Mina təhlükəsi – fəlakət kabusu

post-img

Bu, erməni faşistlərinin torpaqlarımızda əkdikləri ölüm tələləridir

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında ölkəmizin üzləşdiyi humanitar problemləri də dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Əsas problemlərdən biri Ermənistanın işğal dövründə Azərbaycanın ərazilərində basdırdığı minaların yaratdığı təhlükə ilə bağlıdır. Bu təhlükə nəinki bugünədək insanların həyatına son qoyur, onları şikəst edir, eyni zamanda, münaqişə sonrası sülh prosesini, bərpa-quruculuq işlərini və köçkünlərin doğma yurdlarına təhlükəsiz şəkildə qayıdışını əngəlləyir.

2020-ci ilin noyabrında başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi ən böyük çağırışlardan biri məhz mina təhlükəsidir. Rəsmi məlumatlara görə, Ermənistan tərəfindən işğal dövründə Azərbaycanın azad olunmuş ərazilərində 1,5 milyondan çox mina və partlamamış hərbi sursat yerləşdirilib. Müharibənin başa çatmasından beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu təhlükənin birbaşa nəticəsi olaraq 400-dən çox vətəndaşımız mina partlayışlarında həlak olub və ya müxtəlif dərəcəli xəsarətlər alıb. Onların arasında uşaqlar, qadınlar, qocalar və hərbçilər var.

Son dövrlər baş verən hadisələr bu təhlükənin miqyasını və ciddiliyini bir daha ortaya qoyur. Elə bu günlərdə Cəbrayıl və Ağdam rayonlarında mina partlayışları nəticəsində 4 nəfər, o cümlədən uşaqlar ağır yaralanıb. Ağdam rayonunun Mirəşelli kəndində daha bir faciə yaşanıb. 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Səyyaf Əhmədov təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həyatını itirib. Bu faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Baş vermiş hadisələr bir daha təsdiqləyir ki, mina təhlükəsi keçmişdə qalmayıb, müharibə bitsə də, ermənilərin basdırdığı minalar dəhşət saçmaqda davam edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva baş verən hadisələrə dərhal reaksiya verərək Ermənistanı bu humanitar faciəyə görə məsuliyyət daşımağa çağırıb. O qeyd edib ki, minaların geniş və məqsədli şəkildə basdırılması beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il tarixli Cenevrə konvensiyalarının və onların Əlavə protokollarının açıq şəkildə pozulmasıdır. Ombudsman bildirib ki, bu, təkcə fiziki təhlükə deyil, eyni zamanda, insanların psixoloji vəziyyətinə, sosial rifahına və gündəlik həyatına zərbə vurur.

Ombudsmanın sözlərinə görə, mina problemi yalnız təhlükəsizlik məsələsi kimi deyil, eyni zamanda geniş miqyaslı humanitar, sosial və iqtisadi problem kimi qiymətləndirilməlidir: “İşğaldan azad olunmuş ərazilərdə həyatın bərpası, infrastrukturun qurulması, sosial xidmətlərin göstərilməsi və ən əsası, əhalinin doğma torpaqlarına qayıdışı bu təhlükənin aradan qaldırılmasından asılıdır”.

* * *

Azərbaycan liderinin BMT tribunasından mina problemini beynəlxalq gündəmə çıxarması bu baxımdan olduqca əhəmiyyətli və strateji addımdır. Bakı problemi yalnız özünün milli təhlükəsizlik məsələsi kimi təqdim etmir, həm də regional və beynəlxalq təhdid məsələsi olduğunu bildirir. Çünki minalar təkcə əraziyə səpələnmiş partlayıcı qurğular deyil, onlar həm də sülhə, əməkdaşlığa və insan həyatına yönəlmiş terrordur. Bu gün mina problemi dünyanın bir çox münaqişə bölgələrində mövcuddur, lakin Azərbaycanın yaşadığı miqyas və intensivlik bir çox hallarda analoqu olmayan faciəvi nəticələr doğurur.

Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısındakı tələbi sadə və haqlıdır: insan həyatı hər şeydən önəmlidir. Əgər insanın təhlükəsizliyi təmin olunmursa, insanlar öz yurdlarına qayıdanda həyatlarını itirirsə, uşaqlar yetim qalırsa, bu, artıq təkcə lokal problem deyil, bütün dünyanın vicdanına ünvanlanmış bir çağırışdır.

Ermənistan isə bu günə qədər tam mina xəritələrini ya təqdim etməkdən boyun qaçırır, ya da təqdim etdiyi xəritələr natamam və etibarsız olur. Bu onu göstərir ki, İrəvan minaları yalnız hərbi məqsədlə deyil, həm də siyasi təzyiq və manipulyasiya aləti kimi istifadə edir. Bu, təcavüzkar tərəfin beynəlxalq hüquqa hörmətsizliyidir. Ermənistan məsuliyyətdən yayınmaqla nəinki beynəlxalq hüququ pozur, həm də bölgədə sabitlik və sülhə qəsd edir. Belə bir şəraitdə mina təhlükəsinə qarşı mübarizə yalnız texniki və praktiki fəaliyyətlə yekunlaşmamalı, bu məsələ eyni zamanda, beynəlxalq hüquqi və siyasi müstəviyə daşınmalıdır. Artıq Azərbaycan problemin qlobal miqyasda qəbul olunması üçün təşəbbüslərlə çıxış edir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində ayrıca bir məqsəd – “DİM 18” kimi tanınması təşəbbüsünü irəli sürüb. Bu addım Azərbaycanın mina problemini yalnız regional deyil, eyni zamanda, beynəlxalq məsələ kimi qəbulunu və bu sahədə qlobal həmrəyliyə çağırış etdiyini göstərir. “DİM 18” təşəbbüsü mina təmizləmənin sülh, təhlükəsizlik və davamlı inkişaf strategiyalarının ayrılmaz hissəsi olduğunu vurğulayır.

Onu da xatırladaq ki, Minatəmizləmə Agentliyinin (ANAMA) açıqladığı rəsmi məlumatlara əsasən, son 4 il ərzində (2021-2024-cü illər) 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Ümumilikdə bu müddətdə işğaldan azad olunmuş ərazilərdə 18 min 411 ədəd tank, 29 min 250 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Prezident İlham Əliyevin BMT tribunasından çıxışında diqqət çəkilən başqa bir mühüm məsələ 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlıdır. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov “XQ”yə bunları dedi: “Məlumdur ki, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı ölkəmiz silahlı münaqişəyə cəlb edilmiş və bunun da nəticəsində genişmiqyaslı humanitar fəlakətlə üzləşmişdir. Münaqişə davam etdiyi müddətdə mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilmiş, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qalıb. Bütün bu hallar xeyli sayda soydaşımızın itkin düşməsinə və taleyinin bu günə kimi qeyri- müəyyən qalmasına səbəb olub. 1 avqust 2025-ci il tarixə olan məlumata əsasən, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 984 nəfəri I Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşənlərdir. Onlardan 3 min 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284-ü qadın, 316-sı qocadır”.

Bu insanların aqibətinə aydınlıq gətirilməsi, təkcə onların ailələrinin deyil, bütün cəmiyyətin vicdan borcudur. Ermənistanın bu məsələyə laqeyd yanaşması və əməkdaşlıqdan imtina etməsi, münaqişədən sonra sülhə doğru atılan addımlara ciddi zərbə vurur və yeni ədalətsizliklərin yaranmasına zəmin yaradır.

Beləliklə, bu gün Azərbaycan yalnız işğalın nəticələrini aradan qaldırmır, eyni zamanda, müharibədən sonrakı humanitar çağırışlara necə cavab verilməli olduğunu dünyaya nümayiş etdirir. Azərbaycan Prüezidenti İlham Əliyevin BMT tribunasından səsləndirdiyi çağırışlar yalnız bir ölkənin dərdi deyil, bütün bəşəriyyətin ortaq məsuliyyəti kimi qəbul edilməlidir.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət