Dünya isə Donald Trampın “Azərbaycan Prezidenti ilə fəxr etməsi”nə şahid oldu
Bu il avqustun 8-də ABŞ-ın paytaxtında baş vermiş siyasi proseslər, imzalanmış sənədlər və Cənubi Qafqaza sülh gətirilməsi məqsədilə atılan ciddi addımlar hamının yadındadır. Həmin xəbərlər kütləvi informasiya vasitələrində yayılan kimi “qaşınmayan yerdən qan çıxartmağın” ustası olan bir həmkarımız yazmışdı ki, hörmətli “Xalq qəzeti”, nə oldu bəs, beş il idi yazırdınız ki, sentyabr ayı hər il bizə xoş xəbərlər gətirir və tariximizə yazılır: “Sülh sazişi” barədə razılaşma da, Minsk qrupunun dəfni də, “907-ci düzəliş”in ləğvi də avqustda baş verdi. Siz sentyabrın ətəyindən tutub gedirdiniz”. Mən elə həmin gün cavab vermişdim ki, “bu ilin sentyabrı hələ qabaqdadır!”
Bəli, bu ilin sentyabrı da bizim üçün əlamətdar və yaddaqalan oldu. Dünyanın az qala bütün ölkələrinin dövlət və hökumət başçılarının, siyasətçi və diplomatların, jurnalist və ekspertlərinin toplaşdığı Nyu-York şəhərindən gələn xəbərlər Azərbaycanın bədxahlarını, sözün həqiqi mənasında, peşman elədi. Yayılan xəbərdə deyilirdi ki, sentyabrın 23-də Nyu Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub. Rəsmi tədbirdə çıxış edən ABŞ Prezidenti Donald Tramp bütün dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə dedi ki, mən Sizə təşəkkür etmək istəyirəm, dostum: “Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız!”
Təbii ki, ABŞ və Azərbaycan prezidentlərinin arasında olan bu qısa dialoq hər bir azərbaycanlı üçün heç zaman yaddan çıxmayacaq fakt idi. Ancaq bizim üçün ABŞ-la, Ağ Evlə bağlı yaddan çıxarmayacağımız başqa faktlar da var idi və həm də olduqca çox. Biz Ağ Evdən dəhşətli dərəcədə haqsızlıqlar da görmüşdük, ədalətsizliklər də. Üstəlik, birbaşa Ağ Evin nəzarətində olan, dövlət vəsaiti ilə maliyyələşdirilən kütləvi informasiya vasitələri cənab Donald Trampın fəxr etdiyi Azərbaycan Prezidentini “diktator” adlandırırdı. Prezident İlham Əliyevin siyasi-diplomatik məharəti Ağ Evin əhatəsindəki həmin məkrli və qərəzli səddləri darmadağın etdi.
Fikrimizi əsaslandırmaq üçün ötən ilin iyul ayında Şuşada keçirilən Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevə Donald Trampla bağlı verilmiş sualları və dövlət başçımızın cavablarını xatırlatmaq yerinə düşərdi. Prezident İlham Əliyev prezident seçkilərindən əvvəl bu suala cavab verməyin siyasi mədəniyyət anlayışı baxımından doğru olmadığını bildirsə də, kimin qalib gəlməsi bütün dünya üçün xüsusi əhəmiyyətə malik olduğunu dilə gətirmişdi: “Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”.
Azərbaycan Prezidentinin dünyanın aparıcı dövlətlərindən olan ABŞ rəhbəri tərəfindən dost adlandırılması, böyük qüdrət sahibi olan dövlətin lideri tərəfindən yüksək qiymətləndirilməsi son iki ayın söhbətidir. Ancaq Azərbaycan Prezidenti bir il əvvəl – işğaldan azad edilmiş Şuşada demişdi ki, bizim Respublikaçılar hakimiyyəti ilə daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü əlaqələrimiz olub: “Siz mənim Amerika liderləri ilə əlaqələrimə, təmaslarıma nəzər salsanız, bu, aydın olar. Eyni zamanda, Prezident Donald Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi”.
O ki qaldı mənim yuxarıda xatırlatdığım fakta – ABŞ mətbuatının Azərbaycan Prezidentini “diktator” adlandırmasına, həmin məqamı da cənab Prezidentin adı çəkilən tədbirdən – Şuşadakı çıxışından götürmüşəm. Dövlət başçımız arzu etmişdi ki, Vaşinqtonla Bakı arasındakı əməkdaşlıq potensialından xoş niyyət, xoş məram, konsolidasiya, tərəfdaşlıq üçün istifadə edilməlidir və biz kiminsə uydurduğu demonizasiya qurbanı olmamalıyıq: “Mən cənab Prezident Trampın “Vaşinqton Post” və “Nyu-York Tayms”ı “feyk nyus” adlandırmasını artıq qeyd etdim. Yəni “Vaşinqton Post” təsəvvür edin ki, redaktorlar səviyyəsində onlarla məqalə dərc edir. Məni diktator, satrap adlandırırlar...”
Bəli, son günlərin siyasi xəbərləri barədə danışarkən dövlət başçımızın ötənilki uzaqgörənliklərini xatırlatdıq. Bu sətirləri isə cənab Trampın sentyabrın 23-də Azərbaycan Prezidentinə xitabən söylədiyi fikirlərlə yekunlaşdırırıq: “Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə gözəl bir görüş keçirdik. Onlar möhtəşəm insanlardır və mənim dostlarımdır. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Bunu tez etmək istəyirik və məncə, biz həqiqətən yaxşı bir plan hazırlamışıq. Məncə, o, tez həyata keçirilə bilər… Bilmirəm, bunu Sizin planınız qədər tez həyata keçirə biləcəyik ya yox”.
Yəqin ki, diqqətli oxucular sonuncu abzasdakı fərqləndirmə elementinin fərqinə vardılar. Birləşmiş Ştatların lideri cənab Tramp Azərbaycan Prezidentinə xitabən söylədiyi həmin fikirlə, cümlə ilə açıq şəkildə etiraf edirdi ki, avqustun 8-də Vaşinqtonda əldə edilmiş uğurlar bilavasitə Prezident İlham Əliyevin xoş məramlı təşəbbüsünün və planının nəticəsidir.
Azərbaycanın tutduğu mütərəqqi yol, ardıcıllıqla davam etdirdiyi sülh siyasəti yolumuzu həmişə açıq, dövlətimizi daim qüdrətli edəcəkdir.
İttifaq MİRZƏBƏYLİ