Xankəndidən Köniqsberqə doğru

post-img

Yaxud TASS, yoxsa deşilmiş tas?

Köniqsberq. Şübhəsiz, bu ad bir çoxumuza tanışdır. Bir qədər aydınlıq gətirmək üçün deyək ki, söhbət işğaldan sonra Kalininqrad adlandırılmış şəhərdən gedir. Hazırda Rusiyaya məxsus şəhərdən. O şəhərdən ki, sabiq SSRİ dövründə oranın alman əhalisi sürgünə göndərilib. Yəni, Köniqsberqdən alınan təkcə adı deyil, eyni zamanda, əhalisi olub. Müasir dillə desək, şəhər etnik təmizləməyə məruz qalıb.

Rusiya Federasiyası ərazisində Kareliya Respublikası da var. Kareliya-Fin Respublikası yazsaq, daha düzgün olar... Rusiyadakı İvanqorodun tarixi adı Narvadır. Narva adlı Estoniya şəhəri də var. Təsəvvür edin, Narva Estoniya ərazisindədir, İvanqorod Rusiyadadır və şəhərlər Rusiya ilə Estoniyanın sərhədində yerləşirlər. Çox güman, İvanqorodun adının qondarma olduğunun və rus işğalı nəticəsində meydana çıxdığının fərqinə vardınız.

Rusiyada belə nümunələrin sayı kifayət qədərdir. Şübhəsiz, diqqətli oxucularımız Volqa çayının İtil, Volqoqradın Sarısu, çar İvan Qroznunun şərəfinə adlandırılmış Qroznu şəhərinin əsl adının Solja-Qala olduğunu bilirlər. Bu barədə söz açmağımızın isə əlahiddə səbəbi var. Rusiyada mövzuya yer verməyimiz üçün yalvaranlar tapılıb. Daha doğrusu, onlar yenidən meydana çıxıblar. Əlbəttə, söhbət bildiyimiz yalvarışdan getmir. Bu adamlar hərəkət və davranışları ilə tarixi sillə kimi üzlərinə vurmağımızı istəyirlər. Problem yoxdur, arzularını çin edərik.

Əlqərəz, Xankəndi şəhəri xanın kəndi olaraq Qarabağ xanlığı tərəfindən XVIII əsrdə salınıb. Xanlığın Rusiya tərəfindən ələ keçirildiyini də bilirik, 1813-cü ilin Gülüstan, 1828-ci ilin Türkmənçay müqavilələri ilə əzəli Azərbaycan torpaqlarının işğalının başa çatdırıldığını da, Xalq Cümhuriyyətinin qurulmasından sonra Xankəndidə Azərbaycanın hərbi paradının keçirdiyini də, 1920-ci ildə sovet Rusiyası tərəfindən cümhuriyyətin varlığına son qoyulduğunu da.

Beləliklə, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti quruldu. 1923-cü ilin sentyabrında Xankəndinin adı dəyişdirildi. Kommunist donu geymiş, 1918-ci ildə mart soyqırımını törədənlərin başında dayanmış erməni cəlladı Stepan Şaumyanın adı da hər kəsə yaxşı tanışdır. O da məlumdur ki, 1991-ci il noyabrın 26-da Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Xankəndi etnonimi bərpa edildi. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində isə şəhər uzun müddət yenə Stepanakert adı ilə separatçı “Dağlıq Qarabağ Respublikasının” paytaxtı oldu. Nəhayət, Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-20-da keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirləri ilə qondarma rejimə son qoyuldu, qədim şəhər öz sahiblərinin sərəncamına keçdi.

Sən demə, lokal xarakterli antiterror tədbirlərinədək Qarabağdakı rus sülhməramlıları tərəfindən quraşdırılmış erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) abidəsinin sökülməsi yolverilməz imiş və guya bu, ölkəmizdə rus mədəniyyətinə münasibətdə hörmətsizlikmiş. Deməli, sülhməramlıların Qarabağ ermənilərinə rus varlığını xatırlatmaq üçün uşaq bezi daşımaqdan başqa da işləri varmış. Onlar abidə də ucaldıbmışlar. Görəsən, işləri bu idi? Sülhməramlılar nə haqla, kimdən icasə alaraq Azərbaycan ərazisində, belə demək mümkünsə, heykəl yaradıcılığı ilə məşğul olmuşdular?

Axı heykəl quraşdırmaq pampers daşımaq deyil. Son günlər Azərbaycana qarşı hədyan yağdırmaq üzrə ixtisaslaşmış Rusiya Prezidentinin beynəlxalq mədəniyyət məsələri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bunu bilmirmi? Onun TASS-da yayımlanmış sərsəmləmələrinin üzərində geniş dayanmağa ehtiyac duymuruq. Çünki bu şəxs diqqətə çatdırdığımız suallara cavab vermir. Ümumən, bir adam ki, Azərbaycanda Rusiya mədəniyyəti günləri tədbirlərinin ləğvinin ölkəmizdə mədəni mühiti yoxsullaşdıracağı illüziyasına baş vurur, ondan nə gözləyəsən?.. Hələlik, diqqət yetirmək istədiyimiz məsələ Rusiyanın rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin Stepanakert kimi qələmə verilməsi, “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsidir. Şübhəsiz, bu, ölkəmizin ərazi bütövlüyünə hörmətsizlikdir və belə halları Rusiyanın digər media orqanlarında az görməmişik.

Bəli, bu cür yarıtmazlıqlar erməni təəssübünə köklənmiş pataloji xəstəlikdən qaynaqlanır. O xəstəlikdən ki, Rusiyada ona yoluxma faizinin yüksəkliyi vurğulanmalıdır. Təsəvvür edin, hazırda Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də ölkənin digər rəsmiləri bir sıra çıxışlarında həqiqəti öz adı ilə çağırmağın tərəfdarı olduqlarını vurğulayırlar. Deməli, səmimi davranmasalar da, onlar keçmişi geridə qoymaq mesajları verirlər və bu mesajlar, Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərinə töhfədir. Əlbəttə, Ermənistanda revanşist və şovinist kəsim də var ki, etimad quruculuğuna, yəni bütövlükdə Bakı-İrəvan sülhünə zərbə vurur. Söhbət Rusiyadan idarə olunan kəsimdən gedir.

Rəsmi Moskva hər zaman bildirir ki, Azərbaycan və Ermənistan arasında barış mühitinin formalaşmasının tərəfdarıdır. TASS isə “Stepanakert”, “Dağlıq Qarabağ” ritorikalarına köklənir. Necə başa düşək? Hesab edək ki, Rusiyanın dövlət mediası Ermənistandakı illüziyapərəstlər üçün “yem” verir? Üstəlik, nəzərə alaq ki, “Qarabağın erməni mirası” məsələsi dəfələrlə həm erməni iqtidarı, həm də xaricdəki ermənipərəstlər tərəfindən qaldırılıb. Ancaq rəsmi İrəvan bu “kampaniyanın” köməyilə Azərbaycana təsir göstərməyin qeyri-mümkünlüyünü anlayıb. Hərçənd, xaricdəki erməni lobbi və diaspor təşkilatlarının reallığı qəbul etmirlər. Onların hərəkətə keçirdikləri müxtəlif beynəlxalq qurumlar bəyanat və qətnamələrində tarixin zibilliyindəki ifadələrdən “yararlanırlar”. Yəni, “Stepanakert”, “Dağlıq Qarabağ” deyib şivən qoparırlar. Görünür, TASS-da da “zibillikdə eşələnmək” istəyənlər var. Varsa, deməli, Rusiya dövlətində də bu cür sərsəm düşüncə sahiblərinin mövcudluğunu vurğulaya bilərik və belə bir şəraitdə Kreml rəsmiləri Cənubi Qafqazda barışdan, bərabərtərəfli münasibətlərdən dəm vururlar. Təəccüblü deyilmi? Həm təəccüblü, həm də ziddiyyətlidir.

Bəli, TASS-da “Stepanakert” işlədilirsə, Rusiya rəsmilərinin son zamanlar ölkələri ilə Azərbaycan arasında yaranmış gərginliyə münasibət bildirərkən dilə gətirdikləri pozitiv notların səmimiliyinə inanmaq müşkilə çevrilir. Belə qənaətə gəlirik ki, Rusiyanın, guya, böyüklük göstərdiyini, ölkənin rasional davrandığını vurğulamağa hesablanmış həmin bəyanatlar gözdən pərdə asmaqdan başqa bir şey deyil. Axı TASS Rusiyanın böyüklük görüntüsünü cılızlaşdırır, ortaya son dərəcə bəsit yanaşma qoyur. Bəlkə media qurumu ölkəmizlə münasibətlərin daha da kəskinləşməsinin tərəfdarıdır?

Ən böyük nəticə budur: Xankəndi Stepanakertdirsə, “Dağlıq Qarabağ” hələ də “yaşayırsa”, deməli, Moskva Azərbaycanla Ermənistan arasında münaqişənin qalmasında maraqlıdır. Niyə maraqlıdır? Çünki keçmiş Qarabağ münaqişəsi Rusiya tərəfindən Cənubi Qafqazda söz sahibi olmaq üçün alət idi. Hazırda Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyindən, bu alət əhəmiyyətini itirib. Rusiya isə heç bir dövlətlə normal, bərabərtərfli, qarşılıqlı maraqlara əsaslanmış münasibətlər qurmaq niyyətində və potensialında deyil, onun üçün yalnız imperiya ambisiyaları var. Yəni, TASS-ın mövqeyi həmin ambisiyalar naminə ideoloji plasdarm hazırlamaqdır. Deməli, media qurumu 1988-ci ildə vüsət almış “Miatsum” cəfəngiyyatını təbliğ etsə, təəccüblənməyək. O cəfəngiyyat ki, kimlər tərəfindən, hansı məqsədlə ortaya atıldığını gözəl bilirik.

Sonda yazımızı pozitiv ab-havada bitirimək üçün, daha dəqiq desək, Rusiyanın media orqanlarının Azərbaycana qarşı qərəzinin dayanacağına ümid bəsləyərək deyək ki, TASS gecikmədən fəaliyyətinddə dönüş etməlidir. İndiki durumda bunun tək yolu Stepan Şaumyanın iyrənc ruhunun təcəllisi olan “Stepanakert” adını, “Dağlıq Qarabağ” ifadəsini bir daha səsləndirməmək öhdəliyinin götürülməsindən və üzrxahlıqdan keçir. Əgər bunlar baş verməyəcəksə, ən azından Kalininqrada Köniqsberq deyəcəyik. Təkcə deməyəcək, eyni zamanda, ilahi ədalətin bərpası naminə dua edəcəyik. İlahi ədalətin bərpasının isə Xankəndi nümunəsi var. TASS deşilmiş tas olmaq istəmirsə, nəticə çıxarsın.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət