Avropanın təhlükəsizlik problemi varmı?

post-img

Azərbaycan “Qoca qitə”nin enerji ilə təminatına öz töhfəsini verir, amma hibrid təhdidlər həllini gözləyir

Kopenhagendə keçirilən ASB zirvəsi qitənin təhlükəsizliyi məsələsini gündəmin mərkəzinə gətirib. Enerji təhlükəsizliyi sahəsində Azərbaycanın Avropa ölkələrinə verdiyi töhfələr artıq geniş qəbul olunur, amma enerji təchizatı zəmanəti ilə bərabər, hərbi və hibrid təhdidlərdən qorunma məsələsi yeni strateji dialoqu tələb edir.

Enerji təminatı ilə təhlükəsizlik arasındakı təzad sadə görünə bilər: qaz və neft boruları işə düşdükcə Avropa üçün problem azalır. Lakin reallıq daha mürəkkəbdir. Enerji axını həm də siyasi, hərbi və informasiya meydanında oynanan bir strategiyadır. Avropanın diversifikasiya strategiyasının nəticəsi olaraq Azərbaycan yalnız əlavə qaz və neft mənbəyi deyil.

O, Avropanın enerji portfelində mövcudluğun yeni risk profilini formalaşdıran strateji tərəfdaşdır. Məhz bu rol ikiqat məna daşıyır: bir tərəfdən iqtisadi-siyasi investisiya, digər tərəfdən isə müdafiə öhdəliyinə bərabər dərəcədə çevrilən yeni geosiyasi məsuliyyət. Borular və terminallar fiziki infrastrukturdur, amma onların təhlükəsizliyi siyasi iradə, hüquqi zəmanətlər və hərbi-hibrid müdafiə qatları ilə ölçülür.

Niyə yalnız infrastrukturun “möhkəmliyi” kifayət etməz? Çünki qarşıda duran yeni təhlükələr çoxşaxəlidir: kiberhücumlar infrastrukturun idarəetmə sistemlərini sıradan çıxara, informasiya manipulyasiyaları sosial panika yaradaraq təchizatı poza, hibrid əməliyyatlar isə hüquqi və diplomatik sferada blokadalar yarada bilər. Rəqib dövlətlər və qeyri-dövlət aktorları iqtisadi asılılıqdan istifadə edərək siyasi təzyiq göstərmək və ya enerji axınını şantaj vasitəsinə çevirmək imkanına malikdirlər. Buna görə də enerji təhlükəsizliyi, eyni zamanda siyasət, müdafiə və hüququn paralel şəkildə işlədiyi çoxqatlı bir sistem olmalıdır.

ASB zirvəsinin əsas sualı bu idi: təchizatdan müdafiəyə necə keçmək lazımdır?

Cavab olaraq qeyd etməliyik ki, burada üç komponentin sintezi olmalıdır: preventiv diplomatiya, çoxsəviyyəli müdafiə və hüquqi-maliyyə mexanizmləri. Preventiv diplomatiya - Avropa tərəfdaşları ilə bağlanan təhlükəsizlik klauzalarını, təcili reaksiya mexanizmlərini və zərər-hesablaşma institutlarını daxil edir. Çoxsəviyyəli müdafiə dedikdə isə fiziki qorunma, kiber-müdafiə, hava məkanının qorunması və məlumat mübadiləsi nəzərdə tutulur. Hüquqi-maliyyə mexanizmləri isə enerji axınının kəsilməsi halında kompensasiya və sığorta sistemləri ilə bağlıdır. Yəni enerji təminatının kəsilməsi beynəlxalq hüquqi və iqtisadi proseslər vasitəsilə həll ediləcək məsələdir.

Maraqlıdır, Azərbaycan bu keçidi hansı prioritetlərlə etməlidir?

Prioritetlər üç pillədə düşünülməlidir. Birinci pillə riskin qiymətləndirilməsi və zəif nöqtələrin aşkar edilməsi: hansı boru seqmentləri, hansı komanda – mərkəzlər, hansı terminal obyektləri hibrid məqsədlər üçün daha əlverişlidir? İkinci pillə müdafiə qabiliyyətinin çoxşaxələndirilməsidir: fiziki qorunma + kiber-həllər + hava məkanı monitorinqi. Üçüncü pillə Avropa tərəfdaşları ilə hüquqi və diplomatik zəmanətlərin avtomatlaşdırılmasıdır: təcili yardım prosedurları, investisiya müdafiəsi və sanksiya mexanizmləri.

Əvvəlcə hibrid hücum risklərindən başlamaq istərdik. Enerji infrastrukturuna qarşı hücumlar çox vaxt gözlə görünməyən yollarla edilir. Məsələn, boru xətlərinə birbaşa zərbə endirilmədən də böyük fəsad yaratmaq olar. SCADA kimi idarəetmə sistemlərinə edilən kiber hücum borulardan axını dayandıra bilər. Yəni fiziki obyekt sağlam qalsa da, enerji təchizatı kəsilə bilər. Digər tərəfdən, sosial media üzərindən aparılan təbliğat və dezinformasiya kampaniyaları cəmiyyət arasında narahatlıq və panika yarada, bazarda süni qiymət dəyişikliklərinə səbəb ola bilər. Belə vəziyyətdə enerji təkcə iqtisadi deyil, siyasi təzyiq alətinə çevrilir. Ona görə də müdafiə tədbirləri yalnız sərhəd patrulu və ya boruların fiziki qorunması ilə məhdudlaşa bilməz. Qorunma həm də informasiya müstəvisini, kiber təhlükəsizliyi və iqtisadi sabitliyi əhatə etməlidir. Yəni enerji təhlükəsizliyi kompleks yanaşma tələb edir: həm hərbi, həm kiber, həm də informasiya sahəsində paralel addımlar atılmalıdır.

İkinci pillə Azərbaycanın müdafiə qabiliyyətinin çoxşaxələndirilməsi ilə bağlıdır. Müdafiənin çoxşaxələndirilməsi həm də müxtəlif texnologiyaların birləşdirilməsini nəzərdə tutur: dronların müşahidə imkanları, süni intellekt əsaslı risk təhlilləri, fövqəladə hallarda sürətli cavab qüvvələri və informasiya blokadasının qarşısını alan kommunikasiya kanalları.

Üçüncü pillə Azərbaycanın enerji təhlükəsizliyinin beynəlxalq zəmanətlərlə möhkəmləndirilməsini nəzərdə tutur. Enerji infrastrukturu yalnız hüquqi və diplomatik çərçivələr olmadan dayanıqlı qala bilməz. Məhz bu aspekt enerji diplomatiyasının mahiyyətini dəyişir: Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı artıq strateji təhlükəsizlik mübadiləsinə çevrilir. Məsələn, Avropa ilə enerji müqavilələrində fövqəladə hallar üzrə maddələrin daxil edilməsi Azərbaycanın mövqeyini gücləndirir. Texniki problem və ya kiberhücum baş verdiyi anda Avropa tərəfi dərhal koordinasiyaya cəlb olunur, texniki dəstək təmin edilir və alternativ marşrutlar işə düşür. Buradan çıxan siyasi mesaj aydındır: Azərbaycan yalnız enerji tədarükçüsü deyil, regional sabitliyin təminatçısıdır.

Hüquqi zəmanətlər və sığorta mexanizmləri investisiya mühitini stabilləşdirir. Avropalı şirkətlər Azərbaycanda qaz terminalına investisiya qoyur və hər hansı hücum zamanı sığorta fondu investisiyanın itkisini qarşılayır, arbitraj sistemi isə sürətli mübahisə həlli təmin edir. Bu xüsusiyyət isə strateji perspektivdə iki amili göstərir: birincisi, Azərbaycanın enerji infrastrukturuna qarşı yönələn hücumlar iqtisadi risk daşıyır; ikincisi, Avropa tərəfi bu riskləri aktiv şəkildə bölüşməyə hazırdır.

Daha dərin siyasi məna isə avtomatik sanksiya mexanizmlərindədir. Hücum zamanı Avropanın dərhal sanksiyaları işə salması yalnız hüquqi tədbir deyil, həm də siyasi mesajdır: Azərbaycanın enerji təhlükəsizliyi yalnız daxili resurslarla qorunmur, regional və qlobal aktorlar tərəfindən dəstəklənir və bu dəstək strateji tərəfdaşlığın birbaşa göstəricisidir.

Beləliklə, Azərbaycan enerji diplomatiyasını təhlükəsizlik diplomatiyası ilə sinxronlaşdıraraq yeni strateji status qazanır. Belə yanaşma enerji layihələrini Avropa ilə regional stabilliyin “qarantı”na çevirir. Məsələn, TANAP və Avropaya qaz tədarükü, yalnız enerji axını deyil, həm də geosiyasi mesajdır: hər hansı üçüncü tərəf Azərbaycanın infrastrukturasına müdaxilə etməyə cəsarət etməməlidir, çünki Avropa ilə koordinasiya artıq avtomatlaşdırılmış müdafiə sisteminə çevrilib.

Nəticədə, hüquqi və diplomatik zəmanətlər Azərbaycanın enerji təhlükəsizliyini hərbi və kiber sahələrdə gücləndirməklə yanaşı, onun Avropa ilə strateji tərəfdaşlıq rolunu möhkəmləndirir və regional təsirini artırır. Avropanın məsuliyyəti daha dərin səviyyədə müdafiə zəmanətləri və texniki transferlərlə davam etməlidir. Praktik olaraq bu, bir tərəfdən Avropa ölkələrinin Azərbaycanın kiber və fiziki müdafiə qabiliyyətinə texniki yardım göstərməsi, digər tərəfdən isə hüquqi instrumentlərlə Bakı üçün "təhlükəsizlik sığortası" funksiyasını yerinə yetirməsidir.

Enerji təminatı ilə təhlükəsizlik arasındakı təzad dövlətlərin xarici siyasət prioritetlərini, müdafiə planlarını və iqtisadi müqavilələrini yenidən formalaşdırmaq zərurəti yaradır. Azərbaycan üçün isə bu, strateji bir mərhələnin başlanğıcıdır: enerji resurslarının verilişi ilə bağlı məsuliyyəti hərbi və diplomatik sahələrdə müdafiə siyasətinə çevirmək tələb olunur.

Son olaraq qeyd edək ki, strateji qərarlar konkret addımlara, protokollara və koordinasiya sistemlərinə inteqrasiya edilməlidir. Enerji siyasətində atılan strateji addımlar Azərbaycanın tədarükçü funksiyasını genişləndirərək, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və regional sabitliyin təminatçısı rolunu gücləndirir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət