Ermənistan isteblişmentinin ayrı-ayrı nümayəndələri tərəfindən reallığın mərhələ-mərhələ etiraf edilməsi müsbət tendensiya sayıla bilər. Doğrudur, bu zaman hay xislətinin axıra qədər səmimi olmasına daim şübhə ilə yanaşmaq, bunu onların növbəti taktiki siyasi gedişi kimi qəbul etmək daha məqsədəuyğundur. Yəni, hətta gözlə görünən, amma özlərinə sərf etməyən reallıqdan danışanda da arxada hansısa siyasi dividentləri, məkrli planları düşünərək hərəkət etdiklərini unutmamalıyıq.
“Ermənistan hərbi xərclərdə Azərbaycan və NATO-da ikinci böyük orduya malik Türkiyə ilə rəqabət apara bilməz”. Bu etirafı Ermənistan parlamentinin sədri Alen Simonyan edib. “Bu məsələdə ən vacib məqam vəsaitlərin rasional istifadəsidir”, – deyən siper ölkənin hərbi büdcəsinin azaldılmasının heç bir “xarici tələb”lə bağlı olmadığı barədə açıqlama verib: “Birincisi, heç kim bizə qarşı belə bir tələblə çıxış etməyib. İkincisi, bütün qərarlar, bütün islahatlar ölkəmizin maraqlarından irəli gəlir”.
Hayların baş parlamentarisi, həmçinin özünəməxsus arxayınlıqla onu da deyib ki, hazırda ölkədə növbədənkənar seçkilərə heç bir ehtiyac yoxdur. Simonyanın qənaətinə görə, bu, müxalifətin erkən seçkilərə hazır olmaması ilə izah olunur. Spiker hesab edir ki, bütün müxalif qüvvələr seçkilərdə uduzacaqlarını və parlamentdə yer qazanmayacaqlarını yaxşı bilirlər.
Əslində, Simonyanın dilə gətirdiyi təzə fikir deyil. Bu etirafı Ermənistan Baş naziri Nikol Paşinyan iki həftə bundan əvvəl İrəvanda keçirilən “Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025” konfransında edib. O, çıxışında birmənalı şəkildə bəyan edib ki, Ermənistan heç vaxt Azərbaycan ordusunu üstələyə bilməz. Ardınca baş nazir sözlərinə onu da əlavə edib ki, Ermənistana ordu lazım deyil: “Ordumuz nə qədər güclü olursa olsun, yenə də Azərbaycan ordusunu, üstəlik güclü müttəfiqləri olan Azərbaycan ordusunu üstələyə bilməz”. Tamamilə haqlıdır. On mindən çox fərarisi olan bir ordunun ali baş komandan başqa nə cür danışa bilər?
Buna rəsmi İrəvanın revanşist və separatçı xəyallardan əl çəkib haqqın yoluna qayıtması, Azərbaycanın bölgədə yaratdığı reallığı, nəhayət, həzm etdiyi kimi qəbullanmaq istərdik. Amma qarşıda Ermənistan hakimiyyətinin yerinə yetirməli olduğu “ev tapşırıqları” da var. Paşinyan komandasının səmimiyyətinə yalnız həmin tapşırıqların düzgün və vicdanla həllindən sonra inana bilərik.
Hələlik oxucuların diqqətinə bir maraqlı statistikanı çatdıraq. İki gün bundan əvvəl Ermənistan hökuməti 2026-cı il üçün dövlət büdcəsi layihəsini təsdiqləyib. Bu layihə müdafiə xərclərinin təxminən 16 faiz azalaraq 560 milyard dram (təxminən 1,46 milyard dollar) təşkil etməsini nəzərdə tutur. Təxminən bir ay əvvəl Ermənistan baş naziri Nikol Paşinyan 2026-cı il üçün müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasının planlaşdırılmadığını bəyan etmişdi. O, həmçinin vurğulamışdı ki, səlahiyyətlilər vəziyyəti operativ şəkildə izləməyə və təhlil etməyə davam edəcəklər.
Bəli, sülhə can atdığını bildirən İrəvan silahlanmadan əl çəkdiyinə və ölkə konstitusiyasının preambulasında yer alan qonşularına qarşı ərazi iddialarını aradan qaldıracağına Bakını inandırmalıdır. Ermənistan isteblişmenti yalnız bunlar baş verəndən sonra qonşu kimi əməkdaşlığa xeyir-duamızı eşidə bilər.
İ.HƏSƏNQALA
XQ