Mühafizəkar qanad Zəngəzur dəhlizi ilə bağlı ikili siyasətlə İranı məngənəyə salır
Siyasi coğrafiyanın ironiyası ondadır ki, xəritədə çəkilən xətlər bəzən psixoloji səddə çevrilir. Bu gün Tehran da eyni sindromu yaşayır: “Tramp marşrutu” (TRIPP – Trump Regional Integration and Peace Pathway) xəbəri yayılan kimi İranın siyasi dairələrində yeni xof başladı. Amma bu narahatlıq real təhlükədən deyil, illərlə qorunan imtiyazların itirilmə qorxusundan doğur. Tehrandakı sağçı siyasi çevrələr qələmi kənara qoyub həyəcan təbili çalırlar. Halbuki dövlət səviyyəsində bu qədər təşvişə səbəb olacaq ciddi əsas yoxdur.
İranın nüfuzlu “Tabnak” nəşri yazır ki, Moskva iyunda İran–İsrail müharibəsində real müdafiə göstərməyib. Mühafizəkar dairələr bunu hətta “xəyanət” kimi qələmə verir və indi də TRIPP-i həmin məyusluğun davamı sayırlar. Çünki yeni dəhliz onilliklərdir əllərində saxladıqları “Bakı– Naxçıvan tranzit kartını” sıradan çıxarır. Əslində, ciddi analiz göstərir ki, bu, təbii iqtisadi prosesdir: Azərbaycan və Türkiyə yeni logistik alternativlər axtarır, ABŞ isə bölgədə infrastruktur layihələrinə siyasi dəstək verir. Yəni, burada məqsəd İranı təcrid etmək yox, illərlə ləngimiş yol xəritəsini canlandırmaqdır.
Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı İranda iki əks mövqe formalaşıb. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizinə dair əldə olunmuş razılaşmaya münasibət bildirərək qeyd edib ki, “bu yolun açılması İran üçün təhlükə yaratmaya bilər”. O əlavə edib ki, rəsmi İrəvanın Tehrana çatdırdığı məlumata əsasən, sözügedən dəhliz İran–Ermənistan yolunu bağlamaq niyyəti daşımır. İran Prezidenti Məsud Pezeşkian da ilk dəfə Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıq şəkildə ifadə edərkən bildirmişdi ki, məsələ xəbərlərdə təqdim olunduğu qədər şişirdilmiş deyil və Tehran üçün əsas olan ölkənin ərazi bütövlüyü ilə bağlı tələblər təmin olunub.
Lakin digər tərəfdən İranın bəzi rəsmiləri körpünün başqa tərəfində dayanmağa səy göstərirlər. Bunlardan biri ali rəhbərin müşaviri Əli Əkbər Vilayətidir. O, tez-tez çıxışlarında dəhlizin açılmasını İran üçün təhlükə hesab etdiyini bildirib. Vilayəti, həmçinin deyib ki, Zəngəzur yolu ilə bağlı açıqlamasında təmsil etdiyi hakimiyyət “özünün və regionun maraqlarına biganə” qalmayacaq. Vaşinqton görüşündən sonra TRIPP-in 99 illiyə xarici şirkətə icarəyə veriləcəyi barədə xəbərlər yayıldı. Lakin hələ ortada heç bir rəsmi sənəd yoxdur, sadəcə, növbəti günlərdə ABŞ-dan olan nümayəndələr Zəngəzur dəhlizinin detallarını müzakirə etmək üçün Ermənistana səfər edəcəklər. Lakin bu da öz növbəsində Tehran üçün risk daşımaq deyil, iqtisadi məsələlərin müzakirəsinə hesablanıb. Zəngəzur yolu İranın nəzarətində olan ərazilərin statusunu dəyişmir və regionda hər hansı bir “xarici icarə” ssenarisi mühafizəkar çevrələrin spekulyasiyalarından ibarətdir.
İran Araz dəhlizini regiona alternativ marşrut kimi təqdim edir, lakin bu təşəbbüs Zəngəzur dəhlizinin yerini tutmaq imkanına malik deyil. Əsas səbəb onun beynəlxalq hüquq və siyasət məkanında mövcud məhdudiyyətlərdir: həm ABŞ, həm də Qərb İran üzərindən sanksiyaları qaldırmayıb. Bu isə Tehranı qlobal nəqliyyat və iqtisadi layihələrdən kənar qoyur. Nəticədə, İranın dəhliz təşəbbüsü yalnız regional və məhdud təsirə malik ola bilər, qlobal tranzit sisteminin ayrılmaz hissəsi statusunu qazana bilməz. Araz dəhlizi yalnız lokal tranzit rolunu oynasa da, qlobal layihələrdə İranın rolu məhdud qalacaq və Tehran bu təşəbbüsü ilə uğur qazanmaqda çətinlik çəkəcək. Bu vəziyyət İranın regional ambisiyalarının beynəlxalq reallıqlarla toqquşduğunu göstərir.
İİR isteblişmentindəki mühafizəkarların əsəblərini tarıma çəkən digər məqam Moskvanın TRIPP-ə açıq şəkildə qarşı çıxmaması, hətta dövlət səviyyəsində dəstək verməsidir. Amma Kreml üçün məsələnin başqa tərəfi var. Moskva bölgədə Türkiyə ilə əməkdaşlığı önəmli sayır və mühafizəkarların gözlədiyi kimi, onun hər dəfə Tehranın siyasi xəritəsini müdafiə etmək öhdəliyi yoxdur. Burada siyasi ironiya var: mühafizəkarlar yeni reallığı “təhlükə” kimi qələmə verərək, əslində, İranın xarici siyasətini daha çətin vəziyyətə salırlar.
Mühafizəkarların yeni təskinlik ünvanı Ermənistan oldu. Prezident Məsud Pezeşkiyanın İrəvana səfəri, Paşinyanla imzalanan 10-dan çox sənəd bu dairələrdə “alternativ marşrut” kimi təqdim edildi. Lakin hamı yaxşı bilir ki, Ermənistan artıq Qərblə yaxınlaşma yolundadır. Paşinyan balansı qorumağa çalışsa da, Vaşinqtonun dəstəyini itirməmək üçün Tehrana yalnız məhdud jestlər edə bilər. Başqa sözlə, mühafizəkarların “ümid qapısı” o qədər də geniş deyil.
Radikalları təmsil edən şərhçilər TRIPP-i ABŞ və NATO-nun bölgədəki təsirinin artması kimi qələmə verirlər. Halbuki, dövlət səviyyəsində daha rasionallıqla yanaşıldıqda aydın görünür ki, TRIPP bölgə üçün iqtisadi açılımdır, heç kimin sərhədlərini pozmur. Əslində, İran dövləti üçün bu layihədə təhdid yox, yeni imkanlar var. Regionun tranzit xəritəsinə inteqrasiya etmək, dəhlizlərin yaratdığı bazarlardan pay almaq mümkündür. Narahat olan daha çox mühafizəkar dairələrdir. Onlar “geosiyasi status-kvo”nu itirmək qorxusu ilə bu layihəni fəlakət kimi görürlər.
TRIPP İranı iqtisadi blokadaya almır, sadəcə, yeni logistik reallıq yaradır. Dövlət səviyyəsində Tehran bu reallığa adaptasiya edə bilər, amma hakimiyyətdaxili mühafizəkar xətt nümayəndələrinin ritorikası həmin imkanları kölgədə qoyur. TRIPP İran üçün qapını bağlamır, əksinə, açır. Sadəcə, mühafizəkar qanadın nümayəndələri dəhlizin kənarında durub ötüb keçəcək qatara baxmağın əvəzinə, ona bilet almağa tələsməlidirlər.
Qafar ÇAXMAQLI,
Erciyes Universitetinin professoru, ermənişünas alim
Azərbaycanın qərb bölgələrindən Naxçıvana uzanan dəhliz məsələsi gündəmə gələn andan etibarən İran müxtəlif apektlərdə bu mövzuya münasibət bildirib. Lakin təəssüf ki, bu fikirlərin əskəriyyəti müsbət olmayıb. Əslində, reallıq ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması İranın sərhədlərinə heç bir təhdid yaratmır. Əksinə, İranın Ermənistandakı sərhədi açıq qala bilər və bu dəhliz həmin sərhədə heç bir təsir göstərmir.
Sadəcə olaraq, İranda bəzi qüvvələr bu məsələni bəhanə edərək Azərbaycana qarşı mənfi mövqelərini nümayiş etdirirlər. Azərbaycan və Türkiyənin Türküstana bağlanması həm iqtisadi, həm siyasi baxımdan güclənməsi deməkdir və İran bundan narahat olur. Ona görə də müxtəlif bəhanələrlə prosesin qarşısını almağa çalışır.
Bununla belə, artıq İranda bəzi dairələr anlayırlar ki, bu dəhlizin reallaşması onların milli və iqtisadi maraqlarına zidd deyil. Əksinə, bu, Tehranın öz iqtisadi potensialının genişlənməsinə xidmət edə bilər. Tranzit xəritəsinə nəzər salsaq, İran da bu marşrutdan istifadə imkanı qazana bilər. Gələcəkdə isə İran rəhbərliyi müəyyən qədər praqmatik yanaşaraq mövqeyini tamamilə müsbət istiqamətə dəyişdirə bilər. Azərbaycan isə artıq öz qərarını verib. “Zəngəzur dəhlizi” adlanan bu yolun reallaşması prosesinə start verilib və onun qarşısını ala biləcək heç bir güc yoxdur. İranda bu həqiqəti anlayanların sayı gündən-günə artır.
Tacir SADIQOV
XQ