“Qara qızıl”dan “insan kapitalı”na keçid

post-img

İntellektual potensialın milli sərvətə çevrilməsi Azərbaycanın inkişaf modelini taclandırır

Oktyabrın 1-də İtaliya–Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın səsləndirdikləri dərin məzmunlu, strateji hədəflərə söykənən nitqlər,  eyni zamanda, müasir dövrdə dövlətlərarası münasibətlərin fəlsəfəsini, inkişafın əsl mahiyyətini və gələcəyə baxışın konturlarını müəyyən edən proqram xarakterli çıxışlar idi. Prezident İlham Əliyevin ölkənin gələcək inkişafını elm və təhsil potensialı ilə bilavasitə əlaqələndirməsi, təbii sərvətlərdən əldə edilən gəlirlərin insan kapitalına yönəldilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirməsi strateji yanaşmanın ifadəsi, Azərbaycanın inkişaf strategiyasının yeni zirvəsidir. Dövlət başçısının uzunmüddətli dayanıqlı inkişafın bilik, təhsil və texnologiya əsasında mümkünlüyünə dair fundamental tezisi isə Azərbaycanın postneft mərhələsi üçün düşünülmüş və məqsədyönlü inkişaf strategiyasına malik olduğunu təsdiqləyir. 

İtaliya Prezidenti Sercio Mattarellanın mürəkkəb beynəlxalq vəziyyət fonunda mədəniyyət və gənclərin təhsili sahəsində əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd etməsi, bəşəriyyətin tərəqqisində gənclərin həlledici rolunu önə çəkməsi və biliklərin dərinləşməsini tədqiqatçıların canlı təmasında görməsi gələcəyi insan amili üzərində qurmağa çalışdıqlarını nümayiş etdirdi. Hər iki liderin çıxışlarının leytmotivini təşkil edən əsas fikir ondan ibarət idi ki, İtaliya–Azərbaycan Universiteti, sadəcə, binalardan və auditoriyalardan ibarət məkan deyil, həm də iki dost ölkənin strateji tərəfdaşlığının intellektual memarlığının təcəssümü, bilik iqtisadiyyatına keçidin lokomotivi və qlobal çağırışlara cavab verə biləcək yeni liderlərin yetişdirildiyi müasir təfəkkür mərkəzidir. 

Prezident İlham Əliyevin nitqindəki ən mühüm strateji vurğu təbii resurslarla zənginliyin uzunmüddətli davamlı inkişaf üçün yetərli şərt olmaması, əsl tərəqqinin intellektual potensialda, elmdə və təhsildə olduğu həqiqətinin aydın dərk edilməsidir. Dövlət başçısının “sirr deyil ki, hər ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır” və “inkişaf etmiş ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır” kimi dəqiq və aydın ifadələri Azərbaycanın iqtisadi modelinin təkamülünü və gələcək hədəflərini mükəmməl şəkildə xarakterizə edir. Bu yanaşma Azərbaycanın müstəqilliyinin ilk illərindəki iqtisadi kollapsdan xilas olaraq neft strategiyası sayəsində maliyyə müstəqilliyini təmin etməsi və indi həmin maliyyə resurslarını düşünülmüş şəkildə iqtisadiyyatın şaxələndirilməsinə və insan kapitalının inkişafına yönəltməsi prosesinin məntiqi davamıdır. Prezidentin qeyd etdiyi kimi, “təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan, ilk növbədə, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır”. Bu siyasət sadəcə bəyannamə xarakteri daşımır, konkret proqramlar və layihələrlə həyata keçirilir. Prezidentin xatırlatdığı kimi, dövlət başçısı olaraq fəaliyyətə başladığı ilk dövrlərdən etibarən Azərbaycan gənclərinin dövlət hesabına dünyanın aparıcı ali məktəblərinə göndərilməsi proqramına start verilməsi strateji xəttin nə qədər erkən və uzaqgörənliklə müəyyən edildiyinin sübutudur. Minlərlə gəncin xaricdə müasir biliklərə yiyələnərək Vətənə yüksəkixtisaslı mütəxəssislər kimi qayıtması ölkənin intellektual potensialını gücləndirmiş, idarəetməyə, iqtisadiyyata və sosial həyatın bütün sahələrinə yeni nəfəs gətirmişdir. İtaliya-Azərbaycan Universitetinin yaradılması isə həmin siyasətin növbəti, daha yüksək pilləsidir. Artıq söhbət, sadəcə, gəncləri xaricə göndərməkdən getmir, dünyanın ən qabaqcıl təhsil standartlarının, elmi məktəblərinin və innovativ tədris metodikalarının birbaşa Azərbaycana gətirilməsindən gedir. Bu, ölkənin təhsil sisteminin transformasiyası, onun qlobal elmi məkana tam inteqrasiyası və nəticə etibarilə Azərbaycanın regional təhsil və elm mərkəzinə çevrilməsi hədəfini güdür. Prezident İlham Əliyevin universitet məzunlarının gələcəkdə Azərbaycanın inkişafına böyük dəstək verəcəklərinə əminliyi, məhz həmin gənclərin bilik iqtisadiyyatının aparıcı qüvvəsi, texnoloji inkişafın daşıyıcıları və ölkəni dayanıqlı inkişaf yolunda irəli aparacaq intellektual elita olacaqlarına inamdan qaynaqlanır. Beləliklə, dövlət başçısının çıxışı Azərbaycanın inkişaf modelinin "qara qızıl"ın insan kapitalına çevrilməsi kimi tanınan fundamental prinsip üzərində qurulduğunu və bu prosesdə İtaliya–Azərbaycan Universiteti kimi layihələrin həlledici rol oynadığını bir daha bütün dünyaya bəyan etdi. Bu, təbii sərvətlərin tükənən, insan zəkasının isə tükənməz olduğu reallığını dərindən anlayan müdrik dövlətçilik təfəkkürünün parlaq təzahürüdür.

İtaliya Prezidenti Sercio Mattarellanın nitqi Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlığın ortaq humanist dəyərlər, mədəniyyətə hörmət və gələcəyə dair ümumi baxışlar müstəvisində qurulduğunu təsdiq edən mühüm siyasi mesajlarla zəngin idi. Onun ağır münaqişə və toqquşmalarla səciyyələnən müasir dünya nizamı fonunda iki ölkənin mədəniyyət, gənclərin təhsili və onların formalaşdırılması sahəsində əməkdaşlığına məmnunluqla diqqət çəkməsi sivilizasiyalararası dialoqun və qarşılıqlı anlaşmanın sülh və sabitlik üçün ən etibarlı təminat olduğunu vurğulayan Avropa siyasi təfəkkürünün klassik təzahürü idi. Prezident Mattarellanın “bəşəriyyəti irəli aparan yalnız gənclər olacaq” fikri gənc nəslə investisiyanın əslində bəşəriyyətin gələcəyinə qoyulan sərmayə olduğu həqiqətini ifadə edir və bu kontekstdə İtaliya–Azərbaycan Universitetinin təsisini daha geniş qlobal əhəmiyyətə malik hadisə kimi təqdim edir. Onun çıxışındakı digər konseptual məqam isə biliklərin təbiəti və onların inkişaf mexanizmləri ilə bağlı idi. Prezidentin “bizim tələbələr, dosentlər və tədqiqatçılar azərbaycanlı həmkarları ilə təmas quracaqlar. Biliklər bu cür dərinləşir, imkanların miqyası artır” sözləri müasir elm fəlsəfəsinin təməl prinsiplərindən olan kommunikasiya və əməkdaşlığın rolunu önə çəkir. 

İtaliya–Azərbaycan Universiteti məhz belə intellektual təmas və qarşılıqlı zənginləşmə üçün ideal mühit yaratmağı hədəfləyir. İtalyan və azərbaycanlı professorların, tələbələrin və tədqiqatçıların eyni auditoriyalarda, laboratoriyalarda və layihələrdə birgə çalışması, təkcə formal bilik ötürülməsi ilə məhdudlaşmayacaq, həm də fərqli düşüncə tərzlərinin, yanaşmaların və təcrübələrin sintezinə gətirib çıxaracaq. Prezident Mattarellanın bu prosesin nəticəsində yaranan təcrübə və təşəbbüsün “inanılmaz dərəcədə dəyərli alətə” çevriləcəyini deməsi universitetin yeni ideya və imkanlar yaradan innovasiya mərkəzi olacağına inamı ifadə edir. 

Hər iki dövlət başçısının nitqlərinin sintezi İtaliya-Azərbaycan Universitetinin təsisini müasir dövrün mürəkkəb reallıqlarına verilən müsbət və konstruktiv cavab kimi səciyyələndirməyə imkan verir. Bir tərəfdən, Azərbaycan Prezidentinin praqmatik və milli maraqlara söykənən, ölkənin uzunmüddətli inkişafını hədəfləyən aydın strategiyası, digər tərəfdən İtaliya Prezidentinin qlobal sülhə, bəşəri dəyərlərə və mədəniyyətlərin dialoquna əsaslanan fəlsəfi yanaşması mövcuddur. Azərbaycan və İtaliya bu möhtəşəm layihə ilə dünyaya sübut edirlər ki, ən dəyərli sərmayə insana qoyulan sərmayədir və bəşəriyyətin gələcəyi məhz belə aydın zəka və möhkəm iradə ilə inşa edilir. Həmin elm məbədinin qapılarından daxil olan hər bir tələbə, əslində, daha aydın, daha firavan və daha sülhsevər gələcəyə atılan addımın iştirakçısıdır.

Ceyhun MƏMMƏDOV, 
Milli Məclisin deputatı  

Azərbaycan Prezidentinin çıxışında vurğuladığı məsələlər olduqca önəmli və strateji xarakter daşıyır. Burada xüsusilə iki mühüm istiqamət diqqəti cəlb edir. Birincisi, Azərbaycanın təsir imkanlarının genişlənməsi və bu prosesdə gənclərin rolunun artırılmasıdır. 

Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində gənclərin xaricdə təhsil alması və peşəkar mütəxəssis kimi yetişməsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu, həm ölkəmizin insan kapitalının gücləndirilməsi, həm də gələcəkdə müxtəlif sahələrdə yüksəkixtisaslı kadrların formalaşdırılması baxımından əvəzsiz əhəmiyyət kəsb edir.

İkinci vacib məqam gənclərə ölkə daxilində göstərilən xüsusi diqqət və qayğı ilə bağlıdır. Gənclərin həm daxildə yüksək səviyyədə təhsil alması, həm də xarici ölkələrdə təcrübə qazanması üçün yaradılan imkanlar uzunmüddətli inkişaf modelinin tərkib hissəsidir. Prezidentin qeyd etdiyi kimi, bu sahədə son illərdə bir sıra mühüm proqramların qəbul edilməsi Azərbaycanın təhsil sistemini keyfiyyətcə yeni mərhələyə çıxarıb.

Nəticə etibarilə, gənclərin xaricdə təhsil alması, peşəkar kadrların yetişdirilməsi və onların gələcəkdə ölkənin inkişafına töhfə verməsi istiqamətində dövlətimizin atdığı addımlar həm milli maraqlara, həm də Azərbaycanın qlobal miqyasda mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu siyasət, həmçinin, ölkəmizin intellektual potensialını gücləndirərək onu strateji üstünlüyə çevirir.

Yusif ŞƏRİFZADƏ
XQ

 



Siyasət