Diplomatiyamızın Kopenhagen uğuru

post-img

Avropa Azərbaycanın sülh gündəliyini alqışlayır

Müasir beynəlxalq münasibətlər sisteminin çoxşaxəli dinamikasında hər diplomatik təmas, hər yüksək səviyyəli görüş ölkələrin qlobal geosiyasi konfiqurasiyadakı çəkisini, nüfuzunu və strateji əhəmiyyətini müəyyən edən mühüm indikator rolunu oynayır. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kopenhagenə səfəri və orada keçirdiyi görüşlər silsiləsi Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin yeni mərhələyə yüksəldiyini təsdiq edən mühüm əhəmiyyətə malik tarixi hadisədir.

Kopenhagen danışıqlarını səciyyələndirən reallıq, görüşlərin istisnasız olaraq qarşı tərəflərin müraciətləri əsasında baş tutması faktı müasir Azərbaycan diplomatiyasının nail olduğu zirvələrin və dövlət başçısının şəxsi nüfuzunun parlaq təzahürüdür. Lakin Kopenhagen danışıqlarının dərin qatlarına vardıqda, həmin diplomatik uğurun müəyyənedici sütunu üzə çıxır: Azərbaycanın müəllifi olduğu yeni sülh gündəliyinin və Vaşinqtonda əldə olunmuş tarixi nəticələrin Avropanın aparıcı gücləri və institutları tərəfindən birmənalı şəkildə qəbul edilməsi, təqdir olunması və dəstəklənməsi.

Niderlanddan Fransaya, Ukraynadan İtaliyaya, Moldovadan Avropa İttifaqının ali rəhbərliyinə qədər bütün görüşlərin leytmotivini təşkil edən yekdil təbriklər Cənubi Qafqazda yeni reallıqların beynəlxalq siyasətin qəbul etdiyi praktiki gerçəklik olduğunun təkzibedilməz sübutuna çevrildi. Prezident İlham Əliyevin liderliyi ilə Kopenhagen səfəri Azərbaycanın həm hərbi-siyasi, həm də diplomatik və konseptual müstəvidə qalib gəldiyini, regionun gələcək memarlığını müəyyən edən aparıcı liderə çevrildiyini bütün dünyaya bəyan edən strateji manifest oldu.

Beynəlxalq diplomatiyanın yazılmamış qanunlarına görə, görüş təşəbbüsü ilə çıxış edən tərəf, adətən dialoqa daha çox maraq göstərən və ya müəyyən məsələlərin həllində digər tərəfin mövqeyinə ehtiyac duyan tərəf hesab olunur. Onilliklər boyunca formalaşmış stereotiplərə əsasən, kiçik və ya ortahəcmli dövlətlər böyük güclərlə və ya nüfuzlu beynəlxalq təşkilatlarla təmaslar qurmağa can atırdılar. Lakin Prezident İlham Əliyevin Kopenhagen səfərinin təşəbbüskarlarının məhz Avropa dairələri olması, bu klassik modelin Azərbaycan timsalında tamamilə dəyişdiyini göstərir.

Bu, təsadüfi və ya anlıq jest deyil, son illər ərzində Azərbaycanın apardığı məqsədyönlü, prinsipial və suveren siyasətin məntiqi nəticəsidir. Həmin transformasiyanın təməlində bir neçə fundamental amil dayanır. Birincisi, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsidir. Bu hadisələr təkcə Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratmadı, eyni zamanda, bütün dünyaya Azərbaycanın milli maraqlarını müdafiə etmək üçün siyasi iradəyə, iqtisadi gücə və müasir hərbi qüdrətə malik olduğunu nümayiş etdirdi. Avropa paytaxtları anladılar ki, Cənubi Qafqazda uzunmüddətli sülh, sabitlik və inkişaf haqqında düşünərkən regionun aparıcı dövləti olan Azərbaycanın mövqeyini nəzərə almamaq qeyri-mümkündür.

Artıq təzyiq, ikili standartlar və qondarma dəyərlər pərdəsi arxasında gizlənən maraqlar siyasəti keçmişdə qalmışdır. Yeni reallıq qalib Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi dialoq qurmaq zərurətini diktə edir. Kopenhagendə ünvanlanan görüş müraciətləri məhz bu yeni reallığın Avropa siyasi elitası tərəfindən dərk edilməsinin və qəbul olunmasının praktiki təsdiqidir.

İkincisi, Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri və beynəlxalq aləmdə formalaşdırdığı müstəsna nüfuzdur. İyirmi ildən artıq dövlət başçısı kimi fəaliyyəti dövründə Azərbaycan lideri uzaqgörən strateq, müdrik siyasətçi və sözü ilə əməli vəhdət təşkil edən etibarlı tərəfdaş olduğunu təsdiqləyib. Onun beynəlxalq tribunalardakı dərin məzmunlu, arqumentlərə söykənən və milli maraqları qətiyyətlə müdafiə edən çıxışları, xüsusilə Münxen Təhlükəsizlik Konfransı kimi intellektual duellərdə nümayiş etdirdiyi yüksək hazırlıq və prinsipiallıq dünya liderləri arasında ona böyük hörmət qazandırmışdır. Avropalı siyasətçilər və diplomatlar bilirlər ki, Prezident İlham Əliyev regiondakı vəziyyəti, qlobal prosesləri və onların qarşılıqlı təsirini dərindən bilən, mürəkkəb geosiyasi vəziyyətdə soyuqqanlı qərarlar qəbul etməyi bacaran və verdiyi vədlərə sadiq qalan liderdir. Məhz bu səbəbdən, onlar Cənubi Qafqazın gələcək memarlığı, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və digər strateji məsələlərlə bağlı onun şəxsi fikirlərini, proqnozlarını və baxışlarını birbaşa dinləməkdə maraqlıdırlar. Qarşı tərəfin müraciəti əsasında baş tutan görüşlər Avropanın Azərbaycana və onun Liderinə olan ehtiyacının göstəricisidir. Bu, Prezidentin təhlil və proqnozlarının, onun strateji baxışlarının Avropanın gələcək siyasətinin formalaşması üçün nə qədər dəyərli olduğunu anlamaqdır. Bu, Azərbaycan Liderinin Avropa üçün etibarlı və əvəzolunmaz tərəfdaşa çevrilməsinin diplomatik etirafıdır.

Üçüncü və heç də az əhəmiyyət kəsb etməyən amil Azərbaycanın artan strateji dəyəri və formalaşdırdığı müsbət beynəlxalq imicdir. Müasir dünyada ölkənin nüfuzu həm də onun iqtisadi dayanıqlılığı, etibarlı tərəfdaş olması, tranzit potensialı və proqnozlaşdırılan xarici siyasəti ilə ölçülür. Azərbaycan bütün bu sahələrdə ən yüksək səviyyədə təsdiq olunmuşdur. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu danılmazdır. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP kəməri vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması, qitənin enerji mənbələrinin şaxələndirilməsi siyasətində həlledici rol oynamışdır.

Rusiyadan enerji asılılığını azaltmağa çalışan Avropa üçün Azərbaycan etibarlı və sabit enerji təchizatçısı kimi müstəsna əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycanın “yaşıl enerji”yə keçid sahəsindəki nəhəng potensialı və Avropaya bərpaolunan enerji ixracı ilə bağlı irəli sürdüyü təşəbbüslər ölkəmizi qitənin gələcək enerji memarlığının da əsas memarlarından edir. Enerji amilindən başqa, Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, xüsusilə Orta Dəhlizin inkişafındakı aparıcı rolu ölkənin strateji dəyərini qat-qat artırır. Mürəkkəbləşən geosiyasi vəziyyət fonunda Asiya ilə Avropa arasında ən təhlükəsiz və səmərəli ticarət yoluna çevrilən Orta Dəhlizin ürəyi məhz Azərbaycandır. Bu isə o deməkdir ki, Avropanın iqtisadiyyatı və təchizat zəncirlərinin təhlükəsizliyi birbaşa Azərbaycandakı sabitlikdən və ölkənin tranzit siyasətindən asılıdır. Bütün bunlar sabitliyin və proqnozlaşdırılan siyasətin hökm sürdüyü, multikulturalizm və tolerantlıq ənənələrinin dövlət siyasəti səviyyəsində dəstəkləndiyi Azərbaycanın müsbət imicini daha da möhkəmləndirir. Məhz bu kompleks amillər toplusu Avropanı Azərbaycana xüsusi dəyər verməyə və onunla dialoqa can atmağa sövq edir. Kopenhagenə olan dəvət bu strateji zərurətin və pozitiv münasibətin ən bariz nümunəsidir.

Kopenhagen səfərində baş tutan görüşlərin məzmunu və formatı da Azərbaycanın yeni diplomatik statusunu təsdiqləyir. Artıq Azərbaycan dinləyən, hansısa təklifləri və ya təzyiqləri qəbul edən tərəf deyil. Azərbaycan mövqeyini, regionun gələcəyi ilə bağlı baxışlarını, sülh gündəliyini və əməkdaşlıq təkliflərini avropalı tərəfdaşlarına çatdıran aparıcı tərəfdir. Görüşlərdə müzakirə olunan məsələlərin əhatə dairəsinin genişliyi – regional təhlükəsizlikdən tutmuş enerji və nəqliyyat layihələrinə, ikitərəfli əlaqələrdən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa qədər – Azərbaycanın təsir dairəsinin nə qədər genişləndiyini göstərir.

Prezident İlham Əliyevin səsləndirdiyi hər fikir, irəli sürdüyü hər təklif diqqətlə dinlənilir, təhlil edilir və Avropanın Cənubi Qafqazla bağlı gələcək strategiyasının formalaşmasında nəzərə alınır. Bu, suverenliyin və milli ləyaqətin diplomatik müstəvidə təntənəsidir. Azərbaycan artıq heç kimin diktəsi ilə hərəkət etmir, milli maraqlarına uyğun siyasət yürüdür və bu siyasəti beynəlxalq tərəfdaşlarına hörmətlə, lakin qətiyyətlə təqdim edir. Avropanın bu yeni reallığı qəbul etməsi və dialoqu məhz bu çərçivədə qurmağa çalışması, Kopenhagen görüşlərinin ən mühüm nəticələrindən sayılmalıdır.

Prezident İlham Əliyevin Kopenhagenə səfəri və burada qarşı tərəfin təşəbbüsü ilə keçirilən görüşlər Azərbaycanın xarici siyasət salnaməsinə qızıl hərflərlə yazılacaq tarixi hadisədir. Həmin səfər Azərbaycanın son iyirmi iki ildə keçdiyi möhtəşəm inkişaf yolunun, Prezidentin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin məntiqi yekununu və daha yüksək mərhələnin başlanğıcını simvolizə edir. Kopenhagen görüşləri təkzibedilməz şəkildə sübut etdi ki, Prezident İlham Əliyev təkcə Azərbaycan xalqının deyil, eyni zamanda, beynəlxalq miqyasda böyük hörmət və nüfuza malik olan, fikirləri dinlənilən qlobal liderdir.

Ölkəmizə göstərilən xüsusi dəyər və pozitiv münasibət onun Avropanın gələcəyi üçün daşıdığı strateji əhəmiyyətin etirafıdır. Artıq Azərbaycanla məsləhətləşmədən Cənubi Qafqazda hər hansı uzunmüddətli layihənin reallaşması qeyri-mümkündür. Bu, milli qürur və iftixar mənbəyi olmaqla yanaşı, həm də gələcək üçün böyük məsuliyyət deməkdir. Kopenhagen səfəri ilə açılan yeni diplomatik üfüq Azərbaycanın suveren liderliyi və strateji zərurətə çevrilməsi sayəsində regionun və dünyanın gələcəyinin formalaşmasında daha fəal rol oynayacağından xəbər verir. Bu, güclü Azərbaycanın və onun müdrik Liderinin beynəlxalq aləmdəki növbəti triumfudur.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət