İranın Ermənistandakı səfiri köhnə “ampluasındadır”
“Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq”. Bu fikri Prezident İlham Əliyev avqustun 26-da Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalında yayımlanmış müsahibəsində dilə gətirib. Dövlətimizin başçısının iqtibasını isə təsadüfən diqqətə çatdırmadıq. Yazımız əsnasında məsələyə qayıdacağıq. Hələlik isə...
Deməli, elə şəxslər var ki, özlərini, sadəcə, kor inada kökləyirlər. Bəzən, belələrinin məram və məqsədlərini anlamaq olmur. Bu cür xislət sahiblərinin diplomatiyaya yol tapması isə daha acınacaqlıdır. Ancaq təəssüf ki, kifayət qədər, həssas sayılan sahədə onlara rast gəlinir, hətta, vacib post tuturlar. Tam əminliklə deyə bilərik ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani də fəaliyyəti mövcud prizmadan qiymətləndirilən şəxslərdəndir. Adam hər şeydən əvvəl diplomatiya adına böyük utancdır. O, dəfələrlə mənfi ampluasına uyğun davranıb və yenə köhnə şakərindədir.
İndiki durumda M.Sobhani, obrazlı desək, pultu xarab olmuş robotu xatırladır. Robot vaxtilə sərt diskinə yazılmış bəlli proqram üzrə hərəkət edir. Ona İran–Azərbaycan münasibətlərindəki soyuqluğun aradan qalxması da, İrəvanın Bakı ilə sülhə gəlməsi də çatmır. Görünür, İranda Sobhanini idarə edən pultu düzəltmək istəyənlər yoxdur. Bəlkə, adama əhəmiyyət vermirlər? Ola bilər, ümumən “robotun” pultu itib. Belədə sual yaranır: Ermənistandakı missiyası başa çatdıqdan sonra adamı geri çağıra biləcəklər? Yaxud, bunu necə edəcəklər? Bir ehtimal da var: Mehdi Sobhani adlı şəxsin Ermənistanda səfir kimi fəaliyyət göstərdiyi tamamilə yaddan çıxıb.
Bəli, hazırkı durumda diplomat, demək olar, anlaqsızdır və tam mümkündür ki, ağzından Bakı-Tehran münasibətlərindəki iki il əvvəlki gərginliyə uyğun ifadə də çıxarsın. İran rəhbərliyi isə Sobhanini birtəhər mərkəzə çağırıb onun “proqram təminatını” yeniləyə və ya aşırı erməni sevgisinə görə adamı Ermənistanda arxeoloji qazıntılar aparan ekspedisiyaya rəhbər təyin edə bilər. Diplomatiyadan baş açmağı bacarmadı, heç olmasa, gedib qədim “sobhantropun” alt çənə sümüyünü aşkarlasın. Ancaq daha yaxşı olar ki, beləsinə ya diplomatik fəaliyyət aparmaq qadağan edilsin, ya da Fil Dişi Sahilinə, yaxud Eritreyaya filan səfir göndərilsin. Yəni, belə bir şəxsi bacardıqca region üçün strateji sayılan nöqtələrdən uzaq tutmaq şərtdir.
***
Əlqərəz, M.Sobhani “İsca News” telekanalına müsahibəsində bildirib ki, Azərbaycanla Ermənistan arasındakı sülh sazişi sənədində və iki ölkənin Vaşinqtonda imzaladığı bəyanatda nəqliyyat marşrutlarından və ya “dəhliz” deyilən hansısa məsələdən bəhs olunmur, sadəcə, Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək nəqliyyat marşrutlarının açılması nəzərdə tutulur. Ermənistan isə öz növbəsində Culfa dəmir yolu ilə İranla bağlanacaq.
Əvvəla, Prezident İlham Əliyevin əvvəldə diqqətə çatdırdığımız fikirləri var. İkincisi, Ermənistanın Culfa vasitəsilə İranla bağlantısını Sobhani yuxusunda görüb. Üçüncüsü, cənab səfir bilməlidir ki, Bakı və İrəvan arasında paraflanmış sülh sazişi kompleks xarakter daşıyır, yəni orada detallı nəyinsə təsvirinə ehtiyac yoxdur. Hər bir halda, sazişin 10-cu maddəsində tərəflərin müxtəlif sahələr, o cümlədən nəqliyyat və tranzit üzrə ayrıca razılaşmalar bağlamaq imkanları əksini tapıb. Dördüncüsü, “Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamə”də göstərilir ki, tərəflər regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiqləyirlər: “Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.
Biz maneəsiz bağlantıya “dəhliz” deyirik, bundan Sobhaniyə nə? Digər tərəfdən, Birgə Bəyannamədə “beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılması” məntiqi var ki, bu, səfirin “nəqliyyat marşrutlarından bəhs olunmur” şəklində dilə gətirdiyi fikri inkar edir. Göründüyü kimi, Azərbaycan və Ermənistan irəli gedir, Sobhani geridə, loru dildə desək, toz qoparmaqla məşğuldur.
Ümumən, səfir Sobhani elə danışır ki, sanki, Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid var. Görəsən, nə zamansa belə bir şey olubmu ki, diplomat fikirləri ilə buna qarşı, bir növ, müqavimət formalaşdırır. Habelə, Birgə Bəyannamədə vurğulanır ki, “Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”.
Biz TRIPP-ə də dəhliz, həmçinin, Zəngəzur dəhlizi deyiriksə, bundan da nə Sobhani, nə də qeyrisi əndişə duymalıdır. İran səfiri anlamalıdır ki, başlıca məqam Azərbaycanın Naxçıvana sırf maneəsiz yol əldə etməsidir ki, bununla Ermənistan dövləti razılaşır və razılaşma baş nazir Nikol Paşinyanın imzası ilə təsdiqlənir. Həmin yolla Azərbaycan dünyanı bir-birinə bağlayacaq, məsələnin heç kəsə dəxli yoxdur. Yəni, yaxşı olar ki, cənab Sobhani əsas mahiyyət ətrafında “topal ayaqla” gəzməyindən əl çəksin.
Amma M.Sobhaniyə yarımçıq “sağ ol” düşür. Niyə yarımçıq, aydınlıq gətirəcəyik. Səfir sağ olsun, ona görə ki, heç olmasa, Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamədə milli suverenliyə, sərhədlərin bütövlüyünə hörmətin, yurisdiksiyanın, qarşılıqlılığın və sərhədlərin toxunulmazlığının tam nəzərə alındığını və buna görə narahatlığa heç bir əsasın olmadığını vurğulayır. Bəs görəsən, İranın arzuladığı beş prinsip nədir ki, Sobhani hər şeyin onlara uyğunluğunu bildirir. Axı, indiyədək Tehran hansısa prinsip açıqlamayıb. Üstəlik, sülh sazişinin prinsiplərini müəyyənləşdirən Azərbaycandır.
İrandan, bir qayda olaraq, “regionda sərhədlərin dəyişməzliyi yolverilməzdir”, “Ermənistanın ərazi bütövlüyü və suverenliyi qırmızı xəttimizdir” kimi bəyanatları eşitmişik. Yorulmuşuq deməkdən ki, Ermənistanı ələ keçirmək fikrimiz yoxdur. Necə deyərlər, kor tutduğunu buraxmayıb və indinin özündə də İranda “korlar” meydana atılır. Onlar Paşinyanın Vaşinqtonda Birgə Bəyannaməyə imza atmasından sonra da nə isə danışırlar. Yeri gəlmişkən, Sobhani də boş-boş danışanların sırasında yer alıb və almaqdadır. İndi isə o, öz aləmində elə görüntü yaradır ki, guya, hər şey Tehranın istəyinə uyğundur. Axı Azərbaycan lap əvvəldən İranın mənafelərinə zidd hansısa fəaliyyətin içində olmayıb. Ermənistana gəlincə, ölkə seçimini edib. Ərazi onun, kimə, hansı müddətə icarəyə verir, başqa nə edir, özü bilər.
İcarədən söz düşmüşkən, M.Sobhani İrəvan hava limanı ilə bağlı uğursuz müqayisə apararaq deyib ki, bəs “razılaşdırılmış tranzit marşrutu üçün “99 illik icarə” adı altında işlədilən ifadələr düzgün deyil”. Söhbət isə elə icarədən gedir. Böyük anlamda Naxçıvana maneəsiz yoldan. Daha böyük anlamda qlobal marşrutdan, kommunikasiya xabından. O marşrut ki, ondan İranın da faydalanma imkanları var və bu haqda dəfələrlə söz açılıb. Sobhanı məsələ barədə eşitməyibsə, bu bizim problemimiz deyil. Yalan-gerçək, deyilənə görə, İranın Ermənistandakı səfirliyinin qarşısında şərab evi fəaliyyət göstərir. Hesab edirik ki, günah məhz həmin şərab evindədir. Başqa nə deyək, durumu hansısa formada əsaslandırmaqda, izah tapmaqda çətinlik çəkirik.
Ancaq təkcə Sobhani deyil, habelə onun kimi söz xatirinə söz deyənlər onu da anlamalıdır ki, Tramp marşrutu və ya hansısa başqa adlarla göstərilməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi bütövlükdə region üçün əhəmiyyətlidir və Prezident İlham Əliyev dəhlizin ənənəvi Şimal-Cənub marşrutunu sıradan çıxarma ehtimalına və məsələyə İranın reaksiyasına dair “Əl-Ərəbiyyə” telekanalı müxbirinin sualını cavablandırarkən, fayda və mənfəət amilinə müfəssəl izah verib. Dövlətimizin başçısı bildirib ki, Zəngəzur dəhlizi İranın prioritet saydığı Şimal dəhlizinə yalnız müsbət təsir göstərəcək. “Çünki əvvəlcə planlaşdırılmış və layihələndirilmiş Şimal-Cənub dəhlizi Şimaldan, Şimali Avropadan, Rusiyadan, Azərbaycandan, İrandan, Fars körfəzindən düz xətlə gedir. Xəritəyə baxsanız, o, Azərbaycan ərazisindən, qismən də Xəzər dənizinin sahilindən keçməkdədir”, - deyən ölkəmizin lideri bütün yolların bir nöqtədə birləşəcəyinin anonsunu da verib: “Bəli, hazırda belədir. Deməli, bu, tamamilə Azərbaycan ərazisində tikilmiş həqiqi Şimal-Cənub dəhlizidir. Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəmiz var. Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs, Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”.
Sonda onu da bildirək ki, Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İran hökumətinin regional düzənin bütün parametrləri barədə məlumatlı olduğunu və mahiyyəti başa düşdüyünü, həmçinin, Azərbaycanın bölgə ölkələri arasında regional əməkdaşlığı gücləndirmək üçün hər şeyi edəcəyini vurğulamışdı. Dövlətimizin başçısı, eyni zamanda, onu da demişdi ki, “biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qururuq. Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm”.
Açığı, M.Sobhaninin də nə üçün, hansı məqsədlə danışdığını anlamaq olmur. Ola bilər, səfirlik missiyası başa çatdıqdan sonra keçmiş rəsmi, indiki müşavirlərin yanında qovluqdaşıyan kimi fəaliyyət göstərməkdə maraqlıdır. Əgər belədirsə, sırf humanistlik nöqteyi-nəzərdən adamın növbəti əndərəbadi fikirlərinə dözə bilərik. Sobhani də gələcəkdə haradasa çalışmalı, özünü dolandırmalıdır, ya yox? Tərslikdən, İranda da içki qadağandır.
Ə.RÜSTƏMOV
XQ