Vətən müharibəsi “TRT Haber” ekranında

post-img

Azərbaycan lideri dünyaya müqəddəs savaşımızın ədalətli və ləyaqətli olduğunu anlatdı

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ölkəmizin müasir tarixində dönüş nöqtəsi oldu. 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsi uğrunda aparılan bu mübarizə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin qətiyyətli ifadəsi idi. Elə bu baxımdan Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 5-də Türkiyənin “TRT Haber” kanalına verdiyi müsahibə həm respublika ictimaiyyəti, həm də beynəlxalq auditoriya üçün mühüm siyasi bəyanat kimi yadda qaldı.

Müsahibə Azərbaycanın haqq savaşının mahiyyətini, müharibənin məqsədlərini, Ermənistanın təxribatlarını, beynəlxalq güclərin yanaşmasını və Türkiyənin qardaş dəstəyini bir daha açıq göstərdi. Analitik baxışla həmin müsahibə Azərbaycanın siyasi kursu və regiondakı geosiyasi düzən haqqında aydın təsəvvür yaratdı.

Prezident İlham Əliyev “TRT Haber”ə müsahibəsində, ilk növbədə, müharibənin səbəblərinə toxundu. Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, Ermənistanın hərbi təxribatları, Tovuz istiqamətində hücumları və diplomatik danışıqlar prosesini iflic etməsi Azərbaycanın səbir kasasını daşırmışdı. Bu, təsadüfi deyildi: Ermənistan rəhbərliyi illər boyu işğalı möhkəmləndirmək üçün təxribatçı siyasət yürüdür, yeni torpaqlar iddiası ilə çıxış edirdi. Azərbaycan isə uzun müddət idi ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını gözləyirdi. Prezident İlham Əliyevin “TRT Haber”ə müsahibəsində də vurğuladığı kimi, nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın torpaqlarımıza yenidən müdaxiləsi ilə başlanan Vətən müharibəsində Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazilərimizi azad etmək hüququnu həyata keçirirdi. Beləliklə, savaşın məqsədi işğala son qoymaq və ədaləti bərpa etmək idi.

Müsahibədə əsas məqamlardan biri Vətən müharibəsində Türkiyənin rolu ilə bağlı idi. Prezident, Ali Baş Komandan İlham Əliyev müsahibədə bununla bağlı dedi: “Türkiyə ilə qardaşlığımız əbədidir və bizim qardaşlığımız bütün sınaqlardan keçib. Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Mən dəfələrlə bu mövzu ilə bağlı öz sözlərimi demişdim. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təşkil olunan birgə mətbuat konfranslarında dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyil. Bu, ürəkdən gələn duyğulardır. Bizim birliyimiz bizim tariximizə əsaslanır, ortaq etnik köklərə, dilimizə, dinimizə, qardaşlığımıza əsaslanır.

Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə – Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu – kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır!”.

Dövlətimizin başçısı müsahibədə Azərbaycan Ordusunun güc-qüdrətindən bəhs edərkən, bu məsələdə Türkiyənin rolunu yüksək dəyərləndirdi və qardaş ölkədən alınan silahlı uçuş aparatlarının haqq savaşının gedişinə müsbət təsir göstərdiyini bildirdi: “Bu silahlı uçuş aparatları dünyanın ən yüksək səviyyəsində olan aparatlardır və onların Azərbaycan Ordusunda olması bizim ordumuzu böyük dərəcədə gücləndirmişdir. Bu aparatlar bizə böyük imkanlar yaratdı və eyni zamanda, canlı qüvvə itkisinin çox da böyük olmamasına gətirib çıxardı. Çünki əgər bu imkanlar bizdə olmasaydı, Ermənistanın Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda 30 il ərzində qurduğu istehkamları, tankları, topları, yaylım atəş qurğularını məhv etmək daha çətin ola bilərdi. Daha çox insan həlak ola bilərdi. Ona görə bu mükəmməl texnoloji intellektual məhsul Türkiyə xalqının potensialını göstərir. Biz o ölkəyik ki, bizim Türkiyə kimi müttəfiqimiz var. Biz çox xoşbəxt ölkəyik ki, bizim Türkiyə kimi müttəfiqimiz, qardaşımız var. Əlbəttə ki, Türkiyənin bizə göstərdiyi mənəvi dəstək, eyni zamanda, Türkiyə müdafiə sənayesinin məhsullarının bizdə olması bizi gücləndirir və bunu bütün dünya görür”.

Prezident İlham Əliyev daha sonra Azərbaycanın bu müharibədə özünü, öz vətəndaşlarını müdafiə etdiyini, öz ərazi bütövlüyünü saxlamaq istədiyini vurğuladı. Eyni zamanda, Azərbaycanın başqa ölkənin torpağında gözünün olmadığını, Ermənistanın 30 ildir ki, qədim torpağımızı istismar etdiyini, məcburi köçkünlərin o torpaqlara qayıtmasına icazə vermədiyini, beynəlxalq vasitəçilərin isə bütün bunlara biganə qaldığını, məhəl qoymadığını bildirdi.

Prezident İlham Əliyev müsahibədə qardaş ölkənin siyasi dəstəyini yüksək qiymətləndirdi, Türkiyənin mövqeyinin Azərbaycana güc verməsi, bununla da ölkəmizin tək olmaması barədə bütün dünyaya mesaj göndərdi. Xatırladaq ki, bu, yalnız diplomatik bəyanat deyildi, həm də Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın açıq şəkildə Azərbaycanın yanında olduğunu elan etməsi ilə bölgədəki güc balansının dəyişdirməsi demək idi.

Xatırladaq ki, o zaman müsahibədə vurğulanan Türkiyə amili iki strateji mesajı özündə ehtiva edirdi. Birincisi, qardaş ölkənin psixoloji və mənəvi dəstəyi ilə Azərbaycan xalqı Türkiyənin həmrəyliyini hiss etdi, bu isə respublikamızda mübarizə ruhunu daha da gücləndirdi. İkincisi, geosiyasi təsir nəticəsində Ermənistan və onun havadarları başa düşdülər ki, artıq regionda balans dəyişib və Türkiyəsiz heç bir siyasi ssenari mümkün deyil. Bütün bunlar isə Azərbaycan – Türkiyə birliyinin yalnız hərbi deyil, həm də siyasi və mənəvi güc olduğunu bir daha təsdiqlədi.

Müsahibədə diqqəti cəlb edən digər mühüm məqam isə Ermənistanın siyasətinin ifşası idi. Prezident İlham Əliyev Paşinyan hökumətinin “Qarabağ Ermənistandır” kimi məsuliyyətsiz bəyanatlarının sülh prosesini tamamilə pozduğunu qeyd etdi. Ermənistan rəhbərliyi danışıqlardan boyun qaçıraraq müharibəni qaçılmaz etmişdi. Üstəlik, müharibənin ilk günlərində Ermənistanın mülki şəhərlərə raket zərbələri endirməsi – Gəncə, Bərdə, Tərtər faciələri onların hərbi cinayətlərini açıq şəkildə göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin sözügedən müsahibəsi vasitəsilə beynəlxalq auditoriya Ermənistanın bu təxribatçı mahiyyətini daha aydın gördü.

Dövlətimizin başçısı müsahibədə dəfələrlə beynəlxalq hüquqa istinad etdi, Azərbaycanın mövqeyinin sadə olduğunu – əraziləri geri almaq, məcburi köçkünləri öz yurdlarına qaytarmaq, beynəlxalq təşkilatları qərarlarına hörmətlə yanaşmağa dəvət etmək və bunu gerçəkləşdirmək kimi məqsədləri diqqətə çatdırdı. Bununla yanaşı, Prezident İlham Əliyev bəzi dövlətlərin ikili standartlarını da açıq şəkildə tənqid etdi. Dövlətimizin başçısı haqlı olaraq beynəlxalq hüquq prinsiplərinin tətbiqinin də zəruriliyini vurğuladı. Bu mövqe Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirdi, çünki ədalət və hüquqa əsaslanırdı.

Onu da deyək ki, 44 günlük Vətən müharibəsi informasiya məkanında aparılırdı. Azərbaycan liderinin “TRT Haber”ə müsahibəsi də ölkəmizin dünyaya açıq mesajlarından biri idi. Prezident İlham Əliyev bu platforma vasitəsilə həm region, həm də qlobal auditoriyaya müraciət etdi. Burada iki mühüm mesaj diqqət çəkdi. Birincisi, Azərbaycanın mübarizəsi haqq savaşı idi, başqa sözlə, bu, işğala qarşı beynəlxalq hüququn bərpası idi. İkincisi, sülh istəyinə xüsusi önəm verilirdi, Azərbaycan müharibəni deyil, ədalətli sülhü seçirdi. Lakin sülh yalnız işğalın aradan qalxması ilə mümkün idi.

Prezident, Ali Baş Komandan İlham Əliyev müsahibənin son hissələrində gələcəyə dair baxışını bölüşdü. Dövlətimizin başçısı müharibədən sonra regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranacağını, xüsusilə Azərbaycan və Türkiyənin təşəbbüslərinin regional sabitliyin bərqərar olmasında həlledici rol oynayacağını bildirdi. Əminliklə ifadə olunan bu baxış sonrakı illərdə özünü doğrultdu: 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanat yeni reallıq yaratdı, Azərbaycan iqtisadi və nəqliyyat layihələrində regional mərkəzə çevrildi.

Beləliklə, Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 5-də “TRT Haber” kanalına verdiyi müsahibə Azərbaycanın haqq işini dünyaya çatdıran mühüm siyasi sənəd kimi tarixə düşdü. Bu müsahibə ilə Azərbaycan rəhbərliyi müharibənin səbəblərini göstərdi, respublikamızın beynəlxalq hüquqa əsaslanan mövqeyini nümayiş etdirdi, Ermənistanın işğalçı siyasətinin mahiyyətini dünyaya çatdırdı. Ölkə rəhbəri, eyni zamanda, Türkiyə ilə strateji birliyi önə çəkdi, gələcəyə dair sülh və əməkdaşlıq vizyonunu təqdim etdi.

Sonda qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “inqilabi hökumət”inin Azərbaycana qarşı həyata keçirdiyi siyasi və hərbi təxribatlar onilliklər ərzində əldə olunmuş razılaşmalar və prinsipləri rədd etdi, ATƏT-in Minsk Qrupunun apardığı danışıqlar prosesini dalana dirədi. Bunun nəticəsində daha da artan gərginlik və ədavət Azərbaycanın tarixə 44 günlük müharibə kimi düşən genişmiqyaslı hərbi əks hücum əməliyyatlarına başlaması ilə nəticələndi. Beləliklə, 30 ilə yaxın sürən Ermənistan – Azərbaycan münaqişəsi, nəhayət, 2020-ci il noyabrın 10-da başa çatdı. Bununla da Cənubi Qafqaz bölgəsinin regional təhlükəsizlik arxitekturası kökündən dəyişdi.

Vaqif BAYRAMOV
XQ



Siyasət