Azərbaycan vətəndaşları bir çox ölkəyə vizasız və ya sadələşdirilmiş viza rejimi ilə səfər edə bilirlər. Bu imtiyazlar əsasən qarşılıqlılıq prinsipi əsasında həyata keçirilir və vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməyə yönəlib. Belə ölkələr arasında Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Ukrayna və Türkiyə yer alır.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumatlara görə, bu ölkələrə səfər zamanı adətən qalma müddəti maksimum 90 gün təşkil edir. Razılaşmalar tarixi, mədəni və iqtisadi əlaqələrin mövcudluğuna əsaslanır və qarşılıqlı etimada söykənir.
Çin ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində atılan son addımlar da diqqətəlayiqdir. Azərbaycan XİN-in məlumatında bildirilir ki, 2025-ci ilin 16 iyul tarixindən etibarən hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşılıqlı şəkildə vizasız rejimdən faydalana bilirlər. Bu rejim çərçivəsində Azərbaycan vətəndaşları Çinə 30 günədək vizasız səfər edə və 180 gün ərzində 90 gündən artıq olmamaq şərtilə ölkədə qala bilərlər. Bu yeni qayda Çin və Azərbaycan arasında artan siyasi və iqtisadi münasibətlərin bariz nümunəsi kimi qiymətləndirilir.
Bəzi ölkələr isə Azərbaycan vətəndaşları üçün birtərəfli qaydada vizasız rejim tətbiq edir. Bu ölkələr arasında İran (15 gün), Monteneqro (90 gün), Bosniya və Herseqovina (90 gün), Malayziya (30 gün), eləcə də Honq-Konq (yalnız diplomatik və xidməti pasportlarla, 14 gün) yer alır.
Amma bəzi ölkələr də var ki, azərbaycanlılar onlara vizasız səfər edə bilmirlər. Məsələn, Azərbaycan vətəndaşları üçün Avropa İttifaqı (Aİ) ölkələrinə səyahət getdikcə daha çətin və mürəkkəb bir prosesə çevrilir. Çətinliyin əsas səbəblərindən biri Azərbaycan ilə Aİ arasında vizasız rejimin tətbiq olunmamasıdır. Halbuki qonşu ölkələrdən Gürcüstan və Moldova uzun illərdir ki, Aİ ilə vizasız rejim çərçivəsində əməkdaşlıq edir və onların vətəndaşları Şengen zonası ölkələrinə sərbəst şəkildə qısamüddətli səfərlər edə bilirlər. Azərbaycanın bu rejimdən kənarda qalması isə həm vətəndaşlar üçün əlavə prosedur çətinlikləri yaradır, həm də səyahətlərin xərclərini artırır. Hər səfər üçün ayrıca viza müraciəti zərurəti həm maliyyə baxımından əlavə yük yaradır, həm də vaxt itkisinə və psixoloji gərginliyə səbəb olur.
Bununla yanaşı, bəzi Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə viza alaraq, orada qalmaq, vizanın müddətini pozmaq və ya sığınacaq üçün müraciət etmək kimi hallara yol verməsi də viza prosesinə mənfi təsir göstərir. Belə hallar artdıqca Avropa ölkələrinin diplomatik nümayəndəlikləri Azərbaycan vətəndaşlarını daha çox “miqrasiya riski” kimi dəyərləndirir. Məsələn, Almaniya nizam-intizamına, qayda-qanununa, yüksək həyat şəraitinə görə azərbaycanlılar üçün cəlbedici ölkədir. Təhsil, müalicə və s. məqsədlərlə bu ölkəyə gedənlərin sayı hər il artır. Onların bəziləri sonradan geri qayıtmırlar. Bu səbəbdən də Almaniyaya viza alınarkən Azərbaycan vətəndaşı geri qayıdacağını sübut etməlidir. Əks halda bütün müraciətlərə qarşı ümumiləşdirilmiş ehtiyatlı və sərt yanaşma tətbiq olunur. Bu vəziyyətdən isə ən çox əziyyət çəkənlər, sadəcə, turizm, təhsil və ya işgüzar məqsədlə Avropaya getmək istəyən vətəndaşlardır. Onların müraciətlərinə baxılması ya rədd edilir, ya da əlavə tələblərlə uzadılır.
***
Qanunu pozanlar, yaşayış icazəsi olmayanlar, geri qayıtmaq istəməyənlər isə deportasiya olunurlar. “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 2025-ci il iyulun 8-də 28 vətəndaşımız Almaniya Federativ Respublikasından geri qaytarılıb. Bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirilib. Qeyd olunub ki, readmissiya prosesi müvafiq beynəlxalq sazişlərə uyğun olaraq həyata keçirilib. Son illərin statistik məlumatları da təsdiqləyir ki, azərbaycanlılar ən çox Almaniyadan deportasiya olunur. Məsələn, 2020-ci il pandemiya səbəbindən sərhədlərin bağlandığı və hərəkətin məhdudlaşdığı dövr kimi yadda qalsa da, Almaniyadan 320 azərbaycanlı çıxarılıb və bu, həmin il üçün ən yüksək göstərici sayılır. 2022-ci ildə 300, 2024-cü ildə isə 500 azərbaycanlı bu ölkədən deportasiya edilib. Sonuncu rəqəm Almaniyanın son beş il ərzində qeydə aldığı ən yüksək göstəricidir.
Ümumilikdə 2020–2024-cü illər ərzində Almaniya deportasiya sayına görə liderliyini qoruyub. Polşa və Niderland kimi ölkələr isə deportasiya siyahısında daha az göstəricilərlə fərqləniblər. İsveç də bu prosesdə iştirak edən, lakin yüksək rəqəmlərlə seçilməyən ölkələrdəndir. Bundan başqa, ABŞ-ın Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib.
Xatırladaq ki, DMX-nin əlaqələndirici rolu ilə yaradılmış Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan şəxslərin qarşılaşdığı çətinliklərin və problemlərin operativ həllini, eləcə də onların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reinteqrasiyasını təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirir.
Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə viza almaqda üzləşdikləri çətinliklərdən biri də sənədlərin keyfiyyəti və şəffaflıq məsələsidir. Viza müraciəti zamanı təqdim olunan sənədlər səfirlik üçün əsas qərarverici amillərdəndir. Təəssüf ki, bəzi hallarda vətəndaşlar reallığı əks etdirməyən, saxta və ya şübhəli sənədlər təqdim edirlər. Bu, qeyri-real bank arayışları, formal və ya əlaqəsi olmayan şirkətlərdən alınan dəvət məktubları, şişirdilmiş və süni şəkildə hazırlanmış işgüzar planlar şəklində özünü göstərir. Bəzən isə sənədlər real olsa da, təqdimat forması natamam və uyğunsuz olur. Qeyri-dəqiqlik isə səfirlik əməkdaşlarında şübhə yaradır.
Səfirliklər bu cür hallar artdıqca bütün Azərbaycan vətəndaşlarının müraciətlərinə daha ehtiyatla yanaşmağa başlayırlar. Beləliklə, etibarsız və saxta məlumatlarla viza almağa çalışan şəxslər bütövlükdə ölkənin vizaya çıxış imkanlarını daraldır və dürüst müraciət edənlərin də rədd cavabı almasına səbəb olur. Həqiqətən də, son dövrlər Aİ ölkələrindən sığınacaq istəyən azərbaycanlıların bu statusu ala bilməmələrinə səbəb təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyinin Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxır.
***
Dəfələrlə Avropa ölkələrində səfərdə olmuş biznesmen Sahib Eyvazov mövzu ilə bağlı XQ-yə açıqlamasında dedi ki, problemlərin qarşısını almaq üçün ilk növbədə vətəndaşlar məsuliyyətli davranmalı, yalnız real və təsdiqedici sənədlərlə müraciət etməli, səfər məqsədlərini dürüst şəkildə ifadə etməlidirlər: “Eyni zamanda dövlət səviyyəsində də bu cür sui-istifadə hallarına qarşı hüquqi və maarifləndirici tədbirlərin görülməsi, qanunsuz miqrasiya ilə mübarizənin gücləndirilməsi vacibdir”.
Onun sözlərinə görə, maliyyə imkanlarının kifayət qədər olmaması da viza verilməsində əsas maneələrdən biridir: “Avropa ölkələrinə viza üçün müraciət edən şəxs səyahət müddətində özünü təmin edə biləcək maliyyə vəsaitinə malik olmasına və eyni zamanda, ölkəyə geri dönəcəyinə dair inandırıcı sübutlar təqdim etməlidir. Məsələn, Macarıstan səfirliyində müraciət edənlərdən iş yerindən arayış və maaş kartından çıxarışla bərabər vergi ödənməsi ilə bağlı sənəd, gediş-gəliş biletinin alınmış variantını tələb edirlər. Çünki maliyyə mənbələrinin şəffaf və əsaslandırılmış şəkildə göstərilməsi, sabit gəlir mənbələrinin mövcudluğu bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Əgər müraciətçi bu tələbləri qarşılaya bilmirsə və ya təqdim olunan sənədlər şübhəli təsir bağışlayırsa, viza rədd olunur. Təbii ki, vətəndaş əvvəlcədən təyyarə bileti alıb və hotel pulunu ödəyibsə, viza almadığı təqdirdə böyük zərərlə üzləşir. Belə vəziyyətdə onun müraciət etdiyi turizm şirkəti üçün də xoş olmayan vəziyyət yaranır”.
Bundan əlavə, şəxsin yaşadığı ölkə ilə sosial və işgüzar bağlarının zəif olması da viza alınmasına mane olur. Səfirliklər müraciət edən şəxsin Azərbaycana geri dönməsi üçün yetərli səbəblərinin olub-olmadığını qiymətləndirirlər. Əgər şəxsin sabit iş yeri, ailə bağları, mülkiyyəti və ya digər sosial münasibətləri yoxdursa, bu, “geri dönməmə” riskini artırır və nəticədə viza rədd olunur. Beləliklə, sadəcə iqtisadi yox, sosial və şəxsi status da viza prosesində əhəmiyyətli rol oynayır.
Onu da qeyd edək ki, texniki və prosedur çətinliklər də az deyil. Avropaya səyahət etmək istəyənlərin sayının artması ilə viza üçün müraciət edənlərin də sayı yüksəlib. Bu isə viza mərkəzlərində və konsulluqlarda sistemin yüklənməsinə səbəb olur. Nəticədə onlayn qeydiyyat sistemlərində boş yer tapmaq çətinləşir, bəzən aylarla vaxt tapmaq mümkün olmur. Bu texniki çətinliklər və sistem yüklənməsi vətəndaşları alternativ yollar axtarmağa məcbur edir. Boş tarixlərin qeyri-rəsmi yollarla əldə olunması, “vizaya kömək” adı altında təklif edilən xidmətlər və vasitəçilər ortaya çıxır. Bir çox hallarda bu cür vasitəçilər ya yüksək məbləğdə pul tələb edir, ya da vətəndaşları dələduzluq yolu ilə aldadaraq onlara ziyan vururlar. Belə hallarda həm maddi itki baş verir, həm də bəzi vətəndaşlar fırıldaqçılıqla əldə edilən sənədlərə görə qara siyahıya düşürlər.
Bu kimi xidmətlər son illər Polşa, Macarıstan və Rumıniyada artıb. Bu ölkələrdə vasitəçi rolunu oynayan, miqrantları Almaniya sərhəddindən keçirən şəbəkələr ortaya çıxıb. Xarici mətbuatda yayılan məlumatlarda bildirilir ki, Macarıstanda qalmalarının qanuniliyini etibarlı şəkildə sübut edə bilməyən 10 qeyri-leqal miqrant saxlanılıb. Miqrantları daşıyan avtomobillərin sürücüləri ukraynalı qadın və bir azərbaycanlı kişi olub. Onlar polis tərəfindən həbs edilib. Polşada həbs edilən “vasitəçi”lər arasında azərbaycanlılar çoxdur.
***
Viza üçün onlayn qeydiyyat sistemlərində boş yer tapmaq bir çox hallarda mümkünsüz olur. İnsanlar bəzən aylarla tarix axtarır, lakin uğur əldə edə bilmirlər. Bu da, öz növbəsində, qeyri-rəsmi vasitələrin və vasitəçilərin ortaya çıxmasına şərait yaradır. İnsanlar əlavə vəsait ödəməklə süni şəkildə "yer tapan" şəxslərə müraciət edir. Nəticədə həm qanunsuzluq, həm də aldatma risklərini artırır. Viza mərkəzlərində randevu sistemlərinin qeyri-şəffaf fəaliyyəti, bəzi hallarda isə texniki nasazlıqlar əlavə problemlər yaradır.
Uzun yoxlama müddətləri və əlavə sorğular Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə viza alma prosesində üzləşdiyi əsas çətinliklərdən biridir. Müraciətlər tez-tez standart prosedurlardan kənara çıxaraq daha dərindən yoxlanılır. Bu zaman əlavə sənədlər tələb olunur, müraciət edən etdiyi məlumatlarının dəqiqliyini yoxlamaq məqsədilə telefonla əlaqə saxlanılır, iş yerinə və ya təhsil müəssisəsinə rəsmi sorğular göndərilir. Bəzi hallarda isə müraciətçi səfirliyə müsahibəyə dəvət edilir. Belə yoxlamalar viza qərarının verilmə müddətini xeyli uzadır. Müraciətə standart olaraq 15 günə cavab verilməsi nəzərdə tutulsa da, əlavə yoxlamalar nəticəsində proses bir neçə həftə, hətta aylar çəkir. Məsələn, Böyük Britaniya səfirliyindən cavab almaq üçün nəzərdə tutulan 21 gün daim uzanır.
Uzun sürən yoxlamaların əsas səbəbi bəzi hallarda sənədlərdəki qeyri-dəqiqliklər, təqdim olunan məlumatların inandırıcı olmaması və ya miqrasiya riskinin yüksək qiymətləndirilməsidir. Eyni zamanda, əvvəlki illərdə bəzi vətəndaşların viza şərtlərini pozaraq Avropada qalması da ümumi etimadı zəiflədir və hər bir yeni müraciət şübhə ilə qarşılanır. Bu səbəbdən müraciətçilərin bütün məlumatları dəqiq və şəffaf təqdim etməsi, lazım olduqda əlavə sorğulara vaxtında və tam şəkildə cavab verməsi vacibdir
Beləliklə, viza proseduru, sadəcə, hüquqi və texniki məsələ deyil, həm də insanların gündəlik həyatına, planlarına və psixoloji vəziyyətinə birbaşa təsir göstərən amilə çevrilmiş olur. Mövcud vəziyyətdən çıxış yolları həm fərdi, həm də dövlət səviyyəsində mövcuddur. Fərdi səviyyədə vətəndaşlar müraciət zamanı şəffaflığa, düzgünlüyə və qaydalara riayət etməlidirlər. Səfərin məqsədini aydın şəkildə əsaslandırmalı, maliyyə imkanlarını sübut etməli və sənədləri tam şəkildə təqdim etməlidirlər. Saxta sənədlərdən istifadə etməyin nəticələri ağır ola bilər, çünki bu cür hallar şəxsin gələcək müraciətlərinə də mənfi təsir göstərir.
Dövlət səviyyəsində isə Avropa İttifaqı ilə vizasız rejimə dair danışıqların fəallaşdırılması, miqrasiya məsələlərində qarşılıqlı etimadın gücləndirilməsi və səfirliklərlə koordinasiyanın artırılması olduqca vacibdir.
P.S. Azərbaycan Respublikasının və müvafiq xarici ölkələrin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları üçün vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı 72-dir. Yalnız Liviya ilə vizasız yaşamaq üçün icazə verilən müddət müvəqqəti olaraq dayandırılıb.
Pünhan ƏFƏNDİYEV
XQ