Ermənistan hakimiyyəti verəcəyi qərarları, atacağı addımları yüz ölçüb, bir biçməlidir
Bu gün regional münaqişələr artıq lokal çərçivədə qalmır, qlobal təhlükəsizlik sistemini silkələyir. Qüvvələr nisbəti dəyişdikcə böyük dövlətlərin maraq savaşları beynəlxalq hüququ zəiflədərək xaosu dərinləşdirir. Geosiyasi rəqabətin güclənməsi kiçik xalqları böyük güclərin oyun taxtasında “piyadaya” çevirir. Enerji resursları və siyasi nüfuz uğrunda gedən mübarizə regionları qeyri-sabit vəziyyətə gətirir. Xaosun yaratdığı boşluqdan isə avantüristlər və terrorçu qruplar faydalanır.
Onlar dövlətlərin nəzarətdən çıxan ərazilərində məskunlaşır, “ideoloji zəhər”ini yayır, yeni terror dalğaları üçün zəmin hazırlayırlar. Ona görə də bu cür problemlər lokal və birtərəfli yanaşmalarla həll edilə bilməz. İqtisadi maraqların ədalətli bölüşdürülməsi, beynəlxalq hüquqa hörmət və qlobal əməkdaşlıq olmadan sülh qazanılmayacaq.
Dünya ya qanlı ssenarilərin qurbanına çevriləcək, ya da bəşəriyyətin birgə səfərbərliyi ilə sabaha çıxacaq. Tarix bu seçimin nəticəsini gələcək nəsillərə miras qoyacaq.
Prezident İlham Əliyevin “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bu narahatlıqlar öz əksini tapıb.
Ölkə başçısının müraciətində qeyd olunub ki, müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır: “Eyni zamanda, beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur”.
Prezidentin xəbərdarlığı mövcud riskləri bir daha gündəmə gətirir. Bunu Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra görmək mümkündür. Ölkənin siyasi və ictimai həyatında mövcud olan revanşist qüvvələr prosesə qarşı çıxır və onların radikal metodlara əl atması istisna edilmir. Prosesdə xüsusilə ASALA və VOVA terror qruplaşmaları diqqət çəkirlər. ASALA hələ Ermənistan müstəqillik qazanmadan öncə terror fəaliyyəti ilə məşhurlaşmış, türk diplomatlarına qarşı qanlı hücumlar təşkil etmişdi. 1970–80-ci illərdə qrup yüzlərlə günahsız insanın həyatına son qoyub. Hazırda fəaliyyəti zəifləsə də, onun ideoloji xətti müəyyən radikal dairələrdə yaşamaqdadır. Xaricdəki bəzi erməni diaspor strukturları bu ideologiyanı zaman-zaman diriltməyə çalışmaqla revanşizmi körükləyirlər. Ona görə də ölkə daxilində sülh prosesinə qarşı çıxan qüvvələrin ASALA-nın köhnə metodlarına müraciəti təhlükəsi realdır.
Son illər ortaya çıxmış VOVA daha çox kriminal-terrorizm elementlərini birləşdirən şəbəkə kimi tanınır, Ermənistan daxilində silahlı insidentlər, qanunsuz fəaliyyət və siyasi dairələrlə gizli əlaqələrdə adı hallanır. VOVA tipli təşkilatların mövcudluğu göstərir ki, ölkədə qeyri-leqal silahlı dəstələr hələ də mövcuddur və siyasi qarşıdurmalar kəskinləşdikcə onların fəallaşması mümkündür. Belə qrupların aktivləşməsi təkcə Ermənistan yox, bütün region üçün risk yaradır. Çünki terror lokal xarakter daşımır, onun nəticələri sərhəd tanımır. Ermənistan təhlükəsizlik məsələlərini yenidən nəzərdən keçirmədiyi təqdirdə, radikal şəbəkələrin kölgə iqtisadiyyatına, silah qaçaqmalçılığına və xarici himayədarların dəstəyinə söykənərək güclənməsi ehtimalı yüksələcək. Hazırda terrorun simvoluna çevrilən kilsənin də Paşinyanı devirmək üçün əlindən gələni edəcəyi istisna olunmur. Paşinyanla kilsə arasında mövcud qarşıdurmanı nəzərə alsaq, baş nazirin də təhlükənin fərqində olduğunu söyləmək mümkündür.
Beynəlxalq təcrübə göstərir ki, terror qruplarından daha çox sülh proseslərini sabotaj etmək üçün istifadə olunur. Rəsmi İrəvanda siyasi parçalanma, revanşist müxalifətin təxribatçı ritorikası və diaspor mərkəzlərinin təsiri radikal təşkilatların yenidən səhnəyə çıxması üçün zəmin yaradır. Əgər dövlət bu təhlükəni vaxtında cilovlaya bilməsə, Ermənistan yeni terror dalğasının episentrinə çevrilə bilər. Onsuz da siyasi rəqibləri tərəfindən zəiflikdə ittiham olunan baş nazir terrorçu qüvvələrin aktivləşdiyi şəraitdə öz hakimiyyətini qorumaqda çətinlik çəkəcək. Müxalif revanşist dairələr, xüsusən də “eks”lər bu fürsətdən istifadə edərək Paşinyanı “erməni maraqlarını satmaqda” günahlandıracaq və terroru onun sülh siyasətinin nəticəsi kimi təqdim edəcəklər. Bu isə ictimai rəyi parçalayacaq, hakimiyyətin dayaqlarını zəiflədəcək, beynəlxalq müstəvidə Ermənistanın imici bir daha ciddi zərbə alacaq. Nəticədə Qərb institutlarının, region ölkələrinin Ermənistanla əməkdaşlığa marağı azalacaq. Çünki heç bir ölkə terror riski olan dövlətlə yaxınlıq etmək istəməz. Eyni zamanda, terror təhlükəsi Paşinyanı daha çox xarici asılılığa məcbur edəcək. Hakimiyyət mövcud təhlükəni cilovlamaq üçün xaricdə dəstək axtaracaq, bu isə rəsmi İrəvanın suveren qərar vermək imkanlarını məhdudlaşdıracaq. Ehtimal olunan digər təhlükə terrorun Ermənistan daxilində “paralel güc mərkəzləri” yaratmasıdır.
Beləliklə, VOVA tipli silahlı qruplar və ASALA xəttinin davamçıları aktivləşsə, Ermənistan faktiki olaraq dövlət nəzarətindən kənar silahlı qüvvələrin meydanına çevrilə bilər. Bu isə Paşinyan hakimiyyətinin sonunu yaxınlaşdırar...
Arzu NAĞIYEV,
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bir neçə vacib məqam vurğulanıb.
Onlardan biri terror təşkilatları ilə bağlıdır. Müaciət hazırda sülh istiqamətində addımladığımız Ermənistanda terrorçu təşkilatların tam ləğv olunmaması məsələsini yenidən gündəmə gətirir. Çünki bu cür qurumlar yalnız region üçün deyil, həm də qlobal təhlükəsizlik üçün ciddi risk yaradır. Avqustun 8-də baş tutan Vaşinqton görüşündən sonra Ermənistanda revanşist dairələr fəallaşıb. Paşinyan hakimiyyəti daxildə kəskin tənqidlərə məruz qalır, müxtəlif qüvvələr sülh prosesini əngəlləmək üçün ona təzyiq göstərirlər. Onlar Paşinyanın Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq niyyətini pozmaq məqsədilə müxtəlif variantlar axtarırlar. Bu kontekstdə terror təşkilatlarını siyasi alətə çevirmək cəhdləri də istisna deyil. Revanşistlər, o cümlədən Koçaryan və Sarkisyan kimi siyasi çevrələr gərginliyi yenidən alovlandırmağa çalışırlar. Ona görə də həmin qüvvələrin terrorçu şəbəkələrdən istifadə edərək kütləvi etirazlar, təxribatlar təşkil etməsi ehtimalı böyükdür. Bu, Paşinyan iqtidarı üçün real təhlükədir və 2026-cı ildə keçiriləcək seçkilərlə bağlı gərginliklər fonunda narahatlıq mənbəyidir. Tarixdən məlumdur ki, beynəlxalq erməni terror təşkilatları müəyyən dövrlərdə fəaliyyət göstərərək təqib və tədqiqata cəlb olunublar. Bölgədə sülhün təminatı üçün Ermənistan öz ərazisində fəaliyyət göstərən terrorçu və irredentist qüvvələri ləğv etməlidir. Əks halda, növbəti mərhələdə bu təhlükə qalacaq və zərərverici amillər aradan qalxmayacaq. Bu günlərdə Ermənistan xüsusi xidmət orqanlarının nümayəndə heyəti Azərbaycana gəldi. Koordinasiyalı əməkdaşlıqla bu məlumatlar paylaşılmalı və həmin təşkilatların neytrallaşdırılması istiqamətində addımlar atılmalıdır.
Nəzrin ELDARQIZI
XQ