Bakı şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin beyin mərkəzləri konfransına ev sahibliyi edir. Konfrans regional inteqrasiyanın dərinləşdirilməsi, elm, təhlükəsizlik və strateji araşdırmalar sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Beyin mərkəzləri toplantıları həm akademik müzakirələr üçün platforma rolunu oynayır, həm də qərarvericilərə strateji tövsiyələr təqdim etməsi baxımından böyük əhəmiyyət kəsb edir.
2009-cu ildə yaradılan Türk Dövlətləri Təşkilatı əvvəlcə sıralarında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı birləşdirdi. Təşkilatın yaranması regional inteqrasiyanın gücləndirilməsi ilə yanaşı, postsovet məkanında əmələ gəlmiş siyasi və iqtisadi boşluqları doldurmaq, həmçinin regional sabitliyi təmin etmək niyyətini ortaya qoyurdu. Məhz bu baxımdan, TDT üzv dövlətlərin siyasi koordinasiyasını sistemləşdirən və qarşılıqlı anlaşmanı artıran platforma kimi çıxış edir. Təşkilatın sülh təşəbbüsləri elmi və strateji təhlillərə əsaslanaraq qərarverici mexanizmlərə töhfə verir.
Beyin mərkəzlərinin iştirakı ilə aparılan təhlillər münaqişələrin preventiv həllinə yönəlmiş yanaşmaların formalaşmasına imkan yaradır, dövlətlər arasında etimad mühitini gücləndirir və regional risklərin vaxtında müəyyənləşdirilməsinə şərait yaradır. Belə elmi əsaslı yanaşma TDT-nin fəaliyyətini həm siyasi koordinasiya, həm də davamlı sülhün təminatı baxımından effektiv edir. Xüsusilə, Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Anadolu kimi geosiyasi baxımdan həssas bölgələrdə TDT-nin rolu daha aydın görünməkdədir. Burada təşkilatın fəaliyyəti regional gərginliyi azaltmaq və dövlətlərin qarşılıqlı maraqlarını tarazlaşdırmaqla, uzunmüddətli stabillik və davamlı sülh üçün strateji zəmin yaradır. Təşkilatın bu yanaşması sosial, iqtisadi və geoiqtisadi faktorları nəzərə alan analitik qərarvermə mexanizmləri vasitəsilə regionda davamlı sabitliyin təmin olunmasına xidmət edir.
TDT-nin kollektiv təhlükəsizlik mexanizmləri üzv dövlətlərin yalnız milli maraqlarını deyil, eyni zamanda, regional və qlobal təhlükəsizlik maraqlarını qorumağa yönəlmiş strateji yanaşmaları özündə birləşdirir. Təşkilatın bu sahədəki konkret əməliyyat strategiyaları, kiber və informasiya təhlükəsizliyi, sərhəd nəzarəti və transsərhəd təhdidlərin qarşısının alınması sahəsində praktik mexanizmlərin işlənməsini də əhatə edir. Beyin mərkəzlərinin iştirakı bu prosesi elmi əsaslarla dəstəkləyir, təhlükəsizlik risklərini proqnozlaşdırmaq və üzv dövlətlərin koordinasiyasını optimallaşdırmaq üçün analitik alət rolunu oynayır. Bütün bu mexanizmlər vasitəsilə TDT, beynəlxalq hüquq çərçivəsində kollektiv cavab vermək imkanlarını gücləndirməyə xidmət edir. Həmçinin TDT üzv dövlətləri arasında məlumat mübadiləsinin intensivləşdirilməsi və strateji planlamanın birgə aparılması, təhdidlərin qarşısının effektiv alınmasına imkan yaradır. Nəticədə, təşkilat regional sabitliyi qorumaq və qarşılıqlı etimadı gücləndirmək baxımından daha sistemli və davamlı bir təhlükəsizlik platformasına çevrilir, qlobal təhlükəsizlik dialoqunda isə daha konstruktiv və etibarlı aktor kimi çıxış edir. TDT-nin qlobal diplomatiya və çoxsahəli əlaqələr sahəsində rolu təşkilatın fəaliyyətinin regional maraqlarla məhdudlaşmadığını göstərir. Beynəlxalq səviyyədə TDT üzv dövlətlərin maraqlarını qorumaqla yanaşı, qlobal sülh və təhlükəsizliyin təşviqinə dəstək verir. Təşkilat BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda aktiv iştirak edərək həm regional, həm də qlobal problemlərin həllinə yönəlmiş strateji təşəbbüsləri irəli sürür. Beyin mərkəzlərinin təqdim etdiyi elmi və analitik məlumatlar bu prosesdə həlledici rol oynayır; onlar qərarvericilərə həm məlumat bazası təqdim edir, həm də regional dinamikanın qlobal kontekstdə necə təsir etdiyini dərin təhlillərin sayəsində göstərir. Belə bir yanaşma TDT-nin diplomatik fəaliyyətini daha məqsədyönlü və effektiv edir, üzv dövlətlər arasında siyasi koordinasiyanı gücləndirir və qlobal idarəetmə strukturları ilə əməkdaşlığı möhkəmləndirir. Nəticədə, təşkilat, həm regional münaqişələrin qarşısının alınmasında, həm də qlobal sülh təşəbbüslərinə töhfə verməkdə etibarlı bir tərəfdaş olaraq çıxış edir.
TDT-nin fəaliyyətində elmi-analitik baza təşkilatın strateji qərarvermə mexanizminin təməlini təşkil edir. Beyin mərkəzləri akademik araşdırmalar aparmaqla yanaşı, regional və qlobal prosesləri sistemli şəkildə təhlil edir, potensial riskləri proqnozlaşdırır və üzv dövlətlərin siyasətinə praktik tövsiyələr təqdim edir. Mərkəzlər, həmçinin münaqişələrin preventiv həlli üçün alternativ ssenarilər hazırlayır və qarşılıqlı anlaşmanı gücləndirəcək strateji platformalar qurur. Nəticədə, TDT-nin diplomatik fəaliyyətini uzunmüddətli sabitliyi təmin edən elmi əsaslı model yaranır. Beyin mərkəzlərinin iştirakı təşkilata strateji çevikliyi verir, çünki onlar informasiya və təhlil mexanizmlərini birləşdirərək üzv dövlətlər üçün operativ qərarvermə imkanları təmin edir. Bütün bunları nəzərə alaraq, beyin mərkəzləri TDT-nin fəaliyyətinin həm elmi, həm də diplomatik sütunlarını möhkəmləndirir, təşkilatın uzunmüddətli məqsədlərinə nail olmasını təmin edir. Son olaraq qeyd edək ki, TDT elmi əsaslı strategiyalar və kollektiv təhlükəsizlik mexanizmləri vasitəsilə qlobal sülh və təhlükəsizliyə aktiv töhfə verən etibarlı aktordur.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru