Qurum Azərbaycanla əməkdaşlığın faydalı iş əmsalını artırır
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz siyasəti çox zaman region reallıqları ilə tam uzlaşmırdı. Amma geosiyasi balansların dəyişməsi və Azərbaycanın artan siyasi-iqtisadi çəkisi bu münasibətlərdə dönüş nöqtəsi yaratdı. İndi Aİ Bakı ilə əməkdaşlığa daha praqmatik yanaşır, Azərbaycanın suverenlik və ərazi bütövlüyünə dair prinsiplərini açıq şəkildə dəstəkləyir. Bu, diplomatik ritorikadan kənara çıxaraq real əməkdaşlıq gündəliyinə çevrilir. Artıq Aİ institutları və üzv dövlətləri Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla bağlı qırmızı xətlərini nəzərə alırlar.
Sentyabrın 18-də Prezident İlham Əliyevin Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul etməsi yeni mərhələnin növbəti əyani göstəricisi oldu. Görüşdə komissarın Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması və Vaşinqtonda paraflanmış sülh sazişi ilə bağlı dövlət başçısına təbriklərini çatdırması Aİ-nin regionda sabitliyə real töhfə vermək niyyətindən qaynaqlanır. Aİ rəsmisinin, həmçinin Ağdama səfəri çərçivəsində Azərbaycanın minatəmizləmə fəaliyyətinə verdiyi dəstəyin davam etdiriləcəyini deməsi humanitar əməkdaşlığın prioritetə çevrildiyini isbatlayır. Ağdamda xanım komissar işğaldan azad olunmuş ərazilərin vəziyyəti ilə tanış olub, eyni zamanda, 30 il ərzində ermənilərin törətdiyi dağıntılar və humanitar fəsadlar barədə məlumat alıb. Bu, həm regionda balanslı siyasətin əhəmiyyətini, həm də Azərbaycanın bərpa və humanitar səylərinin Aİ tərəfindən dəstəklənməsinin zəruriliyini vurğulayır.
Xüsusi olaraq qeyd edilməlidir ki, Aİ–Azərbyacan münasibətlərinin hazırkı dinamikası Tiranada keçirilmiş Avropa Siyasi Birliyi sammitindən sonra daha da sürətlənib. Prezident İlham Əliyevin mayın 16-da Albaniyada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşləri zamanı əsas diqqət məhz enerji, nəqliyyat və sülh gündəliyinə yönəlmişdi. Bakı həmin görüşlərdə Aİ ilə tərəfdaşlıqda açıq və qarşılıqlı hörmətə əsaslanan model təklif etdi və bu modelin qəbul olunması münasibətlərin yeni çərçivəsini müəyyənləşdirdi.
Marta Kosun işğaldan azad olunmuş ərazilərə səfəri bu münasibətlərin praktiki tərəfini nümayiş etdirir. Qonağın minalardan təmizlənmə prosesi ilə tanış olması və bərpa işlərinin miqyasını yerində görməsi Avropanın artıq postmünaqişə reallığını qəbul etdiyini və bu prosesdə iştirak etməyə hazır olduğunu göstərir.
Bu gün Aİ–Azərbaycan münasibətləri artıq “bəyannamələr diplomatiyası” çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq mərhələsinə daxil olub. Aİ Bakının regional liderlik rolunu qəbul edir, Azərbaycanın təklif etdiyi sülh gündəliyini və nəqliyyat layihələrini dəstəkləyir. Bu, həm də rəsmi Bakının illərlə apardığı ardıcıl və prinsipial siyasətin nəticəsidir: Azərbaycan reallıqlarını qəbul etdirdi və indi əməkdaşlıq bərabərhüquqlu tərəflər arasında aparılır.
* * *
Müsbət mənzərəni kölgələyən yeganə məsələ Aİ-nin Ermənistanda yerləşdirdiyi və formal olaraq “mülki müşahidə missiyası” adlandırılan strukturun fəaliyyəti ilə bağlıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan ərazisindəki bu missiya “təhlükəsizliyi təmin etmək” məqsədindən çox, kəşfiyyat xarakterli fəaliyyət göstərir. Missiyanın Aİ bayrağı altında bölgədə toplanmış hərbi və siyasi məlumatları Brüsselə ötürməsi, bəzən isə üçüncü tərəflərə sızdırması barədə ciddi şübhələr mövcuddur. Bu isə həm regionda balansı pozur, həm də etimad mühitinə xələl gətirir.
İstənilən halda, Aİ Cənubi Qafqazda müsbət və dayanıqlı imic yaratmaq istəyirsə, rəsmi Bakı ilə münasibətlərin inkişafına daha sistemli və prioritet yanaşmalıdır. Aİ rəsmilərinin son aylar Azərbaycana səfərləri – bu il aprelin 25-də Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın, yanvarın 8-i və avqustun 28-də qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun – Bakıdakı görüşləri qarşılıqlı etimadın institusional səviyyədə möhkəmlənməsinə əhəmiyyətli töhfə verir. Bu diplomatik dinamika Azərbaycanın regionda liderliyini təsdiqləyir, tərəflər arasında strateji əməkdaşlıq gündəliyinin sürətlənməsinə imkan yaradır və Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün möhkəm siyasi baza formalaşdırır.
Beləliklə, cari ilin diplomatik dinamizmi göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq qarşılıqlı etimad və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Rəsmi Bakının regiondakı liderliyi Aİ rəsmilərinin ardıcıl səfərləri və real əməkdaşlıq gündəliyi tərəflər arasında münasibətlərin sürətlənməsinə və Cənubi Qafqazda davamlı sabitliyin formalaşmasına imkan yaradır. Bu proses Azərbaycanın suverenliyinə hörmət və regional prioritetlərin tanınması fonunda davamlı tərəqqinin təminatıdır. Vaşinqonda baş tutmuş Azərbaycanl–Ermənistan sülh anlaşması fonunda özünə yer tapa bilməyən Aİ bundan sonrakı mərhələdə – yekun sülhün imzalanması və sülhdən sonrakı dövrdə – vasitəçi rolunda qalmaqla kifayətlənməyərək regionda dayanıqlı əməkdaşlıq, etimad və tərəfdaşlıq mexanizmlərinin formalaşmasına töhfə verməlidir. Belə yanaşma həm Aİ-nin Cənubi Qafqazdakı mövqeyini möhkəmləndirəcək, həm də Azərbaycanın liderliyini və regional prioritetlərini tanıyan strateji dialoqun inkişafını təmin edəcək.
Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı, politoloq
Prezident İlham Əliyevin Tirana səfəri zamanı ortaya qoyduğu prinsipial və aydın mövqe Avropa İttifaqına açıq mesaj verdi və diqqətə çatdırdı ki, Azərbaycan milli maraqlarını və qırmızı xətlərini güzəştə getmədən qoruyur və yalnız qarşılıqlı hörmət əsasında əməkdaşlıq etməyə hazırdır. Bu yanaşma, şübhəsiz ki, Brüsselin mövqeyinə də ciddi təsir göstərir. Əgər əvvəllər Avropa İttifaqının bəzi dairələri uğursuz təzyiq cəhdlərinə üstünlük verirdilərsə, indi praqmatik reallığı qəbul etmək məcburiyyətindədirlər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü müzakirə mövzusu deyil, regional təşəbbüslərdə isə Bakı aparıcı tərəfdaş kimi qəbul edilir.
Marta Kosun Bakıya səfəri həm də simvolik məna daşıyır. Bu, Avropa İttifaqının Azərbaycanın mövqelərinə hörmətlə yanaşdığını nümayiş etdirməklə yanaşı, tərəflərin bərabərhüquqlu əməkdaşlıq formatını təsdiqləyir. Avropa İttifaqı Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya dəhlizləri və yaşıl enerji layihələrində əvəzolunmaz oyunçu olduğunu qəbul edir.
Dövlət başçımızın bu istiqamətində yürütdüyü diplomatiya Azərbaycan–Avropa İttifaqı münasibətlərində milli maraqların qorunması və qarşılıqlı faydalılıq prinsipinə əsaslanır. Bu xəttin davamlılığı həm Brüsseldə, həm də üzv dövlətlərin paytaxtlarında Bakının mövqeyinə hörmətlə yanaşılmasının zəruriliyi ilə bağlı qənaət formalaşdırıb. Aİ anlayır ki, regionda sabitlik və təhlükəsizlik yalnız Azərbaycanın iştirakı ilə mümkündür.
Bütövlükdə Azərbaycan–Aİ münasibətləri yeni mərhələyə qədəm qoyub və bu mərhələni etimadın möhkəmlənməsi, siyasi dialoqun bərabərhüquqlu əsasda inkişafı, Bakının qırmızı xətlərinə hörmətlə yanaşma xüsusiyyətləri səciyyələndirir. Bu yanaşma həm enerji təhlükəsizliyi, həm nəqliyyat və kommunikasiya əməkdaşlığı, həm də regional sabitlik baxımından qarşıdakı illərdə tərəflərin strateji tərəfdaşlığını daha da gücləndirəcək.
Tacir SADIQOV
XQ