə Azərbaycanın qələbə sonrası dönəmdə həyata keçirdiyi siyasətin konturlarını deyil, həm də münaqişə vəziyyətində olan dövlətlər üçün tətbiq edilə biləcək unikal bir modelin əsaslarını ortaya qoydu. Forumda xüsusilə ukraynalı jurnalist Dmitri Qordonun ünvanladığı sual və Prezident İlham Əliyevin verdiyi cavab tədbirin ideoloji çərçivəsini dərinləşdirdi. “Heç vaxt işğalla barışmayın” fikri Azərbaycanın strateji iradəsinin və nəticəyə yönəlmiş dövlətçilik təfəkkürünün mahiyyətini özündə cəmləyir.
Azərbaycan 1990-cı illərin əvvəllərində postsovet məkanında baş vermiş geosiyasi transformasiyanın ən ağır yükünü daşıyan dövlətlərdən biri oldu. SSRİ-nin süqutundan sonra yaranan “strateji vakuum” regionu qeyri-müəyyənliyin və toqquşan maraqların arenasına çevirdi. Yeni yaranmış müstəqil dövlətlər hüquqi cəhətdən suveren idilər, lakin faktiki olaraq beynəlxalq sistemdə özlərinə mövqe qazana bilməmişdilər. Azərbaycan da bu sistemsizlik şəraitində öz suverenliyini qorumağa, dövlətçiliyini bərqərar etməyə çalışarkən, Ermənistanın açıq şəkildə dəstəklədiyi separatçılıqla üz-üzə qaldı.
Ərazilərinin beşdə biri işğal edildi, bir milyona yaxın insan doğma torpaqlarından didərgin salındı. Vəziyyət beynəlxalq hüququn prinsipial uğursuzluğu idi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməməsi isə qlobal təhlükəsizlik sisteminin selektiv və qeyri-effektiv xarakterini bir daha üzə çıxardı. Həmin dövrdə beynəlxalq hüquq yalnız normativ bir ritorika, kağız üzərində qalmış prinsiplər toplusu idi – real güc isə status-kvonu təyin edirdi. İkiqütblü dünyanın çöküşündən sonra yaranmış “təkqütblü an” daha çox hegemon güclərin maraqlarına əsaslanan siyasətə yol açdı. Cənubi Qafqaz isə həmin maraqların periferiyasında qaldı. Azərbaycan üçün bu, həm siyasi, həm də hüquqi müstəvidə əsl təcrid mərhələsi idi.Azərbaycanın yaşadığı bu təcrid və ikili standartlar dövrü, əslində, onun gələcək strateji orientasiyasını və müstəqil qərarvermə modelini formalaşdıran əsas səbəblərdən birinə çevrildi.
Lakin bu çətin və taleyüklü dönəm ilk baxışda geriləmə kimi görünsə də, əslində gələcək qələbənin ideoloji və struktur əsaslarının formalaşdırıldığı bir mərhələ idi. Məhz bu illər ərzində Azərbaycan klassik dövlətçilik məktəbinin əsas prinsiplərinə – mərkəzləşmiş siyasi iradə, iqtisadi suverenlik və hərbi hazırlıq düsturuna əsaslanan bir model qurmağa başladı. Heydər Əliyevin siyasi liderliyi ilə ölkədə daxili sabitlik təmin olundu, xaosun yerini sistem aldı.
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, onu beynəlxalq enerji sisteminə daxil edən geoiqtisadi dönüş nöqtəsi oldu. Ən başlıcası isə beynəlxalq aləmdə Azərbaycanı haqlı, legitim və prinsipial mövqedə təqdim edən konseptual diplomatik xətt formalaşdı. Bu xətt nə aqressiv idi, nə də müdafiəkar – bu, geosiyasi ədalətin bərpasına yönəlmiş realist, amma hüquq əsaslı yanaşma idi.
İlham Əliyevin prezidentliyi dövründə isə bu xətt həm məzmun, həm də miqyas baxımından təkamül keçirdi. Azərbaycanın transformasiyası regional aktordan strateji oyunçuya çevrilməsi ilə müşayiət olundu. Enerji və nəqliyyat layihələri, xüsusilə TAP, TANAP, Bakı–Tbilisi–Qars kimi layihələr ölkəni Avrasiya geosiyasi enerji təhlükəsizliyinin arxitekturlarından birinə çevirdi. Diplomatiyada isə Azərbaycanın çoxvektorlu və praqmatik yanaşması beynəlxalq münasibətlər sistemində “riskləri balanslaşdırma” strategiyasının uğurlu tətbiq nümunəsi oldu. Azərbaycan nə yalnız Qərbə inteqrasiya cəhdləri ilə özünü sərhədlədi, nə də yalnız Şərq tərəfdaşlığına bağlı qaldı. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi platformalarda Azərbaycanın aktiv iştirakı isə qlobal sistemdə normativ güc mərkəzinə çevrilmək iddiasının təməl daşlarıdır.
2020-ci ilin payızında Ermənistanın növbəti təxribatları fonunda diplomatik mexanizmlərin tükəndiyi bir şəraitdə Azərbaycan hərbi əməliyyatlara başladı. 44 gün davam edən Vətən müharibəsi illərlə formalaşan strateji iradənin və milli həmrəyliyin təntənəsi idi. Azərbaycan Ordusu texnoloji cəhətdən müasir, ideoloji baxımdan motivasiyalı idi. Ordunun gücü ilə xalqın iradəsi birləşmişdi və nəticədə işğal altında olan torpaqlar azad edildi. Ermənistanın kapitulyasiyası isə Azərbaycanın diplomatiya masasında üstün olduğunu sübut etdi.
Qələbədən sonra ölkənin qarşısında yeni mərhələ – postmünaqişə bərpa prosesi başladı. Azərbaycan bu mərhələyə yalnız fiziki rekonstruksiya kimi yanaşmadı. “Böyük Qayıdış” proqramı həm də sosial ədalətin, tarixi yaddaşın və əhalinin layiqli həyat şəraitinin bərpası idi. Azad edilmiş ərazilərdə “ağıllı” şəhərlər salınır, “yaşıl” enerji layihələri həyata keçirilir, infrastruktur müasir standartlara uyğun qurulur. Proses Azərbaycanın sülh şəraitində də uğur qazana bilən dövlət olduğunu nümayiş etdirir.
Forumun məhz Xankəndidə keçirilməsi isə bu uğurun ideoloji təsdiqi oldu. Əvvəllər separatizmin mərkəzi kimi tanınan bu şəhər artıq beynəlxalq dialoqun və sülh gündəliyinin platformasına çevrilib. Prezidentin həmin forumda Ukraynaya verdiyi mesaj – “işğalla barışmayın” – Azərbaycana məxsus bu kompleks modelin ümumiləşmiş forması idi. Prezident İlham Əliyevin mesajı siyasi və dəyərlər əsaslı çağırış idi. Çünki müasir beynəlxalq münasibətlərdə hüquq çox zaman gücə tabe edilir. Azərbaycan isə bu tendensiyanı öz nümunəsi ilə dəyişdirməyə çalışır.
Burada diqqətçəkən digər məqam informasiya müharibəsində Azərbaycan modelinin rolu ilə bağlıdır. 2020-ci il müharibəsində Azərbaycanın apardığı informasiya siyasəti – şəffaf, məqsədyönlü və effektiv kommunikasiya strategiyası – münaqişənin beynəlxalq aləmdə necə təqdim olunacağını müəyyənləşdirdi. Tarixi zəfər göstərdi ki, müasir münaqişələr təkcə cəbhədə deyil, həm də informasiya meydanında həll olunur. Azərbaycanın əldə etdiyi diplomatik və informasiya üstünlüyü bu sahədə də nümunəvi yanaşma formalaşdırdı.
Azərbaycan modeli bu gün qlobal səviyyədə də öyrənilməli nümunədir. Xüsusilə, beynəlxalq hüququn selektiv tətbiq olunduğu, dünya nizamının təzyiqlərə və ikili standartlara əsaslandığı bir zamanda Azərbaycanın müstəqil qərarvermə modeli və milli maraqlar əsasında formalaşmış xarici siyasəti çox mühüm presedent yaradır. Mövcud presedent həm də suverenliyin qorunması, milli kimliyin gücləndirilməsi və postmünaqişə quruculuğunun inteqrasiyalı şəkildə aparılması baxımından önəmlidir.
Azərbaycan artıq yalnız bir münaqişədən çıxmış dövlət deyil. O, həm də yeni regional arxitekturanın formalaşdırılmasında fəal iştirak edən, sülh təşəbbüsləri irəli sürən, sabitlik ixrac edən aktora çevrilib. Hərbi qələbədən sonra gələn ən böyük uğur geosiyasi təşəbbüs sahibi olmaqdır. Xankəndidə keçirilən Şuşa Forumunun yaratdığı mənzərə isə bu təşəbbüsün mahiyyətini və gücünü ifadə edir: keçmişin xarabalıqları üzərində gələcəyin qurulması və bu gələcəyin yerli və beynəlxalq maraqlar balansında idarə olunması. Bugünkü mənzərə müasir dünyanın ən mühüm dərslərindən birini təqdim edir – qalibiyyət yalnız hərb meydanında deyil, həm də ideyalar platformasında qazanılır. Azərbaycan isə bu iki müstəvini birləşdirə bilən azsaylı dövlətlərdən biridir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru