Paşinyan sağ əli ilə Moskvaya salam verir, sol əli ilə Minskin qolunu itələyir
Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyi (MDB) hökumət başçılarının Minskdə keçiriləcək iclasında (29-30 sentyabr) iştirak etməyəcək. Ermənistanı bu toplantıda baş nazirin müavini təmsil edəcək. Bu barədə Belarus XİN məlumat yayıb. Xatırladaq ki, Paşinyan MDB Hökumət Başçıları Şurasının ötənilki iclasına da qatılmamışdı. Onu ölkənin Belarusdakı səfiri Razmik Xumaryan təmsil etmişdi.
Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan son illər rəsmi İrəvanın xarici siyasətində anlaşılmaq və ziddiyyətli bir tablo yaradıb. Baş nazir bir tərəfdən MDB hökumət başçılarının Minskdə keçiriləcək iclasına qatılmaqdan imtina edir, digər tərəfdən isə ötən gün Moskvada “Atom Enerji Həftəsi”nin qonaqları sırasında yer alır, hətta Rusiya Prezidenti Vladimir Putinlə görüşür. Bu davranış nədən xəbər verir? Ermənistan həqiqətən Rusiyadan uzaqlaşır, yoxsa, sadəcə, görüntü yaradır? Yəni, sözdə bir cür, əməldə başqa cür davranır.
MDB Ermənistan üçün bir zamanlar mühüm tribuna idi. SSRİ dağıldıqdan sonra keçmiş sovet respublikalarını yenə bir nəzarət altında saxlamaq məqsədilə yaradılmış siyasi-iqtisadi qurumdur. Bura Rusiya təsirinin güclü olduğu platformalardan biridir. Ermənistan isə uzun illərdir ki, Rusiyanın Cənubi Qafqazdakı “forpostu” rolunu oynayır. Yəni, İrəvan daim regionda Moskvanın maraqlarını həyata keçirən, onun təsirini saxlayan ölkə kimi ad çıxarıb. Amma son illər Paşinyanın bu qurumun toplantılarına qatılmaması, MDB-yə sayğısız yanaşmalar, əslində, Moskva rəhbərliyinə yönəlmiş soyuqluqdur. Bunun səbəbi Paşinyanın 2020-ci il İkinci Qarabağ müharibəsində Rusiyanı Ermənistanın təhlükəsizliyini təmin etməməkdə isuçlamasıdır. 44 günlük müharibəsindən və 2023-cü ildə Qarabağdakı separatçı rejimin tamamilə süqutundan sonra İrəvanın Moskva ilə münasibətlərində gözlə görünən çatlar yaranıb.
Nəzərə alaq ki, hazırda dünyanın, demək olar ki, bütün dövlətlərinin liderləri, hökumət başçıları və xarici işlər nazirləri BMT Baş Assambleyasının illik toplantısında iştirak edir. Amma Nikol Paşinyanın bu zaman “Atom Enerji Həftəsi”ndə iştirak üçün Moskvaya getməsi onun “ziqzaqvari” siyasətinin doğurduğu ziddiyyətlərin kulminasiyası sayıla bilər. Bunun səbəbi Ermənistanın enerji sahəsində Rusiyadan tam asılı olmasıdır. Metsamor AES-dən tutmuş, ölkənin təbii qazla təminatına qədər bütün enerji infrastrukturu Moskvanın nəzarətindədir. Ermənistan bu reallığı dəyişə bilmir. Minskə getməməklə “siyasi müstəqillik” nümayiş etdirmək olar, amma Moskvadakı enerji platformasından imtina etmək heç cür mümkün deyildi. Obrazlı desək, Paşinyan bir əli ilə Moskvaya məcburi salam verir, digər əli ilə Minskin qapısını bağlayır.
Məlum olduğu kimi, Paşinyan Qərbə yaxınlaşmaq üçün MDB ilə yanaşı, KTMT-ni də boykot edir. Ermənistan bu il də KTMT-nin hərbi təlimlərində iştirak etməyib. Ölkənin Xarici Kəşfiyyat Xidmətinin hesabatında qeyd olunur ki, KTMT-nin Cənubi Qafqaz problemlərinə reaksiya verməkdə "yararsızlığı" və "həyat qabiliyyətsizliyi" 2025-ci ildə çətin ki, dəyişsin. Bu səbəbdən, Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması üçün əsasların aradan qalxması ehtimalı azdır. Bundan əlavə, Ermənistan 2024-cü ilin may ayında KTMT-nin 2024-cü il büdcəsini maliyyələşdirməkdən imtina edib və təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini bəyan edib. Bu addım Ermənistanın KTMT ilə əlaqələrini daha da zəiflədib. Ermənistanın KTMT-yə üzvlüyü 2023-cü ildən etibarən faktiki olaraq dayandırılıb.
Bütün bunlar onu göstərir ki, Ermənistanın siyasətində paradoksal oyun gedir. Paşinyan hökuməti Moskvadan tam qopmağın fəsadlarını anlayır. Ermənistan iqtisadiyyatı və enerji sektoru Rusiyadan asılı olduğu üçün Moskvanı tam incitmək onun üçün olduqca təhlükəlidir. Bu dolaşıqlıq çətin ki Ermənistana fayda verə. İkili siyasət yürüdən rəsmi İrəvan hələlik nə Qərbin tam dəstəyini qazana bilir, nə də Rusiyanın etimadını doğruldur. Nəticədə, ölkənin geosiyasi təcridə sürüklənmək ehtimalı artır.
Mövzu ilə bağlı siyasi icmalçı Tofiq Abbasov XQ-yə bildirdi ki, Paşinyan hazırda yalnız manevrlərlə məşğuldur: “Onun özü də başa düşür ki, indiki dövrdə Avropa İttifaqı və ümumiyyətlə, Qərb öz problemləri ilə məşğuldur. Digər tərəfdən, Amerika və Avropa İttifaqı arasında ciddi fikir ayrılıqları mövcuddur. Ukrayna böhranı hələ də həllini tapmayıb. Rusiyanın isə həm Ukrayna, həm də ümumiyyətlə, Avropa üzərində təsiri davam edir.
Paşinyan yaxşı anlayır ki, Ermənistanın Avropaya inteqrasiyası və Qərbə yaxınlaşması hazırda, sadəcə, formal prosesdən ibarətdir. Avropa heç vaxt Ermənistanın yükünü öz üzərinə götürmək istəməyib və gələcəkdə də götürməyəcək. Qərb institutları və dövlətləri daim çalışır ki, öz məsuliyyətlərini başqalarının üzərinə atsınlar. Ermənistan isə çalışır ki, öz işini yüngülləşdirsin və həll edə bilmədiyi problemlərin məsuliyyətini Avropanın boynuna yıxsın. Düzdür, parlament səviyyəsində müzakirələr aparılıb, qanun qəbul edilib. Yəni, rəsmi İrəvan artıq Avropa İttifaqına inteqrasiyaya qanunvericilik səviyyəsində başlayıb. Amma bütün bu proseslər Avropada ciddi maraq yaratmayıb. Qərb üçün demək olar ki, heç nə baş verməyib”.
Ekspertin fikrincə, Ermənistanın gələcəyi daha çox Rusiyadan asılıdır. Onun sözlərinə görə, qərbdən ciddi bir dəstək gözləmək mümkün deyil: “Ölkənin iqtisadi və digər imkanları Rusiyanın təsiri ilə bağlıdır. Hazırda Paşinyan Rusiyaya qarşı vəziyyəti tarazlaşdırmağa çalışır, çünki bunun ona həyati əhəmiyyəti var. Rusiyadan həm təhdidlər gələ bilər. Digər tərəfdən, kilsə təsisatları Paşinyanla mübarizə aparır və onu sıxışdırmağa çalışır. Bütün tərəflərlə açıq müharibə elan etmək Paşinyan üçün böyük bir səhv ola bilər. Ona görə də o, Rusiyaya qarşı sözdə sərt olsa da, əməldə nümayəndələrinin və bəzən özünün iştirakı ilə yumşalmanı təmin etməyə çalışır. Məqsəd Rusiyanı razı salmaq və göstərməkdir ki, Ermənistan Rusiyaya qarşı aqressiv davranmayacaq”.
Musa BAĞIRLI
XQ